Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4446/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçılar X1, İddiaçı və onların nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçılar X1 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1348/2022 saylı işi üzrə 06 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı "hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X9, 8-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə dair "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair 28 iyun 2019cu il tarixli 42/05 saylı protoklunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında X5 ərizə ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan əmlakın onun mülkiyyətində olduğu üçün mülki iş üzrə birgə iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X1 mülki iş üzrə iddiaçı qismində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində tədqiq edilmişdir:- Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin X2, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli № 1 saylı bildirişinə əsasən kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon Məhkəməsinin 2(011)-1318/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 235000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 11750 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin X2, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 19 aprel 2019-cu il tarixli bildirişə əsasən kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon Məhkəməsinin 2(011)-1318/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsndə yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 235000 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 11750 manat müəyyən edilmişdir;-Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin X2, İddiaçı və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 10 may 2019-cu il tarixli bildirişə müvafiq kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon Məhkəməsinin 2(011)-1318/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən bağ evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 199750 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 9987.5 manat müəyyən edilmişdir; - "Birja Yenilikləri” qəzetinə əsasən X3 məxsus olan Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir; -xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə № 42/05 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları protokola əsasən X2 məxsus Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi 149812,50 manata ipoteka saxlayan "Azər-Türk Bank”ASC-yə satılmışdır(iş səh.38-52). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1348/2022 saylı işi üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Azər-Türk Bank”ASC cəlb edilməklə "hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.2, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2; "İpoteka haqqında” Qanunun 41, 42; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 62.2-ci maddələrinə; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarına; "F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X9 B-3136 ünvanında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi "İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir,hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. "İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda "Birja” qəzetlərində elanlar verilmişdir. İddiaçıya məxsus mənzil kreditin qaytarılmasının təminatı kimi 2015-ci ildən bank qarşısında yüklü olmuş, mənzilə tutma yönəldilməsi haqqında qətnamə 16 aprel 2018-ci ildə qəbul olunsa da, hərrac bundan 1 il sonra 2019- cu ildə keçirilmişdir.İddiaçılar hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi, kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı cəhdlər etməmişlər. İşin faktiki hallarından görünür ki, iddiaçılar qətnamənin icrasının gedişi ilə də maraqlanmamışlar. Belə ki, onlar hərracla bağlı icra məmuruna faktiki ünvanlarını təqdim edə, keçiriləcək hərracın vaxtı və yeri ilə bağlı məlumat əldə edə bilərdilər. Məhkəmə eyni zamanda iddia tələbinin “beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsinin sifariş edilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh təşkilatın 5 ildən az fəaliyyət göstərməsi, eyni zamanda iddiaçılar tərəfindən icra məmuru tərəfindən sifariş verilərkən ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşmalarına dair icra məmuruna müraciət etmələri iş materiallarından müəyyən edilmir. İddiaçı X5 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1348/2022 saylı işi üzrə 06 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 60; Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 415.2, 416.1; "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 41.2. 42.3, 42.1; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hərrac təşkilatı keçirdiyi hərrac barəsində onu məlumatlandırmamışdır. İcra işinə nəzər yetirilsə,icra məmuru tərəfindən ipoteka saxlayan və ona 5 ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi ilə bağlı təklif göndərməsi halı ilə bağlı sübut yoxdur. Məhkəmə qətnamə qəbul edərkən mülki işin bu mühüm əhəmiyyət kəsb edən halını araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız onu qeyd etməklə kifayətlənmişdir ki, “beş ildən az olmayan daimi fəaliyyət gösətərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsinin sifariş edilməsi” ilə bağlı dəlilə münasibətdə cavabdeh təşkilatın 5 ilədən az fəaliyyət göstərməsi, eyni zamanda iddiaçılar tərəfindən icra məmuru tərəfindən sifariş verilərkən ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşmalarına dair icra məmuruna müraciət etmələri iş materialları ilə müəyyən olunmur. Hərrac təşkilatı ipoteka qoyan kimi onun hərracın keçirilməsində iştirakını təmin etməməklə alıcı qismində iştirakına maeəçilik törətmiş, məhkəmə isə qətnamə qəbul edərkən bu maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə qanunun bu maddəsinin də tələblərini pozmuşdur. Məhkəmə qətnamədə qeyd edir ki, guya xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə ona və digər İddiaçı bildirişlər göndərilmişdir. Əslində onlara ünvanlanmış bildirişlərdə “Xocalı işğalda” sözləri yazılmışdır. Onlar Xocalı şəhərindən məcburi köçkündürlər. Hərrac təşkilatı da bilirdi ki, onlar məcburi köçkün kimi Sumqayıt şəhəri X9 B-3136 ünvanında məskunlaşıblar. Bu barədə hərracın keçirilməsini sifariş edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin əməkdaşaları da bilirdilər. Deməli onlar düşünülmüş şəkildə hərrac barədə məlumatlandırılmamışlar. Məhkəmə isə qətnamədə mövqeyini onlara guya bildirişlərin göndərilməsini qeyd etməklə kifayətlənmiş, həmin bildirişlərin üzərində “Xocalı işğalda” qeydinə ümumiyyətlə toxunmamış,qanunsuz keçirilən hərraca haqq qazandırmağa çalışmışdır. Məhkəmə prosessual hüquq normasının tələblərinə riayət etməmiş və tərəfindən təqdim edilmiş sübutlar əsasında obyektiv qərar qəbul etməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, guya iddiaçılar hərracla bağı icra məmuruna faktiki ünvanlarını təqdim edə, keçiriləcək hərracın vaxtı və yeri ilə bağlı məlumat əldə edə bilərdilər. Bəs onda sual olunur nə üçün icra məmuru hərracı sifariş etdiyi halda, bu barədə onlara məlumat verməmiş, yaxud icra işi ilə bağlı nə üçün onları məlumatlandırmamışdır? Heç olmazsa ipoteka ilə yüklü olan fərdi yaşayış evinə nə üçün gəlməmişdir? Hərrac təşkilatı isə onları məlumatlandırmaq birbaşa qanunun tələbinə görə vəzifəsi olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat vererək, iddiaçıların hərracın keçirilməsi yeri və vaxtı barədə nə hərrac mərkəzi, nə icra və probasiya şöbəsi, nə də bankın əməkdaşları tərəfindən məlumatlandırılmadıqlarını, hərracda iştiraklarının təmin edilmədiyini, eyni zamanda onlara hərrac mərkəzi tərəfindən heç bir təklif ünvanlanmadığını, ünvanlarına heç bir bildiriş göndərilmədiyini bildirmiş bu səbəbdən hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azər-Türk Bank “ ASC-nin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-10; Mülki Məcəllənin 152-158, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41-46; Mülki Prosesual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə işin hallarına düzgün qiymət verilməmişdir. Qeyd edilməlidir ki, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Birinci hərrac keçirilən zaman qüvvədə olan qanunvericiliyə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliklərdən sonra verilən redaksiyada isə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir(göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Dövlətin yeni tarixinin qan yaddaşı olan Xocalı şəhərinin işğalda olması hamıya bəlli olan haldır və bu ünvana məktubun göndərilməsi hüquqlardan (diskression səlahiyyətlərdən) sui-istifadə şərait yaradan hal kimi qiymətləndirilməlidir. Beləliklə müəyyən edilir ki, qanunvericiliklər təsbit edilmiş prosedur çərçivəsində iddiaçıya məlumatın verilməsi barədə məlumatlar öz təsdiqini tapmamış (iş səh.37-53), hərracın keçirilməsi üçün müəyyən edilən qanunvericiliyin tələblərinə cavab verməmişdir. Cavabdehlər sübutetmə yükü üzrə iddiaçının dəlillərini təkzib edən sənədlər (sübutlar) təqdim etməmiş, məhkəmə qeyd edilənləri düzgün təfsir etməmiş və məhkəmə aktını mötəbər olmayan sübutlarla əsaslandırmışdır.Qeyd edilənlərə əsasən apellyasiya şikayəti və iddia işdə mövcud olan sübutlar əsasında təmin edilməli, fərdi yaşayış evinin hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilərək ləğv edilməli, ondan irəli gələrək, əmlakın yenidən qiymətləndirilməsi və hərrac yolu ilə satışı təşkil edilməli (bunlar müvafiq qeydiyyatların da ləğvinə əsasdır), tələb olmadığından isə dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1348/2022 saylı işi üzrə 06 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar X1 və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Sumqayıt şəhəri, X9, 8-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə dair "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair 28 iyun 2019-cu il tarixli 42/05 saylı yekun protokol etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4446/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4446/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver