Məhkəmə qərarları › İş №2(103)-4416/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4416/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4416/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçınnı, övladı X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınaraq, ora köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 29 iyun 2004-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə Bakı şəhəri, Səbail rayonu, VVADQ şöbəsində akt qeydləri kitabında 2004-cü ilin 29 iyun tarixində 147 № ilə qeyd aparılmışdır. Birgə nikahdan 3 sentyabr 2005-ci il tarixdə X7, 27 sentyabr 2013-cü il tarixdə X8 doğulmuşdur. İlk əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti soyuq olmuşdur. Bu səbəblərdən nikahın pozulması, uşaqların ananın yanında və himayəsində saxlanılması, alimentin tutulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Hal-hazırda məcburiyyətdən boş, əşyasız evdə qızı ilə kirayədə qalır. Ona görə ki, cavabdeh onu və qızını birgə yaşadıqları evə buraxmır. Kirayə pulu verməyə, ehtiyacları ödəməyə aldığı maaş yetmir. Özü müəllimədir, qızı Əsədullayeva Jalə isə birinci kurs tələbəsidir. 12 noyabr 2007-ci il tarixdən cavabdehə məxsus ünvan 2 ünvandakı mənzildə qeydiyyatdadır və 15 il, yəni 2022-ci ilin may ayına qədər qeyd olunan mənzildə yaşamışlar. Cavabdehin özü də həmin ünvanda qeydiyyatdadır. Cavabdehlə birgə yaşadığı müddətdə mənzili hər ikisinin vəsaiti ilə təmir etmişlər. Yetərli qədər cehiz əşyaları olsa da, aylıq maaşından evə elektron avadanlıqlar və s. məişət əşyaları alaraq evdə özünün və uşaqların rahatlığını təmin etmişlər. 2022-ci ilin may ayından cavabdeh qızı ilə ona qeyd olunan ünvanda yerləşən mənzildə yaşamağa imkan vermir, evin qapısının qıfıllarını dəyişdirilmişdir. Bununla əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılması, məhkəmə tərəfindən işin faktiki hallarının hərtərəfli araşdırılmaması, iddiaçının köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehin babasından qalması, hələ tərəflər nikaha girməmişdən əvvəl məhkəmə qətnaməsi əsasında cavabdehin atasının adına qeydiyyata alınması, iddiaçının həmin mənzilə köçdükdən sonra isə mülkiyyətçi ilə aralarında notariat qaydasında razılaşma olmaması, həmin mənzilin 2021-ci ildə atası tərəfindən ona bağışlanması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, hazırkı halda isə tərəflər arasındakı nikah münasibətlərinə xitam verildiyindən iddiaçının artıq həmin mənzildən istifadə hüququnun olmaması və s. kimi kimi əsaslandırmış, qeyd olunan səbəblərə görə şikayətin təmin olunaraq, qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə, birinci instansiya məhkəməsindəki izahatlarına və iddiaya qarşı etirazlarında göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş, həmin vaxt ev cavabdehin atasının adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatında olmuş, mülkiyyət hüquqları FM N026726 saylı qeydiyyat vəsiqəsi ilə xx.xx.2004-cü ildə, yəni tərəflər nikah bağlanmamışdan öncə dövlət qeydiyyatına alınmışdır. Bunun əsasını isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1417/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi təşkil etmiş, yeni formalı çıxarışlar tərtib edildikdən sonra müraciəti əsasında həmin qeydiyyat vəsiqəsi əsasında cavabdehin atasına xx.xx.2013-cü il tarixdə yeni RX seriyalı, N ******* nömrəli çıxarış verilmiş, daha sonra 2021-ci ildə mənzil cavabdehin atası tərəfindən cavabdehə bağışlanmışdır. Mənzilin cavabdehin atasının mülkiyyətində olduğu zaman iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında istifadə hüququnun yaranması üçün hər hansı müqavilənin bağlanmamış, bu səbəbdən həmin vaxtı iddiaçının istifadə hüququ yaranmamışdır. Həmçinin, mənzilin cavabdehə bağışlanmasından sonra (2021-ci ildən sonra) iddiaçının cavabdehin ailə üzvü kimi həmin mənzildən istifadə etmək hüququ yaransa da, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından artıq tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən həmin hüquqa da xitam verilmişdir. Nikahları pozulduqdaq sonra faktiki olaraq 3 sentyabr 2005-ci il təvəllüdlü X7 iddiaçının, 27 sentyabr 2013-cü il təvəllüdlü X3 isə cavabdehin yanında qalır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmamış, iddiaçının istifadə hüququnun nə zaman yaranması və həmin hüququn yaranması zamanı mənzilin mülkiyyətçisinin kim olmasını müəyyənləşdirməmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı, iddiaçının özünü yaşayış sahəsi ilə təmin edənədək, müvəqqəti olaraq mübahisə predmeti olan yaşayış sahəsinin birinci mərtəbəsində yerləşən otaqdan istifadə etməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən müvafiq yaşayış sahəsinə gəlin köçmüş, həmin vaxt mənzil cavabdehin atasının mülkiyyətində olmuş, 2021-ci ildə isə bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanmışdır. O, uzun müddətdir ki, həmin mənzildə yaşadığından oradan istifadə hüququ əldə etmişdir. Hazırda cavabdehlə nikah münasibətlərinə xitam verilsə də, yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur, kirayədə qalır, maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə yetərli deyildir. Həmçinin qeyd edir ki, nikahları pozulduqdaq sonra faktiki olaraq 3 sentyabr 2005ci il təvəllüdlü X7 iddiaçının, 27 sentyabr 2013-cü il təvəllüdlü X3 isə cavabdehin yanında qalır. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 29 iyun 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaları, həmin nikahdan iki uşaqlarının olması, iddiaçının nikahdan sonra ünvan 2 ünvanında yerləşən müvafiq yaşayış sahəsinə köçməsi, xx.xx.2007-ci il tarixdən isə orada pasport qeydiyyatda olması, Səbail Rayon Məhkəməsinin 2(009)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında 29 iyun 2004-cü il tarixdə bağlanmış nikahın pozulması, uşaqların anaları İddiaçı himayəsinə verilməsi, lakin faktiki olaraq 3 sentyabr 2005-ci il təvəllüdlü X4 iddiaçının, 27 sentyabr 2013-cü il təvəllüdlü X3 isə cavabdehin yanında qalması, iddiaçının təqribən 2022-ci ilin may ayında qızı ilə birlikdə mübahisə predmeti loan yaşayış sahəsini tərk etməsi işin mübahisə olunmayan hallarıdır (tərəflər izahatlarında da qeyd edilən hallı mübahisələndirməmişlər). Mübahisə üzrə işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən, öz mövqeyini - iddiaçının cavabdehlə 29 iyun 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə mübahisəli evə gəlin köçüb orada yaşamağa başladığını, həmin vaxt evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, tərəflərin birgə yaşayaraq təsərrüfat apardıqlarını, birgə nikahdan uşaqlarının olduğunu, tərəflər arasında münasibətlərin 01 oktyabr 2009-cu ilə kimi yarandığına və həmin vaxt tərəflərin yaşadığı evin dövlət qeydiyyatından keçmədiyinə görə tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbinə əsasən yaşayış evinin tərkib hissəsindən istifadə hüququna dair tərəflər arasında notariat qaydada təsdiq edilmiş razılığın alınmadığı kimi əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İddiaçı hazırki tələbində - 2004-cü ildən sonra uzun müddət ərzində (təqribən 2022ci il tarixədək) mübahisəli yaşayış sahəsində yaşamasını, ora pasport qeydiyyatına alınmasını, hazırda kirayədə yaşamasını, başqa yaşayış sahəisnin olmamasını və s. göstərərək, cavabdehə qarşı iddiasının irəli sürmüşdür Qeyd ediliməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Mənzilə (yaşayış sahəsinə) köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Bu səbəbdən də ilkin olaraq iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranıb-yaranmaması, yaranmışsa həmin hüququnun hazırda da mövcudluğu yoxlanılmalıdır. Həmçinin, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşdən görünür ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsinin hüquqi statusunu düzgün müəyyən etməmiş, lazımi araşdırma aparmamış, bu səbəbdən də maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehlə 29 iyun 2004-cü ildə ailə quraraq, mübahisəli yaşayış sahəsinə köçən zamanı, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını qeyd etsə də, tərəflərin izahatlarından, məhkəmə aktlarından, həmin daşınmaz əmlakla bağlı hüquq müəyyənedici sənədlərdən və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan açıq-aşkar görünür ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranmamışdan əvvəl (tərəflərin ailə quraraq, iddiaçının mübahisəli yaşayış sahəsinə köçməsindən əvvəl) həmin yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 (cavabdehin atasının) adına qeydiyyatdan keçrmişdir. Belə ki, işdə olan Səbail Rayon Məhkəməsinin 2-1417/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ünvan 2 saylı evin 6/2 hissəsinə X2 pay müəyyən edilmiş, yaşadığı 2ci mərtəbədəki 2 otaq həmin paya daxil edilərək, onun istifadəsinə verilmişdir (qətnamə xx.xx.2003-cü il tarixdə qüvvəyə minmişdir). İşdə olan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-32429/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq (tarixsiz) Babayev X6 adına qeydiyatdan keçmiş, Səbail Rayon Məhkəməsinin 2-1417/2023 saylı qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 2/6 hissəsi xx.xx.2003-cü il tarixdə X1 adına qeydiyyatdan keçirilmişdir. Sözügedən fədi yaşayış evi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-1961 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X5 tərəfindən Cavabdeh bağışlanmış, sonuncunun mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, hazırda onun mülkiyyətindədir (qeyd edilən hallar işdə olan bağışlama müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da görünür). Göründüyü kimi, iddiaçı 2004-cü ildə digər şəxsin (cavabdehin atasının) mülkiyyətində olan yaşayış sahəsinə köçmüş, bu səbəbdən də istifadə hüququ ilə bağlı məsələ həmin vaxtı qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yoxlanılmalıdır. Mülki Məcəllənin xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququnu tənzimləyən 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, işin faktiki halları nəzərə alınmaqla, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı, oradan qanuni istifadə hüquqları yaranmamışdır. Çünki, iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən müvafiq yazılı razılaşma bağlanmamışdır (iddiaçının özü də qeyd edilən halları təkzib etməmişdir). Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, iddiaçının mübahisəli ünvana pasport qeydiyyatına düşməsi faktı özü-özlüyündə tərəfin həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir. Çünki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı oradan istifadə hüquqlarının yaranması barədə mövqeyi əsassız olmaqla, işin halları və tədqiq olunmuş sübutlarla uzlaşmır. Lakin, mübahisəli yaşayış sahəsi 2021-ci il tarixdə cavabdehə bağışlandıqdan və sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır (cavabdehin mülkiyyət hüquqları 2009cu il tarixdən sonra yarandığından yaşayış sahəsindən istifadə ilə bağlı mübahisəli məsələ Mülki Məcəllənin 228.5-ci maddəsi ilə tənzimlənə bilməz). MPM-in 217.2-ci maddəsinə əsasən qətnmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən onun cavabdehin mülkiyyətinə keçdiyi andan qanuni istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verilmiş, bu səbəbdən də iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda kirayədə qalır) mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamaışdır). Bu səbəbdən də, Kollegiya Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından iddiaçının mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kimi onun bu ehtiyaclarının ödənilməsi məqsədilə, mülkiyyətçinin (cavabdehin) hüquqlarını məhdudlaşdırmaqla, iddiaçının 1 (bir) il müddətinə mənzildən istifadə hüququnun tanınmasını məqsədə müvafiq hesab edir (cavabdeh tərəf də izahatında iddiaçının və onun yanında qalan övladının müəyyən müddətə müvəqqəti olaraq yaşayış sahəsinin bir hissəsindən istiadə etməsinə etiraz etməmişdir). Belə ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı). Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu hal (yaşayış sahəsindən müvəqqəti istifadə hüququnun saxlanılmas) iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. Bu səbəbdən də, tələbdə olub-olmamasından asılı olmayaraq qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri daima yoxlanılmalıdır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin mürajiətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari). Qeyd edilməlidir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası iddiaçının vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun müvəqqəti (1 il müddətinə) saxlanılması məqsədəmüvafiq olardı. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunaraq, İddiaçı övladı X7 ilə birlikdə istifadə hüquqları 1 (bir) il müddətinə müvəqqəti saxlanılmaqla, ünvan 1 ünvanında yerləşən cavabdehin mülkiyyətində olan yaşayış sahəsinə köçürülməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. İddiaçı övladı X7 ilə birlikdə istifadə hüquqları 1 (bir) il müddətinə müvəqqəti saxlanılmaqla, ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar