Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4408/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə2 qızının, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2025-ci tarixli, 2(002)-1123/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi X6 arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli “5/87” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 Yaşayış Kompleksi 5 saylı binanın 87 nömrəli mənzil X4 və ailə üzvlərinin istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Lökbatan Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il, 10 dekabr 2024-cü il tarixli aktlara əsasən, Qaradağ rayon Lökbata MKİS-in Sahə nəzarətçisi Qobu park-1 bina 8, mənzil 28-də 2 otaqlı mənzillə təmin edilmiş Cavabdeh 04 noyabr 2024-cü il tarixində gecə saat 01:00 radələlərində qeyri-qanuni olaraq Qobu Park-1, bina 5, mənzil 87 ünvanına qapısını qırmaq yolu ilə daxil olmuş və mənzili zəbt etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 YaşayışKompleksi, 5 saylı binanın 87 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "QobuPark 1" yaşayış kompleksi, 5 saylı binada yerləşən 87 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı bildirir ki; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 26 dekabr 2018-ci il tarixli 5/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X6 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş "Qobu Park 1" yaşayış kompleksi 5 saylı binada, 87 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "QobuPark 1" yaşayış kompleksi 5 saylı binada yerləşən 87 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edildiyi məlum olmuşdur. Bu barədə akt tərtib edilib cavabdehǝ mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilsədə o, mənzili təhvil verməmişdir. Nəzərinizə çatdırır ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkün kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış kompleksi, 8 saylı binada yerləşən 28 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2025-ci tarixli, 2(002)- 1123/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh və ona məxsus əşyalar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “QobuPark 1” yaşayış kompleksi, 5 saylı binada yerləşən 87 nömrəli mənzildən çıxarılsın və 5/87 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
6. Qətnamə onunla əsaslandırlmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 1” yaşayış kompleksi 5 saylı binanın 87 nömrəli mənzili Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin balansında olmaqla məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilməsi üçün nəzərdə tutulmuşdur. Qeyd edilən mənzil 26 dekabr 2018-ci il tarixli 5/87 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında X1 və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri qismində aşağıdakılar göstərilmişdir: X9, X12, X13, X10, X14. 15. İddiaçı cavabdehin qeyd edilən mənzilə qeyri-qanuni daxil olduğunu bildirərək onun mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 və ailə üzvləri həmin mənzildən köçürüldükdən sonra Cavabdeh mənzilə hər hansı icazə almadan və qanunla nəzərdə tutulmuş prosedurlara uyğun müraciət etmədən daxil olmuşdur və orada yaşayır. Bu fakt cavabdeh tərəfindən etiraf edilməklə işin mübahisəsiz halıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən aydın olur ki, məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş formada tərtib və təsdiq edilmiş siyahı və ərizələr əsasında həyata keçirilir və bu barədə Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Cavabdehin belə bir prosedur nəticəsində mübahisəli mənzilə dair xüsusi təyinatlı kirayə müqaviləsi əsasında kirayəçi və ya kirayəçinin ail üzvü qismində mübahisəli mənzilə köçməməsi işin mübahisəsir halıdır. Eyni zamanda, məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin ilə cavabdehin atası Vaqif Vəliyev (kirayəçi) arasında ünvan 1 ünvanında dair bağlanmış xüsusi təyinatlı kirayə müqaviləsi üzrə cavabdeh kirayəçinin ailə üzvüdür. Lakin, Mənzil Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydada yaşayış sahəsinin dəyişdirilməsi halı da indiki vəziyyətdə baş verməmişdir. Belə ki, yaşayış sahəsi kirayəçisinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsini sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarı vardır. Göstərilənlərə əsasən, məhkəmə araşdırması nəticəsində cavabdehin mübahisəli mənzildə yaşaması üçün hər hansı qanuni əsas müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mübahisəli mənzilə qanunsuz daxil olmaqla orada yaşaması akt tərtib edilərək rəsmiləşdirilmiş və bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh mənzili tərk etməmişdir. Belə olan halda, mübahisəli yaşayış sahəsi hazırda Cavabdeh faktiki sahibliyində olduğundan, ona münasibətdə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (MM 157.2-ci maddəsi, vindikasiya tələbi) əsaslıdır və təmin edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 71, 73, 91-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bildirir ki, onlar Füzuli rayonundan məcburi köçkün olmaqla mübahisəli mənzildə 6 nəfər ailə üzvü ilə məskunaşmışlar və hazırda da mübahisəli mənzildə yaşayırlar. Onları öz doğma torpaqlarına köçürəndən sonra mübahisəli mənzilən çıxa bilərlər. Onlar dövlət tərəfindən iki otaqlı mənzillə təmin edilmişlər. Hazırda isə məskunlaşdıqları mənzil boş olduğuna görə ora köçmüşdülər və heç kimin maraqlarına toxunmamışlar. Hazırkı mənzilə köçdükdən sonra onlara verilmiş iki otaqlı mənzili təhvil vermişlər, həmin mənzildə hazırda Vətən Müharibəsi iştirakçısı qazi öz ailəsi ilə yaşayır. Əgər məhkəmə onları 4 otaqlı mənzildən çıxaracağı təqdirdə onlar harada yaşamalıdır. Qeyd olunan mənzillər müvəqqəti veriliib, qısa zamanda isə bütün sakinlər öz torpaqlarına köçürüləcəkdir. Həmin müddət ərzində onun və ailə üzvülərinin çöldə qalması bizə qarşı ədalətsizlikdir. Məhkəmə onların harada yaşamaqları və gələcək taleyləri barədə düşünmədən hazırkı evdən çıxarılmaqları əsassızdır. İddiaçı onlarən mənzilən cıxarılmaqları barədə iddia qaldırdığı zaman onların harada yaşamaqları barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı onların yaşayış yerinin olmasını sübut etməmişdir. Sübut olmadığı halda isə məhkəmə iddianı təmin etmişdir. Məhkəmə iclasında iddiaçı bizə qarşı iddia qaldırsa da onların hazırda yaşayış yerinin olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onların yaşamağa yeri olmadığı halda isə məhkəmə iddianı təmin etmişdir. Böyük bir ailənin iki otaqlı mənzilə məskunlaşması onların mənzil hüquqlarını pozur və onlar əsaslı olaraq hazırda boş olan və istifadə edilməyən dörd otaqlı mənzilə köşmüşlər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İddiaçı hazırda yaşadığı mənzilin boş olmasını və onların ailəyə verilmiş iki otağa yerləşməsinin mümkün olmamasını, hazırda iki otaqlı mənzilin təhvil verilməsini nəzərə almamışdır. O evi təmir etdirmişdir. Artıq 8 aydan arıqdır ki, həmin evdə yaşayırlar. Onları öz doğma torpaqlarına köçürəndən sonra evi təhvil verəcəklər. O özü Qarabağ Müharibəsində torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərzsi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. “Vətən Müharibəsi iştirakçıcı” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir. Hazırda 6 nəfər ailə üzvü var, arvadı hamilə olmaqla üçüncü uşağı dünyaya gələcəkdir. Ata və ana hər ikisi ikinci qrup əlildilər. Məhkəmə işə baxarkən onların vəziyyətini və hazırda yaşayış yerlərinin olmamasını nəzərə almamışdır. Məhkəmə zamanı bütün sübutlar təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 91.1.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: Maddə 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 107 Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir Maddə 71.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin kirayəyə verənin və yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşadıqları yaşayış sahəsini sosial kirayə müqaviləsi ilə digər kirayəçiyə verilmiş yaşayış sahəsi ilə dəyişdirmək ixtiyarı vardır. Maddə 71.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri arasında yaşayış sahəsinin dəyişdirilməsinə dair razılıq əldə edilməyibsə, onlardan hər birinin yaşadıqları yaşayış sahəsinin məcburi dəyişdirilməsinin məhkəmə qaydasında həyata keçirilməsini tələb etmək ixtiyarı vardır. Belə olan halda, dəyişdirilən yaşayış sahəsində yaşayan şəxslərin qanuni mənafeləri və diqqətəlayiq dəlilləri nəzərə alınır. Maddə 71.3. Sosial kirayə müqavilələri ilə verilən yaşayış sahələri Azərbaycan Respublikasının həm eyni, həm də ayrı-ayrı yaşayış məntəqələrində yaşayan vətəndaşlar arasında dəyişdirilə bilər. Yaşayış sahələrinin dəyişdirilməsi bu Məcəllənin 69.1-ci maddəsinin tələblərinə riayət etməklə dəyişdirmənin iştirakçılarının sayı məhdudlaşdırılmadan həyata keçirilir. Maddə 73.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsi müvafiq kirayəyə verənlərin razılığı ilə göstərilən kirayəçilər arasında bağlanılan yaşayış sahələrinin dəyişdirilməsi haqqında müqavilə əsasında həyata keçirilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 24 fevral 2017-ci il tarixli Qərarı Maddə 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Maddə 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. Maddə 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: Maddə 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; Maddə 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. Maddə 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.
16. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
17. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanı: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı normaları digər qanunvericilik aktları ilə müqayisəli şəkildə təhlil olunaraq düzgün və əsaslı nəticəyə gəlinmişdir.
22. Cavabdehin apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, iddiaçı onların yaşayış yerinin olmasını sübut etməmişdir. Hazırda isə məskunlaşdıqları mənzil boş olduğuna görə ora köçmüşlər və heç kimin maraqlarına toxunmamışlar.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünə verilmiş 2 otaqlı mənzillə bağlı hüquqları mövcuddur, ailə üzvlərinin sayının çox olması və mübahisə predmeti olan mənzilin boş olması iddiaçıya həmin mənzili heç bir əsas olmadan zəbt edərək orada yaşamasına əsas vermir. Şikayətin dəlillərində mənzilin tutulmasının heç kəsin maraqlarına toxunmaması qeyd olunsa da, işin hallarından görünür ki, iddiaçının hüquqlarının pozulması aşkardır və birinci instansiya məhkəməsi də bunu nəzərə alaraq iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2025-ci tarixli, 2(002)-1123/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2025-ci tarixli, 2(002)-1123/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.