Məhkəmə qərarları › İş №2(103)-4392/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4392/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4392/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızına qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2131/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Şərif küçəsi, 9 saylı evin, 43 saylı mənzili X8 mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 359 saylı reyestr kitabında 30/51743 qeydə alma nömrəsi ilə xx.xx.1995- cu il tarixdə qeydiyyat aparılmışdır.

2. xx.xx.1999-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Şərif küçəsində yerləşən 9 saylı evin 30,05 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 43 saylı mənzil qanun üzrə vərəsəlik qaydasında onun oğlu İddiaçı keçmişdir.

3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 020960 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Şərif küçəsi, 9 saylı evin 30.05 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 43 saylı mənzili İddiaçı adına bütün payda, xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 359 saylı reyestr kitabında 30/21171 qeydə alma nömrəsi ilə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır.

4. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ serialı, 418631 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı və Cavabdeh nikahına tərəflərin razılığı ilə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 62 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Nəcəfov, qadına Abdullayeva soyadı verilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən X5 ünvan 1 ünvanında qeydiyyatdadır.

6. 86 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh həqiqətən Bakıxanov qəsəbəsi, 86 saylı MKİS-nin ərazisində yerləşən Ş.Kamilov küçəsi 9 saylı evin, 43 nömrəli mənzidə pasport qeydiyyatındadır, qonşuların aktına əsasən o, qeydiyyata olmasına baxmayaraq, 2019-cu ildən həmin ünvanda yaşamır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, ev 9, 43 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızına qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 2, 43 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, 43 saylı mənzil onun mülkiyyətindədir, hazırda həmin mənzildə yaşayır. Lakin onun keçmiş həyat yoldaşı Cavabdeh həmin mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. Belə ki, aralarında bağlanmış nikah pozulmuş, cavabdeh hazırda onun ailə üzvü deyil. Uzun müddətdir ki, hər hansı əlaqələri yoxdur. Cavabdeh başqa ünvanda yaşadığından xeyli müddətdir ki, həmin mənzildən köçüb getmiş, orada yaşamır, ümumiyyətlə həmin mənzildən istifadə etmir. Onun mənzilində cavabdehə aid heç bir əmlak yoxdur. Bunu uzun zaman qonşuluqda yaşayan qonşuları da təsdiq edə bilər. Bundan əlavə, cavabdehin hazırkı yaşayış yeri barədə məkumatı yoxdur. O, faktiki olaraq evin bütün kommunal xərclərini və yerli bələdiyyə vergisini ödəyir. Cavabdehin onun mənzilində pasport qeydiyyatında qalması Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və o həmin hüququnu həyata keçirə bilmir. Hazırda cavabdehə görə hər ay əlavə kommunal ödənişlər və sairə ödəyir. Belə olan halda cavabdehin formal olaraq qeydiyyatda olması onun üçün bir sıra problemlər yaradır. Bu səbəbdən onun mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir.

10. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, nikah pozulduqdan sonra cavabdehin soyadı dəyişdiyindən X3 cavabdeh olaraq nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2131/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X10)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh 1992-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. İddiaçının atasına məxsus olan ünvan 2, 43 nömrəli mənzil atasının vəfatından sonra 1999-cu il tarixdə iddiaçının tam pay üzrə mülkiyyətinə verilmişdir. Bundan sonra cavabdehlə iddiaçı sözügedən evdə yaşamağa başlamış və cavabdeh sözügedən evə rəsmi qeydiyyta alınmışdır. Tərəflər arasında nikah münasibətləri 2022-ci il tarixdə tərəflərin qarşılığlı razılığı ilə qeydiyyat şöbəsində pozulmuşdur. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək, cavabadehin onun keçmiş arvadı olduğunu istinad edərək, onun sözügedən mənzildən istifadə hüququna hər hansı bir kompensasiya məbləği ödəmədən xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan və onun sözügedən mənzilə istifadə hüququ 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmış olduğundan, onun həmin məzilə istifadə hüququ yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada, müvafiq kompensasiya ödəməklə xitam verilməli olduğundan, hazırki iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 228.5-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı həmin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razı deyil. Məhkəmə əsassız olaraq onun iddia tələbini təmin etməmiş və qətnamə qəbul edərkən öz mövqeyini əsaslandıra bilməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh artıq onun ailə üzvü deyil, onların nikahı pozulmuşdur, cavabdeh uzun illərdir ki, mənzildən könüllü çıxıb getmişdir. Haazırda cavabdeh Rusiya Federasiyasında yaşayır. Lakin məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əhəmiyyət verməmişdir. İşə baxılan zaman məhkəmə AR Mülki Prosessuaı Məcəlləsinin 77, 88, 217, 218-ci maddələrinin tələblərini pozmuş və həmin maddələrə riayət olunmamışdır. İşə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1992-ci ildən etibarən fasiləsiz olaraq hazırda artıq mülkiyyətçisi olduğu mənzildə yaşayır. Nikaha daxil olduqdan sonra həmin mənzildə cavabdehlə birgə yaşamışdılar. Lakin 2019-cu ildə cavabdeh həmin mənzili daimi əsaslarla tərk edərək, getmişdir. Həmin vaxtdan da birgə təsərrüfat aparmırlar. Cavabdeh mənzildən getdikdən sonra hər hansı münasibətləri və ünsiyyətləri olmamışdır. Sadəcə olaraq, müraciətinə əsasən 2022-ci ildə qarşılıqlı razılıqları əsasında nikahları pozulmuşdur. Bundan sonra cavabdeh barədə ümumiyyətlə hər hansı məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində hazırda atası ilə ünvan 2 ünvanında yerləşən 43 saylı mənzildə yaşadığını, 5 ilə yaxın müddətdir ki, anasının həmin mənzildə yaşamadığını, anasına aid heç bir əşyanın həmin mənzildə qalmadığını, anası və ana tərəfdən qohumları ilə heç bir əlaqəsinin olmadığını, hətta İİ Vətən Mübaribəsində iştirak etdiyi zaman belə anasının onun səhhəti ilə maraqlanmadığını, anasının harda olmasını və əlaqə telefonunu bilmədiyini qeyd etmişdir.

20. Cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızı sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamışdır. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddiası təmin edilməklə, cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızının mübahisəli mənzildən istifadə hüququ itirmiş hesab edilməlidir.

29. Belə ki, cavabdeh iddiaçının keçmiş arvadı olmuş və onların arasında 1992-ci ildə nikah bağlandıqdan sonra həmin vaxt icarədarı iddiaçının atası olan mübahisəli mənzilə köçərək iddiaçı (sonradan uşaqları) ilə birlikdə həmin mənzildə yaşamış və birgə təssərrüfat aparmışdır. Bundan sonra mənzil 1995-ci ildə iddiaçının atasının, onun ölümündən sonra 1999-cu ildə isə iddiaçının mülkiyyətinə keçmişdir və hazırda da sonuncunun mülkiyyətindədir. Bununla belə, həmin mənzildən istifadə edilməsi ilə bağlı cavabdehlə iddiaçının atası və sonradan iddiaçı arasında münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi də mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinad etsə də, nəticədə onu düzgün tətbiq etməmiş və mübahisəyə hər hansı aidiyyəti olmayan Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etmişdir.

30. Bununla belə, məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 1992-ci ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, 1992-ci ildə həmin icarədar X8 (iddiaçının atası) razılığı ilə mənzilə köçən, mənzilə dair 1995-ci ildə onun, 1999-cu ildə isə vərəsəlik qaydasında iddiaçının mülkiyyət hüququ tanındıqdan sonra da orada yaşamağa davam edən cavabdehin mənzildən istifadə hüququ yaranmışdır.

31. Hazırda iddiaçı cavabdehin 2019-cu ildən həmin mənzildə yaşamadığını, 2019cu ildə mənzili daimi əsaslarla tərk edərək, ilk vaxtlar Gəncə şəhərində, atasına məxsus evdə yaşadığını, sonra isə ümumiyyətlə Azərbaycan Respublikasını tərk edərək, Rusiya Federasiyasına qardaşının yanına getdiyini və hazırda da Rusiya Federasiyasında yaşadığını, mənzildə cavabdehə aid hər hansı əşyanın da qalmadığını iddia edir.

32. 86 saylı MKİS bu barədə qonşuların aktına əsaslanaraq cavabdehin 2019-cu ildən həmin mənzildə yaşamadığını xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq edir. Tərəflərin birgə nikahından doğulmuş X13 şahid qismində ifadə verərək, atası ilə birlikdə mübahisəli mənzildə yaşadığını, 5 ilə yaxın müddətdir ki, anasının həmin mənzildə yaşamadığını, anasına aid heç bir əşyanın həmin mənzildə qalmadığını, anası və ana tərəfdən qohumları ilə heç bir əlaqəsinin olmadığını, hətta İİ Vətən Mübaribəsində iştirak etdiyi zaman belə anasının onun səhhəti ilə maraqlanmadığını, anasının harda olmasını və əlaqə telefonunu bilmədiyini qeyd etmişdir. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən isə cavabdeh xx.xx.2023-cü il tarixdə X12 X15 istiqamətində ölkə hüdudlarını tərk etmiş, onun ölkəyə qayıtdığı müəyyən edilmir.

33. Bununla belə, cavabdehin artıq bi neçə ildir ki, mübahisəli mənzildə yaşamaması, 2023-cü ilin aprel ayından isə ümumiyyətlə ölkədə olmaması işdə olan mötəbər sübutlarla, o cümlədən cavabdehin doğma oğlunun ifadəsi ilə öz təsdiqini tapır. Hər bir halda, 30 ilə yaxın müddət ərzində mənzildə yaşamış, əşyalarını həmin mənzildə saxlamış cavabdeh mənzili müvəqqəti tərk etmiş olsa idi və ya onun mənzildə yaşamasına iddiaçı tərəfindən maneə yaradılsa idi, bu hal hər hansı formada (cavabdehin mənzilə köçürülməsi və ya əşyalarının götürülməsi, habelə iddiaçının əşyaların çıxarılması tələbi ilə məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət etməsi) özünü biruzə vermiş olardı. Bu halın mövcudluğu da cavabdehin 2019-cu ildən sonra mənzilə gəlməsini şərtləndirməli idi. Lakin, hətta 2022-ci ildə tərəflərin arasında bağlanmış nikahın pozulması zamanı da belə bir halın olması müəyyən edilmir. Əksinə cavabdeh şərtsiz olaraq buna razılıq verdiyindən nikah mübahisəsiz, yəni məhkəmədən kənar qaydada, müvafiq qeydiyyat orqanında pozulmuşdur. Bu da öz növbəsində onun həmin mənzili özünə məxsus bütün əşyalarla birlikdə daimi əsaslarla tərk etdiyini təsdiq edir.

34. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, cavabdehlə mənzilin mülkiyyətçisi olan iddiaçı arasında mövcud olan ailə münasibətlərinə 2022-ci ildə xitam verilməsi cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, bu halda da onun istifadə hüququ saxlanılır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh 2019-cu ildən mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində, 2023-cü ilin aprel ayından isə ümumiyyətlə Azərbaycan Respublikasından kənarda yaşayır. Başqa sözlə, cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh 1999-cu ildən vərəsəlik qaydasında iddiaçının (keçmiş həyat yoldaşı) mülkiyyətinə keçmiş həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir.

35. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin 228-ci maddəsi qüvvədə olduğu zaman yaranmış olsaydı belə, cavabdehin daimi əsaslarla mübahisəli mənzili tərk etməsi halı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından yenə də onun kompensasiya məbləği ödənilmədən istifadə hüququna xitam verilməsi üçün əsas olacaq idi. Bu münasibətlərə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi isə cavabdehin artıq iddiaçının keçmiş ailə üzvü olması səbəbindən onun bu hüququna xitam verilməsi üçün əsas yaratmış olur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, sonrakı dövrə aid qanunvericiliyi tətbiq etmiş, hüquqi nəticə etibarı ilə səhv olaraq bu hüququn yalnız kompensasiya ödəməklə xitam verilməsinin mümkün olması qənaətinə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2131/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməklə cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızı mübahisəli mənzilən istifadə hüququ itirmiş hesab edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2131/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh Abdullayeva (Nəcəfova) Natella Nazim qızının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 9 saylı evin, 43 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar