Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4393/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X5” MTK-ya qarşı mülki iş (Açar sözlər: «mənzillərin təhvil verilməsi, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh “X5” MTK-nın nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-758/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh “X5” MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış 14 may 2014-cü il tarixdə ayrı-ayrılıqda 3 müqavilə bağlanmışdır. Ümumilikdə, hər üç müqavilə ilə hazırki işə aid aşağıdakılar müəyyən edilib: a) Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. b) Binanın tikintisi başa çatdıqdan sonra həmin binanın: A2 blokunda 5-ci mərtəbə 136 m2, 21 nömrəli 3 otaqlı mənzili, A2 blokunda 5-ci mərtəbədə 122 m2, 22 nömrəli 3 otaqlı mənzili və A2 blokunda 5-ci mərtəbədə 124 m2, 24 nömrəli 3 otaqlı mənzili “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürür. c) Hər bir müqavilənin ayrılıqda 3.1-ci bəndlərində mənzillərin qiyməti müəyyən olunub. Müqavilələrə görə mənzillərin 1 m2 dəyəri 1234 manat olmaqla, 21 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat, 22 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat və 24 nömrəli mənzilin cəmi dəyəri 167.824 manat müəyyən edilmişdir.
2. Cavabdeh MTK tərəfindən ayrılıqda verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışlarına görə üç mənzilə görə də pay dəyəri tam ödənilib və borcu yoxdur, mənzillər İddiaçı məxsusdur.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh “X5” MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, iddiaçı ilə Cavabdeh MTK-nın direktoru Hikmət Yigitdöl arasında mənzillərin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda 5-ci mərtəbəsində, ümumi sahəsi 122 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1234 manat olmaqla ümumi dəyəri 150548 manat olan 22 saylı mənzilin, həmçinin eyni blokda, eyni mərtəbədə yerləşən, ümumi sahəsi 124 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1232 manat olmaqla, ümumi dəyəri 151782 manat olan 24 saylı mənzilin, yenə eyni mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1232 manat olmaqla, ümumi dəyəri 167824 manat olan 21 saylı mənzilin dəyərlərini tam şəkildə ödəməklə MTK-dan satın almışdır. Qeyd olunan mənzillərin dəyərinin tam şəkildə ödənilməsinə dair MTK tərəfindən hər bir mənzil üçün ayrı-ayrılıqda müvafiq maliyyə arayışları da verilmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m olan 21 nömrəli, ümumi sahəsi 122 kv.m olan 22 nömrəli və ümumi sahəsi 124 kv.m olan 24 nömrəli mənzilləri payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və ona verilmiş maliyyə arayışlarına əsasən iddiaçı tərəfindən sözügedən mənzillərin dəyərinin tam ödənilməsinə və yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən heç bir əsaslı səbəb göstərilmədən sözügedən mənzillər hal-hazıradək ona təhvil verilməmişdir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh mənzillərə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Halhazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, həmin mənzillərin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə müvafiq pretenziya məktubu da ünvanlamışdır. Ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş, lakin bugünə kimi heç bir tədbir görülməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-758/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin təmin edilərək cavabdeh “X5” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin İddiaçı təhvil verilməsinin cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə cavabdeh “X5” MTK arasında 14 may 2014-cü il tarixli müqavilələr imzalanmış, həmin müqavilələrin 1.3-cü bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən ‘’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 136 m2, 21 nömrəli 3 otaqlı mənzili, 122 m2, 22 nömrəli 3 otaqlı mənzili və 124 m2, 24 nömrəli 3 otaqlı mənzili Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, qeyd edilən mənzillərin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Bununla bağlı “X5” MTK tərəfindən verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir. Cavabdeh MTK-nın rəhbəri məhkəmə iclasında iddia tələbinə etiraz edərək, mübahisəli 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, İddiaçı, Cavabdeh MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis veridlyini və "xxxx" KB ASC-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, "xxxx" KB ASC isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən siləcəklər. Lakin cavabdehin etirazında qeyd etdiyi hallar heç bir mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, cavabdeh məhkəməyə sübut qismində Hom-Paş Prestij” MTK-nın sədri H.S.Yigitdol və "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman tərəfindən imzalanmış 14 may 2014-cü il tarixli maliyyə arayışını təqdim etsə də, həmin arayışın iddiaçının mənzillərinə aid heç bir xüsusat öz əksini tapmamışdır. Etiraz ərizəsində qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında şifahi razılaşmanın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “X5” MTK-nın (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib bununla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, mübahisəli 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, İddiaçı, “X5” MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və "xxxx" KB ASC-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, "xxxx" KB ASC isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən siləcəklər. İşin hallarından da görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən ona satılmış mənzilləri 10 (on) ildir ki bu səbəbdən təhvil almamış, cavabdeh ilə arasında bağlanmış şifahi razılaşmaya əsasən öz öhdəliyini (Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi) tam icra olunmasını gözləmişdir. Lakin sonda İddiaçı öz öhdəliyinin icrasından yayınaraq ona etibar edilmiş hüquqlardan sui-istifadə etmiş və əsassız olaraq mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edən zaman sadəcə iddiaçı tərəfindən çıxış etmiş və onun maraqlarının təmin edilməsi üçün verilmiş etiraz və dəlillərə düzgün qiymət verməyərək iddia tələbini təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh “X5” MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 387.2 və 387.3. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər Maddə 389.1 və 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 575. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 758.Əgər müqavilənin predmeti bina və ya onun ayrı-ayrı hissələridirsə, podratçı müqavilədən irəli gələn tələblərinə əsaslanaraq, binanın ucaldıldığı sifarişçiyə məxsus torpaq sahəsinə ipoteka tələb edə bilər. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia üzrə apardığı hüquqi dəyərləndirmə və gəldiyi nəticə düzgün olmuşdur. Əlbətdə ki, cavabdehin bu nəticə ilə razılaşmamaq və qətnamədən apellyasiya şikayəti vermək hüququ mövcuddur, hansı ki, bu hüququndan istifadə edib. Lakin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla təsdiq edilmədiyindən qətnamənin ləğv edilməsi və şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
24. Əvvəla, iddiaçı cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsini əsas gətirib hazırki ilk iddia ilə məhkəməyə müraciət edib, birinci instansiya məhkəməsi də bu hissədə iddianı təmin etmişdir. Ancaq cavabdeh MTK-nın həm iddia tələbinə etirazı, həm də apellyasiya şikayətində göstərdikləri anlaşılan olmamışdır. Belə ki, cavabdeh iddiaçının müqavilələr üzrə öhdəliklərinin hər hansı bir hissəsini yerinə yetirmədiyini mübahisələndirmir. Əksinə təsdiq edir ki, iddiaçı aralarında bağlanmış yazılı müqavilələr üzrə öhdəliklərini tam icra etmişdir.
25. Mübahisə predmeti olan mənzillərin iddiaçıya satılmasına vaxtı ilə "xxxx" KB ASC-nin etiraz etməməsi də əksinə iddianı əsassız edən yox, əsaslı edən hal sayılır. Başqa sözlə etirazın olmaması müqavilədə nəzərdə tutulan mənzillərin yüklü olmadığına və üçüncü şəxslərin hüquqlarından azad olduğuna dəlalət edir.
26. İddiaçı ona satılmış mənzillərlə bağlı Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcəyi barədə cavabdeh MTK ilə hər hansı bir şifahi razılaşmanın olduğunu qəbul etmir. Hətta belə bir razılaşmanın olması ehtimal olunsa belə bu vəziyyət də hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. X4 və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunun Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silinib-silinməməsinin MTK-nın iddiaçı qarşısında olan öhdəliyi ilə hər hansı bir əlaqəsinin və ya bağlılığının olması işdən görünmür. Cavabdeh də niyə məhz borc silindkdən sonra mənzillərin təhvil verəcəyini yaxud vermək istədiyini ciddi arqumentlərlə əsaslandıra bilmir. Etibarlılığı şübhə doğursa belə cavabdeh şifahi razılaşdığını bəyan etdiyi belə bir şərt olmuşdursa, onu yazılı müqavilələrə də daxil edə bilərdi. Ancaq yazılı müqavilələrdə bu məzmunda hansısa şərt olmamışdır.
27. İddiaçının xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən ona satılmış mənzilləri 10 (on) il ərzində bu səbəbdən təhvil almaması yaxud tələb etməməsi də iddianın əsassız olduğu demək deyil. Çünki müqavilələr üzrə əvəzi ödənilmiş mənzillərin təhvil verilməməsi sonsuzluğa qədər davam edə bilməz. Yalnız ona görə ki, bank ona verilmiş qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə MTK-nın bəyan etdiyi fiziki şəxslərin borcu olmadığı barədə məlumat vermir, MTK da bunu və iddiaçı ilə aralarında olan şifahi razılaşmanın olduğunu əsas götürüb iddiaçı qarşısında öhdəliyini icra etmir yaxud etmək istəmir. Əlbətdə ki, cavabdeh MTK mülki hüquq münasibətinin subyekti kimi bu vəziyyətdə vicanlılığın tələb etdiyi tərzdə davranmır. Üstəlik iddiaçını öz öhdəliyinin icrasından yayınaraq ona etibar edilmiş hüquqlardan sui-istifadə etməkdə və əsassız olaraq mənzillərin ona təhvil verilməsini tələb etməkdə qınayır. Təbii ki, bu cür davranış yolverilməz sayılır.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən,cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-758/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh “X5” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-758/2024 saylı, 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.