Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4451/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bəxşeyiş oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından bir uşağı, İddiaçı2 dünyaya gəlmişdir. 2007-ci ildən hazırkı iş üzrə tərəflər, həmçinin cavabdehin digər ailə üzvləri birlikdə bir ailə kimi hazırkı iş üzrə mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yaşamağa başlamışlar. Onlar həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçılar həmin evi tərk etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3759/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh arasında nikah pozulmuşdur. X1 Gülyaz Məhəmməd qızının keçmiş baldızıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə köçürülməkləri, iş üzrə ödənilmiş 50,0 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İddiaçı1 Cavabdeh ilə Laçın rayonu Kamallı kənd icra nümayəndəliyinin 12 mart 2003-cü il tarixli 06 № ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 adlı bir övladı doğulmuşdur. Nikaha daxil olduqdan uzun müddət sonra ailə münasibətləri pozulduğuna görə “nikahın pozulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə hal-hazırda Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Ramilə Xəzri tərəfindən baxılır. Ailə münasibətləri pozulduqdan sonra o və qızı bacısının yanında yaşamağa məcbur qalmışlar. Belə ki, cavabdeh onu və İddiaçı2 evdən qovmuşdur. İddiaçı2 Azərbaycan Pedaqoji dövlet universitetinin 2-ci kurs tələbəsidir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, ünvanında yerləşən torpaq sahəsi 2004-cü ildə birgə nikah vaxtı alınmışdır. Lakin torpaq sahəsi alğı-satqı olunan zaman qaynanasının adına rəsmiləşdirilmişdir. Təxminən 2012-ci ildə qaynanası vəfat etdiyi üçün torpaq sahəsi və fərdi yaşayış evi baldızı X2 adına keçirildiyini söyləmişlər. Həmçinin, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışı yoxdur. Torpaq sahəsinə dair bələdiyyə sənədi vardır. O, 1993-cü il tarixdən orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunan pulların böyük qismini təmin etmişdir. Belə ki, müəllim maaşını toplayıb evin tikintisinə sərf olunması üçün Cavabdeh vermişdir. Eyni zamanda, bankdan kredit götürüb tam məbləği evin tikintisi üçün Cavabdeh vermişdir. X14 dövlət tərəfindən verilən evi satmış və həmin məbləği ona Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmaq üçün pay vermişdir. Hətta ailəsinə dəstək olmaq üçün hər dəfə maddi sıxıntılar olduğu zaman bankdan kredit götürərək Cavabdeh vermişdir. Bu günə kimi ailəsinə həm maddi, həm də mənəvi dəstək olmuşdur. Həmin evin tikintisində və evin içərisinə alınan əşyaların hamısı onun zəhməti və maddi dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bütün qohumları və yaxın insanlar hamısı bunun şahididir. Evin tikintisindən sonra alınan soyuducu, paltar yuyan maşın, soba, ütü, dvd, kombi sisteminin çəkilməsi və alınması, mikrovalnovka, divan dəsti, xalça onun tərəfindən alınmışdır. Həmin əşyalar ona məxsusdur. 2013-cü ildə Cavabdeh vərəm xəstəliyinə düşdüyü üçün 2 il müddətində onun maddi dəstəyi ilə mülaicə olunmuşdur. Ona və qızına aid qızılları da satıb cavabdehin müalicəsinə sərf etmişlər. Hal-hazırda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində ona və İddiaçı2 yaşamaq üçün şərait yaratmır. Cavabdeh mütəmadi olaraq ona və İddiaçı2 qızma qarşı təziqlər göstərir. Belə ki, onu təhqir edərək şiddətə məruz qoyur. Hesab edir ki, övladı İddiaçı2 gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədilə birgə nikah dövründə alınmış Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında fərdi yaşayış evinə köçürülməlidir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçılar İddiaçı2 və İddiaçı1 münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2007-ci də yaranmışdır. Belə ki, iddiaçılar həmin tarixdə həmin tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Buna görə də, mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. İşin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Baxılan işdə iddiaçılar cavabdehin anasının razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 15 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında nikahın pozulması bildirilsə də, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 15 il yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evi cavabdehin anasına məxsus olması və onun razılığı ilə iddiaçıların həmin evə köçürülməsi, mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçıların həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçıların bacının evində yaşayaraq yaşayış sahəsinə ehtiyacının olmasıdır. Cavabdeh bu halları mübahisələndirmirlər. İddiaçılar 15 il müddətində mübahisəli evdə cavabdehlərlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin anasına məxsus olması, sonuncu tərəfindən qızına (Dilbər Fərmanova) bağışlanması, cavabdehin həmin evə hər hansı aidiyyətinin olmaması və iddiaçı Gülyazın həmin evdə hər-hansı yaxşılaşdırma aparmamasıdır. İddiaçının Cavabdehla mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Bundan başqa yuxarıda qeyd olunduğu kimi, iddiaçı Gülyazın köçdüyü evin yaxşılaşdırılmasında iştirak etdiyini irəli sürmüş, Cavabdeh isə orada Gülyazın hər-hansı yaxşılaşdırma aparmadığını bildirmişdir. Məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə 15 il ərzində fasiləsiz yaşamış iddiaçı Gülyazın evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı Gülyaz 2007-ci ildə məktəbdə müəllimə işləmiş həmin tarixdən dəfələrlə bankdan kreditlər götürmüşdür.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verərək Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-471/2023 saylı qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilib ona görə ki, evə köçürülməsi iddia olunan mübahisəli mənzil ona məxsusdur, Ağcəbədi rayonunda Qış Yataqlarında yaşadığı müddətdə onun 300 baş heyvanı vardı. Həmin təsərrüfata o baxırdı, anası da onun himayəsində olub, yaşlı və xəstə adam olub, həmin heyvanları satıb 2006-cı ildə mübahisəli torpaq sahəsini alıb həmin ildə də 3 otaqdan ibarət 1 mərtəbəli ev tikdirib, həmin evin iddiaçılara və cavabdehə heç bir aidiyyəti yoxdur, o evi tikəndə onlar hələ Ağcəbədidə yaşayırdilar. Belə ki, həmin ev yəni Bakı şəhəri Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə iddiaçı və cavabdehə müvəqqəti olaraq sığınacaq kimi yaşamalarına etiraz etməyib, o həmin evini onlara həmişəlik verməyib, nə də ki, onların həmin evə dair istifadə hüquqları yoxdur. Məhkəmə qətnamənin nəticə hissəsində belə qənaətə gəlir ki, guya İddiaçı1 və İddiaçı2 mərhum anasının (iddiaçının qaynanasının) razılığı ilə 2007-ci ildə məskunlaşdıqları X10 Bakı şəhəri Qala qəsəbəsində yerləşən həmin mübahisəli fərdi yaşayış evinə köçmüşlər və 15 ildən artıqdır ki, orada yaşayırlar. Məhkəmə belə hesab etmişdir ki, bu səbəbdən köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın tələbinə əsasən yaşayış yerinin mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvü onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməyibsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Lakin məhkəmə bu əsaslandırmanı apararkən nəzərə almayıb ki, ev onun anası tərəfindən deyil, onun tərəfindən öz zəhməti ilə artırdığı heyvanlarının satışından əldə olunmuş maliyyə vəsaiti ilə alınmışdır. Bundan başqa, məhkəmə qətnamənin bir hissəsində köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq olunmasını bildirir, elə həmin vərəqdə bir qədər yuxarıda Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin müddəalarının tətbiq edilməli olmasını bildirir. Qeyd olunan maddi hüquq normaları hər ikisi də, mənzildən istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyir və başqa-başqa hüquqi nəticələr yaradır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, o hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. Anası İddiaçı1 ilə qohumlarının evində yaşayırlar. Atası Cavabdeh ilə anası İddiaçı1 nikahlarının və aiıə münasibətlərinin pozulması nəticəsində onların yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılıblar. O kiçik yaşlarından anası, atası və bibisi ilə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayış boya başa çatıb və orta məktəb təhsilini alıb. 2(003)- 471/2023 saylı mülki iş üzrə Xəzər rayon Məhkəməsinin iclaslarında iştirak etmiş şahidlər o və anası İddiaçı1 sözügedən ünvanda uzun illərdir yaşadıqlarını təsdiq etmişlər.X15 evin tikintisində çox böyük əziyyətləri olmuşdur. O bütün bunların şahidi olmuşdur. Anası müəlllimə maaşı ilə evin istər təmir istərsə də istifadə etdiyi əşyaların alınmasında böyük əməyi və maddi dəstəyi olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia edir ki, onların həmin evdə yaşamaq hüququ yoxdur. Belə bir sual ortaya çıxır: əgər onların həmin evdə heç bir hüququ olmamışsa nə üçün anasının müəllim maaşı ilə alınan əşyalar və tikinti materialları onlar tərəfindən qəbul olunmuşdur?! Ona və anasına aid şəxsi əşyaları hal-hazırda sözügedən ünvanda qalmışdır. Daimi yaşayış yeri olmadığından çox əziyyət çəkirlər. Hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili tərəfindən Xəzər rayon Məhkəməsinin 2(003)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətində qeyd edilənlər əsassızdır və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bu cür şikayətlərlə məhkəməyə müraciət etməyində əsas məqsəd anası və onu sadəcə süründürməkdir.
Proses iştirakçılarının izahatı
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, o, anası və qardaşı birgə yaşayırdılar. Sonra hamı Bakıya gəldi. Onun Bakıya gəlmək fikri yox idi. Gülyazgil də evləndilər. Elə oldu ki, atası öləndən sonra onların arası pisləşdi. Gülyaz, bibisi gəldi xahiş elədilər ki, evi əlindən almasınlar. Qaçqınlara 4 otaqlı ev tikdilər. 2006-cı ildə o torpaq alıb. Avqust ayından evi tikməyə başlayıb. Bütün mülkünü satıb gəlib ev tikib. 2007-ci 15 oktyabr o evə köçüb. Bacısı ona kömək etdi. Əgər ev onundursa niyə internet, qaz, kommunal-hər şey onun adınadır? Evi necə tikib elə də qalıb. Necə olar bilər ki, onun evində yaşaya bilər.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi hələ məhkəmənin faktiki sübutlara düzgün qiymət verməyib. Kommunal müqavilələr Dilbər xanımla bağlanılıb. Evin faktiki sahibi iddiaçının baldızı- Dilbər xanımdır. Ziddiyyətli məqamlar çoxdur. Ev iddiaçının baldızının evidir və onun iddiaçını və onun qızını saxlamaq vəzifəsi də yoxdur. Burada mənzilə köçürülmə və istifadə ilə bağlı qanunlar bir neçə dəfə dəyişilib. Mülki Prosessual Məcəllənin tələbinə əsasən də mübahisə olan zaman qanunvericiliyin tələbi nə idisə,o tətbiq edilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarları da var. Məhkəmə özü müəyyən edib ki, bu evin alınmasına sərf olunan vəsait Dilbər xanımın Ağcəbədidə olan təsərrüfatının satılması nəticəsində olub. 2006-cı ildə torpaq alınıb, 300 baş xırda buynuzlu, 28 baş iribuynuzlu heyvanları satıblar. Bunları Bakıya gəlmək istədiklərinə görə satıblar və Xəzər rayonu,Qala qəsəbisində ev alıblar. Bu işdə 2 nəfər şahid-Şaiq və Şahin də dindirilib. Şaiq malları satan adamdır. Şahin də evi tikən adamdır. Təsərrüfat həqiqətən də Dilbər xanıma məxsusdur. Bütün şahid ifadələri, təqdim edilən telefonun, qazın işığın kimin adına aid olması barədə sənədlər evin faktiki sahibinin Dilbər xanım olduğunu sübut edir. Belə olan halda 2007-ci ilin oktyabr ayında iddiaçının atasının onlara verdiyi evdən çıxardılıb.Onlar iddia edir ki, orada yaşayıblar, amma onlar Dilbər xanımın evində yaşamayıblar. İddiaçının atasının özünün 10 sot torpağı olub. Onlar 7-8 ay orada yaşayıblar. Sonra atası onları evdən çıxardıb və Dilbər xanım özü deyib ki, gəlib müvəqqəti onlarda qalsınlar. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində əvvəlcə Mülki Məcəllənin 228-ci maddəsinə əsaslandırıb, sonra özü-özünü təkzib etmişdir. Sonra isə Mənzil Məcəllənin 123-cü maddəsinə əsaslanıb. Mənzil Məcəllənin 123-cü və Mülki Məcəllənin 228-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarı da var. Məhkəmə düzgün araşdırma etməmişdir. Məhkəmə sübutları kənara qoyub yalnız iddiaçının müəllim yoldaşlarının şahid kimi verdikləri ifadələrinə əsaslanıb.O şahidlər də o evə yalnız yas mərasimində gəliblər. Onların gətirdiyi şahidlər Şahin Abdullayev-evi tikən adam, Şaiq Fərmanov isə Ağcəbədidə Dilbər xanımın təsərrüfatını satan adamdır. Bunlar onu göstərir ki, bu mənzilin Mürşüdə heç bir aidiyyati yoxdur. Bəli, Şahin cavabdehin qardaşıdır. Təqdim etdikləri sənədlər arayışlar və komunal ödənişlərin qəbzidir. X16 adına olması ilə bağlı faktiki sənəd olmasa da təqdim olunan ödənişlərin qəbzi evin kimin olmasını göstərir. İddiaçı 2007-ci ilin sonlarında Dilbər xanımın evinə gəlib, onların özünün evləri olub. Onlar məcburi köçkün kimi Ağcəbədidə məcburi köçkünlərə ayrılan sahədə yaşayıblar. İddiaçının atası 2007-ci ildə Qala qəsəbəsində Dilbər xanımın yaşadığı küçədə yox, digər küçədə onlara ev verib. Sonra iddiaçının atası onları evdən çıxardıb. Dilbər xanım onlar çöldə qalmasın deyə onları evində qalmasına icazə verib.
13. İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 30 ilini o şagirdlərə həsr edib. Ev onlar köçəndə yarı-yarımçıq,bərbad gündə idi. Sonra yavaş-yavaş təmir ediblər. 47.000 kredit götürüblər. 19 yaşında tələbə qızla o, 30 il stajı olan müəllimə küçədə qalıb.Onlar 2001-ci ildə ailə qurublar. 2007-ci ildən orada müəllimə işləyib. Xəzər rayonunda yaşayanlar hamısı bilir ki, orada yaşayıb. Onun qızı universitet tələbəsidir və onlar bir ildir ki,onunla qapılarda qalıblar.
14. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, həmin vaxt Dilbər xanım, Gülyaz xanım, onun keçmiş həyat yoldaşı və qızı bir yerdə yaşayıblar yəni, ailə tərkibi bir olub. Bununla bağlı arayış da iş materiallarına əlavə edilib. Məcburi köçkün olduqlarına görə də müvəqqəti qeydiyyatları həmin ünvanadır. Qaz və işıq çəkdirmək üçün Dilbər xanım adından müraciət edilib, arayış alınıb. Köhnə sənədlərin içərisindən belə bir sənəd tapılmışdır ki, o vaxt Dilbər xanım öz adından arayış alıb, Bakı Elektrik Şəbəkəsinə təqdim etmişdir ki,oraya qaz və işıq çəksinlər. Arayış ona görə verilir ki, Laçın rayonundan məcburi köçkün düşmüş X5 2009cu ildən tarixdən məcburi köçkün olduqlarına görə Xəzər rayonu, Qala qəsəbəsində məskunlaşmışlar. Ailə tərkibində Cavabdeh, Fərmanov Şirin, İddiaçı2, İddiaçı1 göstərilmişdir. Bu sənəd ona gec verildiyinə görə o elektron sistemə yerləşdirə bilməyib. Bu sənəd iş materiallarında var, sadəcə ona görə vurğulayıb ki, yəni, onların 2009-cu ildən orada yaşamaqları ilə bağlı sənəd var. Birinci instansiya məhkəməsi əsaslı qətnamə qəbul edib. Vəkil qeyd edir ki, dəvət edilən şahidlər iddiaçının müəllim yoldaşlarıdır. Onların dəvət etdikləri şahidlərdən yaxın qonşular da var idi və onlar Gülyaz xanımın 2007-ci ildən orada yaşamasını bildiriblər. Mənzildə Dilbər xanım yaşayıb, amma Gülyaz xanımın qaynanası da orada yaşamışdır. Sonra o, dünyasını dəyişib. Vəkil qeyd edir ki, iddiaçını saxlamaq Dilbər xanımın borcu deyil. Bəs Gülyaz xanımın qazandığı gəlirini evin təmirinə verməsi onun borcu idi? Gülyaz xanım şagirdləri hazırlaşdırmaqla əldə etdiyi gəlirlə o evin təmirinə pul xərcləyib. Gülyaz xanımın sadəcə köçüb o mənzildə yaşamaq hüququ istəyir. İndi İddiaçı2in harada yaşaması ilə belə maraqlanmırlar. İddiaçılar 5-10 gün Gülyaz xanımın qardaşının, 5-10 gün Gülyaz xanımın bacısının evində yaşayırlar. Qeyd edirlər ki, iddiaçının atası onlara ev verib. Elə ev isə yoxdur. Hesab edir ki, deyilənlərin hamısı cəfəngiyatdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh iddia edir ki, onların şahidlərin ifadələri şübhəlidir. Qarşı tərəfin də şahidləri öz qohumlarıdır. Birinci instansiya məhkəməsində qeyd edildi ki, ev rəhmətə gedən qardaşın mal qarasının satılması ilə alınıb, amma burada Dilbər xanımın mal-qarasının satılması yolu ilə alındığını deyir.
15. Cavabdeh Bəxşeyiş oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, onlar 2003-cü ildə ailə qurublar. Onlar anasıgilin təsərrüfatından ayrılıblar, ayrı təsərrüfatları oldu. Gülyazın atası təklif elədi ki, nəyi varsa bu iki bacınındır. Balaca bacısına nə lazımdırsa verildi. 10 sot torpaq, 60-70 baş xırdabuynuzlu heyvan, 8 baş iribuynuzlu heyvan onların idi. Onlara verilmişdi. 2006-cı ildə anasıgil torpaq aldılar. 2006-cı ilin yay ayında, avqustunda tikinti başladı, 2007-ci oktyabrda artıq köçüblər. Onlar qaçqın olduqları üçün, təsərüffatla məşğul olduqlarına görə cənub hissədə məskunlaşmışdılar. Gülyaz iddia ərizəsində qeyd edib ki, guya dövlətin onun anasına verdiyi evi satıb tikintiyə sərf edib. O ev qaçqınların yaşayış mühitini düzəltmək üçün tikilib. Onlar daha sonra köçüblər. Həmin o yeri Gülyazın qardaşı 250 şirvana Laçın rayonunda bir adama satdı. 50 şirvan da o üzərinə qoyub Gülyazı müəllimə kimi düzəltdirib. Qardaşı ola-ola, başqa adama heyvanları satdırmalı idi? Gülyaz əvvəldən qiyabi oxuyurdu. İmtahan verəndə ona verilən evdə qalırdı. Heç müəllimlərlə bağlı imtahan da verməyib. Atası dünyasını dəyişəndən sonra evi onlar aldılar. Qarşı tərəfin vəkilinin sözündə heç bir həqiqət yoxdur.Onlar deyir ki,iddiaçı evə pul xərcləyib,bunların hamısı yalandır. Onda olan arayışa əsasən Gülyaz xanımın maaşı 406 manat təşkil edir. 2012-ci ildə onun maaşı 330 manat olub, indi məntiqlə fikirləşəndə 330 manat alan şəxs necə ev tikə bilər? Gülyazın atası onun anasının əmisi oğlu olub. Onun atası tərəfindən anasına onların evlənməyi təklif edilib və ailə qurublar. İddiaçının orada uşaq hazırlaşdırdığını görməyib. Mal-qaranı satıb gəlməmişdən 3 ay əvvəl onlara verilən evə köçüblər. Onlara verilən evdə yaşayıblar. Anasıgil gəlməmişdən 1 ay öncə onları qovdular. Onların elə çox ev əşyası yox idi. O gedib bacısıgildə, iddiaçı isə öz bacısıgildə qaldı. Anası gələndən sonra dedi ki, onlarla qalsın. Ailə təsərüfatından ayrı orada yaşadılar. Ailə təsərrüfatı yaratdılar. 2007-ci ildə qayınananın razılığı ilə birlikdə yaşadılar. Anası dünyasını dəyişmişdi, qardaşı da xəstə olub dünyasın dəyişdi deyə özlərinə nəsə düzəldə bilməmişdir. Evin tikintisində Arif adlı oğlana pul veriblər. İddiaçının loteriya oynaması ilə bağlı da xəbəri yoxdur. Müəllimlər o pulu ona verəndə görmədiyini də məhkəmədə bildiriblər.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə müraciət edərək Bakı şəhəri Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmələrini xahiş etmişlər.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək ona istinad edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir.
24. Qətnamədən apellyasiya şikayəti verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 şikayətinin dəlili olaraq qeyd etmişdir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
25. İşin mübahisələndirilməyən halı odur ki, tərəflər arasında münasibətlər 2007-ci il tarixdə yaranmışdır. İddiaçılar cavabdehin anasının razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 15 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Hazırda iddiaçılar mübahisə predmeti olan evə buraxılmırlar. İddiaçıların mülkiyyətində mənzil yoxdur.
26. Cavabdeh Bəxşeyiş oğlu məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, 2007-ci ildə analarının razılığı iddiaçılar mübahisə predmeti olan evə köçüb yaşamışlar. O cümlədən, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən dəvət edilən şahidlər də ifadələrində qeyd etmişlər ki, cavabdehin anası torpaq sahəsində ev tikdikdən sonra Gülyazla Mürşüdü mübahisəli evə yanlarına köçürmüşdür. 2007-ci ildən orada yaşamışlar.
27. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin şikayətinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün olaraq qeyd edilmişdir ki, hazırki münasibətlər 2007-ci ildə yarandığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalı idi. Lakin nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. 28.Çünki, Mülki Məcəllənin 228.1-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (Maddə 228.2)
29. Göründüyü kimi, hazırkı halda tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev özabaşına tikilidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması və eyni zamanda şəxslərin özbaşına tikinlidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi hazırkı münasibətlərə bu münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiq edilməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
31. Apellyasiya şikayətinin digər dəlili odur ki, mübahisə predmeti olan mənzilə dair kommunal xidmət müqavilələri müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ilə bağlanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh və cavabdeh tərəfindən məhkəməyə dəvət olunmuş şahidlər də təsdiqləmişdirlər ki, iddiaçılar cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 anasının razılığı ilə mübahisə predmeti olan mənzildə yaşamışlar. İddiaçı da iddia ərizəsində qeyd etmişdir ki, qaynanasının vəfatından sonra fərdi yaşayış evi baldızının adına keçirilmişdir. Apellyatorun da istinad etdiyi müqavilə və qəbzlərin tarixi 2020-2022-ci illərə aiddir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev