Məhkəmə qərarları › İş №2(103)-4432/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4432/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4432/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1273/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1273/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla yalnız onun vəsaiti hesabına inşa olunmuşdur. Cavabdeh 2006-cı ildə onun oğlu ilə faktiki nikaha girmiş və həmin fərdi yaşayış evinə köçmüşdür. Hazırda ailə münasibətləri pozulmuşdur, cavabdeh də onlara yad bir adamdır. Cavabdehlə bir yerdə yaşamaq mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən mənzildən çıxrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, o, 2006-cı ildə İddiaçı1la ailə qurub həmin evə gəlin gələndə ev cəmi bir otaqlı idi, indi isə iki otaq və bir zaldan ibarətdir. O, evə xərc çəkmişdir, müxtəlif məişət əşyaları da almışdır. Hesab edir ki, həmin evdə iddiaçılarla eyni hüquqa malikdir. Bu səbəbədən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Ə.Quliyev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayət əsssız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Ə.Əliyevin 14.12.2020-ci il tarixli 475 saylı arayışından müəyyən olunur ki, İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.Ə.Əliyevin 14.12.2020-ci il tarixli 476 saylı arayışından müəyyən olunur ki, Cavabdeh 2006-ildən Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Əmlak-F MMC-nin 09.07.2013-cü il tarixli daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Xırdalan yolu döngə 2-də yaşayan İddiaçı2 məxsus yaşayış evi 2005-ci il tarixdə tikilmiş, bazar dəyəri 57500 manat təşkil edir. Mülki işdə olan 29.04.2013-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 500 manat olan LG markalı televizoru, 30.12.2013-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 205 manat olan Samsung S 6312 markalı mobil telefonu, 06.06.2014-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, qızı alqı-satqı qiyməti 500 manat olan LG markalı televizoru, 30.11.2014-cü il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 540 manat olan tək şifoneri, 02.01.2015-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 950 manat olan Mitsubishi markalı kondisioneri, 01.05.2015-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 954 manat olan Toshiba markalı soyuducunu, 20.04.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, qiyməti 245 manat olan LG markalı tozsoranı, 30.10.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 980 manat olan Elektrolux markalı kombi sistemin, 31.10.2016-cı il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 240 manat olan radiatoru, 21.03.2017-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 294 manat olan Hisense markalı mobil telefonu, 28.03.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 488 manat olan Samsung Galaxy J330 markalı mobil telefonu, 06.07.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 1585 manat olan Delfa markalı kondisioneri, 27.10.2018-ci il tarixli satılmış əşyaların təhvil verilməsi haqqında aktdan müəyyən olunur ki, alqı-satqı qiyməti 640 manat olan Varma markalı radiatoru Cavabdeh təhvil almışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı2 şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2006-cı ildən etibarən yeganə yaşayış sahəsi olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində yerləşən özbaşına inşa olunan fərdi yaşayış evində iddiaçılarla birlikdə yaşayır, bu evin inşa olunmasında iştirak etmiş, bu evdə istifadə olunan məişət əşyalarını alaraq bu evə yerləşdirmiş, iddiaçılarla uzun müddət birgə təsərrüfat aparmış, tərəflərin heç birinin inşa olunmuş evə, həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənələri mövcud deyildir. Kollegiya qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, Məhkəmə Kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 1-ci mədən yolu Vulkan dağı yaşayış massivində özbaşına inşa olunan fərdi yaşayış evinə hazırkı işdəki iddiaçılarla eyni hüquqa malik olduğu da müəyyən edildiyindən apellyasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş İddiaçı2 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1273/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar