Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4439/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmək mübahisələri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin dəyişdirilməsi və s. tələbinə dair” mülki iş üzrə Pirallahı Rayon Məhkəməsinin 2(094)-153/2024 nömrəli 07 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən, xx.xx.2023-cü il tarilxi 009 saylı Əmrdən və xx.xx.2023-cü il tarixli xxxxxxx00800 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı ilə cavabdeh müəssisə arasında əvəzçilik üzrə əmək müqaviləsi imzalanmış və iddiaçı mühəndis vəzifəsinə qəbul edilmişdir. İddiaçının iş yeri – ünvan 2 olmuşdur.
2. 11 yanvar 2024-cü il tarixli ərizədə iddiaçı həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
3. xx.xx.2024-cü il tarilxi 007 saylı Əmrdən və xx.xx.2024-cü il tarixli xxxxxxx008X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən göründüyü kimi cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçını 12 yanvar 2024-cü il tarixində vəzifədən azad edərək onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
4. 11 yanvar 2024-cü il tarixli və 12 yanvar 2024-cü il tarixli Aktlar və 12 yanvar 2024-cü il tarixli Təqdimata görə iddiaçı 11 yanvar 2024-cü il tarixində bütün iş günü ərzində işdə olmamışdır və 12 yanvar 2024-cü il tarixində də işə gəlməmişdir.
5. "xxxx" MMC tərəfindən təqdim edilmiş 07 mart 2024-cü il tarixli arayışdan göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək həmin şirkətdə Direktor vəzifəsində işləmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair 12 yanvar 2024-cü il tarixli əmrin dəyişdirilməsi və öz xahişinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinin cavabdehə həvalə edilməsi; əmək müqaviləsinə qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verildiyindən və bununla əlaqədar olaraq digər işəgötürənlər tərəfindən işə götürülmədiyindən əmək müqaviləsinə xitam verilməsi əmrinin dəyişdirilməsi tarixinədək orta aylıq əmək haqqı məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi; iddia tələbinin hazırlanması və məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) ilə əlaqədar çəkdiyi 300 manat xərcin cavabdehdən alınaraq ona ödənilməsi; mediasiya sessiyasının təşkili ilə əlaqədar çəkmiş olduğu 60 manat xərcin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 06 fevral 2023-cü il tarixində cavabdeh MMC-nin Baş direktoru S.A.Hüseynovanın 009 nömrəli əmri ilə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul edildiyi gündən etibarən vəzifə öhdəliklərinin icrasını yüksək peşəkarlıqla həyata keçirdiyindən Baş direktorun 01 may 2023-cü il tarixli, 022/1 nömrəli əmri ilə Baş mühəndis vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində barəsində heç bir intizam tənbeh tədbiri tətbiq edilməmiş, əmək məcəlləsi ilə müəyyən olunmuş iş vaxtlarından əlavə vaxtlara da da işə cəlb edilməyinə baxmayaraq müəssisədaxili nizam-intizam qaydalarına daim tərəfindən əməl edilmişdir. Lakin, əmək bazarında daha da irəliyə getmək niyyətilə əlaqədar olaraq 2023-cü ilin sonlarına doğru iş yerini dəyişmək barədə Cavabdehə olan müraciətindən sonra Cavabdeh ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Belə ki, Cavabdeh müəssisənin yerləşmiş olduğu ərazinin onun faktiki yaşadığı ərazidən xeyli uzaq məsafədə olması, o cümlədən daha yuxarı əmək haqqı ilə, daha prespektivli iş təklifi alması səbəbindən 20 noyabr 2023-cü il tarixində Cavabdehə ərizə ilə müraciət edərək tutmuş olduğu vəzifədən azad edilməyinə dair əmrin verilməsini xahiş etmişdir. Lakin, sözügedən ərizənin verilməsindən 1 ay keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müvafiq əmr verilməmişdir. Ona iş təklifi etmiş digər bir müəssisə təqvim ilinin sonu olduğunu bildirərək 2024-cü il ilin əvvəlindən işə başlaya biləcəyini yenidən təklif etdiyindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndi ilə müəyyən olunmuş hüququndan istifadə etməyərək Cavabdeh müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. 11 yanvar 2024-cü il tarixində yenidən ərizə ilə müraciət edərək tərəflərin iradə azadlığına uyğun olduğu halda həmin tarixdən tutmuş olduğu vəzifədən azad edilməyinə dair əmrin verilməsini xahiş etmişdir. Cavabdeh müəssisənin insan resusları bölməsinin müvafiq əməkdaşı işdən çıxma əmrinin veriləcəyini və bununla da tutduğu vəzifədən azad olunacağını bildirmişdir. Yeni işəgötürənlə əmək müqaviləsinin bağlanması üzrə zəruri olan sənədlərin toplanması və təqdim edilməsi məqsədi ilə əmək kitabçasının təhvil verilməsi üçün dəfələrlə Cavabadehə müraciətləri olmuşdur. Lakin, cavabdeh hər dəfəsində “rəhbər işdə deyil, möhürlənməyib, imzalanmayıb, sabah yaxınlaşarsınız, tədbir var və s.” kimi müxtəlif bəhanələr gətirərək əmək kitabçasının təhvil verilməsindən yayınmışdır. Ən əsas məqam isə ondan ibarətdir ki, Cavabdeh 29 yanvar 2024-cü il tarixində ona bildiriş yollayaraq bildirmişdir ki, guya dəfələrlə məlumat verilməsinə baxmayaraq o, əmək kitabçasının götürülməsi ilə əlaqədar cavabdeh müəssisəyə yaxınlaşmamışdır. O, bu halın Cavabdehin sənəd düzgünlüyü ilə bağlı saxtalaşdırma siyasətinin bir parçası olduğunu, gələcəkdə DƏMX tərəfindən araşdırmaya və inzibati tənbehdən yayınması kimi qəbul etsə də, cavabdehlə mübahisəyə səbəb olacaq heç bir addımı atmayacağını və artıq yeni işəgötürənilə əmək müqaviləsi bağlamağı üçün əmək kitabçasının təcili götürülməli olduğunu düşünərək Cavabdeh müəssisəyə yaxınlaşmaqla əmək kitabçasını götürmüşdür. Lakin, cavabdeh müəssisə onlara təqdim etmiş olduğu əmək kitabçasını deyil, başqa bir əmək kitabçasını onun adına rəsmiləşdirərək ona təqdim etmişdir. Həmin əmək kitabçasında əvvəlki iş yerinə dair heç bir məlumatın əks olunmaması və “Əmək kitabçası sahibinin imzası" qrafasında onun imzasının olmaması əmək kitabçasının dəyişdirilməsinin bariz sübutudur. Həçminin, bildirir ki, əmək kitabçasına diqqətlə nəzər salındıqda xx.xx.2023-cü il tarixli işə qəbul qeydi, xx.xx.2023-cü il tarixli vəzifə dəyişikliyi qeydi və xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam qeydləri eyni mürəkkəblə yazılmışdır. Bu isə əmək kitabçasının sonradan, tələsik vəziyyətdə tərtib edilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır. Təbii ki, bu halın təsdiq edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə müvafiq ekspertiza təyin etməklə bu halın müəyyən olunmasına nail ola bilər. Əsas məqam ondan ibarətdir ki, saxtalaşdırılmış əmək kitabçasını götürdüyü zaman ona məlum olmuşdur ki, Cavabdeh onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan ama dəqiqləşdirilmiş olmayan hansısa hala əsaslanaraq ƏM-nin 70- ci maddəsinin “ç” bəndi əsasında xitam vermişdir. Üst rəhbərinə bu barədə məlumat verməklə səbəbini soruşduqda ona davamiyyətə əməl etmədiyini, yəni ƏM-nin 72-ci maddəsinin “a” bəndində olan hala uyğun olaraq xitam verildiyini bildirmişdir. Lakin, saxtalaşdırılmış əmək kitabçasına da nəzər saldıqda müəyən olunur ki, onunla bağlanılmış əmək müqaviləsinə 12 yanvar tarixindən xitam verilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh müəssisə ƏM-nin 83-cü maddəsinin 2-ci bəndinin tələbinə bugünə qədər əməl etməmiş, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini hələ də ona təqdim etməmişdir. Cavabdeh yuxarıda qeyd olunan qanunsuz hərəkətləri ilə onun işsiz qalmağına səbəb olmuşdur.
8. Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 may 2024-cü il tarixli 2(094)-153/2024 nömrəli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia rədd edilmişdir.
9. Məhkəmə iddiaçının baxış zamanı bildirdiklərini nəzərə alaraq, sübut olaraq təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli ərizəyə və mobil telefondakı ünvan çıxarışına tənqidi yanaşaraq qeyd etmişdir ki, 20 noyabr 2023-cü il tarixdə həmin ərizənin şəklinin cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 493 ünvanında yerləşən ofisin ünvanda çəkilməsi həmin ərizənin cavabdehə təqdim edilməsi hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə iddia ərizəsində qeyd edilən halları nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçı həqiqətdə həmin ərizəni cavabdehə təqdim etməmişdir. Əks halda iddiaçı 20 dekabr 2023-cü ildən işə çıxmayaraq müvafiq əmrin verilməsini cavabdehdən tələb edərdi. Həmçinin iddiaçı hər hansı müəssisədən iş təklifinin verilməsini təsdiq edən heç bir sübutu məhkəmə təqdim etməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində onun iş yerini dəyişmək barədə cavabdehə bildirməsindən sonra cavabdehin ona qarşı qərəzli mövqe tutmağa başlamasını göstərsə də, bu hal təsdiqini tapmır. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi bank çıxarışında qeyd edilən 28 dekabr 2023-cü il tarixli və 10 yanvar 2024-cü il tarixində mükafat qeydləri, həmçinin iddiaçının 11 yanvar 2024-cü il tarixinədək işləməsi və cavabdeh müəssisənin ona qarşı xoş münasibət göstərməsi ilə bağlı verdiyi izahatları ilə bir daha təsdiq edilir. Digər tərəfdən iddiaçının hal-hazırkı iddia tələbi 20 noyabr 2023-cü il tarixli ərizəsi ilə əlaqədar deyildir, iddiaçının 11 yanvar 2024-cü il tarixli ərizəsi və onun nəticələri ilə bağlıdır. Bu hal da yuxarıda göstərilən faktın təsdiqi olaraq məhkəmə tərəfindən əlavə dəlil kimi qəbul edilir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhz 11 yanvar 2024-cü il tarixdə işdən çıxmasını konkret olaraq cavabdeh müəssisənin rəhbəri ilə razılaşdırmamışdır, sadəcə olaraq işdən çıxmaq istədiyini İddiaçının özünün də tarixini xatırlaya bilmədiyi hansısa iclasda bildirmiş və özünün şəxsi təşəbbüsü ilə tarixi müəyyən edərək ərizədə qeyd etmiş və kadr üzrə mütəxəssisinə əməkdaşına təqdim etmişdir. Həmçinin iddiaçı ərizə verdikdən sonra işə getməməsini üzürlü səbəbdən baş verməsini təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa 11 yanvar 2024-cü il tarixli işdən çıxma ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağlaması barədə hər hansı qeydin olmaması və həmin vaxt hər hansı müəssisədən iş təklifinin verilməsinə və əmək müqaviləsinin bağlanmasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının bu barədə bildirdikləri həqiqətəuyğun olmadığı üçün əsassızdır.
11. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçı nə işə düzələrkən, nə də sonradan müəssisəyə əmək kitabçası təqdim etməmişdir. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı üçün əmək kitabçası açmış, onun müəssisədə işləməsi barədə qeydlərini aparmış, həmin əmək kitabçasını iddiaçıya təqdim etmiş və iddiaçı hər hansı etiraz bildirmədən həmin əmək kitabçasını təhvil almışdır. Eyni zamanda iddiaçı yeni işə düzəlmək istəyinin cavabdehin təqsiri üzündən mümkün olmamasını sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 06 yanvar 2024-cü il tarixli "xxxx" MMC-nin verilmiş sənəd isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı 11 yanvar 2024-cü il tarixində işdən çıxma ərizəsi verdiyi gündən 5 gün əvvəl onunla bağlanmış müqavilənin hansı maddə ilə ləğv edilməsini bilməsi və həmin əmək kitabçanı həmin şirkətə təqdim etməsi mümkün deyildi. Həmçinin məhkəmə onu da nəzərə alır ki, iddiaçı 20 gün ərzində əmək kitabçasının tələbi ilə bağlı Cavabdehə hər hansı yazılı müraciət etməmişdir. Bundan başqa hətta cavabdeh müəssisədən 29 yanvar 2024-cü il tarixində xəbərdarlıq aldıqdan sonra da 29 və 30 yanvar tarixləri iş günləri olsa belə o, əmək kitabçasını götürməmişdir və yalnız iki gündən sonra 31 yanvar 2024-cü il tarixində kitabçasını götürmək üçün cavabdehin ofisinə gəlmişdir. Bütün bunlar iddiaçının həqiqətdə başqa bir işəgötürəndən iş təklifi almadığını sübut edir. Məhkəmə onu da vurğalayır ki, Əmək Məcəlləsində işçinin heç bir normasında işəgötürən tərəfindən Əmək Məcəlləsinin hansısa maddəsi ilə çıxan işçinin işə qəbul edilməsinin qadağan edilməsi halı nəzərdə tutulmamışdır. Bu pozuntuya yol verən istənilən işəgötürən hərəkəti Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin pozulmasıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58.1, 69, 70 “ç”, 72 “a”, 87.7, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, ofisdə ondan iki ayrı tarixə ərizə yazması istənilib, hər iki ərizədə 11 yanvar tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Onun tərəfindən məhkəməyə 10 yanvar tarixli ərizə təqdim edilib, cavabdeh isə ondan alınmış 11 yanvar tarixli ərizəni təqdim etmişdir. Məhkəmə onun təqdim etdiyi ərizəni heç bir əsaslandırma olmadan nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
17. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini tam müdafiə etdiklərini nəzərə almağı, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
19. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
21. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
22. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
32. Müəyyən edilmişdir ki, iddiaçı həqiqətən 11 yanvar 2024-cü il tarixdə iş yerində olmamışdır. İddiaçının iş yeri cavabdehin ünvan 2 ünvanında yerləşən zavodudur. İddiaçının təqdim etdiyi şəkillərdə göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev, 493 ünvanı isə cavabdehin ofisidir. Beləliklə, o, həmin gün öz iş yerinə deyil, cavabdeh müəssisənin başqa rayonda olan ofisinin yerləşdiyi ünvana gedərək işdən çıxma ərizəsini kadr üzrə mütəxəssisə təqdim etmişdir və daha sonra da iş yerinə getməmişdir. Eyni zamanda iddiaçı 12 yanvar 2024-cü il tarixində də işə getməmişdir.
33. Göründüyü kimi iddiaçı işə gəlməmiş və işdə olmamasının üzürlü səbəbləri barədə heç bir sənəd təqdim etməmiş, beləliklə də əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur.
34. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.
35. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı məhz 11 yanvar 2024-cü il tarixdə işdən çıxmasını konkret olaraq cavabdeh müəssisənin rəhbəri ilə razılaşdırmamışdır, sadəcə olaraq işdən çıxmaq istədiyini İddiaçının özünün də tarixini xatırlaya bilmədiyi hansısa iclasda bildirmiş və özünün şəxsi təşəbbüsü ilə tarixi müəyyən edərək ərizədə qeyd etmiş və kadr üzrə mütəxəssisinə əməkdaşına təqdim etmişdir. Bundan başqa 11 yanvar 2024-cü il tarixli işdən çıxma ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağlaması barədə hər hansı qeydin olmaması və həmin vaxt hər hansı müəssisədən iş təklifinin verilməsinə və əmək müqaviləsinin bağlanmasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq iddiaçının bu barədə bildirdikləri həqiqətəuyğun olmadığı üçün əsassızdır.
36. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı nə işə düzələrkən, nə də sonradan müəssisəyə əmək kitabçası təqdim etməmişdir.
37. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
38. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-153/2024 nömrəli iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.