Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4395/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və X2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürülmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil X5 məxsus olmuş, onun vəfatından sonra mənzil üzərində vərəsəsi (oğlu) İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə İddiaçı xx.xx.1985-ci il təvəllüdlü oğlu Cavabdeh1, habelə sonuncunun övladları – xx.xx.2011-ci il təvəllüdlü Orxan Rüstəmov və xx.xx.2013-cü il təvəllüdlü Pirdas Rüstəmova - pasport qeydiyyatındadırlar. Cavabdeh1 2011-ci ildə həyatı qurmuş və hazırda həyat yoldaşı Cavabdeh2 və uşaqları ilə birlikdə sözügedən mənzildə yaşayırlar.
2. İddiaçı Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi ev 54, 46 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 və X1 övladları X6 və X3 ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və özünün mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil mərhum atasından vərəsəlik qaydasında 1997-ci ildə mülkiyyətinə keçmiş, ailəsi ilə birgə orada yaşayaraq təsərrüfat aparmış, oğlu Cavabdeh1 2011-ci ildə ailə qurduqdan sonra onun üçün müqavilə ilə aldığı "xxxx" MTK tərəfindən inşa edilmiş Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi ev 38, mənzil 179 ünvanına köçmüşdür. 2017-ci ildə oğlu ailəsi və iki övladı ilə birlikdə onun mənzilinə köçərək onunla yaşamağa başlamış, bundan sonra problemli, əzablı günlər görmüş, mənzildən zorla çıxarılmışdır. Belə ki, mənzilinə köçəndən sonra cavabdehlərin ona olan münasibətləri dəyişmiş, onların kobud rəftarına və zorakılıqlarına məruz qalmışdır. Dəfələrlə cavabdehlərə “gedin öz evinizdə yaşayın, məni incitməyin, yaşayışımı qara etməyin” desə də, bunun heç bir faydası olmamışdır. Cavabdeh1 Binəqədi rayonunda olan mənzilindən başqa Masazır qəsəbəsində də torpaq sahəsi və üzərində iki mərtəbəli yaşayış evi, habelə Balakən rayonunun Katex kəndində fərdi yaşayış evi vardır. Cavabdeh1 öz mənzilini kirayə verərək pul qazanır, buna görə də köçüb öz evinə getmir. Demək olar ki, hər gün əzab- əziyyət, iztirab içində yaşayır, övladı ona gün verməyərək həyatını qara etmişdir və bu münasibəti yoldaşı və övladları da ona qarşı göstərir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də göndərməmişlər.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərlə mülkiyyətçi arasında mənzilə istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamışdır və hazırda faktiki olaraq cavabdeh həmin ünvanda yaşamır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh ailəsi ilə birlikdə ünvan 2 ünvanına köçərək orada yaşamışdır, həmin mənzil ona atası İddiaçı tərəfindən alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir.
7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 228-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə istinad etmişdir.
8. Həmin qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işə onların iştirakı olmadan baxdığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, mübahisəsi gedən mənzilə istifadə hüququnun olduğunu nəzərə almadığı, qanunsuz və əsassız qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
9. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh X4 isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
16. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
17. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
18. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
19. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
20. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmalarıdır, bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarından görünür ki, nə Cavabdeh1, nə də digər cavabdeh birinci instansiya məhkəməsində başlanmış icraat barəsində məlumatlandırılmamış, onlara göndərilən bir məhkəmə bildirişi “evdə yoxdur” qeydi yazılmaqla geri qaytarılmış, ikinci bildirişin çatdırılıb-çatdırılmadığı barədə işə sübut əlavə olunmamış, mübahisəsi gedən mənzilə göndərilmiş qətnamə isə iddiaçının özü tərəfindən qəbul edilmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırsa da, iclasların yeri və vaxtı barədə onları lazımi qaydada məlumatlandırmamış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.
34. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
35. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
36. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
37. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil xx.xx.1997-ci il tarixindən iddiaçının mülkiyyətindədir; Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlinidir.
39. İşin iddiaçının özünün bildirdikləri ilə müəyyən olunan halı ondan ibarətdir ki, Cavabdeh1 1992-ci ildən, ailə həyatı qurduğu 2011-ci ilə qədər sözügedən mənzildə yaşamış, ailə qurduqdan sonra "xxxx" MTK-dan onun üçün alınmış ünvan 3 ünvanda inşa edilən yaşayış binasının 179 saylı mənzilində yaşamağa başlamış, 2017-ci ildə ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçmüşdür.
40. "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2007-ci il tarixli müqavilənin iş materiallarına əlavə edilmiş surətindən görünür ki, MTK, 27 180 ABŞ dollarının ödənilməsi müqabilində ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 179 saylı mənzilini Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür.
41. "xxxx" MTK-nin sədri S.H.Mehdiyev tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında yaşayır.
42. Kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil onun babasının, daha sonra isə atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə, yəni babasının (atasının) ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2011-ci ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.
43. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
44. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil babasının, daha sonra atasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun, mənzildən özünə məxsus yaşayış sahəsinə köçüb getdiyi 2011-ci ildən itirildiyi qəbul olunmalıdır.
45. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, Cavabdeh1 ailə qurub başqa yaşayış sahəsinə köçərkən atasının evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir və işdəki sübutların məcmusu onun mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.
46. Digər tərəfdən yuxarıda göstərildiyi kimi iddiaçı, oğlu Cavabdeh1 2017-ci ildə mübahisəsi gedən mənzilə yenidən köçüb orada ailəsi ilə birlikdə yaşamağa başladıqlarını bildirmişdir və cavabdehlər işin iddiaçı tərəfindən bildirilən bu faktiki halını mübahisələndirməməkdədirlər. Bu isə o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından da qiymət verilməlidir - çünkü, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dən sonra yaranmış münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
48. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”.
49. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh1 və Cavabdeh2nın mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüquqları olmadığından, sonuncuya məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; məsələyə bu kontekstdən yanaşıldıqda da, Cavabdeh1 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunduğu, Cavabdeh2nın isə mənzildə yaşamaq hüququnun qalmadığı qənaətinə gəlinməlidir.
50. Cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə isə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə onlar, hazırda iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüququna sahib deyildirlər. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
51. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır; çünkü “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, apellyator artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
52. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6248/2021 saylı iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbləri təmin edilsin. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Cavabdeh1 və X4 övladları X6 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İddiaçı ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə köçürülsün. İddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov