Məhkəmə qərarları › İş №2(103)-4452/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4452/2021

27.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4452/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Rasim Hüseynovun, Cavabdehin vəkili Elxan Quliyevin, Cavabdehin nümayəndəsi Səxavət Kərimovun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “ərazinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-1106/2021 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı “ərazinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə “məktəbin stadion tərəfində yerləşən hasarın sökülərək əvvəlki yerində bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması” öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsində (məktəbin ərazisində) tikinti işlərinin aparılmasının Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 2(005)- 4736/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində (məktəbin ərazisində) tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 2(005)-4736/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.01.2021-ci il tarixli, 2(005)- 1106/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(103)-2703/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli, 2(005)-4736/2020 nömrəli qərardadı ləgv edilmiş və iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün iş məhkəməyə göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-1106/2021 nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi şikayət verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-1106/2021 nömrəli qərardadının ləgv edilməsi və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məktəbə məxsus ərazinin 520 kv.m hissəsində yaşayış binasının inşası aparıldığı müşahidə edilmişdir. Tikinti aparılan torpaq sahəsinin məktəbə məxsus olmasını nəzərə alaraq, tikinti işlərinin dayandırılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Səlahiyyətli orqanlara müraciət edilməsinə baxmayaraq, tikinti işləri dayandırılmamış və tikintiyə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin 06.11.2009-cu il tarixli, 384 saylı sərəncamı ləğv edilməmişdir. Lakin məktəbin texniki pasportuna uyğun olaraq, yerində baxış keçirilmiş və məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin təqribən 820 kv.m hissəsi (hazırda tikinti aparılan 520 kv.m və məktəbin arxa tərəfindən hasarboyu 300 kv.m ərazi) kənar şəxs tərəfindən zəbt edilmişdir. Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 05.11.2020-ci il tarixli, **********86 saylı məktubundan görünür ki, texniki pasportda qeyd olunan torpaq sahəsinin Kaveroçkin küçəsi tərəfindən 520 kv.metr, məktəbin stadionu tərəf sərhəd boyu hissəsinin 300.0 kv.metr ərazisi zəbt edimişdir. Məktəbin 520.0 kv. m. sahəsində halhazırca tikinti işləri gedir. Cavabdehə ünvan 1 ünvanında yerləşən məktəbin ərazisində (520 kv.m hissəsində) tikiniti işlərini davam etdirilməsi işə mahiyyəti üzrə baxılıb qurtarana qədər qadağan olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.01.2021-ci il tarixli, 2(005)- 1106/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə bilər; 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarındakı gəldiyi qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: -bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; -bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; -tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli yuxarıda qeyd edilən qərarında gəldiyi nəticədən də görünür ki, “Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir”. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Belə ki, Cavabdeh mülki kollegiyada araşdırma ərəfəsində apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 25 avqust 2020-ci il tarixli, 01-16-1237/16 nömrəli mövcud mübahisə ilə bağlı olan müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, məsələ ilə bağlı daha əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə əsasən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 20 iyul 2020-ci il tarixli, 01/83 nömrəli məktubunda 06 noyabr 2009-cu il tarixli, 384 nömrəli Sərəncam əsasında inşa edilmiş fərdi yaşayış evinin Sarabski küçəsi, 58 ünvanında yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş fərdi qarajları və qeyriyaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi inşa edilmiş, evin istismarına icazə aktı müvafiq dövlət orqanı tərəfindən tərtib edilmişdir. Zəbt edilməsi halın aşkar edilməməsi xüsusilə vurğulanmışdır. Eyni zamanda, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Bakı Şəhəri İcra Hakimiyyəti Başçısına ünvanladığı 20 iyul 2020-ci il tarixli, 01/83 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh məxsus fərdi yaşayış evlərin yaxınlığında yerləşən 34 nömrəli tam orta məktəbin həyatyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı dövlət qurumlarının nümayəndələri, o cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər İdarəsi rəhbərliyinin, polis sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarı ilə məktəb ərazisində zəbt və müdaxilə hallan aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Torpaqların X1 üzrə Dövlət Agentliyinin 25 sentyabr 2020-ci il tarixli, **********9 nömrəli Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış məktubunda deyilir ki, Bakı şəhəri Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin ərazisinə baxış keçirilmiş və məktəbin faktiki vəziyyətdə mövcud daş hasarının daxilindəki torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmişdir. Göründüyü kimi, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)- 1106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar