Məhkəmə qərarları › İş №2(103)-4418/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4418/2023

07.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4418/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əmlakın qanuni sahibinin hüquqlarının pozulmasının aradan qaldırılması, dövlət reyesrtində aparılmış qeydiyyatın və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3913/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 MMC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əmlakın qanuni sahibinin hüquqlarının pozulmasının aradan qaldırılması, dövlət reyesrtində aparılmış qeydiyyatın və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3913/2023 saylı, 08 may 2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardad ilə razılaşmayan iddiaçı şikayət verərək, qərardadın ləğv edilərək iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliklə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə münasibətdə mülki-prosessual qanunvericiliyin müstəsna aidiyyət normalarının şamil olunması müəyyən edilmişdir. Hal-hazırki məhkəmə mübahisəsi üzrə iddiaçı bir neçə tələblə çıxış etmişdir ki, bunlardan birincisi icarə hüququ ilə iddiaçıya məxsus olmuş Sabunçu rayonunun Nardaran ərazisində yerləşən torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılmasından ibarət olmuşdur. Başqa sözlə İddiaçı əsas tələbi icarə hüququ əsasında ona məxsus olmuş daşınmaz əmlakın cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasından ibarətdir. İstinad edilən maddi hüquq normalarına əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət qaydası tətbiq edilir ki, hal-hazırki iddia tələblərinə də hər bir halda müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə Sabunçu rayonunda baxılmalıdır. Birinci instansiyası məhkəməsi ərazi aidiyyəti ilə bağlı qanun normasını düzgün tətbiq və təfsir etməmişdir. Məhkəmənin iddia tələblərinə bu mövqedən yanaşması hesab edir ki, sadalanan maddi hüquq norması ilə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun da qeyd edilən şərhi ilə də açıq-aşkar ziddiyyət təşkil etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən bildirilən halları təsdiq edən faktlar olduğu halda, məhkəmə özünün çıxardığı ziddiyyətli qərardadı ilə mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazi ilə əlaqədar məsələni araşdırmadan və bu məsələni lazımi şəkildə qiymətləndirmədən, işin hallarının qanunvericiliklə müəyyən edilmiş qaydada obyektiv və hərtərəfli tədqiqini həyata keçirmədən və sübutlara düzgün hüquqi qiymət verməyədən iş üzrə mübahisənin ərazi aidiyyəti ilə bağlı aşkar səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin şikayətlə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iddia tələbinin faktiki əsası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 09 avqust 2022-ci il tarixli, 3128 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsidir. Bundan sonrakı yaranan tələblər isə məhz tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edildikdən sonra qiymət verilməli hal olduğundan, iddia ərizəsinin icraata qəbul məsələsi yalnız ümumi adiyyat qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətinin dəlillərini araşdırıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbində Bakı şəhəri,Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış 09 avqust 2022-ci il tarixli, 3128 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin Bakı şəhəri, Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəsinə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində etibarsız sayılması; Bakı şəhəri,Sabunçu rayonu,Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha olan torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 14 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat (reyestr nömrəsi **********22) nömrəsi ilə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın Bakı şəhəri, Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı, 04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəsinə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı, 04 sentyabr 2006cı il tarixli qərarı əsasında icarəsinə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış özbaşına tikililərin onun hesabına sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa edilməsi və onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbinin əsası iddiaçıya Bakı şəhəri, Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı, 04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəsinə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət şikayətdə qeyd ediləndən fərqli olaraq daşınmaz əmlakla bağlı olan istənilən mübahisəyə deyil, dairəsi konkret olaraq 39-cu maddədə müəyyən edilmiş konkret mübahisələrə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1,35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında bu maddəyə aşağıdakı kimi şərh verilmişdir:”...Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. İddiaçı hazırki tələbində iddia edir ki, sözügedən torpaq sahəsi onun icarəsinə verilmiş, lakin həmin torpaq sahəsinin daxil olduğu sahəyə dair cavabdehlə icarə müqaviləsi bağlanmışdır ki, həmin müqavilələrin və hüquqi nəticələrin ona icarə müqaviləsi ilə verilmiş torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməklə torpaq sahəsinin onun istifadəsinə qaytarılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə istinad etməklə hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ki, birinci instansiya məhkəməsi ərazi aidiyyəti ilə bağlı qanun normasını düzgün tətbiq və təfsir etməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması,daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən gəlməsi,sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar(mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət qaydası tətbiq edilir ki, hal-hazırki iddia tələblərinə də hər bir halda müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə Sabunçu rayonunda baxılmalı olmasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, hazırki qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlara uyğun olaraq iddia tələbinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 399, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3913/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 MMCyə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əmlakın qanuni sahibinin hüquqlarının pozulmasının aradan qaldırılması, dövlət reyesrtində aparılmış qeydiyyatın və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən : Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar