Məhkəmə qərarları › İş №2(103)-4419/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4419/2020

03.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4419/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X21 və X10 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İlk iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Şahbaz qızı və ilk iddia tələbi üzrə İddiaçı1 vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Şahbaz qızının və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qızının cavabdehlər İddiaçı1, İddiaçı2 Şahbaz qızına və İddiaçı3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-248/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia ərizəsi üzrə cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Şahbaz qızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmir Yolu küçəsi, ev 6, 35 saylı mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 qızı cavabdehlər İddiaçı1, İddiaçı2 Şahbaz qızı və İddiaçı3 qarşı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2 Şahbaz qızının və İddiaçı3 Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsindəki 6 saylı evin 35 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 248/2020 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Şahbaz qızının xx.xx.2004-cü il təvəllüdlü X16, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2019-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Səngəçal qəsəbəsi, Dəmir yolu küçəsi ev 6, 35 saylı yaşayış sahəsinə köçürülmələri, ilk iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia tələbi üzrə iddiaçılara ödənilməsi, qarşılıqlı iddia tələbi ürzə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qızının “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı apelyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-248/2020 saylı qətnaməsini ləğv edib, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçıların yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Dəmiryolçular küçəsindəki 6 saylı evin 35 saylı mənzili kirayə müqaviləsi əsasında onların atası X8 məxsus olmuşdur. R.Ə.Mirağayev hazırkı iş üzrə qarşılıqlı iddiaçılar olan Cavabdeh1, Cavabdeh2 və ilkin iddia üzrə iddiaçı olan İddiaçı1 ibarət 3 övladı olmuşdur. R.Ə.Mirağayev hazırkı iş üzrə iddiaçı olan oğlu İddiaçı1 2000-ci ilin oktyabr ayında evləndirmişdir. Həmin vaxt X11 qəsəbəsinin ərazisində 0,6 ha torpaq sahəsi var idi. Ramini evləndirdikdən sonra atası İddiaçı1 həmin torpaq sahəsində ev tikərək, onu ailəsi ilə birlikdə həmin evə köçürmüşdür. Həmin vaxtdan indiyədək Ramin ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. X4 həyat yoldaşı X1 2019-cu ilin iyun ayında vəfat etmişdir. Bundan sonra Rizvan Mirağayev notariusda vəsiyyətnamə verərək, mübahisəli mənzili nəvəsi, X13 vəsiyyət etmişdir. Lakin sonradan ona bildirmişlər ki, həmin mənzil özəlləşdirilmədiyi üçün bu vəsiyyətnamə keçərli olmayacaq. Buna görə də o, mənzili sağlığında mütləq özəlləşdirməlidir. Mənzilin orderində Raminin də adı qeyd olunduğuna görə özəlləşdirmədə onun da razılığı tələb olunurdu. Ramin isə buna razılıq vermirdi. Buna görə də mənzilin əsas kirayəçisi olan İddiaçı1 Bakı şəhərinin Qaradağ Rayon Məhkəməsində oğlu Raminə qarşı iddia qaldıraraq, onun həmin mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Lakin həmin iddia tələbi üzrə mülki işə məhkəmədə baxılan zaman iddiaçı Rizvan Mirağayev vəfat etmişdir. Buna görə də həmin mülki işin icraatına məhkəmə qərardadı ilə xitam verilmişdir. Bundan sonra Ramin və onun ailə üzvləri yaranmış vəziyyətdən sui-istifadə edərək, mübahisəli mənzilə köçürülmələri barədə Cavabdeh1 və Cavabdeh2 qızına qarşı məhkəmədə iddia irəli sürmüşlər. Halbuki onların ayrı mənzilləri var və mübahisəli mənzilə istifadə hüquqları mövcud deyildir. Həm ilkin iddiaçıların verdiyi izahatda, həm qarşılıqlı iddia ərizəsində, həm də Səngəçal qəsəbəsi bələdiyyəsi tərəfindən verilmiş arayışdan birmənalı olaraq məlum olur ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə 2004-cü ildən Səngəçal qəsəbəsi ərazisində özbaşına fərdi tikilidə yaşayırlar. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 Şahbaz qızı və İddiaçı1 vəkili X17 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 019988 nömrəli orderə əsasən Səngəçal qəsəbəsi, Dəmir Yolu küçəsi, ev 6, 35 saylı mənzil X8 və 5 nəfər ailə üzvünə - özü, həyat yoldaşı Mirağayeva E.S., Cavabdeh1 - oğlu, Ağayeva N.R. - qızı, Ağayev R.R - oğluna verilmişdir. Daxili İşlər Nazirliyi ******* №-li arayışına əsasən İddiaçı1 xx xxxxx 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər X9, İddiaçı3, X7, X14, X16, Cavabdeh1, Cavabdeh2 qızıdır. İddiaçı1 ilə İddiaçı2 arasında nikah xx xxxxxxxx 2000-ci il tarixdə bağlanmışdır. Birgə nikahlarından 4 övladları xx xxxx 2001-ci il təvəllüdlü İddiaçı3, xx xxxx 2004-cü il təvəllüdlü X16, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2019-cu il təvəllüdlü X3 olmuşdur. İlk iddia tələbi üzrə İddiaçı1 anası X2 xx xxxx 2019-cu il tarixdə, atası X14 isə xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87.2 və 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli qərarına və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, mülkiyyətçinin ailə üzvi qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi iki halda-daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi xx.xx.1991-ci il tarixdə müvafiq order əsasında tərəflərin atasına verilmişdir və həmin orderdə İddiaçı1, cavabdehlər Cavabdeh1 və X5 adları qeyd olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər mübahisə predmeti olan mənzildə daimi pasport qeydiyyatındadırlar və həmin mənzil hazırda da özəlləşdirilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan aydın olur ki, İddiaçı2 mübahisə predmeti olan mənzilə gəlin köçmüş, 2004-cü ilədək həmin mənzildə iddiaçılar ailə üzvləri ilə birlikdə yaşamışlar, iddiaçının cehiz əmlakları hazırda da həmin mənzildə yerləşir, 2004-cü ildə həmin həyətdə sənədsiz ev tikilərək, iddiaçılar həmin evə köçüb yaşamışlar, mübahisə predmeti olan mənzilə gəlibgetmişlər. Bu halları hər iki tərəf təsdiq etməklə, qeyd olunan hallar işin mübahisəsiz halları hesab edilir. Deməli, köhnə mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflərin mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə araşdırılmalı olan hal iddiaçıların mübahisə premeti olan mənzili daimi olaraq tərk edibetməməsi halının müəyyən edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə iddiaçılar ailə üzvləri ilə birlikdə 2004-cü ilədək mübahisə predmeti olan mənzildə yaşamış, indiyədək həmin mənzildə pasport qeydiyyatındadırlar, habelə iddiaçıların cehiz əmlakı indiyədək həmin evdə yerləşir. Həmçinin, məhkəmə araşdırması zamanı Qaradağ rayonu Səngəçal qəsəbəsi bələdiyyəsi tərəfindən verilmiş arayışın məzmunundan aydın olur ki, İddiaçı1 adına hər hansı torpaq sahəsi ayrılmamış, ona məxsus torpaq sahəsi və fərdi ev olmamışdır, yalnız onun 2004-cü ildən ailəsi ilə birlikdə özbaşına tikdiyi fərdi evdə yaşadığı, həmin evə dair ekspert qiymətləndirmə rəyinin qeydə alındığı qeyd olunmuşdur. Həmçinin, ilk iddia üzrə iddiaçıların məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, onların uşaqları balaca olduğundan, ataları səs-küyə əsəbəşdiyindən, müvəqqəti olaraq 2004-cü ildə həmin binanın həyətində özbaşına sənədsiz tikili tikərək, həmin tikilidə yaşamışlar, lakin mütəmadi olaraq, mübahisə predmeti olan mənzilə gəlib-getmişlər, o evdən daimi köçüb getmək niyyətləri olmamışdır, daimi köçmək niyyətləri olsa idi, cehiz əşyalarını özü ilə aparardı, hazırda da cehiz əşyaları həmin evdə yerləşir, heç elə yerləri də olmayıb ki, daimi köçüb yaşasınlar, həmin özbaşına tikilinin yaşayış üçün şəraiti yoxdur, məcburiyyətdən həmin yerdə atası ölənədək yaşamışlar, indi də atası vəfat etmişdir, ona görə yenidən həmin mənzilə köçüb yaşamaq istəyir, lakin qardaşı ona maneçilik törətmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə iddiaçıların uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildə daimi pasport qeydiyyatında qalmaları, onların cehiz əmlaklarının hazırda da mübahisə premeti olan mənzildə yerləşməsi, iddiaçıların adına başqa yaşayış yerinin mövcud olmaması, habelə onların mütəmadi olaraq həmin mənzilə gedib-gəlməsi, məhz atasının vəfatından sonra həmin mənzilə köçüb yaşamaq istəmələri kimi hallar ilk iddia üzrə iddiaçıların həmin mənzili müvəqqəti olaraq tərk etməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, ilk iddia üzrə iddiaçılar həmin mənzili müvəqqəti olaraq tərk etmələrini məhz uşaqların balaca olması, onların səs-küyünün atalarının əsəblərinə təsir etməsi halı ilə əlaqələndimişlər ki, hazırda da ataları vəfat etdiyindən həmin mənzilə köçüb yaşamaq istəyirlər. Göründüyü kimi, iddiaçılar mübahisə predmeti olan mənzili daimi tərk etməmişlər. Həmçinin, ilk iddia üzrə cavabdehlər iddiaçıların həmin mənzili daimi tərk edib getdiklərini bildirsələr də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bununla da, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında da ilk iddia üzrə iddiaçıların mübahisə predmetini daimi tərk etmələri halı öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürüərək, habelə mənzil qanunvericiliyinin normalarını rəhbər tutaraq, hesab edir ki, ilk iddia tələbi üzrə iddiaçıların mübahisə predmeti olan mənzili daimi tərk etmələri və onların daimi yaşayış yerinin mövcudluğu ilə bağlı hal öz təsdiqini tapmadığından, ilk iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə mənzilə köçürülməyə dair ilk iddia tələbi təmin olunduğundan, qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar qarşılıqlı iddia tələbinin əsası qismində ilk iddia üzrə iddiaçıların mübahisəli mənzili daimi tərk etmələri və başqa yaşayış yerində daimi köçüb yaşamaları halına istinad etsələr də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında da qeyd olunan hal öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilk iddia tələbi təmin olunduğundan, habelə qarşılıqlı iddia tələbi üzrə iddia tələbinin əsası kimi istinad olunan hallar öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 248/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar