Məhkəmə qərarları › İş №2(103)-444/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-444/2022

11.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-444/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı-cavabdeh İddiaçı hüquq varisi X1 vəkili və nümayəndəsi Vəkil3 və cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş yeni yaşayış binasının A3 korpusunun 17-ci mərtəbəsində yerləşən, sahəsi 145,11 kv.m olan 3 otaqlı mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzilin yerləşdiyi bina Cavabdeh1 MMC-yə aiddir. Cavabdeh1 MMC mənzilə dair Cavabdeh2 və İddiaçı ilə müqavilə bağlayıb. Cavabdeh2 müqaviləsi 11.11.2011-ci il tarixli 438 nömrəli, İddiaçı müqaviləsi 15.03.2012-ci il tarixli 500 nömrəlidir. Hər iki müqavilə ilə Cavabdeh1 MMC üzərinə öhdəlik götürüb ki, mənzili qarşı tərəfə təhvil verəcək. Mənzil 18.09.2018-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 təhvil verilib və bu barədə akt tərtib olunub. Mənzil hazırda Cavabdeh2 sahibliyindədir. Tələb və onun həlli: İşdə 2 iddia var: ilk və qarşılıqlı iddia. İddiaçı ilk iddia ərizəsində tələb olunub ki, mənzilə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 11.11.2011-ci il tarixli müqavilə etibarsız hesab edilsin və mənzil İddiaçı təhvil verilsin. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15.03.2012-ci il tarixli müqavilə etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia təmin edilsin, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15.03.2012-ci il tarixli 500 nömrəli müqavilə etibarsız hesab olunsun. Şikayət və izahatlar: İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Apellyasiya şikayəti verildikdən sonra – 29.08.2021-ci il tarixdə İddiaçı ölüb. Ona görə də apellyasiya icraatı zamanı o, hüquq varisi – arvadı X3 ilə əvəz edilib. Məhkəmə iclasında iştirak edən, X1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Bundan başqa, o, bildirdi ki, məhkəmə İddiaçı bağladığı müqaviləni etibarsız hesab etsə də, həmin müqavilə üzrə ödənilmiş pulun geri qaytarılmasını qət etməyib. Məhkəmə iclasında iştirak edən, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətininin əsassız olduğunu bildirdi. Bundan başqa, o, bildirdi ki, etibarsız hesab olunmuş müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Cavabdeh2 ilə ”Xudafərin” MMC-nin arasındakı müqavilə daha əvvəl (4 ay əvvəl) bağlanıb. Həmin müqavilə ləğv edilmədən Cavabdeh1 MMC-nin İddiaçı ilə müqavilə bağlaması qanunsuz olmuşdur. Belə ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə mənzil tikintisi ilə bağlı münasibətlər podrat münasibəti hesab olunur. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Göründüyü kimi, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi ilə mülkiyyəti sifarişçiyə vermək podratçının vəzifəsi kimi müəyyən edilib. Podratçının hüququ yoxdur ki, daha əvvəl Cavabdeh2 ilə bağlanmış müqaviləni ləğv etmədən onun sifarişi ilə hazırlanmış mənzilin başqasına - İddiaçı verilməsi barədə müqavilə bağlasın. Mülki Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh2 ilə daha əvvəl bağlanmış müqavilənin məcburiliyi onu nəzərdə tutur ki, müqavilənin predmeti olan mənzilə dair başqa şəxslə - İddiaçı ilə müqavilə bağlana bilməz. Lakin "xxxx" MMC Mülki Məcəllənin 399.1-ci maddəsinin tələbini pozmuş, qüvvədə olan müqavilənin məcburiliyinə əməl etməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mənzilə dair İddiaçı ilə müqavilə bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş, yuxarıda qeyd olunan şərt pozulduğundan həmin müqavilə etibarsız sayılır. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir. Lakin qətnamə dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli qərarının 6.10-cu bəndinə görə əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Ona görə də də etibarsız sayılmış 15.03.2012-ci il tarixli müqavilə üzrə İddiaçı Cavabdeh1 MMC-yə ödədiyi 116.088 manat geri qaytarılmalıdır. 116.088 manatın ödənilməsi 15.03.2012-ci il tarixli müqavilənin 4.1-ci bəndində qeyd olunub. Cavabdeh1 MMC tərəfindən 15.03.2012-ci tarixdə verilmiş maliyyə arayışına görə İddiaçı həmin mənzilə görə borcu yoxdur. Bu isə onu təsdiq edir ki, müqavilədə göstərilən pul İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilib. 116.088 manatın nağd pul formasında ödənilməsinin və ya mal-material formasında verilməsinin əhəmiyyəti yoxdur, çünki müqavilə azadlığı tərəflərə belə imkan verir ki, mal-materiala ekvivalent olan pulun məbləğini müəyyənləşdirsinlər və müqavilə üzrə ödənişi pul məbləğində ifadə etsinlər. Odur ki, 116.088 manat nağd pul formasında geri qaytarılmalıdır. İddiaçı vəfat etdiyinə görə pul onun hüquq varisi X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Etibarsız sayılmış 15.03.2012-ci il tarixli, 500 nömrəli müqavilə üzrə ödənilmiş 116.088 (yüz on altı min səksən səkkiz) manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı hüquq varisi X2 verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar