Məhkəmə qərarları › İş №2(103)-4419/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4419/2021

19.05.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4419/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi “şəxsin ölmüş hesab edilməsi”nə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 2012-ci ildən Azərbaycan Respublikasını tərk edərək yaşamaq üçün Türkiyə Respublikasına getdiyini, gedərkən onu da özü ilə apardığını, 2014-cü ildə nənəsi X3 Türkiyə Respublikasına gələrək onu Azərbaycana qaytardığını, nənəsinin 26.06.2020-ci il tarixdə öldüyünü, öldüyü günə qədər nənəsinin himayəsində və onunla birlikdə yaşadığını, Azərbaycan Respublikasına qayıtdığı gündən etibarən anası ilə olan bütün əlaqələrinin kəsildiyini, 2014-cü ildən sonra anasının nə onunla, nə də nənəsi ilə heç bir əlaqə saxlamadığını, onun sağ olubolmaması barədə də hər hansı məlumat olmadığını, dəfələrlə onunla əlaqə saxlamaq istəsə də tapa bilmədiyini, nənəsinin ölümündən sonra hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin miras qaldığını, nənəsinin birinci növbədən vərəsəsi olan anası X4 ilə bağlı heç bir məlumat olmadığından nənəsindən miras qalmış həmin mənzili vərəsə kimi qəbul edə bilmədiyini bildirmiş, buna görə də 16.05.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş anası X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən ərizəçinin nümayəndəsi onun ləğv, ərizənin təmin olunmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə nümayəndəsi (vəkili) vasitəsilə lazımi qaydada məlumatlandırılmış ərizəçi məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İşin müəyyən olunan hallarına əsasən ərizəçinin anası X4 16 may 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev (keçmiş Ə.Ələkbərov) küçəsi, 95A nömrəli evin 39 nömrəli mənzilində qeydiyyatda olmaqla orada yaşamış, 24.05.2012-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib İran istiqamətində getmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, ərizəçinin nənəsi (anasının anası) X5 26.06.2020-ci il tarixdə vəfat etmişdir və ərizəçi ondan qalmış miras əmlakı (mənzili) ikinci dərəcəli vərəsi kimi qəbul edə bilmədiyini (birinci dərəcədən vərəsə olan anası mirası qəbul etmədiyi üçün) irəli sürərək anasının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, ikinci dərəcədən vərəsənin miras əmlakı qəbul etməsi üçün birinci dərəcəli vərəsənin ölmüş elan edilməsi mütləq deyildir; belə ki, əvvəlki dərəcədən olan vərəsənin mirası qəbul etməkdən (rəsmi və ya faktiki) imtina etməsi, yaxud susması, sonrakı dərəcədən olan vərəsənin mirası qəbulu üçün imkan yaradır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1273-1-ci maddəsinə görə isə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Digər tərəfdən qeyd olunmalıdır ki, şəxsin ölmüş elan edilməsi qanunla müəyyən edilmiş müstəsna hallarda tətbiq edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hüquqi vasitədir və yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. İşin hallarından aydın olur ki, ərizəçi, anasının axtarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, yalnız onun 5 ildən artıq müddət ərzində ölkədə yaşamadığına əsaslanmışdır. Halbuki, şəxsin digər ərazidə (şəhərdə, ölkədə) yaşaması və bu barədə əvvəlki yaşayış yerinə məlumat verməməsi, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Ərizəçinin deməsinə görə, X4 Azərbaycan Respublikasını tərk edib Türkiyə Cumhuriyyətinə getmişdir – hansı ki, son beş il ərzində onun nə ölkə ərazisində, nə də Türkiyə Cumhuriyyəti ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər həyata keçirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, Olqa Mixaylovanın ölmüş elan edilməsi üçün kifayət qədər sübut mövcud deyildir və birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1957/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar