Məhkəmə qərarları › İş №2(103)-4417/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4417/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4417/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pulun tutulması" tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, o cümlədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı "pulun tutulması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-477/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. "xxxx" MMC-ni (nəzdində olan təmir-tikinti şöbəsi) təmsil olunan Cavabdeh2 ilə “Sifarişçi” qismində İddiaçı arasında bağlanmış təmir xidmətlərinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 40 saylı müqaviləyə əsasən “Sifarişçi” müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri, əgər mövcuddursa dizayn layihəsini və məlumatları icraçıya verməyi, əgər mövcuddursa, dizayn layihəsini, tikinti və təmirə aid olan bütün materialları “İcraçı”ya təqdim etməyi, “İcraçı”nın işinin bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi, “İcraçı”nın haqqını bu müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. “Sifarişçi” işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikdir (bənd 1.2). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” müqavilənin 1.1.-ci bəndində göstərilmiş işləri “Sifarişçinin” tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmağa öz üzərinə götürmüşdür. Zərurət olduğu hallarda tapşırığın icrasına “Sifarişçi”nin razılığını aldığı təqdirdə üçüncü şəxsləri cəlb etməyi, götürdüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir (bənd 2.1). “İcraçı” görülən işlərə heç bir müdaxilə olunmadan, 60 ay müddətinə tam təminatı verməli, bu müddət ərzində yaranan qüsurlar aradan qaldırılmalıdır (bənd 2.3). Müqavilənin 3.1-ci bəndinə əsasən “Sifarişçi” müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün “İcraçı”ya smeta dəyərinə uyğun olaraq hər bir işin iş vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 21.524+2340=23865 manat ödəniş edir. İlkin olaraq “Sifarişçi” ümumi məbləğin 40%-ni ödəyir, yerdə qalan məbləğ görülən işlərin müqabilində ödənilir. Son ödəniş təhvil-təslim aktı bağlandıqda ödənilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” onun tərəfindən təqdim edilmiş layihə eskizlərdə səhv məlumatın verilməsi nəticəsində “Sifarişçi”yə, “Sifarişçi”nin işçilərinə və ya üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana, ya da hər hansı bədən xəsarətinin yetirilməsinə cavabdehdir.

2. Sözügedən müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavəyə əsasən icraçı müqavilə ilə nəzərdə tutulan işləri xx.xx.2022-ci il tarixədək tam başa çatdıraraq, sifarişçiyə aktla təhvil verilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə - 2.850 manat ödəniş edilmişdir.

3. Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsi, bina 50, mənzil 22-də təmir işlərinin icraçısı Cavabdeh2 və onun usta işləyən atası Nəsirov Mehman, digər tərəfdən təmir olunan mənzilin sahibəsi İddiaçı və onun həyat yoldaşı, təmirin sifarişçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli razılaşma aktının surətindən görünür ki, həqiqətən təmir işlərinin görülməsi üçün F.Allahverdi tərəfindən Cavabdeh2 ümumilikdə ödənmiş 21.000 manat müqabilində xx.xx.2022-ci il tarixdən bu günədək sifariş olunan təmir işlərinin bir hissəsi görülmüşdür və təmir işlərini tam başa çatdırmaq üçün ümumilikdə 7997 manat tələb edən aşağıdakı işlərin görülməsi qalmışdır: otaqlara divar kağızları alınaraq vurulması (110 kv.m.), döşəmələrə laminat alınaraq vurulması (105 kv.m.), döşəmələrə laminat altı qubka alınaraq vurulması, döşəmələrə plintus alınaraq vurulması, otaqların qapılarının alınaraq quraşdırılması, eyvanların fasad işini başa çatdırmaq,elektrik və santexnika aksessuarlarının quraşdırılması, tamamlama işləri (təmizlik, zibil daşıması və digər).

4. Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş 7997 manat məbləğində maddi zərərin geri qaytarılması, ona vurulan mənəvi zərərə görə 3000 manat təzminat ödənilməsi və 100 manat dövlət rüsumunun (30 manat + 1% (69,97 manat)=100 manat) ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40 saylı “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” və bu müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavəyə əsasən iddiaçya məxsus olan ünvan 1 ünvandakı, 22 saylı mənzilində təmir işlərinin aparılması üçün qabaqcadan onun tərəfindən cavabdehə 21.000 manat ödəniş olunmasına və bu işlərin başa çatdırılması üçün son icra müddətinin xx.xx.2022-ci il tarixli müəyyən edilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilməyərək mənzildə sifariş edilmiş təmir işləri başa çatdırılmamış, rəsmi qaydada tələb olunmasına və dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, cavabdeh tərəfindən təmir işlərinin başa çatdırılmasından və qabaqcadan ödənmiş olan pul vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə “Təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” bağlanarkən ilkin olaraq 3 ay ərzində təmir işlərinin görülüb başa çatdırılacağı barədə Cavabdeh2 ilə qarşılıqlı razılığa gəlinmişdir. Lakin daha sonra işlərin görülməsi süni şəkildə Cəmiyyət tərəfindən uzadılmağa başlanılmışdır. xx.xx.2022-ci il tarixli 01 saylı müqaviləyə Əlavə ilə cavabdeh "xxxx" MMC müqavilə ilə nəzərdə tutulan işləri xx.xx.2022-ci il tarixədək tam başa çatdıraraq, aktla təhvil verməsini rəsmən öhdəsinə götürmüşdür. Mənzildə aparılan təmir işləri xx.xx.2022-ci il tarixdən "xxxx" MMC tərəfindən birtərəfli qaydada dayandırılmış, qabaqcadan nağd şəkildə Cavabdeh2 tam olaraq material və usta pulları verilmiş, mağazalardan onun seçdiyi divar kağızları, laminat və otaqların qapıları satışdan alınmamış, cavabdehin satıcılara beh verildiyi bildirsə də, sonradan yalan olduğu ortaya çıxmış, müxtəlif bəhanələrlə işlərin davam etdiriləcəyi bildirilərək, icra müddəti süni surətdə dəfələrlə uzadılmışdır. "xxxx" MMC tərəfindən təmir işləri aşağı səviyyətdə və keyfiyyətsiz görülmüş, təmir zamanı alt qonşunun mənzilinə subasma ilə 200 manat zərər vurulmuşdur. Belə ki, onun tərəfindən seçilmiş kafel-metlax əvəzinə digəri alınaraq vurulmuş, tualetdə kafel və metlax arası doldurulmadığından sızma nəticəsində dəhlizin divarı nəm çəkmiş, hamam otağında qapı kənarına kafel vurulmamış, istilik sistemi istidən deformasiyaya davamsız nazik plastik borularla qoşulmuş, bu borular əyri və səhv, yəni birbaşa xətt qoyulmadan quraşdırılmış, dəfələrlə irad olunsa da aradan qaldırılmamış, istilik mövsümü başladıqda bu borular istiliyin təsirindən əyilmiş, divar kağızı yapışdırılmalı divarlar hamarlanmamış qalmış, mənzilin çöl qapısı quraşdırılarkən əyri qoyulmuş və sonradan irad edildikdə düzəldilmiş, otaqların qapı çərçivəsinin hündürlük yeri normal ölçüdən 3 sm. az düzəldilmiş (sonradan beton hissə yenidən sökülməli olub), plastik pəncərələrin açma qolu səhv tərəfdən qoyulmuş, bir plastik qapıya deffektli qıfıl vurulmuş, pəncərələrin açılış forması sifariş olunan kimi qoyulmamış, iki otaqda pəncərələr tərs tərəfdən açılışla qoyulmuş, eyvanda quraşdırılan plastikdən şkaf qapıları sifariş olunan kimi dörd taylı deyil, iki taylı düzəltdirilmiş, dəhlizdə divarlarla kafel döşəmə arasındakı yarıqlar tutulmamış, eyvanda kərpic hörgünün üstü və yan dayaqlar malalanmamış, eyvanların fasad tərəfdən malalanması nahamar şəkildə keyfiyyətsiz olunmuş, pəncərələrin iki tərəfli, kombi borusunun çıxışının yanları malalanmamış qalmış, eyvan pəncərələrinin altlıqları qoyulmamışdır. Eləcə də, təmir işləri zamanı ehtiyatsızlıq səbəbindən mənzilin alt qonşusunun evini su basması nəticəsində hamam otağındakı elektrik naqilləri sıradan çıxmaqla və mənzildə olan yorğan-döşəkləri korlanmaqla onlara maddi zərər vurulmuşdur. İlyas Sətdarzadə tərəfindən əvvəl hər dəfə şifahi və daha sonra xx.xx.2022-ci il tarixli iltizamnamə ilə yazılı şəkildə xx.xx.2022-ci il tarixdə təmir işlərin tamamlanması və nöqsanların aradan qaldırılması və yaxud ödənilmiş pul vəsaitinin geri qaytarılması vəd olunsa da, bu öhdəliklərin heç birinə əməl olunmamışdır. Dəfələrlə tələb olunmasına baxmayaraq cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 tərəfindən 7997 manat pul vəsaiti bu günədək geri qaytarılmamış, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur.

7. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-477/2023 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 7997 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 8097 manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

8. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - maddi ziyanın ödənilməsi hissəsində ləğv olunması və cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə 2632 manat məbləğində pulun tutulması barədə qətnamə qətnamə çıxarılması xahiş edilmişdir.

9. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi yazılı bəzi sənədləri (razılaşma aktı, iltizamnamə və akt vəs.) sübut kimi qəbul etmək olmaz. Belə ki, həmin sənədləri (xx.xx.2022-ci il tarixli “İltizamnamə”, xx.xx.2022-ci il tarixli “Razılaşma Aktı” və xx.xx.2022-ci il tarixli “Akt”) məcburiyyət altında imzalayıb. Həmin vaxtlarda iddiaçı tərəf həyat yoldaşı Fazil ilə birlikdə onu “həbs” etdirəcəkləri ilə təhdiq edirdilər. Ona görə də onlar tərəfindən tərtib olunaraq hazır şəkildə ona təqdim edilmiş sənədləri oxumadan imzalayıb. Bu barədə iddiaçı tərəf məhkəmədə bildirməmişdir. Hal-hazırda həmin sənədlərə diqqətlə analiz etdikdə düzgün tərtib olunmadığı, görüləcək işlərin miqdarı və həcmi artırılmış olması da məlum olur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Razılaşma Aktı”nda qeyd edilmişdir ki, təmir işlərinin başa çatdırılması üçün 7997 manat məbləğində tələb edən işlər görülməlidir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsinə dair Müqavilə”nin 3-cü bəndinə əsasən iddiaçı ona ümumilikdə 23865 manat ödəməli olduğu halda, cəmi 21000 manat pul ödəmişdir. İddiaçı (sifarişçi) isə ona ödəmədiyi 2865 manat pulu təkrarən ondan tələb edir. Əslində təmir işlərinin tamamlanması üçün həmin 2865 manat məbləğ də 7997 manat məbləğə daxildir. Bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin məbləğ (2865 manat) iddiaçı tərəfin tələb etdiyi məbləğdən (7997 manatdan) çıxılmalıdır. Nəticədə maddi ziyana görə iddiaçının tələbi 5132 manat olmalı idi. Lakin həmin məbləğ (5132 manat) də şişirdilmişdir, yəni oxumadan imza etdiyi həmin sənəddə bəzi xərclər şişirdilmiş, əlavə işlər qeyd olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Razılaşma Aktında mənzilin sahəsi də rəsmi qeyd olandan artıq qeyd olunmuşdur, yəni mənzilin sahəsi 90 kv.m. olduğu halda 105 kv.m qeyd olunmuşdur. Bu hal da nəzərə alınmamış və adı çəkilən qətnaməyə əsasən ondan iddiaçı tərəfin xeyrinə olaraq əlavə pul alınması qət edilmişdir. Həmin mübahisəli halı razılaşma ilə həll etmək olmazsa, məhkəmə-texniki ekspertizası təyin etməklə həmin məsələyə aydınlıq gətirmək olardı. Belə hesab edir ki, mənzilin faktiki sahəsinə görə hesabat aparılarsa, həmin məbləğ (5132 manat) təxminən 2000 manat azaldılmalı və iddiaçı tərəfə olan borcu cəmi 3132 manat olmalıdır. Sonradan isə 500 manat da iddiaçının həyat yoldaşı Fazilə qaytarmağı nəzərə alınmaqla, qalan borcun cəmi 2632 manat olmalıdır. Bundan başqa, iddia tələbi qismən təmin olunsa da, ödənilmiş dövlət rüsumu tam olaraq ondan iddiaçının xeyrinə tutulur. Bu halda da dövlət rüsum iddianın təmin olunması hissəsinə uyğun olaraq aralarında bölünməlidir. İcra məmuru tərəfindən Səbail rayon İcra Şöbəsinə çağırılan vaxt adı çəkilən Qətnamə barədə məlumatı olmuş və bundan sonra (xx.xx.2023-cü ildə) iddiaçı tərəflə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək istəyib. Bu barədə iddiaçı tərəflə aramızda şifahi razılaşma olmuş və 3000 manat ödəməklə mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəliblər. Hətta həmin vaxt iddiaçının həyat yoldaşı Fazilə 500 manat pul ödəyib və qalan 2500 manat məbləğində pulun hisssə-hissə ödənilməsi barədə razılığa gəliblər (3 ay müddətində 500 +1000+1000 manat olmaqla). Lakin iddiaçı tərəf 500 manat pulu aldıqdan sonra Barışıq sazişini imzalamaqdan qərəzli olaraq imtina etmişdir. Hal-hazırda iddiaçıya qalan borcu cəmi 2632 (7997-2865-2000-500) manat məbləğində olmalıdır.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: 10 . Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iclaslarında iştirak edən cavabdeh və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh bildirdi ki, mənzilin sahəsi biraz artıq göstərilmişdir. Eyni zamanda özünündə imza etdiyi razılaşmadan müəyyən edildiyi kimi, təmirə görə ödənilmiş təmir işlərini bir hissəsi görülmüşdür. Yəni, görüləcək işlərlə bağlı onun əlində ödənilən puldan təxmini 3000 manatı qalmışdır. Belə olan halda 21000 manatdan sonra yox, həmin puldan qalıq qalan pulla birlikdə göstərilən məbləğ yazılmışdır. Lakin burada mənzilin sahəsi də, olduğundan artıq qeyd edilmişdir. Yəni çıxarışda 105 m2 göstərilsə də, faktiki olaraq 90 m2 olmuşdur. Hesablanan məbləğ onlarında verməli olmalı məbləğlə birlikdə hesablanmaqla bu formada qeyd edilmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Eyni zamanda İddiaçı nümayəndəsi X1 bildirdi ki, mənzilin sahəsi ilə bağlı cavabdeh trəfin dediyi ilə razılaşır. Belə ki, çıxarışda qeyd edilən sahədən faktiki sahə azdır. Lakin buna baxmayaraq razılaşmanı imzalayıb sahənin azlığı nəzərə alınsa belə belə qalan məbləğ iddiaçıya ödənilməlidir. 500 manatı atası Fazildən almışdır. Lakin həmin məbləğ başqa məsələ ilə bağlı olmuşdur.

Apelyasiya baxışının hədləri.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Hazırki halda qətnamə yalnız maddi zərərin tutulması hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 20.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsinə dair müqavilə əsasında yaranmışdır.

22. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Sifarişçi” müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün “İcraçı”ya smeta dəyərinə uyğun olaraq hər bir işin iş vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 21.524+2340=23865 manat ödəniş edir. İlkin olaraq “Sifarişçi” ümumi məbləğin 40%-ni ödəyir, yerdə qalan məbləğ görülən işlərin müqabilində ödənilir.

23. Hazırda iddiaçı cavabdehlər tərəfindən işlərin lazımi qaydada yerinə yetirlmədiyini bildirərək cavabdehlər tərəfindən dəymiş zərərə görə 7997 manat pulun, 3000 manat mənəvi zərərin ödənilməsini tələb edir.

24. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 443.1. 448, 752-ci maddələrinə istinad etmiş və sübut qismində məhkəməyə sözügedən təmir xidmətlərinin göstərilməsinə dair müqaviləni, ona əlavəni, razılaşma aktlarını, iltizamnaməni təqdim etmişdir.

25. Cavabdeh isə iddiaya etiraz edərək mənzilin sahəsinin əslində müqavilədə göstəriləndən az olduğunu, təmirə görə iddiaçı tərəfindən 21000 manat vəsait ödənildiyini, müqavilə üzrə iddiaçının 2865 manat borcunun qaldığını, həmin məbləğin və barışıq üçün iddiaçıya ödədiyi 500 manatın da tələb olunan 7997 manatdan çıxılmalı olduğunu bildirərək dəymiş zərərin 2632 manat müəyyən olunmasını xahiş edir.

26. İşin sadalanan hallarından görünür ki, tərəflərin heç biri müqavilə üzrə 2865 manat təmir xərcinin ödənilməli olduğunu, iddiaçının 21000 manat ödəniş etdiyini, qalıq borcunun 2865 manat təşkil etdiyini mübahisələndirməmişlər.

27. Hazırda tərəflər arasında mübahisə görülməli olan işlərin məbləği ilə bağlıdır.

28. İddiaçı dəymiş zərərin 7997 manat olduğunu, cavabdeh isə 2632 manat olduğunu bildirir.

29. Birinci instansiya məhkəməsi isə təmir üçün alınmış 7997 manatın xərclənmədiyini, cavabdehin icra etmədiyi işin pulu olan 7997 manat pul vəsaitini də qaytarmaqdan imtina etdiyini, əsas gətirərək iddianı həmin hissədə tam təmin etmişdir.

30. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin icra etmədiyi işə görə ona məxsus vəsaiti özündə saxlamaqla, geri qaytarmaması barədə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, məhkəmə iddiaçıya qaytarılmalı məbləği düzgün müəyyən etməmişdir.

31. Belə ki, “Təmir xidmətlərinin göstərilməsinə dair Müqaviləyə əsasən iddiaçı cavabdehlərə ümumilikdə 23865 manat ödəməlidir. Lakin iddiaçı həmin məbləğdən ümumilikdə 21000 manat pul ödəmişdir. Qalıq məbləğ 2865 manat təşkil edir. Təmir işlərinin tamamlanması üçün həmin 2865 manat məbləğ də 7997 manat məbləğə daxildir. Həmin məbləğ (2865 manat) iddiaçı tərəfin tələb etdiyi məbləğdən (7997 manatdan) çıxılmalıdır.

32. Bundan əlavə, xx.xx.2022-ci il tarixli Razılaşma Aktında mənzilin sahəsi də rəsmi qeyd olandan artıq qeyd olunmuşdur, yəni mənzilin sahəsi 90 kv.m. olduğu halda 105 kv.m qeyd olunmuşdur. Razılaşma Aktında mənzilin sahəsi döşəmələrə laminat alınaraq vurulması (105 kv.m.) kimi göstərilmiş, cavabdeh isə apellyasiya baxışı zamanı verdiyi izahatında mənzilin sahəsinin 90 kv.m olduğunu bildirmiş, ididaçı tərəfədə mənzil sahəsinin az olmasını qəbul etmişdir. Kollegiya hesab edir ki, mənzilin sahə fərqi kimi döşəmələrə laminat alınaraq vurulması (105 kv.m.) 90 kv.m nəzərə alınmaqla (1875/105=17.85*15=267,85) 267.85 manat pul da tələbdən çıxılmalıdır.

33. Beləliklə, cavabdeh görmədiyi işlərə görə xərclənməmiş (7997-2865-267,85) 4864,15 manat pulu cavabdehlərdən tələb etməkdə haqlıdır. 34.Apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixli “İltizamnamə”, xx.xx.2022-ci il tarixli “Razılaşma Aktı” və xx.xx.2022-ci il tarixli “Akt”ın məcburiyyət altında imzaladığına dair dəlilləri sübutlarla və işin halları ilə təsdiq olunmadığından əsassızdır. 35.Bundan əlavə apellyator iddiaçıya mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün əlavə 500 manat ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəf belə bir məbləğin cavabdehin atası tərəfindən ona ödənilməsini, lakin bu məbləğin aralarında olan başqa bir məsələ ilə bağlı olmasını qeyd etmişdir. 36.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 41.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 42.Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərədən 7997 manat pulun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 4864,15 manat müəyyən edilməlidir. 43.Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 44.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-477/2023 saylı qətnaməsi mübahisələndirilən – maddi zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı xeyrinə tutulan maddi zərərin məbləği 4896,64 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar