Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4417/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mükafat qızının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Mükafat qızının və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1839/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3221 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində 2004-cü il tarixdən qeydiyyatsız yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh Bəhram oğlu ilə 2003-cü ildə el adəti ilə toyu olub. O, cavabdehin qeydiyyatda olduğu Lerik rayonu Şingədilan kəndinə gəlin köçmüşdür. Bir il sonra qaynatası Binə südçülük sovxozunda aldığı və bir otaq olmaqla balaca bir koma tikdiyi evə köçmüşlər. Orada yaşamaqla həmin komanın yanında böyük bir ev tikərək, sonradan həmin evdə 18 il birlikdə yaşamışlar. Təzə evə köçdükdən sonra da qalan hissələri təmir etmişlər. Həmin evdə 4 uşağı doğulub. Ona məxsus olan toy zamanı hədiyyə edilən bütün cehiz və qızıl əmlakları 18 ildə özünün işləyərək aldığı və birlikdə aldıqları bütün əmlak və əşyaları Binə südçülük sovxozundakı evdə qalmışdır. O, həmin evdə 2021-ci il tarixədək yaşamışdır. Hal-hazırda azyaşlı qızı X3 ilə birlikdə kirayədə yaşayır, onun üçün çox çətindir. Azyaşlı qızı X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən ünvana köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 1839/2024 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilmiş, İddiaçı azyaşlı qızı X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 27.3, 152.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 27-ci , 152.5-ci maddəsini, Mənzil Məcəlləsinin 53-cü, 123-cü maddəsini və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini iddianın təmin edilməsi ilə baglı düzgün tətbiq etməmişdir. Həmin normalarda əmlaka mülkiyyət hüquqlarından, mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququndan bəhs olunur. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X9 yerləşən fərdi ev atası X5 məxsus olmaqla atasının pul vəsaiti hesabına tikilmişdir, lakin dövlət reyestrində qeydə alınmamışdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (Maddə 146.2.) Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Qərarının 1-ci bəndinə görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı işə münasibətdə iddiaçı mübahisələndirdiyi evdə 2004-cü ilin mart ayından yaşamağa başladığından hüquq münasibətlərinin başlanğıcı həmin tarix kimi nəzərə alınmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2001-ci il tarixli Qərarına istinadən maddi hüquq normaları tətbiq edilməlidir. İşin həqiqi hallarına görə iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi 2001-ci ildə tikilərək atası Bəhrəm Qasımova məxsusdur və iddiaçı da həmin evdən 2004-cü ildən istifadə etməyə başlamışdır. Yəni evdən istifadə ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2004-cü ildən yaranmışdır. Belə olan təqdirdə isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin normaları tətbiq edilməlidir. Belə qətnamə çıxarılmasına baxmayaraq uşaqların hamısı onun- atalarının himayəsində qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərardadı üzrə Xəzər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası 23 iyun 2022-ci il tarixli 978 saylı rəyinə əsasən X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 ataları Cavabdeh himayəsində saxlanılmasını, 6 yaşlı Nurzəhranın isə İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Lerik rayon Məhkəməsinin 2(048)-475/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 ataları Cavabdeh yanında qaldığı müəyyən edilməklə dəyişdirilməsi qət edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2015-ci il təvəllüdlü Nurzəhranı qardaşlarından ayıraraq mübahisəli ünvandan götürüb birlikdə kirayədə qaldıgı evdə yaşamağa davam etdi. Oğlu Şahmurad onun yanından hərbi xidmətə getmiş və 2024-cü ildə hərbi xidməti başa vurduqdan sonra mübahisəli evə-onun yanına qayıtmışdır. Hazırkı vaxta qədər də uşaqları Şahmurad, Nicat , Nurəli və o iddiaçının mübahisələndirdiyi evdə baçısı Zülfiyyə ilə birlikdə yaşayır. Evdən (mənzildən) istifadə hüququnun yaranması üçün konkret olaraq notarial qaydada razılaşma olmaqla bərabər həmin hüququn reyesterdə qeydə alınması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən də belə bir mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir. Çünki, iddiaçının atasına məxsus olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X9 yerləşən fərdi evdə istifadə hüququ dövlət qeydiyyatından keçməmişdir. İşin həmin halı müvafiq reyestr xidmətinə məhkəmə sorğusu verilməklə də bir daha müəyyən oluna bilər. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi evdən istifadə edilməsi ilə bağlı evin sahibi atası Bəhrəm Qasımov ilə, o cümlədən də bacısı Zülfiyyə və onunla bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Mükafat qızı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
12. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
14. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
15. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
18. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan)
19. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
20. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
21. 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1839/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qeyd edir ki, tərəflərin mübahisəli tikili ilə bağlı münasibətləri 2004cü ildə yaranmışdır. Tərəflər 2004-cü il tarixdən sözügedən ünvanda yaşayıblar, birgə yaşayışları zamanı orada əlavələr ediblər. Lerik Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh hazırda mübahisəli tikilidə yaşasa da, iddiaçı mübahisəli tikilidə yaşamır.
34. Kollegiya hesab edir ki, mübahisəli hüquq münasibəti 2004-cü ildən yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.
35. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.
36. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.
37. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
38. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.
39. Kollegiya qeyd edir ki, İddiaçı 2004-cü ildən başlayaraq yaşadığı və birgə nikah dövründə tikdirdikləri Binə Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində istifadə hüququ olduğundan, cavabdehin iddiaçının həmin mənzilə köçüb yaşamasına mane olması və iddiaçını həmin evdən çıxarması qanunsuz olmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzilə hüquq əldə etmişdir. Cavabdehin iddiaçını mübahisəli mənzilə buraxılmaması nəticəsində iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olmuş, bununla da o, yaşadığı mənzildən qanunsuz olaraq məhrum olmuşdur. Buna görə də iddiaçı azyaşlı qızı X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yerləşən mübahisəli mənzilə köçürülməlidir.
41. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
42. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
44. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
45. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
46. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
47. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
48. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3- cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
49. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini, yəni, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Qərarınının mövqeyinə uyğun qanunvericilik normasının tətbiq edilməli olduğunu qeyd etsə də, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarı və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtlərini və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir. Lakin qeyd olunduğu kimi, nə Cavabdeh, nə də atası tərəflər arasında münasibətlərin yarandığı 2004-cü ildən hazırkı anadək mübahisəli evin mülkiyyətçisi olmamış, ev yalnız cavabdehin atasının vəsaiti hesabına tikilmiş və sonradan evə artırmalar olmaqla cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçıdan notariat qaydasında təsdiqlənmiş razılaşmasının (müqaviləsinin) tələb olunması o halda zəruri olardı ki, mübahisəli ev dövlət qeydiyyatından keçmiş olsun. Hazırkı işin halları baxımından mübahisəli ev dövlət qeydiyyatından keçmədiyindən, həmin evdən iddiaçının istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) bağlanması tələb edilə biləz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1839/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.