Məhkəmə qərarları › İş №2(103)-4442/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4442/2022

05.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4442/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(005)-801/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, 29 saylı mənzilin texniki inventarlaşdırma işinin aparılmasına törədilən maneənin aradan qaldırılması, invertarlaşdırma işinin aparılmasına şəraitin yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 29 sentyabr 1995-ci il tarixli, 2750 saylı Sərəncamı ilə mənzil növbəsi əsasında ünvan 1 ünvanı: Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87, mənzil 29) əri mərhum X7 verilmişdir. Onunla birlikdə iddiaçının və iki nəfər oğlunun da adları orderdə qeyd olunaraq onlara həmin mənzildə yaşamaq hüququ verilmişdir. X4 15 dekabr 2020-ci il tarixdə qəfildən vəfat etmişdir. İddiaçı tərəfindən notariat kontoruna müraciət olunmuş, digər vərəsələr iddiaçının xeyrinə öz paylarından imtina etdiklərdindən vərəsə kimi tanınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanlayaraq mənzilin üzərində mərhum həyat yoldaşının mülkiyyət hüququnu təsdiq edən çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Lakin sözügedən mənzildə qeydiyyatda olan cavabdehlər notarius tərəfindən ünvanlanmış sorğunun icrasına imkan vermirlər. Cavabdehlər özləri həmin mənzildə yaşamırlar, mərhum ərinə məxsus mənzili müxtəlit şəxslərə icarəyə verərək gəlir əldə edirlər. Cavabdehlər və mənzildə kirayədə yaşayan digər şəxslər mənzilə dair çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanunun 7.1-ci maddəsinə əsasən tələb olunan mənzilin inventarlaşdırılması işlərinin aparılmasına şərait yaratmırlar. Ərinin yeganə vərəsəsi olaraq onun sahibliyində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 19/87 ünvanında yerləşən 20 saylı mənzil iddiaçının mülkiyyətinə verilməlidir. Bu onun vərəsəlik hüququdur və heç bir əsasla məhdudlaşdırıla bilməz. İddiaçının əri 2020-ci ilin noyabr ayında onun məlumatı və razılığı olmadan ailələri ilə heç bir qohumluq əlaqələri olmayan cavabdehlərin həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iddianın inzibati məhkəməyə verilməli olduğu əsası ilə iddia geri qaytarılmışdır. Lakin bu müddət ərzində əri 15 dekabr 2020-ci il tarixdə qəfildən vəfat etdiyindən məsələ yarımçıq qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(005)- 801/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli mənzili 1996-cı ildə iddiaçının mərhum əri X3 almaları, lakin rəsmiləşdirmənin aparılmaması, çünki, həmin dövrdə mənzilin yerləşdiyi evin istismara qəbul edilməməsi, həmin vaxtdan etibarən X5, nədə ki, onun ailə üzvlərinin mənzildə yaşamaması, evin istismara 2019-cu ildə qəbul edilməsi, keçən müddət ərzində mənzildə təmir işləri aparması, kommunal və digər xərclərin tərəflərindən ödənilməsi, iddiaçının mənzilə hüquqlarının olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının ümumiyyətlə subyektiv hüquqları mövcud deyildir. iddiaçı digər şəxsin (hazırki vəziyyətdə ƏMDX) yerinə iddia qaldıra bilməz. Çünki, mənzildə inventarlaşdırma işlərinin aparılmasını Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları yerinə yetirməlidir. Belə olan halda həmin orqan hazırki iddianı verə bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının subyektiv hüquqlarının olmaması barədə cavabdehin tərəfin bildirdikləri əsassızdır. Çünki, iddiaçı istər vərəsə kimi, istərsə də orderdə adı olan şəxs kimi mənzillə bağlı iddia qaldırmaqda hüquqlara malikdir. Mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılması məhz vərəsəliklə bağlı icraat çərçivəsində, notariat orqanının müraciəti əsasında həyata keçirilir. Bununla yanaşı, cavabdehlərin mənzili almaları və s. barədə bildirdikləri də əsassızdır. Onlar hazırki icraat çərçivəsində ümumiyyətlə bu hallara istinad edə bilməzlər. Əgər hər hansı iddiaları varsa məhkəməyə müraciət edə bilərlər. Cavabdehlərin hərəkəti nəticəsində iddiaçının hüquqları pozulur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan xx.xx.1989-cu il tarixli, V-JQ 304866 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 ilə X2 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, 274 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. İşdə olan Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2750 nömrəli, 29 sentyabr 1995-ci il İ.Qarayeva order verilməsi haqqında sərəncamın surətinə əsasən İ.Qarayeva 4 nəfər ailə üzvü ilə Ağa Neymətulla küçəsi 1 nömrəli evin 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə order verilməsi, X1 – 1961ci il, İddiaçı – yoldaşı – 1961-ci il, X6 – oğlu – 1991-ci il, X11 – 1993-cü il” yazılması qərara alınmışdır; İşdə olan Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 41 nömrəli, xx.xx.2008-ci il tarixli mənzil icarə müqaviləsinin vət. İddiaçı ilə bağlanması barədə Sərəncamının surətinə əsasən S.Rəhimov küçəsi 167 saylı evin 1 otaqlı yaşayış sahəsi 16.0 kv.m olan 17 saylı mənzilinin icarə müqaviləsi vət. İddiaçı ilə bağlanması və onun, həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 28 nömrəli arayışdan (2№-li Forma) müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 19/87 nömrəli evin 29 nömrəli mənzilində X10 2008-ci, Cavabdeh1 2008-ci, Cavabdeh3 2008-ci və X8 2011-ci ildən həmin ünvanda pasport qeydiyyatındadırlar. İşdə olan ünvan 3ri Səbail Rayon İcra Hakimiyyətinə və ASAN Xidmət Mərkəzinə ünvanladığı 21 iyun 2021-ci il tarixli və 22 iyun 2021-ci il tarixli məktublardan görünür ki, 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş 16 sentyabr 1961-ci il təvəllüdlü X5 vərəsəsi kimi həyat yoldaşı İddiaçı tanınmışdır. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədilə ünvan 5 ünvanına 29 sentyabr 1995-ci il tarixli, 2750 nömrəli sərəncamın təsdiq olunmuş surətinin verilməsi xahiş olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 30 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 7 ünvan: ünvan 8ın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün aparılan araşdırma zamanı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şəraitin yaradılmadığı müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işdə olan sənədlərə (sərəncamlar və s.) əsasən iddiaçının mübahisəli mənzilə dair sübyektiv hüquqlarının olması aşkardır. İddiaçının məqsədi mənzil üzərində olan əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Bu məqsədlə o, ərinin vəfatından sonra notariat orqanına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin müraciət etmiş, lakin cavabdeh tərəfin maneəsi nəticəsində mənzildə texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh tərəf bu halı inkar etmir. Etirazının əsası kimi - mənzilin 1996-cı ildə iddiaçının mərhum əri tərəfindən onlara satılmasını, həmin vaxtdan mənzildə yaşamalarını və s. göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd edilən etirazı iddianın rədd olunması üçün qanuni əsas təşkil etmir. Cavabdeh tərəf mənzilə dair qanuni əmlak hüquqlarının mövcudluğu, eləcə də iddiaçı ilə bağlı işdə olan hüquqmüəyyənedici sənədlərin əhəmiyyətsizliyi ilə bağlı (istər inzibati orqanın qərarı, istərsə məhkəmənin qərarı və s.) məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Əksinə, iddia ərizəsinə etirazdan, eləcə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh tərəf mənzillə bağlı hər hansı rəsmiləşdirmənin aparılmamasını göstərmişdir. Halbuki, mülki qanunvericilik daşınmaz əmlakların özgəninkiləşdirilməsi qaydasını və formasını dəqiq tənzimləmişdir (daşınmaz əmlakın şifahi əqdə əsaslanan alqı-satqısı əhəmiyyətsizdir). Bununla yanaşı, cavabdeh tərəf bu istiqamətdə müstəqil qaydada hər hansı tələb də irəli sürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hazırki icraat çərçivəsində cavabdeh tərəfin mənzilin əldə olunması ilə bağlı (mənzilin satılması və s.) dəlillərini araşdırmağı zəruri hesab etmir. Yuxarıda da qeyd edildiyi kimi hazırda qüvvədə olan sənədlərlə iddianın mənzil üzərində hüquqlarının mövcudluğu müəyyən olunur. Bu hüquq isə ona həmçinin cavabdehlər tərəfindən səlahiyyətli inzibati oraqının (ƏMDX) əməkdaşları tərəfindən müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ verir. Həqiqiliyi mübahisə olunmayan, 1995-ci il tarixli sərəncamın qəbul edildiyi vaxtı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-cu maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ hesab edilir. Qeyd edilməlidir ki, Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci insitansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(005)-801/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(005)-801/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar