Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4417/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.04.1972-ci il tarixdə Azərbaycanda doğulmuş X14 ilə iddiaçı bacı-qardaşdırlar. R.Məmmədov 16.01.2020-ci il tarixdə Moskva şəhərində rəhmətə getmişdir. R.Məmmədov gənc yaşlarından müsiqiçi olmuş, bütün həyatını sənətə həsr etmişdir. Ailə həyatına gəldikdə isə yaxın qohumlarının çalışmasına baxmayaraq ailə qurmamış və belə bir fikri olmamaışdır. 1997-ci ildə R.Məmmədov ata evini sataraq ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili almışdır. Rövşənin keçmiş şagird yoldaşı, nikaha daxil olanadək Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşamış hazırki iş üzrə Cavabdeh xahişi ilə onunla formal olaraq nikaha daxil olmuşdur. Həmin nikahın bağlanmasına səbəb cavabdehin sosial şəbəkələr vasitəsi ilə R.Məmmədovu taparaq ondan ağır maddi vəziyyəti ilə əlaqədar Azərbaycana köçmək istəyini, iki azyaşlı övladının burada məktəbdə oxutmaq istədiyini, bunun üçün Bakı şəhərində özünün və övladlarının qeydiyyata düşməsinin vacibliyini, bu işlərin görülməsi və vətəndaşlığın alınması üçün isə nikaha daxil olmasının zəruriliyini bildirməsi olmuşdur. Gələcək planlarında evlənmək fikri olmayan Rövşən cavabdehlə rəsmi nikaha daxil olaraq, cavabdehi və onun övladlarını öz evinə qeydiyyata almışdır. R.Məmmədov təbiətən mülayim insan olduğundan, Olqagil isə evsiz qaldıqlarına görə onlara öz evində sığınacaq vermişdir. Rövşən dostları ilə birlikdə evdə yığışdığı zaman, onun cavabdehlə ər-arvad münasibətlərində olmadıqlarını cavabdeh özü dəfələrlə bildirmişdir. Axır vaxtlar Rövşən bütün vaxtını sənətçi dayısının atelyesində və yaxud Moskva şəhərindəki evdə keçirirdi. Sonuncu dəfə Rövşən Moskva şəhərinə 06 iyul 2019-cu il tarixdə gəlmişdir və onun yanına köçmüşdür. Moskva şəhərinə gələn kimi, Rövşən öz adına patentin, yəni rəsmi iş icazəsinin alınması işləri ilə məşğul olmağa başladı. İddia ərizəsinə əlavə olunmuş 77 seriyalı, ********** nömrəli “Patent”dən göründüyü kimi, Rövşən artıq 05.08.2019-cu il tarixdə rəsmi iş icazəsini almışdır. Bunu o, Moskva şəhərində daimi olaraq qalmaq və burada işgüzar fəaliyyətini davam etmək istədiyi üçün edirdi. Rövşən öz mülayim xüsusiyyətlərindən irəli gələn səbəblərə görə, kobudluq göstərərək, cavabdehi azyaşlı övladları ilə birlikdə öz evindən çıxarmaq istəmədiyinə görə, onların anlayış göstərib könüllü olaraq mənzili tərk etmələrini gözləyirdi. Rusiya Federasiyası DİN-in Xarici əmək miqrasiya şöbəsi tərəfindən 05.08.2019-cu il tarixdə verilmiş 77 seriyalı, ********** nömrəli patentin surətindən göründüyü kimi, Rövşən artıq istədiyinə nail olurdu. Rövşən 06 iyul 2019-cu il tarixdən etibarən 16 yanvar 2020-ci il tarixinə qədər, yəni dünyasını dəyişənə qədər iddiaçının yanında yaşadı. Rövşənin cavabdehlə, faktiki olaraq, kağız üzərində olan nikah dövrü ərzində onlar həqiqətən də ayrı yaşamışlar. Onlar nikah münasibətlərində olmamışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 28.04.1972-ci il təvəllüdlü X8 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməsi, iddia ərizəsinin veriliməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədirlik edən: Təhminə Xəlilova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf iddia ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, guya cavabdehin mərhum əri X14 ilə aralarında olan nikah formal xarakter daşıdığından, guya mərhum ərinin cavabdehə və uşaqlarına yazığı gəldiyi üçün cavabdehlə evlənərək cavabdeh və uşaqlarını həmin mənzilə qeydiyyata saldığı və onların 3 ildən artıq müddətdə bir yerdə yaşamadıqlarına görə cavabdeh onun vərəsəsi ola bilməz. Bütün bunlar təmamən əsassızdır. Belə ki, cavabdeh mərhum əri ilə 28.09.2010-cu ildə rəsmi nakaha daxil olmuş və nikaha daxil olduqdan sonra mərhum əri cavabdehi iki uşağı ilə birlikdə həmin mənzilə qeydiyyata salıb. Nikaha daxil olduqları gündən etibarən də onlar normal ailə olmuş və daima birlikdə həmin mənzildə yaşamışlar. Mərhum R.Məmmədov musiqiçi idi. Bu səbəbdən də R.Məmmədov RF-na başqa ölkələrə tez-tez gedib-gəlirdi. Məhkəmə prosesində cavabdeh ailə fotolarını, 06.04.2018-ci il tarixdə digər baldızı X3 nişan mərasimində çəkilən video görüntüləri, eyni zamanda 2017-ci ildən bu yana mərhumla cavabdeh və qızı Yekaterinanın Whatsapp smslərini, qonşular tərəfindən onların mərhumla birlikdə sonuncuya məxsus mənzildə yaşadıqlarını təsdiq edən arayışı da təqdim etmişdir. Lakin məhkəmə video görüntülərə baxış keçirtməkdən imtina etmişdir. Bundan başqa məhkəmə prosesində iştirak edərək şahid qismində dindirilən mərhumun dostları X18, X16, X4, X2, X10, Şahid1 da ifadələrində cavabdehin mərhumla birlikdə yaşadığını, yəni ailə olduqlarını təsdiq etmişlər. Qarşı tərəfin şahidi olan X6 da məhkəmədə ifadə verərkən bildirmişdir ki, 28.04.2018-ci il tarixdə o özü şəxsən cavabdehlə həyat yoldaşının yaşadıqları mənzildə mərhumun doğum günündə iştirak edib. İddiaçı Almaniyada yaşayan doğma oğlu Şahid2 məhkəməyə ünvanladığı, rəsmi təsdiq olunmuş məktubda da göstərib ki, dəfələrlə cavabdehlə mərhum Rövşənin yaşadığı mənzildə olub və hətta bir müddət onlarla yaşayıb. Göstərilən məktubdan başqa R.Hüseyinzadə məhkəməyə videogörüntü də göndərib. Şahid2 Almaniyada yaşadığı üçün və həmin dövrdə sərhədlər bağlı olduğu üçün məhkəməyə gələ bilməyib. Bununla əlaqədar cavabdeh məhkəmə prosesində vəsatət qaldıraraq Şahid2 ilə online əlaqə saxlanılmasını xahiş etsə də, məhkəmə vəsatəti rədd edib. İddiaçı iddia ərizəsində Rövşənin guya emalatxanada qaldığını göstərib və onun bu dediklərini məhkəmə prosesində ifadə verən rəfiqəsi X6 təsdiq edib, lakin daha sonra məhkəmə prosesində ifadə verən Rövşənin xalası Ələkbərli Aliyə məhkəməyə Rövşənin emalatxanada deyil, onun mənzilində qaldığını göstərib, (ifadələr bir birlərinə ziddir, eyni zamanda iddiaçının iddia ərizəsində mərhumun xalasının evində qalması barədə heç nə göstərilməyib). Bununla əlaqədar vəsatət verilərək Rövşənin digər bacısı Gülşən Balaşovanın da məhkəməyə şahid qismində dəvət olunması xahiş edilsə də məhkəmə bundan imtina etdiyi üçün G.Balaşova məhkəməyə dəfələrlə yazılı müraciət edərək ifadə verib, lakin məhkəmə çıxardığı qətnamədə qeyd edilənlərə heç bir qiymət vermədiyi kimi, bu halı da qiymətləndirməyib və G.Balaşovanın ifadəsini almaqdan imtina edib. Yəni məhkəmə qəbul etdiyi qətnamədə nə vaxtsa (tarix göstərilməyib) cavabdehlə mərhum Rövşənin dostu Elşən Əhmədovla aralarında olan sms yazışmalarına və 3 nəfər şahidin ifadəsinə əsaslanaraq belə hesab edib ki, mərhumla cavabdeh formal nikah münasibətlərində olmuşdur. E.Məmmədovla aralarında olan səs yazısına gəlincə bu danışıqlar həqiqətən olub, lakin cavabdeh “artıq 3 ildir ki, bağırıram”- sözlərini deyərkən Rövşənlə 3 ildir bir yerdə yaşamaması mənasında deyil, onun xəstəliyi ilə əlaqədar demişdir. Belə ki, Rövşən spirtli içkiləri cox qəbul edirdi və cavabdeh bunun əleyhinə idi. Çünki onun xəstə olduğunu bilir və ona nəsə olacağından qorxurdu. Rövşənsə RF-na bacısının yanına gedən kimi orada cox içirdi, cavabdehə qulaq asmırdı və cavabdeh məcbur olub Elşəndən ona kömək etməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı tərəf cavabdehin AR Konstitusiyasi ilə nəzərdə tutulan hüququnu pozaraq məhkəməyə həmin səs yazısını təqdim edib. Eyni zamanda iddiaçı məhkəməyə səs yazısının əslini təqdim etməyib, (cavabdehdə də həmin səs yazısı qalmayıb). Qarışı tərəf həmin səs yazısına müdaxilə edərək özünə sərf edən hissəni məhkəməyə təqdim edib ki, bu da sübut kimi qəbul edilə bilməz. Eyni zamanda AR MPM-nin 95.1-ci madddəsinin tələblərinə görə səs və video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludurlar. Yəni göstərilən səs yazısının tarixi barədə heç bir məlumat yoxdur və bu baxımdan da həmin səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Birinci instasiya məhkəməsinin əsaslandığı smslər heç də cavabdehin mərhumla ailə münasibətində olmadığını sübut etmir. İddia ərizəsində göstərilən mərhumun son 3 il RF-da yaşadığı məsələsinə gəlincə isə, AR DSX-dən alınmış məktubdan da göründüyü kimi mərhum vəfat edənə qədər dəfələrlə Azərbaycana gəlib ki, bu hal da cavabdehin dediklərini bir daha təsdiq edir. Yəni bildirdiyi kimi mərhum musiqiçi olduğuna görə və maddi cəhətdən vəziyyəti çətin olduğuna görə işi ilə əlaqədar tez-tez RF-na və digər ölkələrə gedirdi və eyni zamanda o xəstə olduğu üçün RF-da müalicə alırdı. Hətta o RF-da xəstəxanada vəfat edib. AR Konstitusiyasının 32ci maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qarşı tərəf isə bizim nikahımıza faktiki xitam verildiyinə və ayrı yaşamamızı sübut edən hər hansı bir dəlili məhəkməyə təqdim edə bilməmişlər. Həmin Qərara əsasən qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Mərhum R. Məmmədov anlaqlı şəxs olub və əgər o cavabdehlə ailə münasibətlərində olmaq istəməsəydi, ondan rəsmi qaydada boşanardı. Eyni zamanda iş üzrə cavabdehin şahidləri Ələkbərli Aliyə və Quliyeva Tamilla öz ifadələrində mərhumun istədiyi vaxt evinə getdiyini və orada qaldığını etiraf edərək ailə münasibətlərinin olmamasını göstərmişlər. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh Lapina və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasında şahid qismində dindirilən X15 aşağıdakı məzmunda izahat vermişdir: “mərhum qardaşım 2010-cu ildə cavabdehlə rəsmi nikaha daxil olmuş, sonra rəhmətə getmişdir. Mən onlara getmişəm, onlar mehriban yaşayıblar. Rövşən özü deyirdi ki, o mənim sevgili arvadımdır. Bacım Lalə onu maliyyələşdiridi, o da içki içirdi. Hətta içkini də bacım alırdı. Axırıncı dəfə 2018-ci ildə ad günündə qonaqlıqda qardaşımın evində mən də iştirak edirdim. Dostları və qohumlar da olmuşdur. Qardaşım Moskvada olanda ailə münasibətləri olub, WATSAPPla əlaqə saxlayıblar. Olqanın dediyindən bilirəm ki, münasibətləri mehriban olub. Rövşən tez-tez emalatxanaya gedirdi və deyirdi ki, ora rahatdır. 2018-ci ilin avqust ayında zəng vurmuşdum, Rövşən emalatxanada idi. Rövşənin Aliyə xanımgildə yaşamasını bilmirəm. Ancaq ona köməklik edirdi. Rövşən hətta mənimlə mobil telefonla danışığında evə zəng edəcəyini bildirmişdir. Rövşən mənim oğlumun ad günündə olub.” Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Birinci instansiya məhkəməsində icraat zamanı X11 və X6 ifadəsində göstərmişdir ki, X9 ölümündən 3 ildən artıq müddət əvvəl Cavabdeh ilə hər ikisinin ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ailə münasibətlərində olmadığını, xalasına məxus mənzildə daimi yaşadığını, Cavabdeh isə Rövşən Muradova məxsus mənzildə yaşadıqlarını təsdiq etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı X5 ifadəsində X9 ölümündən 3 ildən artıq müddət əvvəl xalasına məxus mənzildə daimi yaşağını təsdiq etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən dəvət edilmiş şahidlər: X4 ifadəsində göstərmişdir ki, R.Məmmədovun ölümündən əvvəlki 3 il ərzində Rövşənlə Olqanın münasibətləri yaxşı olmuşdur. Onlar 2017- ci ildə yeni ili bir yerdə qarşılamış, R.Muradovun ad gününü – 28.04.2018-ci ildə bir yerdə qarşılamışlar. Zemtsova 2019-cu ildə, səhhəti ilə əlaqədar onların evlərinə gedib-gəlməmişdir. Rövşən alkoqollu içkilərdən sui istifadə edirdi, buna görə də Olqa ilə aralarında mübahisələr olurdu. 2019-cu ilədək o, onların evinə tez-tez gedib gəlmişdir. Natalya onlara gedən zaman Olqa deyirdi ki, Rövşən ya təzə gedib, ya da biz azdan qayıdacaq. Bəzən Rövşən evdə olurdu. X13 ifadəsində göstərmişdir ki, Rövşən onun dostu olmuşdur. Olqanı isə onun həyat yoldaşı kimi tanımışdır. 2018-ci ilədək onların evinə gedib-gəlmişdir. Bayramlarda və ad günlərində bir yerdə olmuşlar. Rövşənlə Olqanın münasibətləri yaxşı olmuşdur. X18 ifadəsində göstərmişdir ki, Rövşən Muradovla bir yerdə işləmişlər. O da musiqiçidir. Təxminən 2016-cı ildə axırıncı dəfə R.Muradovla toy məclisində olmuş, ondan sonra daimi olaraq başqa şəxslərlə işlədiyindən Rövşənlə 2-3 aydan bir banketlərdə bir yerdə işləmişlər. Sonuncu dəfə Rövşəngildə Aytac adlı iş yoldaşı ilə birlikdə təxminən 2017-ci və ya 2018-ci ildə olmuşdur. Rövşənlə Olqanın münasibətləri yaxşı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı X10 ifadəsində göstərmişdir ki, o, Cavabdeh ilə rəfiqədir. Rövşənlə Olqanın evlərində axırıncı dəfə 28.04.2018-ci il tarixdə Rövşənin ad günündə olmuşdur. Həmin tarixdə, əsasən ad günü və bayramlarda onların evlərində olmuşdur. Adi günlərdə Rövşən çox vaxt evdə olmamışdır və ehtimal etmişdir ki, Rövşən işdə olması səbəbindən evdə yoxdur. Rövşən evdə olmadıqda Olqadan Rövşənin harada olması barədə soruşmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, X17 Olqa qarşılıqlı məhəbbət əsasında ailə qurmuşlar. Cavabdeh onun tək oğlunun saxlanmasında ona köməklik etmişdir. 2019-cu ilə qədər o işləmiş və hər gün bununla əlaqədar uşağını onlara vermişdir. Hər axşam uşağı Olqadan götürdükdə Rövşənin əşyalarını evdə görərək onun evdə olmasını ehtimal etmişdir. Bəzən Rövşən evdə olmuşdur. 2019-cu ilin yayına kimi Rövşən Məmmədov öz evində yaşamışdır. Hüquqi dəyərləndirmə: Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, Cavabdeh X1 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməsinə dair nəticəyə gələrkən qətnaməni onunla əsaslandırmışdır ki, X14 ilə Cavabdeh R.Məmmədovun ölümündən ən azı üç il əvvəl birgə təsərrüfat aparmamışlar, ayrı-ayrı ünvanlarda yaşamışlar, beləliklə də onların arasında nikah münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Qeyd edilən hüquq norması dispozitiv xarakterli norma olmaqla, mirasın açılmasından 3 il əvvəl nikah münasibətlərinə faktiki xitam verilməsini və ərlə arvadın ayrı yaşamasının təsdiq edilməsi halında ər və ya arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi imkanını nəzərdə tutur. Mirasın açıldığı vaxt dedikdə, Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün başa düşülür. Qeyd edilən hüquq normasının tələblərinə müvafiq olaraq, hazırki iş üzrə mirasın açıldığı vaxt R.Məmmədovun öldüyü gün, yəni 16 yanvar 2020-ci il tarixidir. Qeyd edilən hüquq normasının tələblərindən çıxış edən kollegiya hesab edir ki, Cavabdeh ilə mərhum R.Məmmədovun nikah münasibətlərinə 16 yanvar 2020-ci il tarixindən 3 il əvvəl faktiki xitam verilməsi və onların ayrı yaşaması iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmadığından Cavabdeh mərhum R.Məmmədovun qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Cavabdeh iddiaçının qardaşı X14 ilə 3 ildən artıq müddətə faktiki nikah münasibətində olmaması faktı sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, həm birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər: X4, X13, X10, Şahid1, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı şahid qismində izahat vermiş iddiaçının və mərhum R.Məmmədovun bacısı X15 Cavabdeh ilə mərhum X8 birgə yaşadığını, birgə təsərrüfat apardıqlarını bildirmişlər. Kollegiya həmçinin qeyd edir ki, cavabdehlər R.Məmmədovun birgə yaşamaması, faktiki nikah münasibətində olmaması, birgə təsərrüfat aparmaması iddiaçı tərəfindən iddia edildiyindən həmin halın sübut edilməsi yükünü də iddiaçı daşıyır. Belə olan halda, iddiaçı iddia etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsində icraat zamanı şahid qismində izahatı alınan iddiaçının və mərhum R.Məmmədovun bacısı X15 bildirmişdir ki, mərhum qardaşı ilə Cavabdeh mehriban ailə münasibətlərində olmuşlar. Eyni zamanda, 2018-ci ildə ad günündə mərhum R.Məmmədov yoldaşı Cavabdeh ilə birlikdə həmin ad günündə iştirak etmiş, hətta Lapinanın əlindən tutmuş, bir- birilərinə qarşı mehriban səmimi görünmüşlər, aralarında hər-hansı bir narazılığın olması kənardan müşahidə edilməmişdir. Bu hallar həmçinin iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapır (i.v. 205). Daha sonra kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Məmmədov Rövşən anidən deyil, uzun sürən xəstəlikdən vəfat etmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının dediyi kimi əgər Rövşənin Lapina ilə münasibətləri soyumuşdusa, mübahisəsi gedən əmlakın gələcəkdə Lapinaya qalmasını istəmirdisə o həmin müddət ərzində ən azından əmlakını başqa şəxsə vəsiyyət edə, yaxud da ailə münasiətlərini davam etmək istəmədiyi şəxslə nikah münasibətlərinə xitam vermək üçün hər-hansı bir addım ata bilərdi. Lakin, işin hallarından R.Məmmədovun bu sadalananlarla bağlı ümumiyyətlə hər-hansı bir hərəkətinin olması mövcud deyildir. Beləliklə, Kollegiya sadalanan xüsusatlara əsasən hesab edir ki, Cavabdeh ilə iddiaçının qardaşı mərhum R.Məmmədovun sonuncunun ölümündən 3 il əvvəl nikah münasibətlərinə xitam verilməsi iş materialları ilə təsdiq edilmədiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddi tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlə mərhum əri R.Məmmədovun faktiki nikah münasibətlərinin sonuncunun ölümündən 3 il əvvəl pozulması sübuta yetirilmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-207/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4417/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4417/2021
27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver