Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4434/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2024 nömrəli, xx.xx.2024-cü il saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə Cavabdeh H. Rəhimovaya qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2024 nömrəli, xx.xx.2024-cü il saylı qərardadı ilə cavabdehin «pul» tələbinə dair qarşılıqlı iddiası mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən, icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd edilən iddia ərizəsi iddiaçı tərəfə 18 aprel 2024-cü ildə rəsmi olaraq çatımış, cavabdeh tərəfindən ilkin İddiaçı qarşı mübahisəli mənzilin təmirinə sərf edilmiş cəmi 80000 manat pul vəsaitinin tələbinə dair qarşılıqlı iddia irəli sürülmüşdür. Qarşılıqlı iddia ərizəsi 08 may 2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən qarşılıqlı iddia verilmə müddətinə əməl edilməməsi əsası ilə geri qaytarılmışdır. Halbuki, ilkin iddia ərizəsi cavabdeh tərəfə 18 aprel 2024-cü il tarixdə rəsmi təqdim edilmiş, MPM-nin 128.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulan 20 gün müddətin başladığı müddət 19 apreldən hesablandıqda, 19 apreldən hesablanmalı tarixdən 20 günün son günü 08 may saat 24:00 qədər olan müddəti əhatə edir. Cavabdeh tərəfindən qarşılıqlı iddia 08 may 2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir ki, bunula da qarşılıqlı iddianın qanunla müəyyən olunmuş müddət daxilində verildiyi müəyyən olunur. Rayon məhkəməsi bu halları nəzərə almamışdır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin lazımi qaydada məlumatlandırılmasına, məhkəmə iclasları barədə bildirişlərin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməsinə və iş üzrə bütün zəruri məlumatların verilməsinə, öz növbəsində cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciət etməsinə baxmayaraq, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddəti ötürmüş və məhkəmə bildirişini ilk dəfə aldığı vaxtdan xeyli müddət sonra qarşılıqlı iddia ərizəsi ilə yalnız may ayında məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsini verməsi üçün kifayət qədər vaxtı və şəraiti olmuşdur. Digər tərəfdən cavabdeh qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra qarşılıqlı iddia ilə müraciət etməsinə dair əsasın yaranması ilə bağlı da hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq Məhkəmə Kollegiyası qeyd edir ki, rayon məhkəməsinin istinad etdiyi hallara dair qənaəti əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi 7-də yerləşən 309 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi cavabdeh tərəfə 18 aprel 2024-cü ildə rəsmi olaraq çatdırılmışdır. Bundan sonra, cavabdeh tərəfindən ilkin İddiaçı qarşı mübahisəli mənzilin təmirinə sərf edilmiş cəmi 80000 manat pul vəsaiti tələbinə dair qarşılıqlı iddia irəli sürülmüşdür. Həmçinin iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi 08 may 2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Göründüyü kimi, ilkin iddia ərizəsi cavabdeh tərəfə 18 aprel 2024-cü il tarixdə rəsmi təqdim edilmişdir. Cavabdeh tərəfin qarşılıqlı iddia ilə məhkəmə müraciət etməsi üçün qanunla nəzərdə tutulmuş müddət axımı isə həmin gündən sonrakı gündən başlamışdır. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin tarixdən, yəni 19 aprel 2024-cü il tarixdən sonra qanunla müəyyən edilmiş 20 gün müddət ərzində - 08 may 2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi poçt orqanına təhvil verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin qarşılıqlı iddia ərizəsi ilə 14 may 2024-cü il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası, hazırkı mülki işin qeyd olunan (həm də mübahisələndirilməyən) halları, eləcə də məhkəmələrdə işlərə baxılması zamanı ədalət mühakiməsinin ağlabatan müddətlərdə həyata keçirilməsi, məhkəmə baxışının səmərəliliyi, habelə prosessual qənaət prinsipləri baxımından, hesab edir ki, qarşılıqlı iddianın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin istinad etdiyi hallar öz-özlüyündə qarşılıqlı iddianın qəbulundan imtina üçün yetərli əsas sayıla bilməz. Rayon məhkəməsinin istinad etdiyi normada güdülən məqsəd işlərə ağlabatan müddətlərdə, əsassız ləgitmələr olmadan baxılmasını təmin etməkdir. Başqa sözlə desək, burada başlıca məqsəd aşkar əssasız olan iddiaların (eləcə də etiraz və sair vəsatətlərin) verilməsi ilə işlərin ağlabatan müddətlərdə və səmərəli şəkildə baxılmasına yönələn əngəllərin qarşısını almaqdan ibarətdir. Qeyd edilən əsaslar olmadığı hallarda, hazırkı işdə olduğu kimi, rayon məhkəməsinin istinad etdiyi həmin normaların formal tətbiqi, bəzən qanun normasında güdülən məqsədin mahiyyətinə uyğun olmayan nəticəyə səbəb ola bilər. Bu baxımdan, hazırkı mülki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələblərindən və onların əsaslarından aydın görünür ki, onların birlikdə baxılması təkcə çəkişən tərəflərin deyil, həm də ədalət mühakiməsinin özünün maraqlarına əsasən də zəruri olmuşdur. Çünki bu məsələyə münasibətdə hər hansı əks yanaşma ona gətirib çıxaracaq ki, Cavabdeh eyni iddia tələbi ilə ayrılıqda məhkəməyə müraciət edəcək, sonradan isə bu işlər MPM-in 43.1-ci maddəsinin tələbinə əsasən birgə baxılaraq qətnamə çıxarılması məqsədi ilə bir icraatda birləşdirilməlidir. Bunun isə çəkişən tərəflərin maraqlarına cavab verməməklə yanaşı, həm də ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrdə işlərə ağlabatan müddətlərdə baxılması, eləcə də məhkəməyə çatımlıqla bağlı mühüm prinsiplərə uyğun olmadığı aşkardır. Eyni zamanda qeyd edilməlidir ki, belə olan vəziyyətdə dövlətin pozitiv öhdəlikləri ilə bağlı məsələ aktuallıq kəsb edir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər, hər şeydən əvvəl məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini və məhkəməyə çatımlılığın təminini nəzərdə tutur. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: -işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X5rşı işlər). “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2265/2024 nömrəli, xx.xx.2024-cü il saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(103)-4434/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4434/2024
16.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver