Məhkəmə qərarları › İş №2(103)-443/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-443/2022

11.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-443/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(005)-2732/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Mətanət-A“ Şirkətinin 01.04.2021-ci il tarixli 123K №li əmrinin ləğv olunması, onun Cavabdehndə əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, 30.11.2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla aylıq 400 (dörd yüz) manat olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqı məbləğinin azı iki faizi məbləğində ödənc tutularaq ona ödənilməsi və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı 21.02.2017-ci ilin tarixindən Cavabdeh satış təmsilçisi kimi əmək fəaliyyətini başlamışdır. 21 fevral 2017-ci ildən 30.11.2020-ci il tarixədək adı çəkilən müəssisədə hər hansı müqavilə olmadan işləmişdir. 30.11.2020-ci il tarixdə müəssisənin kadr və audit şöbəsinin rəhbərləri onu qanunsuz olaraq işə buraxmamışdır. Səbəb olaraq isə guya o, müəssisənin əmlakını mənimsəmişdir. 5 aydan çox onu işə buraxmamaqla yanaşı, onun işdən çıxarılmağına dair əmri və əmək kitabçasını da ona təqdim etməmişlər. Yalnız 01.04.2021-ci il tarixində ona aydın olmuşdur ki, Cavabdeh rəhbərliyi tərəfindən o, qanunsuz şəkildə işdən azad etmiş və guya onun vəzifə öhdəliklərini kobud şəkildə pozmağı kimi rəsmiləşdirmişdir. Halbuki, o, işdən azad olmağına səbəb olacaq hər hansı bir pozuntu etməmişdir. O, bir neçə gün bundan öncə cavabdeh təşkilatdan əmək kitabçasını tələb etdikdə görmüşdür ki, onun işdən çıxarılma barədə əmri 01.04.2021-ci il tarixindən verilmiş və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin surətinin qanunvericiliyə uyğun olaraq ona verilməli olduğunu bildirərək həmin əmrin surətini cavabdeh müəssisədən tələb etsə də əmrin surətini ona veməkdən imtina etmişlər. Göründüyü kimi, Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, vəzifə səlahiyyətlərini aşaraq onun hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Onu da qeyd edir ki, cavabdeh təşkilat 30.11.2021-ci il tarixindən onun əmək haqqını verməmiş, onunla sonuncu haqq-hesab edilməmişdir. Əmək hüquqlarının kobud pozulması səbəbindən qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etmək məcburyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(005)-2732/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(005)-2732/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə əlavə olaraq qeyd olunur ki, iddiaçının işdən azad edilməsi əmək münasibətləri ilə bağlı pozuntular barədə deyil, birbaşa şəxsi münasibətlər zəminində olmuşdur. İddiaçı işdən azad olunması Cavabdeh iddia etdiyi kimi əmək münasibətlərindən yaranan öhdəlikləri pozması və qanunsuzluğa yol verməsi olsa belə, dövlət heç bir MMC-yə audit aparmaq və istintaq hərəkətləri etmək səlahiyyəti vermir. Bununla belə, cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş audit sənədi mötəbər sübut kimi qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya ilk olaraq qeyd edir ki, məhkəmə iddianı tam olaraq rədd etməklə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan: 066253 nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı 21 fevral 2017-ci il tarixli, 33K nömrəli əmrlə Cavabdehnə topdan və pərakəndə satış şöbəsinin satış təmsilçisi vəzifəsinə təyin edilmiş, 01.04.2021-ci il tarixli 123 K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 123 K saylı, 01.04.2021-ci il tarixli əmrin surətindən görünür ki, 01.04.2021-ci il tarixdən Cavabdeh Topdan və Pərakəndə Satış şöbəsinin satış təmsilçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi, 21.02.2017-ci il tarxdən 01.04.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş 2(iki) təqvim günü əsas məzuniyyətə görə pul əvəzi ödənilməsi qərara alınmışdır. Əsas kimi 18.03.2021-ci il tarixli, MA02/116-li ünvana göndərilmiş məktub, Daxili Audit və Nəzarət şöbəsinin 29.03.2021-ci il tarixli Təqdimatı, Kənarlaşmanı əks etdirən təhvil-təslim aktı və ona əlavələr qeyd olunmuşdur. Daxili Audit və Nəzarət Departamentinin Auditoru Fərid Yusifli tərəfindən verilmiş 29.03.2021-ci il tarixli təqdimatın surətinə əsasən tapşırığa görə 18-25.11.2020-ci tarixlərində, tərəflərindən Bakı satış MİQ şöbəsinin satış təmsilçisi İddiaçı Bayram oğlunun işdən azad olma səbəbindən təhvil-təslim prosesi həyata keçirilmişdir. Təhvil-təslim zamanı, satış təmsilçisi İddiaçı təhkim olunmuş alıcılarda (Zona 1, Zona 4 və Zona 5) tərəflərindən uyğunsuzluqlar aşkar olunmuşdur. Ümumi 78 alıcı ilə təhvil-təslim-yoxlama prosesi həyata keçirilmişdir. Təmsilçi İddiaçı təhkim olunmuş alıcılardan 44-ün də şirkət tərəfindən alıcılara ayrılan bonuslar və payların mənimsənildiyi müəyyən olunmuşdur. Nəticədə Zona 1 üzrə 16 alıcıda-6221,08, Zona 4 üzrə 14 alıcıda-7492,30 manat və Zona 5 üzrə 14 alıcıda isə 2377,35 manat fərq yaranmış, alıcılar yaranan fərqləri öz imzaları ilə təsdiq etmişdirlər. Ümumilikdə 16090,73 manat satış təmsilçisi X2 tərəfindən mənimsənilmişdir. Cavabdeh tərəfindən 18.03.2021-ci il tarixdə İddiaçı ünvanlanmış MA-02/116 nömrəli məktubun məzmunundan görünür ki, "xxxx" şirkətində salış təmsilçisi vəzifəsində çalışdığınız dövrdə tərəfinizdən öz vəzifə səlahiyyətlərinizdən sui-istifadə edilərək 16090,73 AZN (on altı min doxsan manat, yetmiş üç qəpik) mənimsənilmiş, şirkətə xeyli miqdarda ziyan vurulmuşdur. Tərəfinizdən mənimsənilən 16090,73 AZN məbləğində dəymiş ziyanın "xxxx" şirkətinə 5 (beş) gün müddətində geri qaytarılmasını sizdən tələb edirik. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, mənimsəmə və israfetmə mülkiyyət əleyhinə olan cinayətlər fəslinə daxil edilməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərə alın ki, pul vəsaiti qeyd olunan tarixdə qaytarıİmayacağı təqdirdə, mənimsənilən pulun qaytarılması və hərəkətlərinizə hüquqi qiymət verilərək barənizdə məsuliyyət tədbirlərinin görülməsi üçün şirkətimiz tərəfindən prokurorluq və məhkəmə orqanlarına müraciət ediləcəkdir. Sərbəst auditor X1 03.06.2021-ci il tarixli, 2HJTg7gV0e №-li müstəqil Auditor hesabatından görünür ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində 43 müştəriyə çatası olan bonuslar 16443,08 manat məbləğində nağd pul vəsaitini şirkətdən götürmüş, lakin müştərilərə verməmişdir. İddiaçı tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş 01.11.2020-ci il tarixli izahatının məzmunundan görünür ki, İddiaçı 2000 manata yaxın yeyinti ola biləcəyini və qaydaları pozmaqla qayda pozuntusu etdiyini etiraf etmişdir. 01.04.2021-ci il tarixli son haqq-hesab sənədindən görünür ki, İddiaçı okladı 400 manat, hesablanmış əmək haqqı 0 manat olmaqla, 2020-ci ilin aprel-oktyabr ayları üzrə cəmi 2147,49 manat məbləğində əmək haqqı ödənilmişdir. Ödəniləcək məzuniyyət haqqı 25,30 manat təşkil edir. Kollegiya qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdehnə 21 fevral 2017-ci il tarixli əmək müqaviləsi üzrə Topdan və Pərakəndə Satış şöbəsinin satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. İşəgötürən Cavabdeh İddiaçı işlədiyi dövr ərzində yol verdiyi pozuntulara görə ƏM-nin 72-ci maddəsində sadalanan “c” bəndində nəzərdə tutulmuş hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, İddiaçı zərər vurması Daxili Audit və Nəzarət Departamentinin Auditoru Fərid Yusifli tərəfindən verilmiş 29.03.2021-ci il tarixli təqdimatla öz təsdiqin tapmışdır. Bundan əlavə əmək fəaliyyətinin yoxlanması məqsədilə Sərbəst auditor rəyi alınmış və nəticədə İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində 43 müştəriyə çatası olan bonusları-16443,08 manat məbləğində nağd pul vəsaitini şirkətdən götürdüyü, lakin müştərilərə vermədiyi müəyyən edilmişdir. Həmçinin İddiaçı işlədiyi dövr ərzində pozuntulara yol verdiyini öz imzası ilə təsdiq etdiyi izahatla etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biri də ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması hesab edilir. ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən işçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ƏM-nin 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. ƏM-nin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. ƏM-nin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Kollegiya, sadalanan maddələrin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, işin bu halları aparılmış araşdırmalar, audit rəyi ilə təsdiq olunur. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya mərhələsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/9083 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan 03.06.2021-ci il tarixli, 2HJTg7gVOe saylı müstəqil Audit hesabatına əsasən 05.03.2019-cu il tarixdən 23.09.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı "xxxx" Şirkətində yaranmış çatışmazlığı 16443,08 manat məbləğində müəyyən edilir. Kollegiya hesab edir ki, İddiaçı öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vurduğundan, Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız hesab edilə bilməz. Mülki işin araşdırılmış halları ilə İddiaçı işlədiyi dövr ərzində Cavabdehnə maddi zərər vurması halı mötəbər sübutlarla sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Mətanət-A“ Şirkətinin 01.04.2021-ci il tarixli, 123K №li əmrinin ləğv olunması, onun “Mətanət-A" Şirkətində əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Kollegiya iddianın 30.11.2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla aylıq 400 (dörd yüz) manat olan əmək haqqının ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh iddiaçını 2020-ci ilin noyabr ayından işə buraxmamış, 01.04.2021-ci ildə isə əmrlə işdən azad etmişdir. İddiaçının işə buraxılmaması Daxili Audit və Nəzarət Departamentinin Auditoru Fərid Yusifli tərəfindən verilmiş 29.03.2021-ci il tarixli təqdimatı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçının işə buraxılmadığı barədə tələbi öz təsdiqini tapmaqla, cavabdehin iddiaçının işə çıxmaması ilə bağlı etirazı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022ci il tarixli, 9/9083 saylı rəyinə əsasən 30.11.2020-ci il tarixdə müəssisə tərəfindən İddiaçı 300,0 manat əmək haqqı ödənilmişdir. Həmçinin 30.11.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək əmək haqqı ödənilməmişdir. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında İddiaçı Cavabdehndə əmək fəaliyyətinin həyata keçirilməsini özündə əks etdirən mühasibat sənədləri və ya məlumat mövcud deyildir. Həmçinin qeyd edilir ki, iş yerində olan işə davamiyyət cədvəlində İddiaçı iş yerində olması ilə bağlı gün sayı və iş saatı hissəsində əmək funksiyasının yerinə yetirilməməsi (0) göstərilmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi İddiaçı 01.04.2021-ci il tarixdə son haqq-hesab olaraq 26,5 manat hesablanmış və ödənilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin 06.05.2022-ci il tarixli, MA-02287 saylı maliyyə arayışına əsasən İddiaçı 30.11.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək Cavabdehndə işə çıxmadığı üçün ona əmək haqqı ödənilməmişdir. Həmin dövr üçün “satış təmsilçisi” vəzifəsi üzrə əmək haqqı və əmək haqqına bərabər tutulan digər gəlirlər: 1.Hesablanmış məbləğ 1692,10 manat (o cümlədən 1600 manat əmək haqqı və istifadə edilməyən 7 günlük məzuniyyətə görə 92,10 manat məzuniyyət haqqı) təşkil edir. 2.Tutulmalardan sonra işçiyə ödənilməli olan məbləğ 1494,59 manat (pensiya təminatı üzrə tutulma-155,21 manat, işsizlikdən sığorta üzrə tutulma-8,46 manat, icbari tibbi sığorta üzrə tutulma-33,84 manat) təşkil edir. Kollegiya hesab edir ki, 30.11.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək iddiaçıya ödənilməmiş 1494,59 manat əmək haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının işə bərpa ilə bağlı tələbi təmin olunmadığından, onun işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla aylıq 400 (dörd yüz) manat olan əmək haqqının ödənilməsi hissəsində iddiası təmin edilməməlidir. Kollegiya iddiaçının hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqı məbləğinin azı iki faizi məbləğində ödənc tutularaq ona ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, aşağıdakıları qeyd edir. ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı üçün faizin tutulması o halda mümkün hesab edilir ki, əmək haqqının məbləği əmək mübahisəsi yaratmasın. Mübahisənin məzmunundan göründüyü kimi iddiaçının tələb etdiyi əmək haqqı məbləği əmək mübahisəsinə səbəb olmuşdur. Qanunun məzmunundan göründüyü kimi faiz tutulmalı olan əmək haqqı məbləği mübahisə predmeti olmamalıdır. Yəni faiz məbləği hesablanmış, lakin ödənilməsi işəgötürən tərəfindən yubadılmış əmək haqqı məbləğindən ödənilməlidir. Hazırki halda isə cavabdeh iddiaçı işə çıxmadığı üçün əmək haqqının ödənilmədiyini qeyd etməklə, əmək haqqını hesablamamışdır. Buna görə də, kollegiya qeyd olunan hissədə iddianın təmin olunmaması qənaətinə gəlir. Kollegiya iddiaçının ona vurulmuş mənəvi ziyan məbləği olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, xüsusi norma olaraq ƏM-nin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində qeyd olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün ƏM-nin 290-cı maddəsinin qeyd hisisəsində göstərilən əsaslar müəyyən olunmadığından, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 manatın 80 manatı cavabdehdən, 20 manatı iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393,402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(005)-2732/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 30.11.2020-ci il tarixdən 01.04.2021-ci il tarixədək İddiaçı ödənilməmiş 1494,59 (min dörd yüz doxsan dörd manat əlli doqquz) manat əmək haqqı Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatı Cavabdehndən, 20 (iyirmi) manatı İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar