Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4450/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4450/2023 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Nümayəndə, cavabdehin nümayəndə-vəkili Vəkil2 ştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 2363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixində birgə nikaha daxil olaraq, gəlin qismində ünvan 1 ünvanında yerləşən özbaşına tikinti olan fərdi yaşayış evinə köçmüşdür. İddiaçı uzun müddət həmin evdə yaşamış, cavabdehlə birgə təsərrüfat aparmışdır. 2.Tərəflər arasında olan nikah xx.xx.2023-cü il tarixində pozulmuşdur və iddiaçının bildirdiyinə ğörə cavabdeh hazırda onun mübahisəli evdə yaşamasına imkan vermir. 3.Tərəflərin birgə nikahlarından iki övladı var və iddiaçı himayəsində olan övladı ilə birlikdə mübahisəli evə köçərək orada yaşamaq istəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu təvəllüdlü X11 ilə birlikdə hazırda Cavabdeh ilə birlikdə xx.xx.2007-ci il təvəllüdlü X21 təvəllüdlü birgə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan fərdi yaşayış evinə köçürülməyi və istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuşlar. Birgə nikahından xx.xx.2007-ci il tarixində X12 və xx.xx.2010-ci il tarixdə X11 doğulmuşdur. Lakin cavabdehlə münasibətləri pisləşdiyi üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Birgə nikahından xx.xx.2007-ci il tarixində dünya gəlmiş X12 atasının himayəsinə və xx.xx.2010-ci il tarixində dünya gəlmiş X11 onun himayəsinə verilmişdir. Qeyd edir ki, cavabdehlə toyu olduğu gün 20 sentyabr 2006-cı il tarixində cavabdehə məxsus ünvan 1 ünvanından ibarət olan beş otaq, həyətində 4 ailənin kirayə qala biləcəyi 4 otaq və hər ailənin şəxsi istifadə edə biləcəyi hamam sanuzeldən ibarət, ümumi sahəsi 250 kv/m olan fərdi yaşayış evinə gəlin köçərək 15 il orada yaşamışdır. Həyətində ayrıca qaraj da var. Toydan sonra cehiz əşyalarını yerləşdirmişdir. Lakin cavabdehin təsiri nəticəsində yaşadığı evi tərk edərək məcburiyyət qarşısında bir uşaqla birlikdə qardaşına məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən evə gəlmişdir. Ona məxsus əşyaları hal-hazırda gəlin köçdüyü cavabdehlə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan evindədir. O, orada yaşamaq istəsə də cavabdeh buna imkan verməmişdir. Halbuki. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan ev cavabdehlə bərabər onun da istifadəsində və sahibliyində olmuşdur. Cavabdehin qohumlarından aldığı məlumata görə cavabdehin onun evindən uzaqlaşdırmaqda məqsədi evini rahat şəkildə satmaqdır. Hətta bir neçə dəfə qohumlarına zəng edərək, cehiz əşyalarının çıxarılmasını tələb edib. O bunu bildikdə, Sabunçu rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli, 16(008)-23/2023 nömrəli qərardadı ilə ərizəsi qismən təmin edilərək, Cavabdeh adına olan evinin özgəninkiləşdirilməsi ona qadağan edilmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsinə tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O iddia tələbini qəbul etmir. İddia ərizəsinə qarşı etiraz edir. İddiaçı uşağı Banu ilə birlikdə iki ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 13-dən çıxıb qardaşının yaşadığı Ramana qəsəbəsinə getmişdir. Lakin bu günə qədər cehiz əşyalarını gəlib evdən aparmamışdır. O, iddiaçı ilə boşanmış, uşağın biri onda digəri isə onda qalmışdır. Həmin ev onun atası X5 məxsusdur. Evin kommunal xidmətləri yəni işıq, qaz, su hamısı atasının adınadır. Hal-hazrda həmin evdə o, anası və oğlu ilə birlikdə yaşayır. Həmin evdə o qardaşı və bacısı pasport qeydiyyatındadır. İddiaçının isə həmin evə qeydiyyatı yoxdur. Onun həmin evə heç bir hüququ yoxdur, onun həmin evə istifadə hüququ tanına bilməz və o həmin evə köçürülə bilməz. Evdən istifadə qaydası da müəyyən oluna bilməz, çünki evin sənədi yoxdur, ev özbaşına tikilidir. Özbaşına tikilyə isə iddiaçının istifadə hüququ yoxdur və tanına bilməz. İddiaçının həmin evə yenidən gəlib köçməsinə razı deyil. Ona görə ki, onlar artıq boşanmış, iddiaçı ona başqa bir şəxslə xəyanət etmişdir, o xəyanəti bağışlaya bilmir və onunla bir evdə də yaşaya bilməz. İddiaçı həmin evə gəlib yaşayışı da deyil, bütün bunları onun əmisi oğlu X9 təşkil edir, iddiaçını da yoldan çıxaran o olmuşdur. O, iddiaçını qəbul etmir, iddiaçı yalandan iddia ərizəsi yazıb ki guya ki, həmin evə köçmək istəyir, lakin o həmin evə gəlib köçməyəcəkdir, çünki onun həmin evə köçməyə və onunla bir yerdə yaşamağa üzü yoxdur. Dəfələrlə iddiaçıya deyilib ki, gəlib cehiz əşyalarını evdən aparsın, lakin gəlib aparmayıbdır. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçı ona qarşı “evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X11 ilə birikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43.1, Mülki Məcəlləsinin 11.1, 11.2, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsi və Mülki Prossesual Məcəllənin 13.4, 27.2, 107, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmənin tətbiq etdiyi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi ailə üzvlərinin dairəsini müəyyən edir. Buraya kirayəçi ilə yanaşı, onun ailə üzvlərinin mənzildən istifadə ilə bağlı eyni hüquqlara malik olmanı nəzərdə tutur. Ailə üzvləri sırasına gəlincə, hazırki münbahisənin mahiyyətinə istinadən, iş üzrə İddiaçı daxil deyildir. Belə ki, həmin normanın 3-cü hissəsində buraya kirayəçi, onun arvadı, övladları və valideynlərinin daxil olması barədə bildirilir. Ancaq İddiaçı bu şəxslər sırasında olmamışdır. Digər tərəfdən iddiaçının digər şəxslər statusuna aid olması halı o halda ailə üzvü kimi onu tanınmağa əsas verə bilərdi ki, bunun üçün gərək iddiaçı əvvəlcədən ailə üzvü hesab edilməsi barədə konkret hüquqi bir hal olsun. İşə baxan məhkəmə isə bu halı təsdiq edən konkret hansısa məhkəmə qərarına və ya digər hər hansı bir sənədə istinad etməmişdir. Məhkəmə mübahisənin həlli üçün əvvəlki Mənzil Məcəlləsini rəhbər tutsa da, onun 60-cı maddəsini nəzərə almamışdır. İddiaçının uzun müddət mənzildə yaşamasını əsas gətirməklə mübahisəli mənzilə köçürülməli olması qənaətinə gəlmişdir ki, şəxsin uzun müddət orada yaşamasını heç bir sübutla təsdiq etməmişdir. Yalnız özündən uydurma olaraq qeyd etmişdir ki, guya işin mübahisəsiz halı odur ki, iddiaçı 2008-ci il tarixdən (cavabdehlə nikaha daxil iddiaçı 2008-ci il tarixdən (cavabdehlə nikaha daxil olduğu ildən) 2023-cü ilin əvvəlinədək orada yaşamışdır. Ancaq işə baxan məhkəmə öz qətnaməsində də istinad etmiş olduğu və artıq qanuni qüvvəyə minmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)- 43/2023 nömrəli qətnaməsi olmuşdur. Həmin qətnaməyə nəzər yetirərkən görünür ki, iddiaçı qeyd edilən yaşayış evində 2021-ci il tarixdən etibarən orada yaşamır. Çünki hələ tərəflər arasında nikah münasibətlərinin pozulmasından qabaq, mediasiyaya müraciət olunmuşdur. Mediasiyanın nəticələrini özündə əks etrdirən “ilkin müdiasiya sessiyasında iştirak edilməməsi abrədə” xx.xx.2021-ci il tarixli arayışdan da görünür ki, hələ həmin dövrlərdə tərəflər birgə yaşamamışdlar. Digər tərəfdən, tərəflərin birgə yaşamamalarının və ailə münasibətlərinin pozulmasının əsası kimi hazırki iş üzrə İddiaçı həyat yoldaşına x əy anəti olmuşdur. Məhz bu xəyanətə görə tərəflərin arasında olan nikahın pozulması baş vermişdir. Əgər qadın tərəfindən ərinə xəyanət olunursa, onda necə ola bilərdi ki, qadın elə əri ilə bir yerdə yaşayacaqdı? Digər tərəfdən, Gədəbəy rayon Məhkəməsinin qətnaməsi ilə öz təsdiqini tapmış və xx.xx.2021-ci il tarixli arayışdan və eləcə də qətnamənin özündən də görünür ki, İddiaçı ərinin üzünə çıxa bilmir. Nə məhkəməyə gəlir, nə mediasiyada iştirak edir və hətta hazırki məhkəmə mübahisəsi üzrə məhkəmə proseslərində də iştriak etməmişdir. Bütün bunlar onu bir daha təsdiq edir ki, işə baxan məhkəmənin işin mübahisəsiz halı kimi qeyd etdiyi və iddiaçının 2008-ci il tarixdən 2023-cü ilin əvvələrinə kimi mübahisəli yaşayış evində yaşaması fikri tam əsassız və biləbilə, qəsdən özünün uydurduğu bir fikir olmuşdur. Digər tərəfdən, məhkəmə hesab edir ki, cavabdeh mübahisəli yaşayış evinin onlara məxsus olmasını təsdiq edən hansısa bir sübutun məhkəməyə təqdim etməmişdir və bunun nəticəsində də sübut olunur ki, iddiaçı hüququndan məhrum olmuşdur. Məhkəmə prosesləri gedən vaxtlarda cavabdeh özü şəxsən vaxtı ilə Sabunçu rayon Məhkəməsi tərəfindən çıxarılmış və halhazırda da qanuni qüvvəyə minmiş, 07 iyun 2005-ci il tarixli, 2-1576/2005 nömrəli qətnaməsini təqdim etmişdir. Baxmayaraq ki, məhkəmə bu qətnamənin adını belə öz qətnaməsində qeyd etmir. Necə ki, Gədəbəy rayon Məhkəməsinin qətnaməsini qeyd etmiş olsa da, ancaq orada fakt olaraq öz təsdiqini tapmış hallara fikir verməyib, burada da ümumiyətlə bu qətnaməni (Sabunçu rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli) göstərməmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin atası X5 məxsus olmuşdur. Həmin qətnamə ilə Dəmir Məmmədov, onun həyat yoldaşı və 3 uşağı qeyd edilən yaşayış evinə pasport qeydiyyatına alınmışlar. Qeyd olunan həmin 3 övladdan da biri hazırki iş üzrə Cavabdehdur. Bu günə kimi də bu şəxslər həmin evdə pasport qeydiyyatındadırlar. Yaşayış evinə gözlənilən mülkiyyət hüququ da Dəmir Məmmədovda olmuş və o da, vəfat etdiyi günə kimi, yəni xx.xx.2022-ci il tarixə kimi orada yaşamışdır. Baxmayaraq ki, artıq Dəmir Məmmədov dünyasını dəyişdiyi vaxtda artıq iddiaçı həmin evdən məlum məsələlərə görə çıxıb getmişdir. Çünki iddiaçı ərinə xəyanət etdiyinə və bunun üstünün açılmasından sonra orada yaşamaqdan özü imtina edərək getmişdir. Beləliklə, işə baxmış məhkəmə işdə olan mötəbər sübutları kənara qoymaqla, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası 14.Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
17. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
18. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
20. Maddə 53. 1-ci hissə.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
21. Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
23. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 13.4 Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı mübahiləndirilən hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
36. Belə ki, AZE 12283671 seriyalı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Banunun anası Həsənova Alidə, atası isə Cavabdehdur.
37. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sabunçu rayon Qeydiyyat şöbəsində nikah bağlanması haqqında akt qeydlər kitabında 526 nömrəli akt qeydi ilə bağlanmış xx.xx.2008-ci il tarixli nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 Rauf Dəmir oğlunun, xx.xx.2010-cu il təvəllüdlü X11 isə İddiaçı himayəsində saxlanmışdır.
38. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdehin atası X7 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.
39. Sabunçu Rayon Məhkəməsinin 2-1576/2005 saylı 07 iyun 2005-ci il tarixli qətnaməsinə görə ərizəçi X2 ərizəsi təmin edilərək, X7 həyat yoldaşı və 3 uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi 18 saylı evə pasport qeydiyyatına alınmışdır.
40. Məhkəmə araşdırılması zamanı tərəflərin vermiş olduğu izahatlar və iş materialları əsasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2007-ci il tarixində X12 və xx.xx.2010-ci il tarixdə X11 doğulmuşdur. Lakin cavabdehlə münasibətləri pisləşdiyi üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikahından xx.xx.2007-ci il tarixində dünya gəlmiş X12 atasının himayəsinə və xx.xx.2010-ci il tarixində dünya gəlmiş X11 isə anasının himayəsinə verilmişdir.
41. Eyni zamanda işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər 2006-cı il tarixində el adəti ilə toy edərək faktiki nikah münasibətlərinə daxil olsalar da, onlar arasında rəsmi nikah 2008-ci il tarixində olmuşdur. İddiaçı gəlin qismində hazırki mübahisə predmenti olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək, uzun müddət cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşayıb, birgə təsərrüfat aparmışdır. Həmçinin, o da mübahisə olunamayan haldır ki, qeyd edilən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev iddiaçı ora gəlin köçəndə mövcud olmuşdur. Cavabdehin atası 2022-ci il tarixində vəfat etmişdir və hazırda həmin ev cavabdehin, yəni iddiaçının keçmiş həyat yoldaşının istifadəsindədir.
42. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır.
44. Bu məqsədlə mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır.
45. Məhkəmə baxışında iştirak edən tərəflərin nümayəndə-vəkillərinin iddiaçının mübahisəli evdə konkret olaraq hansı tarixdən yaşamağa başladığına dair izahatları birbirini təkzib etsə də, (iddiaçı tərəf 2006-cı il tarixində, cavabdeh tərəf isə 2008-ci il tarixində iddiaçının evə köçdüyünü bildirir) mübahisəli hüquq münasibətinin 2009-cu il oktyabrın 1-dək yarandığı işin mübahisəsiz halıdır.
46. Məhkəmə kollegiyası işin faktiki halları və bu münasibətləri tənzimləyən normalar baxımından (analogiya üzrə Mənzil və Mülki Məcəllə) belə nəticəyə gəlir ki, iddiaçı uzun müddət (15 ilə yaxın) yaşadığı mübahisəli ünvana köçürülməlidir.
47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bu səbəbdən necə ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşayır, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır.
48. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsində təsbit edilmiş qadağanedici normanı pozmuş, pozuntunun nəticələri halhazırda da davam etməkdədir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, iddiaçının mübahisəli evə köçürülməsi uşağının da köçməsinə əsas yaradır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsasında həll edilməlidir. Çünki cavabdehin atasının, yəni X3 mübahisəli evə gözlənilən mülkiyyət hüququ olmuşdur. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2-1576/2005 saylı 07 iyun 2005-ci il tarixli qətnaməsi də bu faktı təsdiq edir” dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
51. Əvvəla, Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsi ilə müəyyən olunmuşdur ki, X7 1990-cı ildən ailəsi ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, 18 saylı evdə yaşayır. Uzun illərdir ki, həmin evə dair kommunal xidmət haqqlarını və digər xərcləri vaxtı-vaxtında ödəməklə, evdən açıq, fasiləsiz və etirazsız istifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, yalnızca bu faktlar əmlak üzərində gözlənti əsasında mülkiyyət üçün yetərli deyildir. X19 Məhkəməsinin presedent hüququna əsasən, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Buna baxmayaraq, nə mübahisəli evə, nə də onun yerləşdiyi torpaq sahəsinə aid hüquqi aktlar təqdim edilməmişdir.
52. Digər tərəfdən hətta hazırki mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri nəzərə alınmaqla həll edildiyi təqdirdə belə, iddiaçının sözügedən ünvana köçürülməsi tələbi təmin edilməlidir. Belə ki, “Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Bu baxımdan yanaşdıqda, cavabdehin atası D.Məmmədov vəfat etdikdən sonra “qanuni gözlənti”yə əsaslanan mülkiyyət hüququ oğlu- Cavabdeh keçmiş olur və iddiaçı həmin zamanda cavabdehlə qanuni nikah münasibətlərində olmaqla, onun ailə üzvü hesab edildiyindən etibarlı ailə əlaqələri əsasında mübahisəli evə iddiaçının istifadə hüququ yaranmış olur. İstifadə hüququnun yarandığı təqdirdə isə iddiaçının həmin evə köçürülməsi qanunauyğundur.
53. Apellyasiya şikayətinin digər bir dəlili isə iddiaçının 2021-ci il tarixində mübahisəli evdən öz istəyi ilə çıxıb getməsi, belə olan halda əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinin nəzərə alınması ilə bağlıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. İddiaçının 2021-ci il tarixində yaşadığı mübahisəli evi daimi əsaslarla tərk etdiyini təsdiq edəcək heç bir sübutu cavabdeh tərəf məhkəməyə təqdim etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
54. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
55. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
56. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları,tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2363/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova