Məhkəmə qərarları › İş №2(103)-4410/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4410/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4410/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı «pul tələbinə dair» 2(004)-116/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52 A, Mərtəbə 17, mənzil 4 üçün artıq ödədiyi 18382,5 manat pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52A, M17, 4 nömrəli mənzili Cavabdeh-dan 53 saylı notariat ofisində alğı-satqı və ipoteka müqaviləsi əsasında almışdır. Qeyd edilən müqaviləyə əsasən cavabdeh ona 95,24 m2 mənzili təhvil verməli və o da bunun əvəzində mənzilin satış qiyməti olan 107145 manatı cavabdehə ödəməli idi. Müqavilə üzrə mənzil ona 95,24 m2 adı ilə verilmiş və o da 21445 manatı özü, qalan 85700 manat məbləği isə "xxxx" ASC tərəfindən verilən kredit əsasında ödəmişdir. Lakin xx.xx.2021-ci il tarixdə həmin mənzilə çıxarış alarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi 78,90 m2 sahəni əhatə edir. Deməli, cavabdeh ona 16,34 m2 (95,24-78,90) az mənzil vermişdir. Mənzilin 1 m2-i sadə riyazi üsulla (107145 manat bölünsün 95,24 bərabərdir 1125 manat) hesablandıqda 1125 manat edir. Deməli, o, cavabdehə 16,34 m2-in pulunu artıq ödəmişdir. Həmin məbləğ isə 18382,5 (16,34 vurulsun 1125 manat bərabərdir 18382,5 manat) manat edir. Cavabdehə artıq ödənilən pulun geri qaytarılmasını tələb etsə də, ona pul qaytarılmamışdır. Həmçinin qeyd edir ki, müqavilədə arakəsmələrin, eyvanın və s. ümumi sahəyə aid etmələri göstərilmədiyindən, mənzilin ümumi sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı idi. Belə ki, mənzillərin ümumi sahələrinin hesablanmasının əsasları və qaydası həm Şəhərsalma və Tikinti Məcəlləsində, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nda əks olunmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir (maddə 59.1). Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (maddə 59.2). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (maddə 59.3). Habelə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın 3.1-ci bəndinə görə yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Qaydaların 3.8-ci bəndində isə qeyd edilmişdir ki, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Qeyd edilən maddi hüquq normalarından da görünür ki, mənzillərin sahəsi hesablanarkən yardımçı sahələr - sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanlar azaltma əmsallarına vurulmaqla mənzillərin ümumi sahəsinə hesablanmalıdır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, satıcı kimi cavabdeh ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil vermişdir. Ona görə də, hesab edir ki, mənzilin artıq ödənilmiş sahəsinin pulu geri qaytarılmalıdır. Çünki Mülki Məcəllənin 578-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq artıq ödədiyi pulun ona qaytarılması barədə Cavabdeh-ya şifahi və yazılı müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən, hüququnun bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə ilkin olaraq keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 manat pulun Cavabdeh-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyinə əsaslanaraq mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olmadığını əsas gətirərək, iddia tələbinin sübut olunmadığını müəyyən etmişdir. Ümumiyyətlə qanunvericilikdə mənzilin sahəsi dedikdə müvafiq icra hakimiyyəti tərəfindən qanuna müvafiq olaraq hesablanmış sahə başa düşülür. Müqavilə üzrə də mənzilin sahəsi dedikdə faktiki sahə anlayışı nəzərdə tutulması müəyyən edilə bilməz və ümumiyyətlə belə anlayış yoxdur. Məhkəmə iş materiallarında olan sübutları düzgün araşdırmamış və onlardan düzgün istifadə etməmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi əsas götürülərək qətnamə çıxarılmışdır. Halbuki, ekspert rəyi digər sübutlarla bir yerdə qiymətləndirilməli idi. Məhkəmə həmçinin işin faktiki halları ilə bağlı məsələləri düzgün araşdırmamışdır. Belə ki, məhkəmə müqavilə bağlanarkən tərəflərin faktiki sahə ilə bağlı, yoxsa qanun normasında nəzərdə tutulan sahə barəsində razılığa gəlmələri məsələsini aydınlaşdırmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı və onun təmsilçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı izahatında qeyd etdi ki, mübahisəli mənzil "xxxx" ASC-dən götürdüyü kredit hesabına almış və mənzili ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Hazırda kredit borcunu ödəyir. Onun tərəfindən həmin mənzilin yaşayış otağının dəhliz tikilisinə tərəf düşən hissəsi dəhlizə doğru irəli çəkilmiş, otaqların daxilində yeni divar hörülərək iki otaqlı mənzil üç otaqlı edilmiş, həmçinin, sanitar qovşağı tikilisində arakəsmə divar inşa edilərək həmin hissə iki yerə bölünmüşdür. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçıya xx.xx.2019-cu il tarixli, 140-19/İ nömrəli ilkin bazardan alğı-satqı və ipoteka müqaviləsində nəzərdə tutlan sahədə mənzil verilmişdir. İddiaçının həmin mənzilin dəyərini hələ tam ödəməmiş, hazırkı iddianı qaldırması düzgün deyildir. Məhkəmə kollegiyasının təşəbbüsü ilə dəvət edilmiş ekspert Xəyyam İsgəndərov məhkəmə iclasında bildirdi ki, İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52 A, Mərtəbə 17, mənzil 4-də həmin mənzilin texniki pasportundan kənar yaşayış otağının dəhliz tikilisinə tərəf düşən hissəsinin dəhlizə doğru irəli çəkilmiş, otaqların daxilində yeni divar hörülərək yaşayış otağı iki hissəyə bölünmüş, həmçinin, sanitar qovşağı tikilisində arakəsmə divar inşa edilərək həmin hissə iki yerə ayrılmışdır. Mənzilin texniki pasportundan kənar inşa edilmiş həmin divarların alt sahələri, daxili arakəsmələr, mənzilin divarlarının oxdan oxa olan hissəsi nəzərə alınmaqla sahəsi 96,12 m2 təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 140-19/İ nömrəli ilkin bazardan alğı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093152 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus olan mənzili İddiaçı satmışdır. Mənzilin ümumu sahəsi 95,24 m2, satış qiyməti isə 107145 manatdır. Müqavilənin 1.8-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən, mənzil 107150 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 140-19/İ nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən İddiaçı ünvan 2 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093152 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün 85700 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli mədaxil orderindən göründüyü kimi, 21445 manat ipoteka üzrə ilkin ödəniş İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60 60A, 60B, 60C ünvanda olan ümumi sahəsi 78,90 m2 olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A, M17, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 10/4080 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələbləri nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin faktiki vəziyyəti ilə texniki pasportda olan məlumatlar arasında müqayisəli tədqiqat aparılarkən uyğunsuzluq olduğu, belə ki, texniki pasportda 2 saylı yaşayış otağının arakəsmə divarının 1 saylı dəhliz tikilisinə doğru irəli çəkildiyi, 3 saylı yaşayış otağının daxilində əlavə arakəsmə divarı hörülərək yaşayış otağının iki hissəyə bölündüyü, həmçinin, 5 saylı sanitar qovşağı tikilisində arakəsmə divar inşa edilərək tikilinin iki hissəyə ayrıldığı müəyyən olunmuşdur. Bu səbəbdən texniki pasportda göstərilən sahə ilə baxış zamanı əldə eidlmiş ölçülər arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 96,12 m2 təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələbləri nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli, 10/7373 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 96,12 m2 təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»nın tələblrəi nəzərə alınmaqla sahəsi 76,88 m2 təşkil edir. Göründüyü kimi, "xxxx" ASC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 140-19/İ nömrəli kredit müqaviləsinə və Cavabdeh, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 140-19/İ nömrəli İlkin bazardan alğı-satqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən müqavilə üzrə ümumi sahəsi 95,24 m2 olan ümumi dəyəri 107145 manat olan mənzili 21445 manat ilkin ödəniş və 85700 manat isə "xxxx" ASC tərəfindən verilmiş kredit hesabına ödəniş edərək almışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60 60A, 60B, 60C ünvanda olan ümumi sahəsi 78,90 m2 olan mənzili (Yeni qaydalarla: Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A, M17, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli, 10/7373 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»na əsasən, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin sahəsi 76,88 m2 təşkil etməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52A ünvanda 17-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahəsi isə 96,12 m2 təşkil etməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil verildiyini iddia edərək, artıq ödədiyi 18382,50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin «iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi», «nə kimi halların müəyyən edilməməsi», «tərəflərin hansı hüquq münasibətində olmaları» barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 437.1-ci maddəsinə əsasən əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 140-19/İ nömrəli mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi ilə üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 m2-ə yaxın artıq ölçüdə, yəni 96,12 m2 müəyyən edilmişdir. Müqaviləyə əsasən, mənzilin qiyməti də hər 1 m2 üçün deyil, ümumi olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydaları»nın 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən, İddiaçı iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-116/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar