Məhkəmə qərarları › İş №2(103)-4407/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4407/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4407/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, xx.xx.2024-cü il qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2015-ci il tarixədək mərhum atası X2 və həmin tarixdən etibarən isə onun sahibliyində və istifadəsində olması faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə ərizə üzrə mülki işin icraatına xitam verilmişdir.

3. Həmin qərardaddan ərizəçi tərəfindən şikayət verilmiş, şikayət məhkəmənin 14 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində sahiblik və istifadə faktından əlavə sərəncam verilməsi faktı da qeyd edilmişdir. Lakin ərizə də sərəncam verilməsi faktı öz əksini tapmamışdır. Ərizənin mahiyyəti sahiblik edilən bütün müddəti öz sahiblik müddətinə birləşdirməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 178.6-cı maddəsinə uyğun olaraq 30 il müddət tamamlandıqda qeyd olunan əmlaka mülkiyyət hüququ əldə edə bilsin. Məhkəmənin mövqeyinə əsasən hazırki iş üzrə icraata mülki qaydada deyil, inzibati qaydada baxılmalıdır. Qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddia tələbi təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları tərəfindən elektron kabinetə yerləşdirilmişdir. Lakin məhkəmə tərəfindən həmin inzibati iş üzrə qəbul edilmiş qərarlar təhlil edilməmişdir. Belə ki, məhkəmənin mülki qaydada baxılmalı olmaması əsası düzgün olmamışdır. Hazırki ərizə üzrə əsaslandırma ondan ibarətdir ki, istinad etdiyi qərarla torpaq sahəsi 18 mart 1999-cu il tarixindən atasına ayrılmışdır. Torpaq sahəsi üzərində hüquq barədə həm atasının, həm də indiki zamanda onun qanuni gözləntisi olmuşdur. Həmin torpaq sahəsində faktiki olaraq istifadə və sahiblik hüququ onlara məxsusdur. Bunu təsdiq edən sübut kimi tərəfindən kommunal xəttlərlə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7.1-ci bəndinə əsasən Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Lakin məhkəmə tərəfindən hazırki torpaq sahəsi ilə bağlı bu istiqamətdə araşdırma aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən işə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad olunmuşdur. Aradan uzun müddət keçdiyi üçün məhkəmə hazırda torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmalı idi. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

8. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 Rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Birgə İclasının xx.xx.1999-cu il tarixli Qərarı ilə X3 Zabrat-İİ qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

10. Birinci instansiya məhkəməsi işə xitam verərkən mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında, mərhum X2 və ərizəçinin, sözügedən daşınmaz əmlakın mülkiyyətçisi olmalarına, eləcə də, onun bunu təsdiq edən sənədləri başqa qaydada ala bilməməsinə dair hər hansı sübut aşkar edilmir.

11. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırda ərizəçi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin xx.xx.2015-ci il tarixədək mərhum atası X2 və həmin tarixdən etibarən isə onun sahibliyində və istifadəsində olması faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

13. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır.

14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 7-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.

15. Həmin qərarın 7.1-ci bəndinə əsasən, Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.

16. Mülki iş materiallarında olan Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 Rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Birgə İclasının xx.xx.1999-cu il tarixli Qərarı ilə X3 Zabrat-İİ qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir (i/v 27).

17. Həmin torpaq sahəsinin M.Abbasova ayrıldığı xx.xx.1999-cu il taixdən fasiləsiz onun istifadəsində, hazırda isə miras qoyanla birlikdə yaşamış ərizəçinin istifadəsində olduğu görünür.

18. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir (i/v 15).

19. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamədən məlum olur ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir (i/v 11).

20. Bakı şəhər 39 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, X2 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə bağlı vərəsəlik işi açılmışdır, Ərizəçi onun vərəsəsidir (i/v 16).

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən isə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüququ sayılır.

23. MM-in 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

24. Hazırda ərizəçi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair sahiblik və ondan istifadə edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir, bu baxımdan onun tələbinə MPM-in 307.2.6-cı maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılmalıdır.

25. Rayon məhkəməsi isə MPM-in 307.2.6-cı maddəsini, eləcə də “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarını səhv təfsir etmiş, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

26. Beləliklə, Məhkəmə kollegiyası ərizəçinin sahiblik və istifadə edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, həmçinin qanunvericiliyin tələblərinə əsasən miras kütləsinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olmasını nəzərə alaraq hesab edir ki, ərizəçinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair sahiblik və ondan istifadə edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə məhz xüsusi icraat qaydasında baxılmalıdır.

27. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundakı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına dair məlumatı hazırkı ərizənin baxılmasını nəinki istisna edir, əksinə onun baxılmasının zəruriliyini şərtləndirir.

28. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

30. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

31. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

32. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2919/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi ilə bağlı mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar