Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4421/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4421/2023 (Açar sözlər: borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 822/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozaraq qazdan qanunsuz istifadə etdikləri üçün 9650,14 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Hazırda onun 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7646,15 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 7643,75 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvana quraşdırılmış sayğac elektron olduğundan karta pul yükləməklə, təbii qazdan istifadə edir. Lakin kartından tutulmalar aparıldığını görüb bununla bağlı cavabdeh quruma müraciət ünvanlamışdır. Müraciətinə baxılan zaman cavabdeh qurumun əməkdaşları tərəfindən mərhum atası barəsində tərtib edilmiş çoxsaylı aktlar ona təqdim edilmişdir. 2021-2022-ci illərdə tərtib olunmuş həmin çoxsaylı aktlar təbii qaz xəttindən guya özbaşına istifadə və müdaxilə ilə əlaqədardır. Hesab edir ki, həmin aktlar tamamilə əsassızdır. Belə ki, o, heç vaxt nə özbaşına qaz xəttinə qoşulmuş, nə də qaz sayğacına müdaxilə etmişdir. Bununla bağlı heç bir sübut yoxdur. Həmin aktlar tərtib olunarkən onlara məlumat verilməmiş, iştirakları təmin edilməmişdir. Atasının adına formal olaraq tərtib edilmiş aktlara görə, ondan tələbdə göstərilən məbləğdə cərimə tutulması tamamilə qanunsuzdur. 01.2021-ci ildən 09.2022-ci ilədək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmış, həmin məbləğdən kartından tutmalar aparıldıqdan sonra tələb olunan məbləğ 7646,15 manat təşkil edir. Cavabdeh nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli müraciətlə bağlı qeyd edir ki, yaşadığı ünvanda Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün, yəni məcburiyyətdən 9650,14 manat borcu olduğunu qəbul etməsi barədə müraciəti imzalamışdır. O, qeyd olunanlara əsasən, ilkin iddianın təmin edilərək, hesablanmış borcun silinməsini, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi isə belə əsaslandırılmışdır ki, İddiaçı, eləcə də mərhum atası faktiki yaşadıqları ünvan 1 ünvanında özlərinə məxsus fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarını pozaraq qazdan qanunsuz istifadə etdikləri üçün təmsil etdiyi quruma ümumilikdə 9650,14 manat məbləğində maddi ziyan vurmuşlar. Sonradan atasının vəfat etməsi ilə əlaqədar onun adına qeydiyyata alınmış abonent kodu İddiaçı adına dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə o, 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Hazırda onun 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-822/2023 saylı 01 fevral 2023- cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna aktlar üzrə əsassız olaraq hesablanmış 6856, manat məbləğində borcun silinməsi vəzifəsinin ilkin iddia üzrə Cavabdeh İB-yə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 885,6 manat məbləğində dəymiş ziyan məbləğinin tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 260.2, 560.3, 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən ilkin iddia üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. Qeyd olunan ünvanda ilkin olaraq İddiaçı atası istehlakçı kimi qeydiyyata alınmış, lakin sonradan atasının vəfat etməsi ilə əlaqədar onun adına qeydiyyata alınmış abonent kodu İddiaçı adına dəyişdirilmişdir. Tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. HəminTələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da 9650,14 manat məbləğində dəymiş ziyanın hesablanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı 9650,14 manat məbləğində borcu yazılı ərizəsi ilə qəbul etmiş, hissə-hissə tutulması üçün smart kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman onun 7643,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdeh İByə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. Maddə 560. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
18. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
19. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
20. Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
21. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
23. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
24. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2022-ci il tarixədək olan redaksiya).
25. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.[51] (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qətnamənin ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etməklə, qarşılıqlı iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, iş materiallarında olan X1 adına açılmış abonentin saldosundan (abonent kodu: **********00000) müəyyən olunur ki, ünvan 1 ünvanında 01.2021-ci ildən 09.2022-ci ilədək aktlar üzrə cəmi 7741,44 manat məbləğində cərimə hesablanmışdır.
36. xx.xx.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür.
37. Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı 9650,14 manat borc məbləği ilə tanış olduğunu, borcu qəbul etdiyini bildirmiş, həmin ünvanda onun yaşadığını nəzərə alaraq, ona məxsus ünvana quraşdırılmış Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.
38. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, abonentə məxsus sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyriqanuni istifadə etdiyi müəyyən edilmiş və buna görə 885,6 manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Digər aktlar da eyni qayda ilə tərtib edilmiş və eyni üsulla zərər hesablanmışdır.
39. Apellyasiya icraatı zamanı qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olubolmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 3-16-16/2 3/1196 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmur.
40. Eyni zamanda iş üzrə verilmiş mütəxəssis rəyində məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı aşağıdakılar göstərilmişdir: 1) ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən ünvan 1 ünvanında yerləşən evdə 1502AZ**********07 nömrəli G-4 markalı smart-kart tipli qaz sayğacı xx.xx.2016-cı il tarixində quraşdırılmışdır; 2) Cavabdeh İB tərəfindən “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə təqdim edilmədiyindən müqavilə bağlanan zaman və müqavilənin qüvvədə olduğu müddətdə 1502AZ**********07 nömrəli G-4 markalı smart-kart tipli qaz sayğacının işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İstehlakçının abonentin saldosundakı məlumatların (GAZREP) təhlil göstərir ki, 1502AZ**********07 nömrəli G-4 markalı smart-kart tipli qaz sayğacının quraşdırıldığı 2016-cı ilin mart ayından etibarən istehlakçı tərəfindən kart vasitəsilə qaza görə ödəniş edilmiş və İB tərəfindən onun işlək vəziyyətdə olmaması barədə hər hansı akt tərtib edilməmişdir. 3 )“İtron” markalı G-4 smart-kart tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismar müddəti 10 il müəyyən edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğacları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 (beş) il müəyyən edilmişdir. 4) Abonentin qaz sərfinə dair saldosundan görünür ki, 2021-ci il ərzində 65 manat, 2022-ci il ərzində 341 manat məbləğində qaza görə ödəniş edilmişdir. Buna görə də 2021-ci il üzrə orta aylıq qaz sərfi 50 kub metr, 2022-ci il üzrə aylıq qaz sərfi isə 182 kub metr təşkil edir.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzillə bağlı hazırki apellyasiya baxışının predmeti olan qeyri-qanuni qoşulma əsası ilə aktlar tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır.
42. Belə ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar istehlakçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, aktlar istehlakçı tərəfindən imzalanmamışdır (yuxarıda qeyd olunduğu kimi aktlarda qeyd olunan Babayev Yusif xx.xx.2012-ci il tarixdə ölmüşdür). Görünür ki, aktlar birtərəfli qaydada Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya digər istehlakçılar aktları imzalamamışlar. Aktlarda onu imzalamaqdan imtina edildiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktları ilə bağlı mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin apelyator bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
43. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
44. Belə ki, məhkəmə kollegiyası 2022-ci ilin may ayının 1-dən sonra yazılan aktlara münasibədə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
45. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur. Abonent saldosundan isə müəyyən olunur ki, istehlakçı tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir.
46. Həmçinin, məhkəmə kollegiyası təqdim edilmiş İddiaçı Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanladığını, vətəndaşın yalnız imza etdiyi xx.xx.2022-ci il tarixli ərizəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin müraciət vətəndaşın həqiqi iradə ifadəsini əks etdirmir. Belə ki, onun məhkəmə iclasında vermiş olduğu izahatından və ərizənin məzmunundan belə anlaşılır ki, vətəndaş Smart sayğacın kartının verilməsi və qaz hesab kodunun onun adına keçirilməsi üçün forma və məzmunu əvvəlcədən hazır formada tərtib olunmuş həmin ərizəni imzalamışdır.
47. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə əsas vermir.
49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-822/2023 saylı iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. İş üzrə keçirilmiş ekspertizasının xərci qismində 64 (altımış dörd) manatı Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT- BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova