Məhkəmə qərarları › İş №2(103)-4451/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4451/2021

22.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4451/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına qarşı «işə bərpa və dəymiş ziyan» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-663/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına qarşı «işə bərpa və dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.01.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, 19.01.2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 15000 manat maddi və 15000 manat mənəvi ziyana görə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 20.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin 20.10.2020-ci il tarixli əmri ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 20.10.2020-ci il tarixdən işə bərpa olunan günə qədərr hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh bundan sonra iddiaçını işə bərpa etsə də, iddiaçının işdən azad olunduğu gündən, yəni 20.10.2020-ci il tarixdən 19.01.2021-ci ilə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının deyil, 20.10.2020-ci ildən 13.11.2020-ci ilə qədər olan müddətə ödəmişdir. Eyni zamanda onunla bağlanmış əmək müqaviləsini işə bərpa olunduqdan sonra qanunsuz olaraq ləğv etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-663/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan, Səbail Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qətnaməsinin surətindən və iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialı arasında bağlanmış 10.04.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 10.04.2018-ci il tarixdən 31.08.2018-ci il tarixədək «Takelajçı» vəzifəsinə işə götürülmüşdür. İşdə olan tərəflər arasında bağlanmış 15.11.2019-cu il tarixli əmək müqaviləsinə düzəlişdən görünür ki, bu müqavilə 16.11.2019-cu il tarixdən 13.11.2020-ci il tarixədək qüvvədə olacaqdır. İşdə olan 19.01.2021-ci il tarixli, BM-El-020-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 20.10.2020-ci il tarixli əmr ləğv edilmiş və İddiaçı 20.10.2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər və müddət daxilində əvvəlki vəzifəsinə bərpa edilmişdir. İşdə olan 19.01.2021-ci il tarixli, BM-El-022-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə əmək müqaviləsinin müddətinin bitməsi il əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən etibarən xitam verilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - İddiaçı X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialında «Takelajçı» vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddəti 13.11.2020-ci il tarixdə bitmiş, 19.01.2021-ci il tarixli əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən (cavabdeh) qanunvericiliyin tələbinə uyğun olaraq işçini müddətli əmək müqaviləsi qurtardığı üçün işçi işə çıxdıqdan sonra bir təqvim həftəsi ərzində işdən azad etmişdir. Belə ki, işəgötürən 19.01.2021-ci il tarixli əmri ilə məhkəmə qətnaməsini icra edərək işçini işə bərpa etmiş və həmin tarixdə başqa bir əmrlə işçini Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad etmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsinin də məzmunundan göründüyü kimi, işçi işəgötürən ilə aralarında məhkəmə çəkişməsi olduğu dövrdə işə çıxmadığından və məhkəmə çəkişməsi bitdikdən sonra 19.01.2021-ci il tarixdən işə çıxdığından işəgötürən işçini məhz işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş əmək müqaviləsinin bitdiyi tarixdən etibarən işdən azad etmişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uyğun olaraq işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia «əmrin ləğvi və işə bərpa» hissədə əsassız olduğundan qalan hissədə də təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab olunur ki, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin. Hazırki işin hallarından və işdə olan sübutlardan isə görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 13 noyabr 2020-ci il tarixdə bitmiş, həmin vaxtı iddiaçı işdə olmamış (iddiaçı cavabdehin əvvəlki əmri ilə işdən azad olunduğundan tərəflər arasında məhkəmə mübahisə mövcud olmuşdur), iddiaçı məhkəmə qərarına əsasən cavabdeh tərəfindən əvvəlki işinə bərpa olunduqdan sonra qanunla nəzərdə tutulmuş 1 həftə ərzində qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsinə dair əmr qəbul olunmuşdur. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi – əmrin arxa tarixə verilməsini, həmin dövrdə onunla cavabdeh arasında məhkəmə mübahisəsinin getməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əmrin qanunsuz olmasını ehtiva etmir. Belə ki, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən isə işçinin müəyyən üzrlü səbəblərdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 13 noyabr 2020-ci il tarixdə bitsə də, ondan əvvəl iddiaçı cavabdehin digər əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmuş, iddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, əmr ləğv olunaraq iddiaçının əvvəlki işinə bərpa olunması qət edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını 13 noyabr 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edə bilməzdi. Lakin, cavabdeh məhkəmə qərarını icra edərək iddiaçını işə bərpa etdikdən sonra, qanunla müəyyən olunmuş 1 həftə ərzində əmək müqaviləsinə xitam verilməsinə dair hazırda mübahisələndirilən əmri qəbul etmişdir. Əmrdə əmək müqaviləsinə məhz 13 noyabr 2020-ci il tarixdən xitam verilməsinin göstərilməsi əmrin arxa tarixlə verilməsi anlamına gələ bilməz. Göründüyü kimi, cavabdeh müddətli əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verməkda haqlı olmuş, əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən olunmamışdır. Həmçinin, qeyd edilməlidir ki, əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (ƏM-nin 42-ci maddəsinin 1-ci hissəsi). İddia qeyd edilən hissədə əsassız olduğundan qalan hissədə də (dəymiş ziyanın ödənilməsi) təmin oluna bilməzdi. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «X2 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına qarşı «işə bərpa və dəymiş ziyan» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-663/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)- 663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar