Məhkəmə qərarları › İş №2(103)-4430/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4430/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4430/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzilin dəyərinin əvəzi olaraq 80.382 (səksən min üç yüz səksən iki) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 332 (üç yüz otuz iki manat) manat pul vəsaitinin Cavabdehndən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzil 21 aprel 2011-ci il tarixli № 379 saylı müqavilə ilə X1 baxmayaraq, 12 yanvar 2012-ci il tarixdə İddiaçı alqı-satqı yolu ilə 47.284 ABŞ dolları pul müqabilində satılmış və Cavabdeh MMC-nin direktorunun imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş 12 yanvar 2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi və 12 yanvar 2012-ci il tarixli maliyyə arayışı ilə həmin mənzilə dair borcunun olmadığı təsdiq olunmuşdur. Cavabdeh MMC pulu “Amay" Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşdiyi binada nağd şəkildə ondan qəbul etməklə alaraq, MMC-nin rəhbəri tərəfindən imzalı və möhürlü kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı ilə mənzilə dair pulun ödənilməsi təsdiq edilmişdir. Cavabdeh MMC-nin eyni mənzili başqa şəxsə satması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)-13299/2014 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnaməyə əsasən, iddiaçı X2 Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilin təmiri üçün şəraitin yaradılması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m. olan, 3 otaqlı, 29 saylı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X4 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işləri aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Sözügedən qətnamədən X5 (maraqlarına toxunan şəxs) apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)-13299/2014 saylı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi surətləri qoşmaya əlavə olunur). Beləlikə, 12 yanvar 2012-ci il tarixli, 485 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (Cavabdeh MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzil “Alıcıya təhvil verməli olduğu halda təhvil verməmişdir. Belə olan halda, 12 yanvar 2012-ci il tarixli, 485 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzilin alınması üçün ödədiyi 80.382 (səksən min üç yüz səksən iki) manat pulun geri qaytarılması üçün məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 988/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə alıcı tərəfindən təqdim edilmiş sübutlarda fərqli rəqəmlərin olcmasına aydınlıq gətirməmişdir. Hər iki sübut növündə eyni tərəflərdən, eyni mənzildən və eyni müqavilədən söhbət getsə də, qiymətlər müxtəlifdir. Bundan başqa, məhkəmə qətnaməsindən məlum olmur ki, Cavabdehndən hansı əsasla məhz 80.382 (səksən min üç yüz səksən iki) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ünvanlayaraq apellyasiya şikayətinə onların iştirakı olmadan baxılaraq qanuni, obyektiv və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 yanvar 2012-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməməklə hazırkı iş üzrə İddiaçı hüquqlarını kobud şəkildə pozmuşdur. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Cavabdeh - icraçı ilə İddiaçı - alıcı arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli 485 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, icraçı “C” korpusu 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m yaşayış sahəsi 7968 kv.m təşkil edən mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 47.284 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni tarixli maliyyə arayışından görünür ki, alıcı tərəfindən qeyd edilən məbləğ müvafiq mənzilə görə ödənilmiş və alıcının bəhs olunan mənzil ilə bağlı icraçıya borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014cü il tarixli, 2(001)-13299/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllədə yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzil cavabdeh Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X4 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməmiş, haızkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 332 (üç yüz otuz iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılması ilə müəyyən edilir ki, Cavabdeh - icraçı ilə İddiaçı - alıcı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 485 nömrəli müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yaşayış binasının C korpusunun 15-ci mərtəbəsindəki ümumi sahəsi 139,21 kv.m olan, 3 otaqlı 29 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 80.382 (səksən min üç yüz səksən iki) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ müvafiq mənzilə görə alıcı tərəfindən icraçının hesabına ödənilmiş və borcun olmamasına dair iddiaçıya müqavilə ilə eyni tarixli maliyyə arayışı təqdim edilmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)-13299/2014 saylı qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllədə yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzilin cavabdeh Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X4 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, mənzilə dair İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış olsa da, sonradan məlum olmuşdur ki, həmin mənzil Cavabdeh MMC tərəfindən daha əvvəlki tarixli müqavilə ilə başqa şəxsə satılmışdır və qeyd edilən mənzil məhkəmə qətnaməsi əsasında həmin şəxsə təhvil verilmişdir. Bununla da, MMC iddiaçı ilə bağlamış olduğu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmiş və İddiaçı müqavilə üzrə ödədiyi pul həcmində maddi ziyan vurmuşdur. Bu səbəbdən İddiaçı müqavilədən birtərəfli qaydada imtina etməklə, ona dəymiş ziyanı tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2.1-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda, əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 447.6-cı maddəsinə əsasən əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, həqiqətən də tərəflər arasında 12 yanvar 2012-ci il tarixli müqavilədə mənzilin dəyəri 47.284 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğ də iddiaçı tərəfindən MMC-yə tam olaraq ödənilmişdir. Hazırda isə iddiaçı cavabdehdən 80.382 manat məbləğində pul tələb etmişdir. Kollegiya bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq, iddianın qaldırıldığı tarixdən halhazıradək 1 ABŞ dolları 1,70 Azərbaycan manatına dəyişdirilməkdədir. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən 47.284 ABŞ dolları isə həmin məzənnəyə uyğun olaraq 80.382 manat təşkii edir. Göründüyü kimi, iddiaçı cavabdehə ABŞ dolları ilə ödəmiş olduğu vəsaiti rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə geri tələb etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-988/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar