Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4407/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X3 Kompani S.A.» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: tikilinin özbaşına tikili sayılaraq sökülməsi, əsl olmayan cavabdehə qarşı iddia) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(010)-35/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı istismarında olan yerüstü neft kəmərinin mühafizə zonası daxilində cavabdeh tərəfindən özbaşına tikili inşa edilidiyini iddia edərək, həmin tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə mübahisəli tikilini vaxtı ilə başqa şəxsə satdığını və hazırda onun sahibliyində olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddiaçı isə nəticə ilə razılaşmayaraq, qətnamədən apellyasiya şikayəti vermişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X3 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X3 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Nümayəndəliyin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 414988.00 m B 4476042.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Odur ki, qeyd olunan tikili özbaşına tikili hesab olunaraq sökülməlidir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, ekspert rəyi alındıqdan sonra isə iş üzrə icraat təzələnmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 aprel 2023-cü il tarixli, 2(010)-35/2023 nömrəli qətnaməsi ilə (hakim L.Talıbova) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, hazırki mülki iş üzrə sökülməsi tələb olunan fərdi yaşayış evi cavabdehin mülkiyyətində deyildir, bu əsasla iddia tələbi təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamışdır. Həmçinin məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və qətnamədə göstərilən nəticələr işin həqiqi hallarına uyğun olmamışıdr. Belə ki, mübahisəli torpaq sahəsinin kontrakt sahəsinin hüdudları daxilində olması təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Həmçinin cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdə əlavə tikinti işlərinin aparıldığı məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Cavabdehin nə tikiliyə, nə də ki, tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və təmin olunmasını xahiş edərək bildirmişdir ki, cavabdehin öz mənzilinə dair heç bir tələbləri yoxdur, lakin mübahisəli tikili cavabdeh tərəfindən tikilidiyi üçün iddia tələbi ona qarşı qaldırılmışdır.
11. Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, mübahisəli mənzili 13 il bundan qabaq onun tərəfindən tikilmiş və digər şəxslərə satılmışdır. Həmin şəxslər müvafiq icra nümayəndəliyindən ünvan alaraq həmin ünvana qeydiyyata düşmüşlər. Onun yaşadığı tikili ilə mübahisəli tikilinin ünvanları və sayğacları ayrıdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
14. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqularından biri də, qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquq və azadlıqların müdafiə edilməsidir. Həmin hüququn məhkəmə müdafiəsinə təminat verilir və məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin digər şəxslərin hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər müəyyən olunmuşdur.
21. Bu şərtlərdən biri də, iddia tələbininin ona cavab verməli olan şəxsə qarşı qaldırılmasıdır.
22. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamışdır.
23. Məhkəmə kollegiyası isə bu barədə mövqeyini əsaslandıraraq, aşağıdakıları qeyd edir.
24. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və sarə hallara əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti mövcud olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də, məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün əvvəlcə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir.
25. Həmin şərtləri müəyyən edilməsi üçün isə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına diqqət yetirilməlidir.
26. Belə ki, prosessual qanunvericiliyə görə prosesdə tərəflər iddiaçı və cavabdehdir. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar. Göründüyü kimi iddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırır, həmin iddianın tələbi isə cavabdehə yönəlir. Lakin iddia tələbinin hər-hansı fiziki və ya hüquqi şəxsə yönəlməsi həmin şəxsin iddiaya cavab verməli olan şəxs olması qənatinə gəlmək üçün əsas deyil.
27. Çünki iddianın təməlində iddiaya cavab verməli olan şəxslə iddiaçı arasında qarşılıqlı öhdəlik və ya vəzifələrin mövcudluğu, tərəflərdən birinin digəri tərəfindən konstitusyon hüquq, yaxud qanunla qorunan maraqlarının pozulması, ya da ki, başqa qanuni əsaslar dayanmalıdır.
28. Hazırki mülki işdə isə iddiada qeyd olunan əsaslar mövcud deyil. Həmçinin bu əsasların mövcudluğu iş birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində iki ədəd özbaşına tikili inşa etmiş, daha sonra həmin tikililərdən birini başqa şəxsə satmışdır. Həmin tikililərin heç birinin mülkiyyət hüququna dair çıxarışları yoxdur. Cavabdeh tikilinin satılması barədə alcı ilə aralarında alqı-satqı müqaviləsi bağlamamış, habelə məhkəməyə bu barədə sübut təqdim edə bilməmişdir. Lakin cavabdeh məhkəməyə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli bildirişlərini təqdim edərək, göstərmişdir ki, iddia üzrə sökülməsi tələb olunan özbaşına tikili vaxtı ilə satılmış olan tikilidir və başqa şəxsin faktiki sahibliyindədir, ona heç bir aidiyyəti yoxdur.
30. Həqiqiətəndə həmin bildirişlərdən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0254 nömrəli evin 002-ci mənzili faktiki olaraq cavabdehin sahibliyində, 001-ci mənzili isə başqa şəxsin sahibiliyindədir.
31. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüdən müəyyən olunur ki, sökülməsi tələb olunan tikili ilə cavabdehin faktiki sahibiliyində olan tikliyilinin divarları və dam örtükləri ayrıdır, həmin tikililərin arasında isə hasar mövcuddur.
32. İddiaçının nümayəndəsi də, məhkəmə kollegiyasının iclasında izahat verərək, hazırda sökülməsi tələb olunan tikilinin cavadehin faktiki sahibiliyində olan evinin yanındakı tikili olduğunu bildirmişdir.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının tələbinin predmetini təşkil edən qanunsuz tikili hazırda faktiki olaraq başqa şəxsin sahibliyində olsa da, iddiaçı qanunsuz tikilinin vaxtı ilə cavabdeh tərəfindən tikildiyini və onun sahibiliyində olmasını iddia etmiş, lakin bu faktı sübuta yetirə bilməmişdir. Nəticədə isə irəli sürülmüş tələbə cavab verməli olmayan şəxsə qarşı iddia qaldırmışdır.
34. Həmçinin məhkəmə kollegiyası digər bir halı da, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqdan sonra məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
35. Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən əsl olmayan tərəf əsl tərəflə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmasına hazırlanması mərhələsində, qanunla müəyyən olunmuş hallarda isə məhkəmə baxışı gedişində əvəz oluna bilər. Tərəfin apellyasiya icraatında əvəz edilməsinə yol verilmir.
36. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında hazırki cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçıya təklif edilməli və iddiaçının bu barədə mövqeyi öyrənilməli idi. Lakin, məhkəmə iclasının protokollarında və məhkəmə aktlarında bu barədə qeydə rast gəlinmir.
37. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı izah edir ki, iddiaçı birinci instansiya məhkəməsindəki icraatda, habelə apellyasiya məhkəməsindəki icraatda hazırki cavabdehin əsl cavabdeh olmasının məhkəmələr tərəfindən mübahisələndirildiyini bilsə də, qətiyyətlə iddia tələbinin həmin cavabdehə qarşı təmin olunmasını xahiş etmişdir. Hətta apellyasiya baxışında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq bildirişlərinin iş üzrə qənaətbaxş sübutlar olmadığını, tikililər və onların işıq sayğacları bir-birindən ayrı olsa da, mübahisəli tikilinin cavabdeh tərəfindən tikilidiyi üçün onun cavab verməli olduğunu ifadə etmişdir.
38. Nəticədə bu hal iddiaçının hazırki cavabdehi əsl cavabdeh hesab etdiyini və tələbin başqa şəxsə yöndəldilməsini qəbul etmədiyini göstərir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmiş, iddiaçı isə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəticədə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmış və iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(010)-35/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.