Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4391/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Ələsgər oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(004)-2054/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh imzaladığı və möhür vurduğu saxta müqavilənin yeni etbarlı müqavilə ilə əvəz edilməsi və əks halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491-492 maddələrinə əsasən beh müqaviləsinin şərtlərinin onun tərəfindən kobudcasına pozulmasını nəzərə alaraq, ondan aldığı müqavilədə göstərildiyi kimi 10000 manat pulun iki mislini, yəni 20000 manatını ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12.01.2020-ci il tarixdə İnşaat konstruktor şirkətinin Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən ofisinə gələrək şirkətin inşa etdiyi tikintisi başa çatmamış yaşayış binasında 2 otaqlı mənzilin alınması üçün10000 manat pul ödəmiş və beh müqaviləsi bağlamışdır. Beh müqaviləsi şirkətin möhürü və cavabdehin imzası ilə təsdiqlənmişdir. Lakin həmin məbləğ şirkətin hesabına köçürülmədiyinə görə ona qəbz verilməmişdir. Sonradan məlum olmuşdur ki, qeyd olunan ünvanda heç bir hündür mərtəbəli yaşayış binası tikilmir və həmin ərazidə tikinti təşkilatına aidiyyəti olmayan ikimərtəbəli ticarət obyekti fəaliyyət göstərir. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 12.01.2020-ci il tarixli beh müqaviləsinin tarixinin saxlanılması şərtiylə ona verilməli olan iki otaqlı mənzilin yerləşdiyi 16 mərtəbəli yaşayış binasının ünvanının düzgün yazılaraq Cavabdeh mənzilin satışından qalan 43000 manat pulun ondan alınaraq, mənzilin ona təhvil verilməsi, əks halda 12.01.2020-ci il tarixli beh müqaviləsinin icraçısı olan Cavabdeh həmin müqaviləni bütövlükdə pozduğuna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491-492 maddələrinə əsasən beh şəklində ondan aldığı 10000 manat pulun iki mislini, yəni 20000 manatının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(004)-2054/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 12.01.2020-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 10000 (on min) manat məbləğində pulun iki misli, yəni 20000 (iyirmimin) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(004)-2054/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı bildirmişdir ki, “12.01.2020-ci il tarixində İnşaat konstruktor şirkətinin Yasamal rayonun Şərifzadə küçəsində yerləşən ofisinə gələrək şirkətin inşa etdiyi tikintisi başa çatmamış yaşayış binasında 2 otaqlı mənzilin alinması üçün 10000 manat pul ödəmiş və beh müqaviləsi bağlamışdır. Beh müqaviləsi şirkətin möhürü və cavabdehin imzası ilə təsdiqlənmişdir”. Qeyd etmək lazımdır ki, satılmalı olan mənzil barəsində cavabdehin sərəncam vermək və satmaq hüququm olmamışdır, bu səlahiyyət-mənzilə dair sərəncam vermək hüququ şirkətə məxsus olmuşdur. Cavabdehin iş funksiyalarına mənzil almaq istəyən şəxsləri mənziləri göstərmək, mənzilərlə tanış etmək, mənzilin müsbət və mənfi tərəflərini izah etmək , eyni zamanda bir növü şirkətin reklamını həyata keçirmək vəzifələri olmuşdur. Lakin onun mənzil satmaq, mənzillə bağlı öhdəlik götürmək, hüquq və vəzifələri olmamışdır. Cavabdeh tərəfindən müqavilənin imzalanması şirkət rəhbərliyi və razılığı ilə olmuşdur. Müqavilə üzrə öhdəliklərin cavabdehin üzərində qalmaması üçün o, müqaviləyə şirkətin möhürünü vurmağı tələb etmişdir. Yəni müqavilə üzrə öhdəliklərə görə məsuliyyəti cavabdeh yox şirkət daşıyır, həmçinin qeyd edilməlidir ki, İddiaçı eşitmə qüsurludur, dəfələrlə ona mənzilin satılması ilə bağlı əsas müqavilənin bağlanması üçün müraciət edilsə də, şəxsin fiziki qüsurları səbəbindən müqavilənin bağlamasından yayınmışdır. Mülki Məcəllənin 491-ci maddəsindən göründüyü kimi, beh üzrə münasibətlərə öhdəliklər üzrə tərəf olanlar girə bilər, lakin iş üzrə bağlanmış beh müqaviləsindən görünür ki, Cavabdeh beh müqaviləsini bağlasa da, onun satmaq üçün mülkiyyətində mənzil olmamış və eləcə də, şirkət tərəfindən tikilən mənzilləri satmaq vəzifəsi və səlahiyyəti olmamışdır. Belə olan halda, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 491.3-cü maddəsi (avans) və ya Mülki Məcəllənin 1096 maddəsi (delikt) tətbiq olunmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətindən fərqli izahat verərək, qeyd etdi ki, beh müqaviləsini o özü imzalamış, pulu özü almışdır. Müqavilədəki mənzil onun özünə aiddir. Mənzilin müqaviləsi öz adınadır. Mənzilin “İnam Əmlak”a heç bir aidiyyatı yoxdur. O, mənzili verməyə razıdır. Növbəti məhkəmə iclasında mənzilin müqaviləsini təqdim edəcəyini bildirmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, cavabdeh onu aldatmışdır. Beh müqaviləsində qeyd olunan ünvanda heç bir hündür mərtəbəli yaşayış binası tikilmir və həmin ərazidə tikinti təşkilatına aidiyyəti olmayan ikimərtəbəli ticarət obyekti fəaliyyət göstərir. Cavabdeh indi bildirir ki, beh müqaviləsini o özü imzalayıb, pulu özü alıb, müqavilədəki mənzil onun özünə aiddir. Mənzilin müqaviləsi öz adınadır. Mənzilin “İnam Əmlak”a heç bir aidiyyatı yoxdur. Guya mənzili verməyə razıdır. Bu müddət ərzində bu yollarla cavabdeh onu aldadıb. Növbəti məhkəmə iclasında mənzilin müqaviləsini təqdim edəcəyini bildirsə də, cavabdeh nə məhkəməyə gəlmiş, nə də müqavilə təqdim etmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğvini tələb etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(004)-2054/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan: 12.01.2020-ci il tarixli beh müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 30.04.2020-ci il tarixə kimi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində, 218 saylı mənzilə dair 53000 manat məbləğə alğı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. Beh verən gələcəkdə bağlanacaq alğı-satqı müqaviləsinin təminatı kimi beh alana 10000 manat beh vermişdir. Xəzər RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Z.Babayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı hazırki iddia ərizəsində göstərilən məsələ ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, aparılmış araşdırma zamanı hər hansı bir cinayət tərkibi aşkar edilmədiyindən və iddiaçının iddia ərizəsi üzrə işə Yasamal rayon Məhkəməsi tərəfindən baxıldığı nəzərə alınaraq, cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərin birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-nin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. MM-nin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh 12.01.2020-ci il tarixli beh müqaviləsinə əsasən 30.04.2020-ci il tarixə kimi, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3cü blok, 14-cü mərtəbəsində, 218 saylı mənzilə dair 53000 manat məbləğə alğı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmələri, iddiaçı tərəfindən cavabdehə 10000 manat beh verilməsi, lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulması təsdiq olunduğundan iddia tələbi beh məbləğinin iki mislinin qaytarılması hissəsində təmin edilməli, 10000 manat behin iki misli, yəni 20000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Apellyasiya məhkəməsində işə baxılarkən, cavabdeh apellyasiya şikayətində fərqli qaydada izahat verərək, həmçinin ərizə təqdim edərək, qeyd etmişdir ki, beh müqaviləsini o özü imzalamış, pulu özü almışdır. Müqavilədəki mənzil onun özünə aiddir. Mənzilin müqaviləsi öz adınadır. Mənzilin “İnam Əmlak”a heç bir aidiyyatı yoxdur. O, mənzili verməyə razıdır. Növbəti məhkəmə iclasında mənzilin müqaviləsini təqdim edəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müqaviləni özü imzalamaqla, pulu özü aldığını, mənzilin “İnam Əmlak”a heç bir aidiyyatı olmadığını qeyd etmişdir. Növbəti məhkəmə iclasında mənzilin müqaviləsini təqdim edəcəyini bildirsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlar bir daha göstərir ki, müqavilənin icra edilməməsi üçün beh almış tərəf olan cavabdeh məsuliyyət daşıyır. Buna görə də, iddiaçıya behin iki mislini ödəməlidir. Apellyasiya şikayətində tərəflər arasında beh deyil, avans olması qeyd olunsa da, kollegiya yuxarıda qeyd olunan işin araşdırılmış və tədqiq olunmuş hallarına əsasən həmin dəlili əsassız hesab edirək, qeyd edir ki, tərəflər arasında beh müqaviləsinin bağlanması öz təsdiqini tapır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi “12.01.2020-ci il tarixli beh müqaviləsinə əsasən ona veriləcək 2 otaqlı mənzilin yerləşdiyi 16 mərtəbəli yaşayış binasının ünvanının düzgün yazılması, tərəfindən 43000 manat ödənilmək şərti ilə mənzilin ona təhvil verilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, ümumiyyətlə, cavabdehin və ya əməkdaşı olduğu şirkətin yaşayış binalarının tikintisi üzrə fəaliyyətlə məşğul olması məhkəmə baxışında müəyyən olunmamış, həmin tələbi təsdiq edən mötəbər sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu ilə bağlı məsələni düzgün olaraq həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilənhissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(004)-2054/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4391/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4391/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver