Məhkəmə qərarları › İş №2(103)-439/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-439/2022

21.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-439/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 2007/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə göndərilmiş hərrac sifarişinin ləğv edilməsi və "xxxx" MMC tərəfindən verilmiş 09.02.2021ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, gəlini olmuş İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, X2, X3 ona və yoldaşı X1 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 12.11.2020-ci ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamə çıxararaq iddianı təmin etmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi X4, 1/10 (onda bir) hissəsi X5 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına veriməsi qət edilmişdir. Qeyd edilən qətnamə iddiaçıya vaxtında verilməmişdir. Buna baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən mübahisəli mənzilin hansı qiymətə açıq hərracda satılmasını müəyyən etməmiş, qətnamə icraya yönəldikdən sonra icra məmurunun qərarı ilə müstəqil qiymətləndirici olaraq "xxxx" MMC mübahisəli mənzilə orta bazar qiyməti qoymuşdur. "xxxx" MMC 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabatı”-nda Bakı şəhəri Sabit Rəhman küçəsində yerləşən 3 otaqlı ümumi sahəsi 117 kv m olan mənzilin bazar qiymətinin 120.000 manat olmasını qeyd etmişdir. Rəy tərtib edildikdən sonra icra şöbəsinə göndərilmiş, Nərimanov rayon icra və probasiya şöbəsi mənzilin mövcud bazar dəyərindən aşağı olmasını görməsinə baxmayaraq, həmin qiymətlə hərracda satılması üçün "xxxx" MMC-yə sifariş göndərmişdir. Halbuki, "xxxx" MMC-nin verdiyi rəy heç də həqiqəti əks etdirmir, Bakı şəhəri Sabit Rəhman küçəsində 3 otaqlı mənzilin bazar dəyəri 270.000 manata yaxın olmasına baxmayaraq, həddindən artıq ucuz qiymətə hesablanaraq hərraca çıxarılmışdır. Buna misal göstərmək olar ki, Bakı şəhərində həmin küçədə 3 otaqlı evin qiyməti 220.000-260.000 manat arası olduğu halda neçə ola bilər ki, mənim mənzilin dəyəri 120.000 manat təşkil etsin. Cavabdeh tərəfindən rəy verilən zaman əvvəlki illərlə müqayisədə qiymətlərin əhəmiyyətli dərəcədə bahalaşması nəzərə alınmamış və qeyd olunan sahə həddən artıq ucuz qiymətləndirilmişdir. Həmin əmlakın bu qiymətə hərracdan satılması onun hüquqlarını pozmuş olacaqdır. Rəydə qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə ucuzlaşdırılmış qiymət müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilən mənzilin bazar qiymətini müəyyən edən hesabatı həqiqəti əks etdirmədiyindən etibarsız hesab edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 2007/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, əmlakın mövcud bazar qiyməti müəyyən edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, qiymətləndirmə aparılarkən əmlakın bazar dəyərinin öyrənilməsi üçün ilkin olaraq mütəxəssis evə baxış keçirməli idi. Lakin hazırki işdə cavabdeh evə baxış keçirmədən qiymət müəyyənləşdirmişdir. Ev çox ucuz qiymətə hərraca çıxarılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, Nərimanov rayon məhkəməsinin 2(005)-1619/2020 saylı 12.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylarına mütənasib olaraq bölünməsi ilə bağlı icra hərəkətləri çərçivəsində mübahisəli əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və həmin əmlakın açıq hərracdan satışı üçün sifariş verilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə göndərilmiş hərrac sifarişinin ləğv edilməsi və digər cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” barədə iddia məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb deyil, belə ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi, 69 nömrəli evin ilkin (başlanğıc) satış qiymətini iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun (hazırki iş üzrə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun) hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən və iş üzrə icraata xitam verildiyindən, apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin edilmiş qiymətləndirmə rəyinin verilməsi üçün 400 AZN iddiaçıdan tutulub qiymətləndirici müəssisəyə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 261, 391, 397- 398, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)- 2007/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinin dəyəri olaraq 400 (dörd yüz) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (icraçının VÖEN:**********; Hesablaşma hesabı: “Unibank” KB-nin 11 saylı Dərnəgül filialı; KOD: 502058; VÖEN **********; SWİFT kod: UBAZAZ22; H\h: AZ46NABZ********************; Benefisiarın adı: "xxxx" MMC; Müştərinin hesab №si: AZ65UBAZ**********0060AZNN001) ödənilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar