Məhkəmə qərarları › İş №2(103)-4435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4435/2021

24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4435/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(005)-525/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə sayılaraq, gələcəkdə ondan qalacaq miras əmlakın hamısından məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(005)-525/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamdən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehin atası X3 ilə 1967-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Birgə nikahdan 17 avqust 1968-ci il təvəllüdlü Cavabdeh və 10 iyul 1972-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdeh bir övlad olaraq öz övladlıq vəzifələrini yerinə yetirmir. Həyat yoldaşının vəfatından sonra onun təkliyindən istifadə edərək ona qarşı kobudluq edir, mütəmadi şəkildə onu təhqir edir, bir ana kimi yaşayış şəraiti onu maraqlandırmır. Hər dəfəsində isə, hədə-qorxu gələrək nə qədər mülkü, daşınar və ya daşınmaz əmlakı var hamısını verməyini tələb edir. Özünə məxsus 2 ədəd daşınmaz əmlakı var. Onlardan biri təsisçisi, buxqalteri və hesabdarı özü olduğu Yasamal rayonu, X7 küçəsi 152 ünvanında yerləşən “MT-Servis” kiçik müəssisəsi qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsi MA seriyalı ******* saylı çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Digər daşınmaz əmlak isə hal-hazırda yaşadığı 2 otaqlı Əbdülvahab Salamzadə küçəsi 53 ünvanında yerləşən 1 saylı mənzildir (yeni qaydalarla Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 131, M2, m1). Cavabdeh özü ailəlidir, övladları var, həmçinin özünəməxsus bir neçə daşınmaz əmlakı da var. Buna baxmayaraq, yararsız övlad olmağı az deyilmiş kimi, ona məxsus olan əmlakının hər birini ondan zorakılıqla tələb edir. İş üzrə cavabdeh onun qanun üzrə vərəsəsi sayılsa da, ona qarşı münasibəti qeyri səmimidir, cavabdeh onu incidir, onun əsl niyyəti onun mülkiyyətində olan əmlakları ələ keçirməkdir. Buna görə də cavabdeh gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili X6 оğlu apellyasiya şikayətini müdafiə edrərək təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənanətini belə əsaslandırmışdır ki, hazırda cavabdehin “ləyaqətsiz vərəsə hesab edilməsi” üçün faktiki halların mövcud olubolmaması yoxlanılmalı və buna dair sübutlara hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu həmçinin də cavabdehin konstitusion hüququnun müdafiəsi baxımından vacibdir. ...İddianın əsasını Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda ilk növbədə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməli, daha sonra əsaslar mövcuddursa “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə münasibət bildirilməlidir. Belə yanaşma mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən Mülki Məcəllənin 1137-ci maddəsi baxımından hazırki iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa, Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1176.1. maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 20 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi hüquq sisteminin ayrılmaz tərkib hissəsi olan sosial ədalətlilik prinsipi baxımından Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ, İİİ və V hissələrinə uyğun hesab edilsin. Mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi və vərəsələrin məcburi payının həcminin dəyişdirilməsi məsələsini zamanın tələbi baxımından Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyəti çərçivəsində müəyyən edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 oktyabr 2011-ci il tarixli həmin qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...vəsiyyət edən vərəsələrdən hər hansı birinin vərəsəlik hüququndan məhrum edilməsini vəsiyyətnamədə nəzərdə tutursa, bu qadağa mirasın məcburi pay hissəsinə tətbiq edilmir və yalnız miras əmlakından həmin vərəsəyə düşən payı əhatə edir. Lakin mülki qanunvericilik mirasda məcburi pay hüququnu da mütləq (məhdudiyyətsiz) hüquq kimi tanımır. Mülkiyyət hüququnun ayrılmazlığını nəzərə alaraq, mülki qanunvericilik, mülkiyyətçiyə hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum etməsinə icazə verir (Mülki Məcəllənin 1203.2-ci maddəsi). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Beləliklə, miras qoyan öz sağlığında, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan halları iddia ərizəsində göstərməklə məhkəməyə təqdim edərək, məhkəmə qərarı vasitəsi ilə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilər. Azərbaycan qanunvericiliyinə əsasən vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipi baxımından əhəmiyyətli xarakter daşıyır. Hətta miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət edərək vərəsəni və ya bütövlükdə vərəsələri məcburi pay almaq hüququndan məhrum edə bilməsi imkanı vəsiyyət azadlığını tam qoruyaraq, bir tərəfdən vərəsələrin qanuni maraqlarını müdafiə edir, digər tərəfdən mülkiyyət hüququnun təminatına (şəxsin mülkiyyəti üzərində tam sərəncam vermək hüququ) xidmət edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum etməsi həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi kimi qəbul edilməməlidir. Eyni zamanda, vəsiyyət edənin həmin şəxsləri məcburi pay almaq hüququndan məhrum etməsi Mülki Məcəllənin 1203.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada tətbiq edilə bilər...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “...Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin...” Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, iddiaçı iddia tələbindəki və apellyasiya şikayətində göstərdiklərinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin övladlıq vəzifələrini yerinə yetirmədiyini, ona qarşı kobudluq etdiyini, onu təhqir etdiyini yaxud hədə-qorxu gələrək bütün əmlakını zorakılıqla tələb etdiyini göstərsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ancaq iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. İddiaçının isə bu barədə yalnız izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, qeyd olunduğu kimi, belə bir sübut da təqdim olunmamışdır. Bu cür vəziyyətdə əlbətdə ki, məhkəmənin iddia tələbinin rədd etməkdən başqa qərarı ola bilməzdi. İkincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Demək hazırki iddianın əsaslı və təmin olunmalı olması üçün cavabdeh tərəfindən iddiaçıya qarşı qeyd olunan hallar yönəlməli və bu məhkəmə tərəfindən təsdiq olunmalıdır. Göründüyü kimi, nəinki həmin halların, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya qarşı hansısa əxalaqa və qanuna zidd hərəkətlərin törədildiyi də təsdiq olunmur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(005)-525/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar