Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-442/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə əlavə mənzil sahəsinə görə çox ödənilmiş 4.500 manat, ödənilməmiş kirayə haqqının əvəzi olaraq 14.800 manat, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli 1 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134.2 kv.m olan mənzilin təmiri üçün alınmış mal-materialların alınması üçün xərclənmiş vəsaitin əvəzi olaraq 1.514 manat, 2 ədəd giriş qapısının dəyərini təşkil edən 340 manat, elektrik naqillərinin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 525 manat, kombi istilik sisteminin alınıb-quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 2.030 manat, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 340 manat pul vəsaitinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; - mənzilin yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə MMC tərəfindən ona təhvil verilməsi; - mənzilin xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, binanın istismara qəbul aktı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının və mənzilin qeydiyyatı üçün lazım olan xərcin əvəzi olaraq 205 manat məbləğində pulun MMC tərəfindən ona təhvil verilməsi; - iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 163 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən evlərin sökülməsi və həmin ərazidə yüksək mərtəbəli binanın tikintisi planlaşdırıldığından, iddiaçıya məxsus sökülməsi nəzərdə tutulan və Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində yerləşən 10 saylı evin 14 saylı mənzilində divarları nəzərə alınmadan içdən-içə ölçmə işləri aparılmış və iddiaçıya inşa ediləcək yeni binada sahəsi 106,2 kv.m olan 3 otaqlı təmirli mənzilin iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçıya bir neçə mənzil təklif edilmiş, hətta xx.xx.2017-ci il tarixdə ümumi sahəsi 123.2 kv.m olan mənzil təklif edilmiş, mənzillərlə bağlı müqavilələr bağlanmış, lakin hər dəfə aparılmış ölçmə işləri nəticəsində təklif edilən mənzil sahələrinin iddiaçıya verilməsi nəzərdə tutulan sahədən az olduğu müəyyən edildiyi üçün iddiaçı həmin mənzillərdən imtina etmiş, uyğun mənzil sahəsi mövcud olmadığı üçün yeni mənzil təklif edilməmişdir. 2019-cu ilin ortalarında iddiaçı, yeni inşa edilən 1 saylı binanın 7-ci mərtəbəsində ona təklif edilmiş 60 nömrəli mənzilin sahəsindən daha böyük sahəsi olan 41 nömrəli boş mənzilin olduğunu aşkar etmiş və bu mənzilin ona verilməsini MMC-yə təklif etmişdir. İddiaçının ona verilməsini təklif etdiyi mənzilin sahəsi iddiaçıya verilməsi nəzərdə tutulan mənzil sahəsindən böyük olduğundan MMC, sahə fərqinin dəyərinin ödənilməsi şərti ilə mənzilin iddiaçıya verilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçı bu şərtlə razılaşmış və onunla sonuncu 33 saylı xx.xx.2019-cu il tarixli yeni müqavilə bağlanmaqla həmin mənzilin cavabdeh MMC tərəfindən yüksək keyfiyyətlə tam təmir edilməklə iddiaçının mülkiyyətinə təhvil verilməsi barədə razılığa gəlinmişdir. Lakin cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və əsassız olaraq iddiaçıdan aldığı pul vəsaitini də geri qaytarmamışdır. Belə ki, mənzillər arasındakı sahə fərqi nəzərə alınmaqla iddiaçı tərəfindən MMC-yə (134.2 kv.m – 123.2 kv.m = 11 kv.m x 1.200 =) 13.200 manat ödənilməli olduğu halda, cavabdeh MMC iddiaçıya müxtəlif bəhanələrlə 17.700 manat ödətdirmiş və artıq ödənilmiş 4.500 manat pul vəsaitini əsassız olaraq indiyədək geri qaytarmamışdır. Bundan başqa, müqaviləyə əsasən, mənzil iddiaçıya yüksək keyfiyyətlə təmir edilib təhvil verilənədək digər yerdə kirayə qalmağı üçün hər ay 400 manat kirayə haqqı ödənilməli idi. Lakin 2020-ci ildən MMC iddiaçıya kirayə haqqı vermir, iddiaçı kirayə haqqını özü ödəmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixə MMC-nin iddiaçıya kirayə haqqı borcu (37 ay x 400 manat =) 14.800 manat təşkil edir. Mənzilin təmiri zamanı MMC tərəfindən iş icraçısına mal-materialların alınması üçün vaxtında pul ayrılmadığından, təmir işlərinin yubanmaması üçün iddiaçı məcbur qalıb lazım olan bəzi mal-materialların alınması üçün 1.514 manat xərcləmişdir. İddiaçı, özünə məxsus mənzilin və həmin binanın 11-ci mərtəbəsində yerləşən 60 nömrəli mənzilin giriş qapılarını dəyişdirmişdir. Cavabdeh MMC tərəfindən quraşdırılmış qapıları isə çıxarıb satmaq məqsədi ilə qapıların yanına qoymuşdur. Cavabdeh MMC-nin işçiləri qapıları götürüb binada başqa yerlərdə quraşdırmışlar. 2 ildir 2 ədəd qapının dəyəri olan 340 manat iddiaçıya ödənilmir. Müqaviləyə əsasən, MMC binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində mənzili yüksək keyfiyyətlə tam təmir edilmiş vəziyyətdə iddiaçıya təhvil verməli idi. Lakin mənzil yüksək keyfiyyətlə təmir edilməmişdir. Hətta keyfiyyətsiz təmir edilmişdir. Belə ki, mənzildə suvaq işləri keyfiyyətsiz aparılmış, qapı kənarları divara tam oturmamış, hörgü işləri düzgün aparılmamış, təmir işləri iddiaçı ilə razılaşdırılmamışdır. Qapı yerləri qapıların hündürlüyünə uyğun hörülməmiş, bu səbəbdən qapılar qoyulduqdan sonra qapıların başında 7-15 sm məsafə qalmış, bunu bağlamaq üçün isə iddiaçı əlavə xərc çəkərək müxtəlif ölçülü naliçniklər hazırlatmaq məcburiyyətində qalmışdır. Mənzildə elektrik xətləri çəkilərkən iddiaçı keyfiyyətli, standarta uyğun elektrik naqillərindən istifadə edilməsini tələb etmiş, iş icraçısı Bəhlul Ağayev iddiaçının istədiyi naqilləri özünün almasını, pulunu şirkətdən alıb, ona verəcəklərini bildirmişdir. İddiaçı ona bildirilən 940 metr uzunluqda, müxtəlif ölçülü (d6, d4 və d2,5) naqilləri alıb iş icraçısına vermişdir. Lakin elektrik xətləri keyfiyyətsiz çəkilmişdir. Belə ki, iş icraçısı ən keyfiyyətsiz qarmoşka borular almış və mənzildə işləyən işçilər ayaqladığından, borular əksər yerdən qırılmış və elektrik xətlərinin üstü 50 sm, bəzi yerlərdə 1 metr açıq vəziyyətdə qalmış, qarmoşka borular yerə dupil mismarla vurulmuş, borular qırıldığından naqillər həmin mismarlara təmas etmişdir. Belə olan halda iddiaçı narazılığını bildirmiş və boruları sökdürmüşdür. Qeyd edilənlərə əsasən iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh MMC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə T85 №-li ilkin müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə 2 otaqlı, 63.8 kv.m-dən ibarət mənzilin əvəzinə, iddiaçıya həmin ünvanda 106.2 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzil təhvil verilməsi barədə öhdəlik götürülmüşdür. İddiaçı, layihə üzrə ona təqdim edilmiş 106.2 kv.m-dən ibarət mənzili ölçmüş, mənzilin sahəsinin az olmasını əsas gətirərək imtina etmişdir. Bu səbəbdən də, iddiaçı ilə xx.xx.2017-ci il tarixdə yeni 33 saylı müqavilə bağlanmışdır. İddiaçı 106.2 kv.m əvəzi olaraq, yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən 60 saylı, 3 otaqlı, ümumi sahəsi 123.2 kv.m-dən ibarət olan mənzili, qızının həyat yoldaşı X2 verilməsini xahiş etmiş və onunla xx.xx.2019-cu il tarixdə 33 №-li müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə T85 №-li ilkin müqaviləyə əsasən, tikinti başa çatanadək MMC tərəfindən iddiaçıya hər ay müvəqqəti yaşayış məqsədilə 400 manat kirayə haqqı verilməsi barədə öhdəlik götürülmüşdür. İddiaçıya müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənilmiş, iddiaçı mənzilinin Samir Əhmədova verilməsini xahiş etdiyi xx.xx.2019-cu il tarixli 33 №-li müqavilə bağlandıqdan sonra kirayə pulu dayandırılmışdır. İddiaçıya xx.xx.2017-ci il tarixli ilkin müqavilənin əvəzi olaraq binanın 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134.2 kv.m-dən ibarət olan mənzil təklif edilmiş və xx.xx.2019-cu il tarixli 33 №-li müqavilə bağlanmışdır. Həmin “Müqavilənin” 4.2-ci bəndinə əsasən, xx.xx.2017-ci il tarixli 33 №-li müqavilə qüvvədən düşmüş hesab edilmiş, son müqavilə üzrə mənzillərin ölçüləri arasındakı fərqin dəyəri (134.2 kv.m - 123.2 kv.m = 11 kv.m x 1.200 manat =) 13.200 manat iddiaçı tərəfindən MMC-yə ödənilməlidir. İddiaçı mənzillərin ölçüləri arasındakı fərqin dəyəri kimi müqavilə üzrə MMC-yə 13.200 manat ödəniş etmişdir. Sadəcə MMC-nin mühasibinin səhlənkarlığı ucbatından iddiaçının adından bank hesabına 13.200 manat deyil, 17.700 manat, yəni artıq 4.500 manat ödənilmişdir. İddiaçıya müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənilmişdir. Bu məqsədlə 2019-cu ilin noyabr ayınadək iddiaçıya 11.600 manat pul ödənilmişdir. İddiaçının mənzilinə istilik sisteminin, kombi aparatının və radiatorların qoyulması, çəkilməsi barədə müqavilə üzrə MMC-nin öhdəlikləri olmamışdır. İddiaçının tikinti işlərinin keyfiyyətsiz aparılması tələbi də əsassızdır. Belə ki, MMC, təmirin sakinlər tərəfindən aparılmasını ilkin olaraq sakinlərin özlərinə təklif edir və hər bir kv.m-ə uyğun olaraq onlara təmir üçün pul ödənilməsini təklif edir. Sakinlər pul təklifindən imtina etdikdə, təmir MMC tərəfindən həyata keçirilir. Təmir işlərinə sakinlər özləri nəzarət edir, onlara rəng, divar kağızlarının, kafel-metlax və aksesuarların seçilməsində üstünlük, sərbəstlik verilir. Bütün sakinlərin mənzillərinə eyni giriş qapıları qoyulur, sakinlər MMC-nin qoyduğu qapılarla razılaşmadıqda, qapının dəyər qiyməti onlara ödənilir, istədikləri qapını özləri alır. İddiaçıya hümanistlik göstərilərək mülkiyyətində olan 2 otaqlı, 63.8 kv.m-dən ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 106.2 kv.m-dən ibarət 3 otaqlı təmirli mənzil təhvil vermək barədə öhdəlik götürülmüşdür. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 33 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən MMC-yə artıq ödənilmiş 4.500 manat, MMC tərəfindən iddiaçıya ödənilməmiş 14.800 manat kirayə haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 manat məbləğində pulun MMC tərəfindən iddiaçıya ödənilməsini, MMC ilə iddiaçının arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 33 saylı müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının 1 saylı binasının 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə MMC tərəfindən iddiaçıya təhvil verilməsini, mənzilin xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışının MMC tərəfindən iddiaçıya təhvil verilməsini, iddianın qalan hissədə rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-yə iddiaçı tərəfindən 33 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13.200 manat ödənilməli olduğu halda, 17.700 manat ödənilmişdir. Bununla da, 4.500 manat pul vəsaitinin artıq ödənilməsi müəyyən olunmuşdur. İddiaçının bu hissədə tələbi əsaslı hesab edilir, ona dəymiş zərər ödənilməlidir. Rayon Məhkəməsi iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 5.5-ci bəndinə görə, mənzil təhvil verilən günədək 400 manat kirayə haqqı ödənilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mənzil iddiaçıya təhvil verilməmişdir. Belə olan halda, cavabdeh MMC tərəfindən iddiaçıya 14.800 manat (37 ay üçün) kirayə pulu ödənilməlidir. İddianın pul tələbi ilə bağlı qalan hissəsinin rədd edilməli olması qənaətinə gəlmiş Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinin tələblərinə istinadən hesab etmişdir ki, iddiaçı iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir. İddianın “yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə mənzilin təhvil verilməsi” hissəsini isə əsaslı hesab etmiş Rayon Məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Rayon Məhkəməsi həmçinin mənzilin qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin təhvil verilməsi hissəsində də iddianı əsaslı olduğundan təmin etmişdir. Eyni zamanda, Rayon Məhkəməsi dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən etmişdir. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, tələb olunan (4.500 + 14.800 + 1.514 + 340 + 525 + 2030 + 340 =) 24.000,49 manatın 19.300 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 163 manat dövlət rüsumunun 147,90 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumunun iddiaçıya aid edilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçının apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iddianın bir qisminin rədd edilməsini iddiaçının həmin tələbləri əsaslandırmaması ilə izah etmişdir. Halbuki iddianın tam təmin edilməsi üçün bütün əsaslar iş materiallarında olmuşdur. Rayon Məhkəməsi təmirin keyfiyyətli olub-olmaması və iddiaçı tərəfindən təmirə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekspertiza təyin etməli idi.
8. Cavabdeh MMC də qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.
9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iddianın qismən təmin edilməsini əsaslandırmaq üçün Mülki Məcəllənin öhdəliklər və podratla bağlı müddəalarına istinad etmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, qətnamədə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu göstərilməmiş, tutulmalı olan məbləğlərin əsası və bununla bağlı hər hansı sübut qeyd edilməmiş, iddiaçının izahatı əsas götürülmüşdür. Podrat münasibətlərinin istinad olunan maddələrinə nisbətdə hansı əsasla pozulması qeyd edilməmişdir. Mübahisəli mənzilin tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsinə əhəmiyyət verilməmiş, bu əhəmiyyətli məqam araşdırılmamışdır. Qətnamədə hansı faktiki halların araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən etiraza münasibət bildirilməmişdir. Mübahisəli mənzilin iddiaçıda olması səbəbindən həmin mənzilin hansı əsasla iddiaçıya bir daha təhvil verilməsi, ona dair sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməli olması aydın deyildir. e) apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
11. Cavabdeh MMC-nin nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, MMC-nin verdiyi şikayətin dəlillərini müdafiə edərək, bu şikayətin və iddia tələbinə qarşı verilmiş etirazın dəlillərinə uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
12. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə rədd edilməlidir.
13. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MMC Tələt Şıxəliyev küçəsi, ev 10, mənzil 14 ünvanda yerləşən, 3 otaqlı, 106.2 kv.m mənzili iddiaçıya verməyi öhdəsinə götürür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı iddiaçıya ödənilməlidir.
14. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, MMC Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 89 nömrəli (1 otaqlı) və 90 nömrəli (2 otaqlı), ümumi sahəsi müvafiq olaraq 55,2 kv.m və 55,8 kv.m olan mənzilləri yüksək keyfiyyətlə tam təmir edərək iddiaçının mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi aylıq 400 manat kirayə haqqı iddiaçıya ödənilməlidir.
15. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, MMC, Tələt Şıxəliyev küçəsi, bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı iddiaçıya ödənilməlidir.
16. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, MMC, Tələt Şıxəliyev küçəsində yerləşən yaşayış binasının 1ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən MMC həmin küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m-dən ibarət olan mənzilin 123.2 kv.m sahəsini Tələt Şıxəliyev küçəsi, ev 10 mənzil 14 ünvanında sökülmüş mənzili ilə əvəz edir və iddiaçı 11 kv.m sahənin dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı, ümumi məbləği 13.200 manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq ödənilmiş və borcu qalmamışdır. MMC, müqavilə üzrə əlavə olaraq aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür: - binanın karkası və bütün hörgü işləri; - binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; - binanın xaricində bütün suvaq işlərinin həyata keçirilməsi; - binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; - yaşayış binasında inşa ediləcək mənzillərə müvafiq qaydada su və tullantı suları üçün boruları, elektrik və qaz xəttlərini, mənzilləri giriş qapısı, xarici pəncərələr və onların şüşələrini təchiz etməyi; - mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, müvafiq sınaqlardan keçirilməsinin yoxlanılması; - arakəsmələrin hörülməsi; - yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; - bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; - texniki və içməli su anbarının tikilməsi; - nasos stansiyalarının quraşdırılması; - abadlıq işləri.
17. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, MMC tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci binasının 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzil iddiaçıya aiddir.
18. İddiaçı bildirir ki, mənzillər arasındakı sahə fərqi nəzərə alınmaqla onun tərəfindən cavabdeh MMC-yə (134.2 kv.m – 123.2 kv.m = 11 kv.m x 1.200 =) 13.200 manat ödənilməli olduğu halda, cavabdeh MMC iddiaçıya müxtəlif bəhanələrlə 17.700 manat ödətdirmiş və artıq ödənilmiş 4.500 manat pul vəsaitini əsassız olaraq indiyədək geri qaytarmamışdır.
19. Cavabdeh MMC mübahisəli mənzilin dəyərinin tam ödənilməsini mübahisələndirmir və tələbə etirazında iddiaçı tərəfindən mənzillərin ölçüləri arasındakı fərqin dəyəri kimi müqavilə üzrə MMC-yə 13.200 manat ödəniş etdiyini, MMC-nin mühasibinin səhlənkarlığı ucbatından iddiaçının adından bank hesabına 13.200 manat deyil, 17.700 manat, yəni artıq 4.500 manat ödənildiyini bildirir.
20. Lakin cavabdeh MMC-nin bu dəlili iş materialları ilə təkzib olunur. Belə ki, xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə 17.700 manat ödəniş həyata keçirmişdir. Cavabdeh MMC tərəfindən etirazın dəlilini təsdiq edən sübut təqdim edilməmişdir.
21. Beləliklə araşdırma nəticəsində iddiaçının MMC-yə mənzil sahələri arasında yaranmış 11 kv.m sahə fərqi üçün 4.500 manat artıq ödəniş edildiyi müəyyən edilir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.).
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC hüquqi əsas olmadan iddiaçının hesabına 4.500 manat əldə etdiyi üçün həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Müzakirə edilən hissədə iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslı, cavabdeh MMC-nin apellyasiya şikayəti isə əsassızdır.
25. İddiaçı ödənilməmiş kirayə haqqının əvəzi olaraq cavabdehdən 14.800 manat pul tələb edir. İddiaçı bildirir ki, mənzil iddiaçıya yüksək keyfiyyətlə təmir edilib təhvil verilənədək digər yerdə kirayə qalmağı üçün hər ay 400 manat kirayə haqqı ödənilməli idi. Lakin 2020-ci ildən MMC iddiaçıya kirayə haqqı vermir, iddiaçı kirayə haqqını özü ödəmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixə MMC-nin iddiaçıya kirayə haqqı borcu (37 ay x 400 manat =) 14.800 manat təşkil edir.
26. Cavabdeh MMC isə iddiaçıya müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənildiyini, bu məqsədlə 2019-cu ilin noyabr ayınadək iddiaçıya 11.600 manat pul ödənildiyini bildirir.
27. Tərəflərin izahatlarından 2020-ci ildən iddiaçıya kirayə haqqının ödənilmədiyi işin mübahisəsiz halı kimi müəyyən edilir.
28. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, iddiaçı mənzilinin Samir Əhmədova verilməsini xahiş etdiyi xx.xx.2019-cu il tarixli 33 №-li müqavilə bağlandıqdan sonra kirayə pulu dayandırılmışdır.
29. Lakin etirazda qeyd edilən bu əsas məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilən müqavilədə mənzilin Samir Əhmədov adlı şəxsə deyil, iddiaçıya təhvil verilməli olduğu nəzərdə tutulmuşdur. Mübahisəli mənzilin iddiaçıya müqavilə şərtlərinə uyğun təhvil verilib-verilməməsi tərəflər arasında mübahisə doğurduğundan kirayə haqqının əvəzinin ödənilməsi tələbinə bu hal aydınlaşdırıldıqdan sonra qiymət verilməli idi.
30. Lakin Rayon Məhkəməsi mənzilin iddiaçıya təhvil verilmədiyi qənaətinə gələrkən, bu qənaətini əsaslandırmamış, mənzilin müqavilə şərtlərinə uyğun təhvil verilibverilməməsini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin etməmişdir. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin təmirin keyfiyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olması ilə bağlı dəlili əsaslı hesab edilir. Çünki qeyd edilən halın aydınlaşdırılması xüsusi bilik tələb edir və məhkəmə bu sahədə xüsusi biliyə malik deyil.
31. MPM-in 97.1-ci maddəsinin tələbinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
32. MPM-in 385.1 və 385.1.2-ci maddələrinin mənasına görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. İşə apellyasiya qaydasında baxılan zaman tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 №-li müqavilənin predmeti olan mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarına” uyğun hesablanmaqla müəyyən edilməsinə və mənzilin faktiki sahəsinin rəsmi sənədlərdə (binanın layihəsi, “Müqavilə”, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış və texniki pasport) nəzərdə tutulmuş mənzilin ümumi ölçülərinə uyğun gəlib-gəlməməsinin aydınlaşdırılması məqsədi ilə cavabdeh MMC-nin vəsatəti əsasında Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9949 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının istifadəsində olan və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin faktiki ümumi sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadıqda) 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda, İddiaçı istifadəsində olan 41 saylı mənzilin faktiki ümumi sahəsinin (126,4 kv.metr) tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 34 saylı müqavilədə mənzilin ümumi sahəsinin binanın və mənzilin tikinti layihəsində göstərilən, həmçinin “Müqavilədə” (134,2 kv.metr) razılaşdırılan mənzilin ümumi ölçülərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən, iddiaçının istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 41 saylı mənzilin ümumi sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan 41 saylı mənzilə dair “Reyestrdən çıxarış” və “Texniki pasport” sənədləri iş materiallarında olmadığından müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarında” nəzərdə tutulmuş müvafiq azaltma əmsalları nəzərə alınmadıqda İddiaçı istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasında, 1 saylı binanın 7ci mərtəbəsində yerləşən 41 saylı mənzilin faktiki sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
35. Göründüyü kimi, iddiaçının istifadəsində olan yuxarıda qeyd edilən 41 saylı mənzilə dair “Reyestrdən çıxarış” və “Texniki pasport” sənədləri olmadığından müqayisəli tədqiqat aparılmaqla yaşayış sahəsinin faktiki ölçüsünün mülkiyyət hüququna dair çıxarışda və texniki pasportda göstərilən ölçüyə uyğun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır.
36. Ekspertizanın verdiyi rəy daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında iddiaçı, hazırda istifadəsində olan 41 saylı mənzilin “Çıxarışın” və “Texniki pasportun” onda olmadığını bildirmiş və əvvəl istifadəsində olan evin hüquqmüəyyənedici sənədlərini Məhkəməyə təqdim etmişdir.
37. Məhkəmə, iddiaçının istifadəsində olan 41 saylı mənzilə dair “Çıxarışın” və “Texniki pasportun” olmaması səbəbindən müqayisəli tədqiqat aparılmaqla yaşayış sahəsinin faktiki ölçüsünün mülkiyyət hüququna dair “Çıxarışda” və “Texniki pasportda” göstərilən ölçüyə uyğun olub-olmamasının müəyyən edilməsini işin düzgün həlli üçün əhəmiyyətli hesab etmişdir.
38. Digər tərəfdən, mənzilin təmirinin yüksək keyfiyyətli təmir sayılıb-sayılmaması halının da aydınlaşdırılması üçün həmin sual da ekspertiza qarşısında qoyulmaqla iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
39. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6535 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” əsasən, iddiaçının istifadəsində olan 41 saylı mənzilin ümumi sahəsinin 126,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilə dair “Reyestrdən çıxarış” və “Texniki pasport” sənədləri olmadığından müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Mənzilin divarlarında 90 dərəcə hamarlıq gözlənilmədiyini, quraşdırılmış keçid qapılarının kənarlarının və döşəməyə vurulmuş künclüklərin (plintusların) divarlarda 90 dərəcə hamarlıq gözlənilmədiyindən divarlardan aralı şəkildə olduğunu, elektrik dəstlərinin elektrik yuvalarına bərkidilmədiyini, divar və döşəmələrə vurulmuş kafel-metlaqların aralarının doldurulmadığını nəzərə alaraq, həmin mənzildə aparılmış təmir işlərinin tikintitexniki baxımdan keyfiyyətsiz yerinə yetirildiyi müəyyən olunmuşdur.
40. Apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyləri nəticəsində xx.xx.2019cu il tarixli, 33 №-li müqavilədə nəzərdə tutulmuş ölçüdə və keyfiyyətdə mənzilin iddiaçıya təhvil verilmədiyi müəyyən edilmişdir. Müqavilənin 5.5-ci bəndinə görə, mənzil təhvil verilən günədək MMC tərəfindən iddiaçıya 400 manat kirayə haqqı ödənilməlidir. Belə olan halda, cavabdeh MMC tərəfindən iddiaçıya iddia tələbi həddində (37 ay üçün) 14.800 manat kirayə pulu ödənilməlidir. Müzakirə edilən hissədə iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslı, cavabdeh MMC-nin apellyasiya şikayəti isə əsassızdır.
41. İddia tələbinin “mənzilin təmiri üçün alınmış mal-materialların alınması üçün xərclənmiş vəsaitin əvəzi olaraq 1.514 manat, 2 ədəd giriş qapısının dəyərini təşkil edən 340 manat, elektrik naqillərinin alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 525 manat, kombi istilik sisteminin alınıb-quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 2.030 manat, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün çəkilmiş xərcin əvəzi olaraq 340 manat pul vəsaitinin cavabdeh MMC-dən tutulması” hissələrinə münasibətdə Məhkəmə hesab edir ki, iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə MPM-in 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir.
42. İddianın “mənzilin təhvil verilməsi” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi müqavilə şərtlərinə uyğun ölçüdə və keyfiyyətdə mənzilin iddiaçıya təhvil verilmədiyi öz təsdiqini tapdığından iddia həmin hissədə əsaslıdır. Cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
43. Mülki Məcəllənin tələblərinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər (maddə 423.2.). öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.1.). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (maddə 759.2.).
44. Göründüyü kimi, cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir.
45. Məhkəmə iddia tələbinin “zəruri sənədlərin təhvil verilməsi” hissəsi ilə bağlı da hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
46. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
48. Mülki Məcəllənin 178.8-ci maddəsinə görə, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
49. Lakin iddianı həmin hissədə təmin etmiş Rayon Məhkəməsi bu nəticəyə gəlmək üçün əsas təşkil edən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan normaları tətbiq etmişdir.
50. Belə ki, Rayon Məhkəməsinin tətbiq etmiş olduğu Mülki Məcəllənin 148.2-ci (daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir), Mənzil Məcəlləsinin 112.1-ci (mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir), 113.1-ci (mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir), 113.2-ci (Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır) maddələri hazırki münasibətlərə tətbiq edilməli olan maddi hüquq normaları deyil. Hazırki mübahisənin tərəfi mənzil-tikinti kooperativi deyil, məhdud məsuliyyətli cəmiyyətdir, mübahisəli əmlak isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunmur. Əksinə iddiaçı hüquqlarının qeydə alınması üçün zəruri sənədlərin ona təqdim edilməsini tələb edir və bu tələbində haqlıdır.
51. MPM-in 385.1 və 385.1.1-ci maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. g) apellyasiya baxışının nəticəsi
52. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu yekun nəticə düzgün olsa da, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi prosessual pozuntularla müşayiət edildiyindən və bu hallar qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil etdiyindən, qətnamə qismən, yəni mənzilin və onun qeydə alınması üçün zəruri sənədlərin təhvil verilməsi barədə tələbin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
53. Belə ki, MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
54. Həmçinin gəlinən nəticəyə təsir edən dəlillərinin əsaslılığına münasibətdə iddiaçının apellyasiya şikayəti qismən əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassız hesab edilməlidir.
55. İş üzrə gəlinmiş nəticəni nəzərə alan Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə cavabdeh MMC-dən tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 56 Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzilin yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi və mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışının Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin. RNQ Group” MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı, 08 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı, 08 noyabr 2019cu il tarixli müqaviləyə əsasən həmin 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışı Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Hazırki iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 33 saylı müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə artıq ödənilmiş 4.500 manat, Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməmiş 14.800 manat kirayə haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hazırki qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.