Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4421/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 23 may 2024cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 26 iyul 2023cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilərək Ərizəçi 1978-1988-ci illərdə Ermənistan Respublikasının Vedi (Ararat) rayonunun Şidli kənd kolxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 09 aprel 2024-cü il tarixli qərardadı ilə maraqlı şəxsin ərizəsi rədd edilmişdir. Maraqlı şəxs həmin qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti buraxdığından onun bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 23 may 2024cü il tarixli qərardadı ilə maraqlı şəxsin ərizəsi rədd edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 09 aprel 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, maraqlı şəxsin sözügedən qərardaddan xəbəri olmuş və qərardaddan şikayət verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin maraqlı şəxs qərardaddan şikayət verərkən qanunvericilin tələblərinə riayət etmədiyindən, yəni birinci dəfə qərardaddan apellyasiya şikayəti verməsi (qanunvericilikdə qərardaddan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır), sonra elektron kabinetdən göndərilən şikayət sənədin skan versiyası, elektron imza ilə imzalanmış sənədin əsli olmaması, daha sonra isə verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş əlavə 2-də nəzərdə tutulan tələblərə riayət edilmədən verilməsi əsası ilə məhkəmənin müvafiq qərardadları ilə geri qaytarılmışdır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, nəticə etibarı ilə maraqlı şəxs xx.xx.2024- ci il tarixli qərardadından (həmin gün də elektron kabinetə yerləşdirilmişdir) xx.xx.2024-cü il tarixdə qanunvericiliyin tələblərinə riayət edlilməklə şikayət vermişdir. Göründüyü kimi, məhkəmə şikayətin qanunvericliyin tələblərinə riayət edilmədən verilmədiyini maraqlı şəxsin diqqətinə çatdırmasına baxmayaraq sonuncu həmin nöqsanları vaxtında aradan qaldırmaq imkanı olduğu halda bunu etməmiş, nəticədə qərardaddan şikayət vermə müddətini ötürmüşdür. Həmin qərardaddan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı (nümayəndəsi Nümayəndə1) şikayət verərək ləğv edilməsini və qərardaddan şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 06 iyun 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətdə şikayətin rədd edilməsini, qərardadın qüvvədə saxlanılmasını, eləcə də maraqlı şəxs barəsində xüsusi qərardad çıxararaq cərimə tətbiq olunmasını xahiş edərək qeyd edir ki, maraqlı şəxs qəsdən ərizəni düzgün olmayan formada və mətndən tərtib edərək məhkəmənin iş yükünü artırır. Belə ki, bundan əvvəl 2 dəfə apellyasiya instansiya məhkəməsində baxılaraq iş üzrə qərardad qəbul edilmiş, həmçinin maraqlı şəxsin şikayətləri ilə bağlı birinci instansiya məhkəməsində 12 qərardad çıxarılaraq maraqlı şəxsin şikayətləri təmin edilməmişdir. Maraqlı şəxs olan filial isə məhkəməyə sübut, etiraz və ya izahat təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki işin halları ilə təsdiq olunur ki, maraqlı şəxs prosessual hüquqlarından sui-istifadə edərək dəfələrlə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadları əsassız olaraq mübahisələndirmişdir. Buna görə də müddətin bərpasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə apellyasiya instansiyası məhkəməsi də razılaşır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 23 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3213/2023 saylı, 23 may 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4421/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4421/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver