Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4450/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh ləğv prosessində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-423/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh ləğv prosessində olan Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 1458 nömrəli kredit müqaviləsi və qeyd olunan müqavilənin təminatı olan xx.xx.2013-cü il tarixli 1458 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə 1458 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya 27500 manat məbləğində pul krediti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsində yerləşən 7 nömrəli ev xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 46000 manat ilkin satış qiyməti müəyyən edilməklə girov qoyulmuşdur. İddiaçı müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişini etsə də, sonradan ödəniş edə bilməmişdir. Borcunu ödəyə bilmədiyi üçün Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan borcunun geri ödənilməsini tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanan müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilə etibarsız hesab edilməlidir. Sözügüdən kredit müqaviləsində beynəlxalq müqavilə hüququnun “good faith” prinsipi pozulmuşdur. Azərbaycan dilinə tərcümədə “xoş niyyət” kimi ifadə olunan bu prinsipə əsasən, tərəflər müqavilə bağlayarkən bir-biri ilə ədalətli, dürüst və xoş niyyətli olmalıdırlar ki, hər iki tərəf müqavilədən bəhrələnə bilsin. Cavabdeh isə kredit və ipoteka müqavilələri bağlanarkən iddiaçının atasına məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini çox aşağı qiymətlə müəyyən etmişdir. Beləliklə, bunun nəticəsində faktiki dəyəri 80000 manatdan çox olan əmlakın cəmi 49000 manat qiymətləndirilməsi “good faith” beynəlxalq müqavilə prinsipini pozur. Daha sonra, Avropa Şurasının “Müqavilələrdə ədalətsiz şərtlər haqqında” 93/13 saylı göstərişinin 45-ci maddəsində qeyd edilmişdir ki, istehlakçı ilə bağlanılmış müqavilələr aydın şəkildə tərtib olunmalıdır və müvafiq şərtin tətbiq mexanizmi elə dəqiq göstərilməlidir ki, istehlakçı bunu analiz edib, lazımı qaydada qiymətləndirib özü üçün bütün olan bilən iqtisadi nəticələr barədə aydın təsəvvür əldə etsin. Həmçinin Avropa Məhkəməsi bildirir ki, milli məhkəmələr istehlakçıların tələb olunan məlumatları aldıqlarını yoxlamalı və kredit müqaviləsinin danışıqlarında kreditor tərəfindən təqdim olunan materiallarını və məlumatları da nəzərə almalıdırlar. İddiaçı sahə istehlakçı əmlakını girov qoyarkən əmlakının dəyərindən aşağı kreditlə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olmuşdur. İndi isə iddiaçıya məxsus əmlak dəyərindən 50 faiz aşağı giymətlə qiymətləndirilibdir. Bundan başqa iddiaçıya məlum olmuşdur ki, girov qoyduğu əmlak hərracdan alınmadığı təqdirdə onun qiyməti ilkin hərracdan 15 faiz, ikinci hərracdan isə 25 faiz olmaqla dəyərdən düşəcəkdir və bunun nəticəsində bu günə faktiki dəyəri 80000 manat olan fərdi yaşayış evi 31237,50 manat müqabilində cavabdehin balansına keçiriləcəkdir. Odur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu spesifik qanundur və onun bu cür iddiaçının ziyanına ola biləcəyi barədə kredit verən iddiaçıya məlumat verməli idi. Belə ki, kredit götürdüyü zaman girov qoyduğu əmlakın gələcəkdə faktiki dəyərindən 2-3 dəfə az qiymətə satıla biləcəyi qeyd edilsəydi, əqdi təbii ki, bağlamaqla razılaşmayacdı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-423/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnaməədn İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsaəsn şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin 337-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin cavabdeh bankın etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit və ipoteka müqavilələri ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilələrin qanuniliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-782/2019 nömrəli mülki iş üzrə, eyni zamanda həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 2(103)-12214/2019 nömrəli qətnaməsi, Ali Məhkəmənin 09 avqust 2021-ci il tarixli 2(102)- 3219/2019 nömrəli qərarları ilə yoxlanılmışdır. Həmin işdə İddiaçı cavabdeh qismində tərəf olmuş və xx.xx.2013-cü il tarixli 1458 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli 1458 nömrəli ipoteka müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. Həmin işdə bu kredit və ipoteka müqavilələrinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırki iddiaçıdan borc tutulmuş və tutma ilk növbədə mübahisələndirilən ipoteka müqaviləsi ilə yüklü edilən mənzilə yönəldilmişdir. İstisna olunmur ki, hazırki iddianın ortaya çıxması da məhz bu “zərurətdən” yaranmışdır. Düzdür, hazırki işdə iddiaçı göstərir ki, mübahisələndirdiyi kredit müqaviləsində borcun qaytarılma şərtləri tam və dəqiq göstərilməmiş, ipoteka müqaviləsində isə ilkin satış qiyməti aşağı göstərilmişdir. Bu dəlillərin nə qədər açıq-aşkar əsassız və əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməzdi. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Bu cür hallar açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə başqalarına zərər vurmaq məqsədi daşıdığından əlbətdə ki, yolverilməzdir. Əgər belə olmasaydı, ən azından iddiaçı məhkəmə iclasında iştirak edə və iddia ilə bağlı mövqeyini bildirə bilərdi. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-423/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-423/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4450/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4450/2022
13.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver