Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4412/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Sabunçu Rayon Zabrat Bələdiyyəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış ünvan 1ndə yerləşən 2.490 kv.m torpaq sahəsin icarə hüququnun - mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2.490.kv.m torpaq sahəsi xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən X3na 15 il müddətinə icarəyə verilmişdir. Anası X1 rayonu, Mehdiabad qəsəbəsi, Vaqif küçəsi 10 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamışdır. xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X6 vəfatından sonra onun bu torpaq sahəsini miras kimi qəbul və idarə etsə də, onun vəfatından dərindən sarsıldığından vərəsəlik işinin açılması üçün notariusa vaxtında müraciət edə bilməmişdir. X2 xx.xx.2013-cü ildə, qardaşı X9 24 dekabr 2008-ci ildə vəfat etmişdir. Ona görə də, miras əmlaka hüquq tam olaraq ona aiddir. Mərhum X3ndan miras kimi ünvan 1ndə yerləşən 2490 kv.m torpaq sahəsinə icarə hüququ miras qalmışdır. X14 miras qalan əmlakı tam qəbul etmiş və daşınmaz əmlaka faktiki sahiblik və istifadə edir, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, torpaqla bağlı icarə haqqı və xərcləri çəklir. Faktiki idarəçiliyində olan əmlak hüququna dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi icarə müqaviləsinin tərəfi kimi torpaq sahəsinin adına qeydiyyata alınması, ondan səmərəli istifadə olunmasına imkan verəcəkdir. Maraqlı şəxs əmlaka sahiblik və ondan istifadəyə mane olmasa da hüququnun sənədləşdirilməsi üçün vərəsəliyi müəyyən edən sənədin əldə olunması vacibliyini bildirmişdir. Lakin belə sənədi başqa qaydada ala bilmək imkanı yoxdur. Mirasla bağlı hər hansı mübahisə mövcud deyil. Maraqlı şəxsə müraciətinə cavab olaraq Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi torpaq sahəsi ilə bağlı 2017-ci ilin yanvar ayından mirası qəbul edərək idarəetməni həyata keçirir, icarə haqqını ödəyir. Belə vəziyyətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınaraq, miras əmlak üzərində hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət olunması məcburidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 2475/2024 saylı qərardadı ilə müqavilə müddətinin bitməsi və bu əsasla işə məhkəmədə baxılmalı olmadığına görə ərizə üzrə icraata xitam verilmişdir. Ərizəçi həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında davamedən faktiki icarə münasibətləri mövcuddur. Belə olan halda, məhkəmənin hansı subyektiv mülahizələrdən çıxış edərək icarə müqavilənin müddəti bitdiyindən ərizəçinin tələbinin təmin olunmasının hüquqi əhəmiyyətinin qalmaması qənaətinə gəlməsi anlaşılan deyil. Digər tərəfdən, məhkəmənin iddia tələbinin əsaslı olub-olmaması baxımından onun təmin və ya rədd olunması barədə qərar çıxarmaq yerinə, iş üzrə icraata xitam verilməsi kimi absurd mövqeyinin hüquqi və faktiki əsasının olmaması da şikayət olunan qərardadın ləğvini labüd edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən belə qənaətə gəlmişdir ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən müqavilə müddəti bitdikdən sonra icarə müqaviləsinə xitam verilmiş olduğundan, hazırkı faktın müəyyən edilməsi hər hansı bir hüquqi nəticə yaratmadığından ərizə üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2007-ci il tarixli icarə müqaviləsi 15 il müddətinə bağlanmışdır və onun müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. X16 isə xx.xx.2017-ci ildə vaft etmişdir. Onun ölümündən sonra oğlu Ərizəçi icarə münasibətlərini davam etdirərək mübahisəli torpaq sahəsindən istifadə etmiş, ona dair idarəçiliyi həyata keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, miras, Leyla Əliyevanın öldüyü gün, yəni xx.xx.2017-ci ildə açılmışdır və ərizəçinin hazırkı iş üzrə tələblərinə mirasın açıldığı vaxt qüvvədə olan qanunvericilik tətbiq olunmaqla qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Leyla Əliyevanın ölümündən sonra xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə ona məxsus olmuş icarə hüququ da mirasın kütləsinə daxildir və ərizəçi qanun üzrə vərəsə kimi həmin mirasa, yəni icarə hüququna iddia edə bilər. S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə münasibətləri bir qayda olaraq, MM-in müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin müvafiq tənzimlənmə qaydası “İcarə haqqında” Qanunda və “Torpaq icarəsi haqqında” Qanunda müəyyən edilmişdir. Həmin normativ hüquqi aktların müddəaları əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olunmasını və bunlardan istifadə edilməsini, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etməklə, icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquqi varislərinə) keçməsini istisna etmir. Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən MM-in vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, müqavilə üzrə icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqları onun vərəsələrinə (hüquqi varislərinə) keçir. Belə olan halda birinci instansiya məhkəməsinin icarə müqaviləsinin müddətinin bitməsinə istinadən ərizə üzrə icraata xitam verməsinin hüquqi əsası yoxdur. Ona görə də qərardad ləğv edilməli, iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4412/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4412/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver