Məhkəmə qərarları › İş №2(103)-4410/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4410/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4410/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7472/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,015 ha torpaq sahəsində yerləşən özbaşına tikilidən cavabdehin və onun ailə üzvlərinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh və onun ailə üzvləri həmin torpaq sahəsində yerləşən özbaşına tikilidə yaşayırlar. İddiaçı onlardan həmin tikilidən çıxmalarını tələb etsə də, cavabdeh tərəf könüllü şəkildə çıxmır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalan iddiaçının cavabdehə qarşı “tikilinin yerləşdiyi torpaq sahəsindən çıxarılma barədə” tələbi təmin edilmiş və qəbul edilən müvafiq məhkəmə qətnaməsi apellyasiya və kassasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin qətnamənin icrası qaydasında cavabdehi mübahisəli tikilidən çıxarmaq mümkün olmamışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7472/2017 saylı xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Belə ki, iddiaçı, mübahisəli torpaq sahəsinin alğı-satqısı zamanı satıcı ilə aralarında olan şifahi razılığa əsasən, tikiliyə aid sənədləşmə işlərinin aparılmasını üzərinə götürmüşdür. Lakin cavabdeh və onun ailə üzvləri bu günə kimi mübahisəli tikilini boşaltmadıqlarına görə, o, özünə məxsus torpaq sahəsində yerləşən bu tikiliyə mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə yeni apellyasiya qaydasında baxılarkən X2, X5, X6, X7 və X3 işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhərrəm oğlu, onun nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sidiqə İsgəndərova, Urfan İsgəndərov, Orxan İsgəndərov, Tural İsgəndərov və Aygün İsgəndərova da apellyasiya şiakyətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını əsaslı sayarkən mübahisəli evin özbaşına tikili olmaqla iddiaçının həmin evdə heç vaxt yaşamamasını və onun yalnız torpaq sahəsinə görə pul ödəməsini, həmin tikiliyə görə cavabdeh tərəfindən tələb olunan pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsinin inandırıcı olmasını və cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşamasının iddiaçı tərəfindən mübahisələndirilməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi səthi yoxlanılmış və birtərəfli qiymətləndirilmiş sübutlara əsaslandığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, hazırda iddiaçıya məxsus olan torpaq sahəsi ondan əvvəl Z.Yunisovanın mülkiyyətində olmuş və orada hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evi mövcud olmuşdur. Borc müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh həmin evi almaq üçün iddiaçıdan borc almış və həmin müqavilə üzrə öhdəliyinin təminatı kimi alqı-satqı müqaviləsi bağlanmışdır. Borc müqaviləsində göstərilmişdir ki, pulun 6 ay müddətində qaytarılmayacağı təqdirdə ev satılmalı və cavabdehin iddiaçıya olan borcu qaytarılmalıdır. Mübahisəli ev özbaşına tikili olmaqla evə dair mülkiyyət hüququ heç kimin adına rəsmiləşdirilməmişdir. Belə olduqda həmin ev təminat vasitəsi rolunu oynaya bilməzdi və iddiaçı ilə Z.Yunisova arasında alqı-satqı müqaviləsi torpaq sahəsinə dair bağlanmışdır. Mübahisəli ev özbaşına tikili olsa da, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinin həmin evə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin evə heç bir aidiyyətinin olmaması nəticəsinə gələrkən nəzərə almamışdır ki, həmin ev iddiaçıya məxsus torpaq sahəsində yerləşir və cavabdehin həmin evdən istifadə etməsi üçün heç bir hüquqi əsas yoxdur. Borc müqaviləsi üzrə təminat vasitəsi kimi tərəflər arasında yaşayış evinin, yaxud torpaq sahəsinin və ya hər ikisinin nəzərdə tutulması məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Cavabdehin heç bir hüquqi əsas olmadan həmin evdə yaşaması iddiaçının ona məxsus torpaq sahəsindən istədiyi kimi – heç bir məhdudiyyət və maneə olmadan istifadəsinə imkan vermədiyindən, kollegiya hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olubolmamasına bu konteksdən qiymət verilməli və yalnız bundan sonra onun iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması məsələsi həll olunmalı idi. Məhkəmə kollegiyasının həmin hallara qiymət vermədən iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Z.Yunisovaya pul verilməsini inandırıcı sayarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Cavabdehin izahatından görünür ki, o, həmin evin alınması üçün iddiaçıdan borc istəmiş, aldığı borcu isə qaytarmamışdır. (2000 manat istisna olunmaqla.”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə təmin edilməlidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, həmin Xidmət tərəfindən “Çıxarışla” birlikdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinin qərardadı əsasında verilmiş xx.xx.2017-ci il tarixli, 24052 nömrəli rəydən görünür ki, cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-356/2013 saylı qətnaməsindən görünür ki, X13 İsgəndərova qarşı sonuncunun ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya Bakı şəhəri, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,015 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmasını, mülkiyyətçinin hüquqi əsasla və məcburi rekvizitlərlə əhatə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu mükiyyətindən məhrum edilməsinin yolverilməz olduğunu nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən özbaşna tikilidə heç bir hüququ əsas olmadan yaşaması, iddiaçının qanuni əsasla ona məxsus və hazırkı dövrədək xitam verilməyən hüququnu məhdudlaşdırır. Kollegiya onu da vurğulayır ki, mübahisəli özbaşına tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşməklə cavabdehin ailə üzvləri ilə birlikdə həmin tikilidən çıxarılması barədə iddia tələbi ilə çıxış etməkdə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi kimi haqlı olmuşdur. Kollegiya xüsusilə nəzərə alır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(010)-356/2013 saylı qətnaməsi ilə X13 İsgəndərova qarşı sonuncunun ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən sübut irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Həmçinin, məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflr arasında bağlanmış borc müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh həmin evi almaq üçün iddiaçıdan borc almış və həmin müqavilə üzrə öhdəliyinin təminatı kimi alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh borc müqaviləsi üzrə borcunu ödədiyini irəli sürsə də, bu arqumentini hər hansı mötəbər dəlillə sübuta yetirə bilməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7472/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,015 ha torpaq sahəsində yerləşən tikilidən Cavabdeh Məhərrəm oğlu (ailə üzvləri olan - X2, X5, X6, X7 və X3 ilə birlikdə) çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar