Məhkəmə qərarları › İş №2(103)-4417/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4417/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4417/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin ona məxsus torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində İddiaçı qarşı ilkin müqavilənin ləğv edilməsinə dair qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-5610/21) hər iki iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təmsilçiliyi ilə aralarında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə görə xx.xx.2026-cı il tarixə kimi xx.xx.1991-ci il tarixli Abşeron rayon XDS İcraiyyə Komitəsinin 236 saylı qərarına əsasən “Satıcı” - X1 və istifadəsində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən, 0.06 ha olan torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış aldıqdan sonra 44.000 manata “Alıcı” - X2 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə görə o, ev üçün ödəyəcəyi 44.000 manat məbləğində pulun 9550 manatını xx.xx.2017-ci il tarixinədək, qalan 34.500 manatını isə alqı-satqı müqaviləsi bağlananadək ödəməli idi. Müqavilənin predmeti olan torpaq və üzərində inşa edilmiş fərdi yaşayış evi X7 mənsub olmuş və onun tərəfindən xx.xx.2016-cı il tarixli etibarnamə əsasında cavabdehə satılmış və ona həmin əmlaka dair bütün hüquqlar verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə görə xx.xx.2017-ci ilədək ödənilməli olan 9500 manat vəsaiti şərtləşdirilmiş vaxtdan əvvəl alqı-satqı zamanı cavabdehə ödəmişdir. Bundan əlavə əvvəlki ödənişlə bir yerdə cəmi 36.500 manat ödəmişdir. Cavabdeh, daşınmaz əmlakın dövlət reyestrindən torpaq və onun üzərində tikilmiş əmlaka, fərdi yaşayış evinə dair vahid çıxarış alaraq alqı-satqını tamamlamaq əvəzinə 2021-ci ilin fevral ayının 6-da iddiaçının evdə olmadığından istifadə etmiş, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin 1 otağını və həmin evin qarşısında yerləşən təsərrüfat təyinatlı tikilini zor tətbiq edərək zəbt etmişlər. Cavabdeh 8 nəfərdən ibarət dəstə ilə hücum etmiş, həmin vaxt həyat yoldaşının barmağı zor tətbiqi nəticəsində sınmışdır. Bu barədə aidiyyəti orqanlara məlumat verilmiş və hazırda Suraxanı RPİ İstintaq Şöbəsində araşdırma davam edir. Cavabdeh bununla kifayətlənməyərək daha da irəli getmiş, xx.xx.2021-ci il tarixində oğlu, X11;b oğlunun yaşadığı otağı zəbt etmişdir. Belə ki, həmin gün hava qaralarkən, axşam tərəfi Asim evdə olduğu vaxt evin işıqları cavabdeh tərəfindən söndürülmüş, Asim işığı yandırmaq üçün həyətə çıxdıqda cavabdeh və onun ailə üzvləri mənzilə girərək qapını bağlamış, ailəsinə məxsus geyim əşyalarını və ailəsinə məxsus, dəyəri hər hansı bir pulla ölçülməyən toy kasetlərini yararsız hala salmış, külli miqdarda maddi və mənəvi ziyan vurmuşlar. Hal-hazırda 6 nəfərdən ibarət ailə üzvü ilə birlikdə 1 otaqda yaşayır və həmin otağın nə vaxtsa cavabdeh və onun ailə üzvləri tərəfindən zəbt olunacağı təhlükəsi ilə üz-üzədirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmlakın mövcud bazar dəyərləndirilməsinə görə sözügedən fərdi yaşayış evi cavabdehlə müqavilə bağlandığı zaman çox aşağı qiymətə dəyərləndirilmişdir. Hesab edir ki, sözügedən fərdi yaşayış evinin hazırkı bazar qiyməti cavabdehlə müqavilə bağlanan tarixə münasibətdə dəfələrlə artdığından cavabdehlə müqavilə bağlayarkən əsas götürülən şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər sözügedən fərdi yaşayış evinin qiymətinin bu dərəcədə bahalaşaraq dəyərli olacağını əvvəlcədən görə bilsəydi, cavabdehlə müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda daşınmaz əmlakın alqı-satqısına dair 21 dekabr 2016-cı il tarixli ilkin müqavilənin ləğv edilməsi haqqında razılaşma bağlamaq təklif olunmuşdur. Cavabdeh təklif məktubunu xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ilkin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə çıxarılmış qətnaməni ilkin iddia üzrə iddiaçı ilkin iddianın rədd olunması hissəsində mübahisələndirilmiş, qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən şikayət verməmişdir. Bu baxımdan apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X8 və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ilkin müqaviləyə əsasən tərəflər xx.xx.2026-cı il tarixə kimi 25 oktyabr 1991-ci il tarixli Abşeron rayon XDS İcraiyyə Komitəsinin 236 saylı qərarına əsasən “Satıcı” - X1 və istifadəsində olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış aldıqdan sonra 44.000 (qırx dörd min) manata "Alıcı'' - X2 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən satılacaq daşınmaz əmlak X1 və istifadəsindədir. Həmin müqaviləyə əsasən X3 torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini 44.000 manata qiymətləndirir və gələcəkdə torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini həmin qiymətə İddiaçı satmağı, sonuncu isə torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini gələcəkdə 44.000 manata almağa öhdəsinə götürür. “İddiaçı satış məbləğindən 9.500 manatını xx.xx.2017-ci il tarixədək, qalan 34.500 manatını isə daşınmaz əmlakını alqı-satqısına dair əsas müqavilə bağlanarkən «Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçının tələbi cavabdeh və onun ailə üzvlərinin ona məxsus torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması barədədir. Birinci instansiya məhkəməsi ilkin iddianı əsassız sayaraq rədd etmiş və hesab etmişdir ki, iddiaçını hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, İddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evi ilə əlaqədar müqaviləyə əsasən ödənişlər etsə də, həmin fərdi yaşayış evində yaşasa da, müqaviləyə əsasən həmin evə dair sahiblik və istifadə hüquqları müqavilənin digər tərəfi olan X6 olmuş, İddiaçı mübahisəli torpağa və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almamış, mülkiyyətçi statusunu əldə etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 157, 178.1, 421-ci və digər maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həmin hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bu baxımdan birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ilkin müqavilənin Mülki Məcəllənin 402.1ci maddəsinin tələbinə cavab vermədiyini də nəzərə alır. Həmin maddəyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddənin məzmununda ilkin müqavilə bağlanarkən daşınmaz əmlakın dəyərinin ödənilməsi nəzərdə tutulmamışdır. Lakin hazırkı işdə olan ilkin müqavilənin məzmunundan görünür ki, bu müqavilə üzrə iddiaçı cavabdehə razılaşdıqları 44000 manatın 9500 manatını ödəmişdir. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iddiaçı xx.xx.2019-cu il tarixədək cavabdehə ilkin müqavilə üzrə cəmi 36500 manat pul ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar