Məhkəmə qərarları › İş №2(103)-4447/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4447/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4447/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər X6 və Cavabdeh2 və onların nümayəndəsi-vəkili Vəkil2 Hüseyn qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2049/2024 nömrəli 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur.

2. İddiaçı, Cavabdeh1, onların uşaqları X8 və X4, eləcə də Cavabdeh2 2021-ci ildən etibarən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 20 yanvar küçəsində özbaşına inşa edilən fərdi yaşayış evində birlikdə yaşayırlar. Ev 2 mərtəbəlidir və "x- 409505, y-4481284" koordinatlarında 330 kv.m həyətyanı torpaq sahəsində yerləşir. Evin yerləşdiyi torpaq sahəsinin iş üzrə tərəflərə, yaxud başqa şəxsə ayrılması barədə hər hansı rəsmi sənəd yoxdur və evə heç kəsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 5-18-10/2- 4533/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır.

4. Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə iddiaçının şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və onun ailəsinin "münaqişəli ailə" kimi qeydiyyata alınması üçün ərazi üzrə xidmət aparan müvafiq əməkdaşa göstəriş verilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3328 qeydiyyat nömrəli "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə"yə görə Bakı şəhəri Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi üzrə Cavabdeh1 vergi uçotuna alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5786 qeydiyyat nömrəli "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə"yə görə Bakı şəhəri Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi üzrə Cavabdeh2 vergi uçotuna alınmışdır.

7. Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli "Qısamüddətli mühafizə orderi"nə əsasən Cavabdeh1 İddiaçı qarşı məişət zəminində fiziki, psixi, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi xx.xx.2024-cü ilədək etibarlıdır.

8. AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə görə Cavabdeh2 xx.xx.2020-ci ildə X7 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Surxay Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 57-ci mənzilini 70000 manata satmışdır.

9. 06.10.2020-ci il tarixli 11-MZ-1-0-2313-20 nömrəli "Kredit verilməsinə dair müqavilə"yə əsasən Cavabdeh1 "xxxx" ASC tərəfindən 3000 manat məbləğində kredit verilmişdir.

10. xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit limitinin ayrılmasına dair müqavilə"yə görə Cavabdeh1 "xxxx" ASC tərəfindən 100000 manat məbləğində kredit limiti ayrılmışdir.

11. xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit verilməsinə dair müqavilə"yə görə Cavabdeh1 "xxxx" ASC tərəfindən 6000 manat məbləğində kredit verilmişdir.

12. xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Zaminlik müqaviləsi"nə əsasən xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit limitinin ayrılmasına dair müqavilə" əsasında "xxxx" ASC-dən kredit götürmüş Cavabdeh1 tərəfindən bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsiliyyəti zamin qismində İddiaçı öz üzərinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydasının müəyyən edilməsi və ondan maneəsiz, sərbəst şəkildə istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuş, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Onlar 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmiş və 2021-ci ildə həmin evə köçmüşlər. Uşaqları qeyd olunan ərazidə yerləşən orta məktəbdə təhsil alırlar. Bütün qazancını torpaq sahəsinin alınmasına, yaşadıqları evin tikilməsinə və təmirinə xərcləmişdir. Hazırda Cavabdeh1 həmin evdə yaşamalarına ciddi əngəllər yaratmış, dəfələrlə onu uşaqlarının gözü önündə döymüş, bədən xəsarətləri yetirmiş, evdən getməsi üçün işığı, suyu, qazı kəsdirmiş, evin açarlarını dəyişmiş, evdə ona aid olan şəxsi əşyaları zibilliyə atmış, bəzilərini gizlətmişdir. O, polisin 102 xidmətinə dəfələrlə şikayət etsə də, əri öz əməllərindən əl çəkməmişdir.

15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 və X5 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, mübahisəli evi Cavabdeh1 tikdirmişdir, orada tərəflərlə birlikdə cavabdehin əmisi Cavabdeh2 da yaşamışdır. Son zamanlar Cavabdeh1 iddiaçını mübahisəli evdə yaşamağa imkan verməmiş, onu dəfələrlə oradan qovmuşdur.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3, X13, X10, X11 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, mübahisəli evin tikilməsini Cavabdeh2 maliyyələşdirmişdir, ev ona məxsusdur.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırkı iddia "evdən istifadə qaydasının müəyyən edilməsi və ondan maneəsiz, sərbəst şəkildə istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi" hissəsində baxılmamış saxlanmışdır.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2024-cü il tarixli 2(008)-2049/2024 nömrəli qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 50 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1. şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2. şəxs yaşadığı yerdən məhrum edilibmi; 3. məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşlar və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin evin üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. İddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs – akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda, həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüquqlarının qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüquqları qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin "cavabdehlərə məxsus olan ev" kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. Bundan başqa, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda, iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Ona görə də mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kımı, iddiaçının da bu huququ realizə etməsi məqsədə müvafiqdir. İddiaçının mübahisəli evdə əvvəllər yaşamasını, oradan daimi yaşayış sahəsi kimi istifadə etməsini cavabdehlər mübahisələndirməmişlər. İş üzrə tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsindən görünür ki, cavabdehlərin razılığı ilə iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışdır. Beləliklə, iddiaçının sözügedən evə köçürülməməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27.1, 27.2, 180.1, 180.2, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı və cavabdeh ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv 2302 ünvanda yerləşən fərdi yaşayış evində övladları ilə birlikdə yaşamışlar. İddiaçı və Cavabdeh1 dolanışıqları, əldə etdikləri aylıq qazancları aşağı səviyyədə olmuş, bu qazanc hesabına yalnız ailənin zəruri ehtiyacları qarşılanmışdır. Cavabdeh1 həm maddi, həm də mənəvi dəstəkçisi doğma əmisi (hazırki iş üzrə digər cavabdeh) Cavabdeh2 olmuşdur. Cavabdeh2 övladları olmadığı üçün, Cavabdeh1 oğlu gözündə görmüş, ona hər bir məsələdə köməkliyini göstərmişdir. Cavabdeh2, iş üzrə iddiaçı və Cavabdeh1lə belə razılığa gəlmişdir ki, o, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 57-ci mənzilini satsın və əldə olunmuş vəsait hesabına torpaq alaraq 2 mərtəbəli ev tikdirsin. Sonra da o, və Cavabdeh1 ailəsi həmin evdə birlikdə yaşasınlar. Razılığa gəldikdən sonra Cavabdeh2, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 57-ci mənzilini xx.xx.2020-ci il tarixdə 70.000 manata X1 və bu barədə onların arasında əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh2 həmin vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə, 20 Yanvar küçəsində yerləşən torpaq sahəsində hazırki mübahisəli fərdi yaşayış evini inşa etdirməyə başlamışdır. Cavabdeh2 yaşlı olduğuna görə, evin tikintisinə Cavabdeh1 nəzarət etmiş, lakin tikintinin maliyyələşdirilməsini Cavabdeh2 özü aparmışdır. Hazırda mübahisə predmeti olan evin 2020-ci ildə inşa edilməsini, həmin evə 2021-ci ildə köçərək, Cavabdeh2la birlikdə bu evdə yaşamalarını iddiaçı özü də inkar etmir və məhkəməyə verdiyi izahatında işin bu hallarını təsdiq edir. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə, 20 Yanvar küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi iddiaçı və Cavabdeh1 birgə nikahı dövrünə təsadüf etsə də, həmin tikilyə çəkilmiş pul vəsaiti onlara məxsus olmamışdır. Bu vəsait Qəlib Kərimovun özünə məxsus mənzilin xx.xx.2020-ci il tarixdə satışından əldə olunmuş 70.000 manat təşkil etmişdir. İş üzrə iddiaçı həmin evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı keçmiş əri Cavabdeh1lə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh2 ailə üzvü deyil, onlar arasında münasibətlər artıq pozulmuşdur. Cavabdeh2 öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evində iddiaçının yaşamasını istəmir. O, yaşlı insandır və bundan sonra həyataını sakitçilikdə, heç kimlə mübahis etmədən sürmək istəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən cavabdehlər və onların nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

25. Cavabdeh1 qeyd etdi ki, özlərinin Zabratda evləri var idi, özü tikmişdir, 10 ilə yaxın müddət orada yaşayırmışlar. Əmisinin isə Bakıxanov qəsəbəsində evi var idi, əmisi həm yaşlı, həm də xəstədir, əməliyyat olunmuşdur, ona görə də tək yaşaya bilmirdi. Əmisi Bakıxanov qəsəbəsində olan evini satmış, Zabratda hazırki mübahisəli olan evi tikdirmişdir, onların evinə yaxın yerləşir. O, usta olduğu üçün əmisi işləri ona həvalə etmişdir, amma pulları əmisi vermişdir. O, kredit götürərək öz evində də müəyyən təmir işləri etdirmişdir. Pandemiya dövründə müəyyən borcları yaranmışdı. Buna görə məcbur olub öz evlərini 40000 manata satmış və imkansızlıqdan əmisinin evinə köçmüşlər. Evin satılmasından əldə edilən puldan 6000 manat kredit borcunu ödəmiş, təxminən 10000 manat isə əmisinin evinin altında iddiaçı üçün gözəllik salonu açmış, təmir etdirmiş və lazım olan mebelleri və əşyaları almışdır. Qalan pulu isə ailə ehtiyaclarına xərcləmişlər.

26. İddiaçının nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, iddiaçı və Cavabdeh1, onların uşaqları və digər cavabdeh də mübahisəli evdə yaşamışlar.

38. İddiaçı hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir və tələbini onunla əsaslandırır ki, torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmiş və 2021ci ildə həmin evə köçmüşlər. Bütün qazancını torpaq sahəsinin alınmasına, yaşadıqları evin tikilməsinə və təmirinə xərcləmişdir.

39. Cavabdeh tərəf isə apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh2 məxsus evin satılmasından əldə edilən pul vasitəsi ilə torpaq sahəsi alınmış və sonuncunun vəsaiti hesabına da mübahisəli ev tikilib təmir edilmişdir. Cavabdeh2 Cavabdeh1 əmisidir. İddiaçı həmin evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı keçmiş əri Cavabdeh1lə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməmişdir.

40. İşin müəyyən edilmiş hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 özlərinə məxsus evləri olmuş və əvvəl orada yaşamışlar. Cavabdeh1 bildirir ki, kredit götürərək, öz evində də təmir işləri aparmışdır.

41. Əvvəla nəzərə alınmalıdır ki, kreditin götürülməsi və mübahisəli evin inşa edilməsi eyni dövrə təsadüf edir. Həmçinin cavabdehlər apellyasiya şikayətində göstərir ki, Cavabdeh2, iş üzrə iddiaçı və Cavabdeh1lə belə razılığa gəlmişdir ki, o, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 57-ci mənzilini satsın və əldə olunmuş vəsait hesabına torpaq alaraq 2 mərtəbəli ev tikdirsin. Sonra da o, və Cavabdeh1 ailəsi həmin evdə birlikdə yaşasınlar. Onların mübahisəli evdə yaşaması barədə razılığa gəldikləri halda Cavabdeh1 həmin dövrdə kredit götürərək özünə məxsus evi təmir etdirməsinə hansı zərurət olması məlum deyildir. Ona görə də bu barədə Cavabdeh1 qeyd etdikləri inandırıcı hesab edilmir.

42. Digər tərəfdən Cavabdeh1 apellyasiya baxışı zamanı bildirmişdir ki, özlərinə məxsus evi 40000 manata satmış, evin satılmasından əldə edilən puldan 6000 manat kredit borcunu ödəmiş, təxminən 10000 manat isə əmisinin evinin altında iddiaçı üçün gözəllik salonu açmış, təmir etdirmiş və lazım olan mebel və əşyalarla təchiz etmişdir. Qalan pulu isə ailə ehtiyaclarına xərcləmişlər.

43. Göründüyü kimi Cavabdeh1 ilə iddiaçı birgə nikah dövründə birgə vəsait hesabına inşa etdikləri evin satılmasından əldə edilmiş vəsaitin 6000 manatı kredit borcuna ödənilmiş, 10000 manat isə hazırki mübahisəli evin birinci mərtəbəsində gözəllik salonu açılmasına sərf edilmişdir. Yəni Cavabdeh1 izahatlarında “öz evimi satıb borclarımı ödədim” deyərkən yalnız banka olan 6000 manat kredit borcu başa düşülməlidir, çünki o, qalan vəsaitin də hər hansı borca sərf etməsi barədə məhkəməyə heç bir məlumat verməmiş, əksinə qalan pulun ümumimlikdə ailə ehtiyaclarına sərf edilməsini bildirmişdir.

44. Kollegiya qalan 24000 manat (40000-6000-10000=24000) məbləğində pulun heç bir əsaslandırma olmadan ümumi sözlərlə “ailənin ümumi ehtiyaclarana xərclənməsi”ni ağlabatan hesab etmir.

45. Kollegiyanın qənaəiti ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 məxsus evin satışından əldə olunmuş vəsaitin əhəmiyyətli hissəsi məhz mübahisəli evin tikintisinə sərf olunmuşdur, çünki elə əvvəldən mübahisəli evin geniş (2 mərtəbəli) tikilməsində məqsəd həmin evdə tərəflərin birlikdə yaşaması və gələcəkdə evin məhz iddiaçının ailəsinə qalması olmuşdur.

46. Beləliklə müəyyən olunur ki, iddiaçının özünə (ailəsinə) məxsus evin satılmasından əldə olunmuş vəsaitin əhəmiyyətli hissəsi mübahisəli evin tikilməsinə sərf olunmuşdur, yəni mübahisəli evin inşa edilməsində iddiaçı maddi cəhətdən iştirak etmişdir. Ona görə də Kollegiya hesab edir ki, mübahisəli ev fiziki obyekt olaraq özündə ər-arvadın (hazırki işdə həm də Cavabdeh2) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və iddiaçı həmin evdən istifadə etmək imkanlarından məhrum oluna bilməz.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2049/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar