Məhkəmə qərarları › İş №2(103)-4416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4416/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4416/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 16A saylı evin 22 nömrəli mənzilindən Cavabdeh və azyaşlı övladlarının əşyaları ilə birlikdə çıxarılmaları və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin onun azyaşlı uşaqları və əşyaları ilə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılması hissəsində dəyişdirilərək, onların mənzildən istifadə hüququnun 10 il saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı, cavabdehin ərinin atası, azyaşlı uşaqlarının isə babasıdır. Hazırda cavabdeh, himayəsində olan iki azyaşlı uşağı ilə mübahisəli mənzildə yaşamaqla başqa yaşayış yerləri yoxdur. Keçmiş ərinə və iddiaçıya mənzil şəraitinin təmin edilməsi üçün ona köməklik edilməsi barədə müraciətləri isə heç bir nəticə verməmişdir. Hazırda ATS-də əməliyyatçı işləməklə 350 manat əmək haqqı alır. Bu isə, yaşayış sahəsinə olan tələbatının ödənilməsinə imkan vermədiyindən diqqətəlayiq hal kimi qiymətləndirilməlidir (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). Lakin məhkəmə bu hallara heç bir hüquqi qiymət verməyərək, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, cavabdehin həmin mənzildən başqa yaşamağa yeri yoxdur. Himayəsində azyaşlı uşaqları var, ona görə də mənzil ehtiyacını qarşılamaq imkanı olana kimi ona uşaqları ilə birlikdə həmin mənzildə kimi müvəqqəti yaşamaq hüququnun verilməsini xahiş edir. Cavabdehin nümayəndəsi də apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, mabahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil 03.01.2001-ci ildən İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh 08.09.2012-ci il tarixdə iddiaçının oğlu Azər İbrahimovla nikaha daxil olmuş və bu nikahdan 11.10.2013-cü ildə Zəhra İbrahimzadə və 06.12.2016-cı ildə Sara İbrahimzadə adlı uşaqları doğulmuşdur. Bir müddət başqa ünvanda yaşadıqdan sonra iddiaçıya məxsus sözügedən mənzilə köçmüşlər. Sonradan isə ailə münasibətləri pozulmuş və Qaradağ Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Hazırda iddiaçı, mülkiyyətçisi olduğu mübahisəli mənzildən cavvabdehin və azyaşlı uşaqlarının əşyaları ilə birlikdə çıxarılmalarını və özünün oraya köçürülməsini tələb edir. Cavabdeh isə, yaşamağa başqa yerinin olmadığını bildirərək, MM-in 30.4-cü maddəsinə əsasən, mənzilə müvəqqəti istifadə hüququ verilməsini xahiş edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə bildirir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Baxılan işdə cavabdeh iddiaçının oğlu ilə 08.09.2012-ci il tarixdə evləndikdən bir müddət sonra sözügedən mənzildə yaşadığı üçün mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında vurğulamışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Baxılan işdə isə Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını İddiaçı tələb etmək hüququ yoxdur. Çünki, həmin Məcəllənin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin tərəflər arasında mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 736.3-cü və 157.4-cü maddələrinə əsasən, cavabdehin və azyşalı uşaqlarının əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və özünün mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Çünki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh mənzilədən istifadə hüququ mövcud deyil. O, həmin mənzildən mülkiyyətçi İddiaçı razılığı əsasında istifadə etmişdir. Başqa sözlə, Cavabdeh, mübahisəli mənzildə əvəzsiz istifadə müqaviləsi əsasında yaşamışdır. Belə ki, Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Hazırda isə mülkiyyətçi İddiaçı, Cavabdeh və uşaqlarının həmin mənzildən çıxarılmasını və özünün mənzilə köçürülməsini (yəni əşyanın onun faktiki sahibliyinə qaytarılmasını) tələb edir. Tərəflər arasında əşyadan əvəzsiz istifadənin konkret müddəti razılaşdırılmadığından, mülkiyyətçinin tələbindən sonra Cavabdeh həmin mənzildə yaşamasının heç bir hüquqi əsası yoxdur. Mülki Məcəllənin 736.3-cü maddəsinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Odur ki, hazırda Cavabdeh uşaqları ilə birlikdə mənzildə yaşamaqla İddiaçı öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya, apellyasiya şikayətinin cavabdehə mənzildən müvəqqəti istifadə hüququnun verilməsi ilə bağlı dəlillərinə münasibətdə isə bildirir ki, Mənzil Məcəllənin 30.4cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ mülkiyyətçinin ailə üzvü kimi mənzildən istifadə hüququ sahibi olmuş və mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi nəticəsində bu hüquq itirmiş şəxslərə şamil edilir. Cavabdeh isə, Kollegiyanın yuxarıdakı qənaətinə görə, mülkiyyətçinin ailə üzvü sayılmamaqla, mübahisə predmeti olan mənzilə istifadə hüququ ümumiyyətlə yaranamışdır. Beləliklə, Kollegiya, qeyd olunanları nəzərə alaraq, bu qənaətə ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-324/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar