Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-445/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı (Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı “X6 Kompani S.A.” Şirkətinin nümayəndəsi Nümayəndə və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı “X6 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı (Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-115/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları OQ və NBX-nin növbə rəhbəri H.Hacıyevin və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi P.Orucovun və Suraxanı OYL OQ və NBX-nin nəzarətçisi T.Zeynalzadə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin neft-qaz çıxarma sexinin ərazisində olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən 0.02 ha ölçüdə olan sahədə təxminən 75m2 ölçüdə daş konstruksiyalı fərdi yaşayış evinin tikintisi aşkar edilmişdir. Zəbt olunmuş ərazi və tikinti barədə əlavə məlumat olaraq bildirilmişdir ki, Cavabdeh tərəfindən tikintiyə və torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Nəticədə vətəndaşa tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Cavabdeh tikinti işlərini başa çatdırmışdır. Tikintiyə aid sənəd yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “X6 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı (Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005- ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X6 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10- cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X6 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X6 Kompani S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən ünvan 1 39 T 417422.85 m V 4475958.32 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999- cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına əsasən quyular, separatorlar, qızdırıcı avadanlıqlar, neft rezervuarları və nasos avadanlıqları üçün mühafizə zonası minimum 300 metr müəyyən edilmişdir. Beləliklə, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihəsmeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 115/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X2)
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ümumən məhkəmə qəbul edir ki, Cavabdeh tərəfindən tikilmiş bu ev dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, evin tikintisinin cavabdehin vəsaiti hesabına baş tutması, evə dövlət tərəfindən kommunal xidmətlərin göstərilməsi, yaxud müəyyən bir müddət evin tikintisinə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə ev üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu evi tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir. Lakin mübahisəli tikili cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olduğundan və cavabdeh bu evdə uzun müddətdir yaşadığından həmin ev cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. Cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş özbaşına tikintinin aşkarlanmasına dair aktdan da görünür ki, ərazidə məhz fərdi yaşayış evi tikintisi aşkarlanmışdır. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə bu müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin evinə hörmət hüququna müdaxilə etməkdə məqsədi neft əməliyyatlarının həyata keçirilməsi ehtiyacı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu əməliyyatların ölkənin iqtisadi rifahı maraqları naminə, dövlət və ya ictimai ehtiyac üçün təcili olaraq lazım olduğu iddia edilməmiş, belə bir təcili ehtiyacla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə cavabdehin evinə müdaxilənin daha çox iddiaçı “X6 Kompani S.A” Şirkətinin torpaq sahəsindən istifadə hüququ ilə bağlı maraqlarının qorunması məqsədini güddüyü nəticəsinə gəlir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının nə dərəcədə zəruri və təcili olduğu məlum olmayan neft əməliyyatları həyata keçirmək marağı cavabdehin yaşayışını təmin edəcək yeganə evdən məhrum olmasına mütənasib deyil. Bu səbəbdən iddia təmin edilə bilməz. Məhkəmə son olaraq onu da qeyd etmişdir ki, hüquqların məhdudlaşdırılmasının mütənasibliyi məsələsi həm də Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı “X6 Kompani S.A” Şirkətinin cavabdehin evinin sökülməsindəki marağının cavabdehin evinə hörmət hüququndan məhrum olmasına mütənasib olmaması iddianın təmin edilməməsi üçün əsasdır. Odur ki, iddia təmin edilməməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 71-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləsinin 152, 157, 180, 241-ci maddələri, Torpaq Məcəlləsinin 46, 111-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı “X6 Kompani S.A.” şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Suraxanı OylOpereyşn Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neftyatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. İddiaçı neft-qazhasilatının maksimum səviyəyə qaldırılması üçün köhnə quyularda bərpa işləri görməli, yeni quyular qazımalıdır ki, yaşayış evləri olan ərazidə neftin və ya qazın çıxarılması xüsusi ilə təhlükəlidir ki, bu təhlükənin qarşısının alınması, neftin hasil edilməsi prosesində təhlükəsizliyin təmin edilməsi iddiaçının əsas prioritetlərindən biridir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı torpaqlar; Məhkəmə işin bu halını aydınlaşdırmamış, cavabdehin qanunsuz tikili inşa edərək yaşadığı evin altında olan torpaq sahəsinin təyinatına görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmasına əhəmiyyət verməmişdir. İddiaçı öz qanuni istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün əhalinin təhlükəsizliyinin təmin etməli olduğuna görə bu sahədə olan qanunsuz tikililərin sökülməsini tələb etməkdə haqlıdır. Çünki neft hasil edilən zonada inşa edilmiş qanunsuz tikili həmin tikilidə yaşayan şəxslər üçün xüsusi ilə təhlükəlidir. Qeyd edilən torpaq sahəsi “X5 Company S.A” Şirkətinin istifadəsinə həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilmişdir və həmin torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi qanunsuzdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1540 saylı rəyindən görünür ki, ünvan 1 39 T 417422.85 mB4475958.32 mC koordinatlar üzrə yerləşən torpaq sahəsi “X5 Company S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Yəni təyinatı sənaye olan torpaq sahəsinin daxilindəc avabdehə məxsus tikilinin olması artıq sübuta yetirilir. “X6 Kompani S.A” Şirkətinin fəaliyyəti Təhlükə potensiallı obyektlərin siyahısına daxildir və artıq “X6 Kompani S.A” Şirkətinin fəaliyyət göstərdiyi sahədə yaşayış sahəsi salmaq qanunsuzdur. Belə ki, qeyd edilən torpaq sahələri 2005-ci ildən iddiaçının qanuni istifadəsinə verilsə də, həmin torpaq sahəsi ARDNŞ-ə məxsusdur və sadəcə həmin Sazişlə ARDNŞ-ə məxsus olan hüquqlar iddiaçıya ötürülmüşdür və bu üzdən hansı vaxtdan tikilməsinə baxmayaraq iddiaçının qeyd edilən torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ vardır. Yəni məhkəmə torpağın təyinatının nə olmasını, həmin sahədə neft hasilatı başlanan zaman cavabdehin ailəsi ilə birlikdə hansı təhlükədə olmasını ətraflı araşdırmalı idi.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
15. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
16. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
22. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
24. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
25. Cavabdeh işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı mübahisəli torpaq sahəsini 2017-ci ildə əldə etdiyini bildirir. Cavabdehin izahatına əsasən onlar tərəfindən həmin mübahisəli əraziyə köçdükdə orada balaca tikili olub, cavabdeh sonradan əlavə tikinti aparmaqla hazırki vəziyyətinə gətirmişdir. Həmin tikilinin uşaqlarının şəraitinin yaxşılaşdılması üçün 2020-2022-ci illərdə tikib hazırki vəziyyətə gətirmişdir. Uzun müddətdir ailəsi ilə həmin evdə yaşayır, bununla bağlı icra hakimiyyətinin nümayəndələrinin xəbəri olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, “X6 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X6 Kompani S.A” Şirkəti fəaliyyət göstərir.
27. Göründüyü kimi, 16 avqust 2005-ci il tarixindən Suraxanı neft yataqlarının daxil olduğu ərazi “X6 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, həmin əraziyə daxil olan ünvan 1ndə yerləşən tiklinin Cavabdeh tərəfindən hazırki vəziyyətə gətirilməsi sonradan 2020-2022-ci illərdə olmuşdur.
28. Cavabdeh izahatında mübahisəli torpaq sahəsində yerləşən özbaşına tikilinin “X6 Kompani S.A” Şirkətinə verilməmişdən əvvəl tikilmiş evin sökülərək yerində tikilməsinə istinad etsə də, hal-hazırda mövcud olan özbaşına tikilinin yerində əvvəllər inşa edilmiş hər hansı bir ev və ya tikili olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
29. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Elektron kadastr məlumat bazasına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən tikili “X7 Kompani S.A” şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri ilə tam üst-üstə düşür. İddiaçının nümayəndəsinin iddiasına əsasən Cavabdeh məskunlaşdığı tikili 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.
31. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.
32. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
33. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
34. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
35. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı “X6 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-115/2023 nömrəli tarixli qətnaməsi ləğv edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən özbaşına tikili sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X6 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
37. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı “X6 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-115/2023 nömrəli qətnaməsi ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədan küçəsi 39 T 417422.85 m B 4475958.32 m C koordinatlar üzrə yerləşən özbaşına tikili sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X6 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılsın. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.