Məhkəmə qərarları › İş №2(103)-4434/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4434/2022

17.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4434/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakstone Construction MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, dövlət qeydiyyatının ləğv edilməsi və pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Bakstone Construction MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, dövlət qeydiyyatının ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli İP-18/2020 saylı ipoteka müqaviləsinə öhdəliyin icra edilməsi əsası ilə xitam verilməsi və ona məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ipoteka dövlət qeydiyyatının ləğv olunması, 175 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xidməti haqqının və 5000 manat dəymiş ziyan olmaqla, cəmi 5675 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə öhdəliyin bir qismi həcmində təminat üsulu olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin iştirakı ilə 53 saylı notariat kontorunda ümumi dəyəri 65500 manat olmaqla, xx.xx.2023-cü il tarixədək icra olunmaq şərtilə xx.xx.2020-ci il tarixli İP-18/2020 №-li ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi bağlandıqdan sonra qrafik üzrə öhdəliyini vaxtında icra etmiş, 2021-ci ilin may ayında ipoteka borcunu tam bağlamışdır. 2021-ci ilin noyabr ayında aralarında ödənilmiş məbləğin dəqiqləşdirilməsi üzrə yazışmalar olmuş və ipoteka müqaviləsi üzrə 300 manat borcunun qaldığını müəyyən edərək, xx.xx.2021-ci il tarixində həmin məbləği də cavabdehə ödəmişdir. Bununla da, ipoteka müqaviləsi bağlandığı tarixdən xx.xx.2021- ci il tarixədək ümumilikdə 65540 manat ödəniş etmişdir. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə öhdəliyini tam həcmdə icra etmişdir. İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən ipoteka saxlayan öhdəlik tam şəkildə icra olunub başa çatdırıldıqdan sonra əmlakın yüklülükdən azad edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri icra etmək vəzifəsi daşıyır. Bununla əlaqədar olaraq, cavabdehə xx.xx.2021-ci il tarixində bildiriş göndərmiş, lakin bu bildirişə indiyə qədər cavab verilməmişdir. Cavabdehlə şifahi əlaqə saxlayanda cavab olaraq, öhdəliyin həcminin 135620 manat (podrat müqaviləsi ilə nəzərdə tutulan məbləğ) olduğu və bu məbləği ödəməmiş ipoteka ilə yüklü edilmiş əmlakı yüklülükdən çıxarmayacaqlarını bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP-18/2020 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi ipoteka yüklülüyündən azad edilməsi (dövlət qeydiyyatı ləğv olunsun), iş üzrə ödənilmiş 175 (bir yüz yetmiş beş) manat dövlət rüsumunun 50%-i, yəni 87 (səksən yeddi) manat 50 (əlli) qəpik məbləğinin iddiaçıya aid edilməsi, qalan 50%-i, yəni 87 (səksən yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, hüquqi yardıma görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra guya iddiaçı qrafik üzrə öhdəliyini vaxtında icra etmiş, 2021-ci ilin may ayında ipoteka borcunu tam bağlamışdır. 2021-ci ilin noyabr ayında tərəflər arasında ödənilmiş məbləğin dəqiqləşdirilməsi üzrə yazışmalar olmuş və iddiaçı ipoteka müqaviləsi üzrə 300 (üç yüz) manat borcunun qaldığını müəyyən edərək, 03 dekabr 2021-ci il tarixində qalan həmin məbləği də cavabdehə ödəmişdir. Bununla da, iddiaçı ipoteka müqaviləsi bağlandığı tarixdən 03 dekabr 2021-ciil tarixədək ümumilikdə 65,540.00 (altmış beş min beş yüz qırx) manat ödəniş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin etməsini sübutlarla deyil fərziyələrlə əsaslandırmağa çalışmışdır. Cavabdeh MMC ilə Bakı şəhər Binəqədi rayonu 7 MKR ev 18, m 10-da qeydiyyatda olan İddiaçı arasında xx.xx.2020-ci il tarixli P18/2020saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən cavabdehin sifarişinə əsasən iddiaçı cavabdehə məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4094A saylı bağ sahəsində cavabdehə yaşayış binasının tikilməsi və qismən təmiri üçün tələb olunan malları təhciz edəcək və bununla əlaqədar iş və xidmətləri yerinə yetirəcək, cavabdeh isə sifariş etdiyi malları, iş və xidmətləri qəbul edərək müqavilənin tələblərinə əsasən iddiaçıya 135620,0 (bir yüz otuz beş min altı yüz iyirmi) manat muzd ödəyəcək. (Müqavilənin 1-ci bəndi). Müqavilənin şərtlərinə əsasən cavabdeh müqavilə imzalandığı tarixdə müqavilə qiymətinin 25%-ni yəni, 33.905,0 (otuz üç min doqquz yüz beş) manat məbləği ilkin ödəniş edir. Qalan 75%-ni yəni 101.715,0 (bir yüz bir min yeddi yüz on beş) manat məbləği 36 ay müddətinə hər ay azı 2826,0 (iki min səkkiz yüz iyirmi altı) manat olmaqla iddiaçıya ödəyir. (Müqavilənin 5-ci bəndi). Müqailənin digər bir şərtinə əsasən tərəflərdən hər hansı biri öhdəliyi vaxtında icra etməzssə hər gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1%-i məbləğində digər tərəfə cərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilənin 5%-dən çox olmamalıdır. (Müqavilənin 8-ci bəndi). Müqavilənin tələblərinə əsasən podratçı (hazırkı ərizə üzrə iddiaçı) müqavilə imzalandığı gündən sonrakı 210 (iki yüz on) iş günü ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirir. İddiaçı tərəf öhdəliklərini vaxtından əvvəl icra edərək xx.xx.2021-ci il tarixdə işi cavabdehə təhvil vermişdirlər. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə işləri də cavabdeh sifariş etmiş və həmin işlər də xx.xx.2021-ci il tarixdə tam təhvil verilmişdir. Hazırda cavabdeh həmin evdə yaşayır. (Müqavilə 6-cı bənd) (Təhvil təslim aktıəlavə olunur). İddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli P-18/2020 saylı podrat müqaviləsinin təminatı kimi cavabdehə məxsus ümumi sahəsi 0,12 ha olan Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4094A saylı bağ sahəsi iddiaçının xeyrinə yüklü edilmişdir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixli tələbnamə göndərilsə də cavabdeh öhdəliklərini yerinə yetirməməkdə davam etmişdir. Bununla əlaqədar olaraq Bakı şəhər Binəqədi rayon Məhkəməsində İddiaçı qarşı iddia irəli sürülmüş və ondan cəmi 81.034,0 (səksən bir min otuz dörd manat) manat tutularaq iddiaçı Cavabdeh MMC-ə ödənilməsi tələb edilmişdir. Həmin iş hazırda hakim Məhəmməd Rüstəmlinin icraatındadır. İddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsi üzrə guya 65 500 (altmış beşmin beş yüz) manat məbləğə görə yüklü edilməsi barədə fikirləri tamamilə əsassızdır. Belə ki, Cavabdeh MMC bir çox vətəndaşlara və təşkilatlara tikinti sektorunda xidmət göstərir və müştəri məmnunluğu 95% dən çoxdur. Müştərilərinə qarşı daima dürüst olmuş və qarşı tərəfdən də bunu gözləmişik. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə saxta müqavilədir. Həmin müqavilənin ilkin variantı Cavabdeh MMC-nin digər müştərisi olan X1 ilə bağlanmış müqavilənin şablonunun üzərində hazırlanmışdır. Müqavilə bağlandıqdan sonra təkrar daha diqqətlə oxunduqdan sonra müqavilədəki müvafiq texniki səhvlərin olduğu üzə çıxmış və müqavilələrin bütün əsl nüsxələri notariusa qaytarılmış və orada düzəlişlər edilmiş və notariusda düzəlişin həqiqiliyini təsdiq etmişdir. Cavabdeh MMC olaraq təcrübədə hər bir müştəri ilə bağlanmış ipoteka müqaviləsində ipoteka məbləği ümumi borc məbləğindən aşağı olmamışdır. Sadəcə olaraq iddiaçı texniki düzəlişdən sui istifadə edərək öhdəliklərin icrasına vicdanlılığın müəyyən etdiyi tərzdə yanaşmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, “Təlimatın (“Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın) 34-cü hissəsinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər”. Mübahisəedilən müqavilə Bakstone Construction» MMC-nin digər müştərisi olan X1 ilə bağlanmış müqavilənin şablonunun üzərində hazırlanmışdır. Müqavilə bağlandıqdan sonra təkrar daha diqqətlə oxunduqdan sonra müqavilədəki müvafiq texniki səhvlərin olduğu üzə çıxmış və müqavilələrin bütün əsl nüsxələri notariusa qaytarılmış və orada düzəlişlər edilmiş və notariusda düzəlişin həqiqiliyini təstiq etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri Vəkil2 və Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan podratçı “Bakstone Construction" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP-18/2020 saylı podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin sifarişi və tərtib edilmiş lahiyə əsasında (Əlavə № 1), DƏDRX-nin çıxarışına (qeydiyyat nömrəsi **********92) əsasən sifarişçiyə məxsus olan ünvan 2 ünvanında yaşayış binasının tikilməsi və qismən təmiri üçün tələb olunan malları təchiz edir, bununla əlaqədar iş və xidmətləri yerinə yetirir. Sifarişçi isə sifariş etdiyi malları, iş və xidmətləri podratçıdan qəbul edir və ona müqavilənin 4-cü bəndinə razılaşdırılmış muzd ödəyir. Müqavilə üzrə alınacaq malların, görüləcək iş və xidmətlərin ümumi dəyəri, bütün xərclər daxil olmaqla, 135620 manat təşkil edir (ƏDV daxil). (4-cü bənd). Müqavilə qiymətinin 25%-i 33905 manat olmaqla müqavilə imzalandığı tarixdə sifarişçi tərəfindən podratçının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir və layihə üzrə görüləcək işlərə start verilir (5.1). Müqavilə qiymətinin qalan hissəsi,75%-i 101715 manat olmaqla xx.xx.2020-ci il tarixdən başlayaraq, 36 ay ərzində (Ödəniş qrafiki, Əlavə № 3), hər ay 2826 manat olmaqla sifarişçi tərəfindən podratçının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilir (5.2.) İş materiallarında olan ipoteka saxlayan “Bakstone Construction" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin İcrasının təmin edilməsi məqsədi ilə mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka iiə yüklü etmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti xx.xx.2020-cl İİ tarixli, P-08/2020 saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) 65500 manat, 3.3-cü bəndinə görə icra müddəti podrat müqaviləsi imzalandığı tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilənin 12.2-ci bəndinə əsasən müqavilənin şərtləri hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. Birtərəfli qaydada edilən dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. Müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, reyestrdə 3M-1378 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ipoteka saxlayan “Bakstone Construction" MMC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP-18/2020 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, müqavilənin 3-cü bəndində qələmlə üstündən xətt çəkiləməklə düzəliş edilərək, 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti “xx.xx.2020-cl İİ tarixli, P-08/2020” əvəzinə “xx.xx.2020-ci il tarixli, İP18/2020” saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) “65500 manat” “135620 manat”, 3.3-cü bəndinə görə “xx.xx.2023-cü il tarixədək” “xx.xx.2023-cü il tarixədək” qeyd edilmişdir. Müqaviləyə olunmuş düzəliş Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, bu barədə məlumatın reyestrə daxil olunması göstərilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri 53 saylı notariat ofisinə sorğu verilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli İP-18/2020 nömrəli (reyestrdə 3M- 1378 nömrəsi ilə qeyd edilmiş) ipoteka müqaviləsi barədə notariat işinin əslini və ya təsdiq edilmiş surətini (həmçinin həmin müqaviləyə əlavəni, düzəlişi) məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Birinci instansiya məhkməsinin sorğusuna əsasən ünvan 4m olunmuş 3M-05-1378 saylı notariat işinin surətindən görünür ki, həmin işdə olan xx.xx.2020-ci il tarixli, 3M-1378 reyestr nömrəli ipoteka müqaviləsinə dair müqavilənin 3-cü bəndinə heç bir düzəliş edilməmiş, iş materiallarında düzəlişlə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İddia ərizəsinə əlavə olunmuş mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən “Bakstone Construction" MMC-yə cəmi 65165 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən “Bakstone Construction" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli İP-18/2020 №-li ipoteka müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək ümumilikdə 65540 manat ödəniş etdiyini, bununla da müqavilənin 3.2-ci bəndinə əsasən öhdəliyini tam həcmdə icra etdiyini göstərmiş və ipoteka ilə yüklü edilmiş öhdəlik tam şəkildə icra olunub başa çatdırıldığı üçün sizdən tələb edirik ki, Müqavilənin 8.1-ci bəndinə əsasən əmlakın yüklülükdən azad olunması ilə bağlı üzərinizə düşən öhdəlikləri (müvafiq dövlət orqanına yüklülükdən azad olunma ilə bağlı müraciət edilməsi və s.) icra edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun ipoteka müqaviləsində dəyişiklik edilməsi qaydaları barədə müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”ın 24-cü hissəsinə əsasən karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır; 34-cü hissəsinə əsasən notarius təsdiq olunmüş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar yazi səhvlərini öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan sənədlər notariusa azı iki nüsxədə təqdim olunmalı, nüsxələrdən biri notariusun işlərində saxlanmalıdır. Təsdiq edilmiş əqdin nüsxələrinin məzmun-u eyni olmalıdır və bu nüsxələrin məzmununda fərq olması qanunvericiliyin tələblərinə ziddir. İpoteka müqaviləsinin dəyəri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər. Bu barədə "Elektron notariat" İnformasiya sistemində məlumat yerləşdirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən ünvan 1 Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli müraciəti nəzərə alınaraq, Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş İP-18/2020 saylı, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə P-08/2020 saylı, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir (öhdəliyin icra müddəti xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək, öhdəliyin ölçüsü 65500 manat). İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırdığı xx.xx.2021-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, P-18/2020 saylı podrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdeh İddiaçı 73155 manat əsas borc, 6781 manat cərimə, vurulmuş zərərə görə 780 manat xidmət haqqının, 318 manat dövlət rüsumunun, cəmi 81034 manat pulun tutularaq iddiaçının xeyrinə ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin təmin edilməyən 5000 manat dəymiş ziyan hissəsində mübahisələndirməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməyən 5000 manat maddi zərər hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil etmir və apellyasiya instansiyası məhkəməsi qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində yoxlayır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, podratçı “Bakstone Construction" MMC ilə sifarişçi İddiaçı arasında sifarişçiyə məxsus olan ünvan 1 ünvanında yaşayış binasının tikilməsi və qismən təmiri üçün xx.xx.2020-ci il tarixli, İP-18/2020 saylı podrat müqaviləsi və həmin müqavilədən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2020-ci il tarixli, İP18/2020 saylı ipoteka müqaviləsi bağlanmış, öhdəliyin (yüklülüyün) ölçüsü 65500 manat müəyyən edilmişdir. Daha sonra müqavilənin bir nüsxəsində 3-cü bənddə 3.1-ci bəndinə əsasən öhdəliyin mahiyyəti “xx.xx.2020-cl İİ tarixli, P-08/2020” əvəzinə “xx.xx.2020-ci il tarixli, İP-18/2020” saylı podrat müqaviləsi, 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) “65500 manat” “135620 manat, 3.3-cü bəndinə görə xx.xx.2023-cü il tarixədək xx.xx.2023-cü il tarixədək qeyd edilmişdir. Həmin düzəlişlər əl yazısı ilə edilmiş və həmin düzəlişlərin edilməsini təsdiqləyən hər hansı əlamət və ya təsdiqedici sənəd iş materiallarında aşkar edilməmişdir. Müqaviləyə olunmuş düzəliş Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu Ə.Hüseynov tərəfindən təsdiqlənmiş, bu barədə məlumatın reyestrə daxil olunması göstərilməmişdir. Edilmiş dəyişikliklər notariusda qalan nüsxədə öz əksini tapmamışdır. Belə olan halda, həmin dəyişikliyin müqavilə üzrə hər iki tərəfin iradəsini ifadə etməsi müəyyən edilməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində müvafiq düzəlişlərin tərəflər arasında bağlanılmış ipoteka müqaviləsindən dərhal sonra, yəni bir gün sonra edildiyini iddia etsə də, buna dair heç bir sübut təqdim etməmiş və iş materiallarında buna dair heç bir dəlil aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, İP- 18/2020 saylı ipoteka müqaviləsində edilmiş dəyişikliklərin notarius tərəfindən təsdiqlənməsi müəyyən edilsə də, hansı tarixdə aparılması ümumiyyətlə qeyd edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ünvan 3 ünvanlanmış və məhkəmənin sorğusuna əsasən ünvan 4m olunmuş 3M-05-1378 saylı notariat işinin surətindən görünür ki, həmin işdə olan xx.xx.2020-ci il tarixli, 3M-1378 reyestr nömrəli ipoteka müqaviləsinə dair müqavilənin 3-cü bəndinə heç bir düzəliş edilməmiş, iş materiallarında düzəlişlə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində düzəlişlərin hansı tarixdə notarius tərəfindən təsdiq edilməsi müəyyən edilmədiyindən, həmin düzəlişlərin iddiaçı tərəfindən məhkəmə belə bir iddia qaldırdıqdan sonra aparılması da istina deyil. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Kollegiya iclasında verdiyi izahatında cavabdehin nümayəndəsi müqaviləyə dəyişiklik edildiyini, lakin onun qeydiyyatının notarius tərəfindən aparılmalı olduğunu və bu məsələdə cavabdehin səhvi olmadığını bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, qeyd edilən prosessual hüquq normalarının tələbinə əsasən, məhkəmə yalnız iş materiallarında olan sübutları araşdırır və onlara qiymət verir. İş materiallarında olan sənədlərdən və notarius işindən ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair hər hansı sənəd aşkar edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əgər cavabdeh notariusun hərəkətlərindən narazıdırsa və notariusun bu məsələdə səhvi olduğunu hesab edirsə, notariusun hərəkətləri ilə bağlı məhkəməyə ayrıca olaraq iddia ərizəsi ilə müraciət edə bilər. Belə ki, iş materialları ilə məüyyən olunur ki, hazırki iş üzrə Cavabdeh MMC daha öncədən iddiaçı qismində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş və tələb olunan məbləğin öz xeyrinə tutulmasını tələb etsə də, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Eyni zamanda, iş materiallarnda mövcud olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubu ilə, məhz Cavabdeh MMC-nin müraciəti əsasında ünvan 1nin İP-18/2020 saylı, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə P- 08/2020 saylı, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi əsasında 65.500 manat məbləğində öhdəliyin icrasının təminatı qismində ipoteka ilə yüklü edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-cö maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 25-ci hissəsinə əsasən, motariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır. Əlavə yazılar və düzəlişlər lazımi şəxslərin (əqd iştirakçılarının və əqdi, ərizəni və s. imzalamış digər şəxslərin) imzasından əvvəl şərtləşdirilməli və təsdiq qeydinin sonunda təkrar olunmalıdır, həm də düzəlişlər elə edilməlidir ki, səhvən yazılan və sonra üstündən qələm çəkilən nə varsa, hamısını ilk mətndə oxumaq mümkün olsun. Sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda notarius tərəfindən şərtləşdirilir. Təlimatın 34-cü hissəsinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Kollegiya iş materiallarına, cavabdehin apellyasiya şikayətinin dəlillərinə, yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, xx.xx.2020-ci il tarixli, İP18/2020 saylı ipoteka müqaviləsində dəyişiklik qanunvericiliyin imperativ normalarının tələblərinə zidd olaraq, tərəflərin iştirakı və razılığı olmadan, müvafiq reyestrdə qeydə alınmadan edilmişdir və bu mənada əhəmiyyətsiz əqd olduğundan (özü-özlüyündə əhəmiyyətsiz olduğundan), heç bir hüquqi nəticə yaratmamışdır. Ona görə də, iddiaçı tərəfindən ipoteka müqaviləsində nəzərdə tutulmuş öhdəliyin icra olunması, ipoteka müqaviləsinə xitam verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə olan halda, iddia tələbinin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi hissələrində əsaslı hesab edilməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya iddia tələbinin cavabdehdən nümayəndə xərci qismində 500 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya hazırki iş üzrə nümayəndənin yardımına görə tələb olunan 500 manat məbləğini ağlabatan məbləğ hesab etmədiyinə görə, iddia tələbini həmin hissədə qismən, yəni 250 manat hissəsində təmin edilməsinə dair məhkəmənin mövqeyini doğru hesab edir. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, ipoteka müqaviləsində dəyişiklik qanunvericiliyin imperativ normalarının tələblərinə zidd olaraq, tərəflərin iştirakı və razılığı olmadan, müvafiq reyestrdə qeydə alınmadan edildiyindən və buna görə də heç bir hüquqi nəticə yaratmadığından ipoteka müqaviləsində nəzərdə tutulmuş öhdəliyin icra olunması, ipoteka müqaviləsinə xitam verilməsinə dair iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar