Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4454/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X1 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının hüquqi varisi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 21 aprel 1976-cı il tarixdə saat 17:30-da iş vaxtı istehsalat zədəsi almış, nəticədə onun peşə əmək qabiliyyəti 60% itirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-571/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 1298,22 manat müavinət pulu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən "xxxx" ASC-nin 2018-ci ilin iyun ayından 08 oktyabr 2022-ci il tarixə qədər İddiaçı 6300 manat müavinət pulu borcu vardır.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərarı ilə o, hüquqi varisi olan X4 ilə əvəz olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci ilin iyun ayından müavinət pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-də işləyən zaman gözlənilməz hadisə nəticəsində istehsalat zədəsi almışdır. Bu barədə 22 aprel 1976-cı il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən o, peşə əmək qabliyyətinin 60 % -ni itirmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən 01 fevral 1988-ci il tarixdə keçirilən müayinə nəticəsində itirilən peşə əmək qabliyyətinin 60% təşkil etməsi və bunun ömürlük bərpa olunmayacağı təsdiqlənmişdir. Bununla əlaqədar ona "xxxx" ASC tərfindən hər ay 37,53 manat olmaqla müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müavinət pulunu müraciətləri əsasında müəyyən çətinliklərlə almışdır. Cavabdeh 2014-2015-ci illərə görə nəzərdə tutulan müavinəti ödəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-571/2016 saylı, 19 yanvar 2016-cı il tarixli qətnaməsi ilə 2014-2015-ci illər üçün 1298,22 manat müavinət pulu cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh nəzərdə tutulan müavinəti 2018-ci ilə qədər ödəsə də, 2018-ci ilin iyun ayından ödəmir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidməti Bakı şəhər İdarəsinə müraciət etsə də, həmin idarə müxtəlif bəhanələr gətirməklə heç bir araşdırma aparmadan məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva, iş № 2(007)-199/2023) iddia təmin edilərək cavabdehdən 6300 manat məbləğində müavinət pulunun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, 83 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASCdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə cavabdehin etirafına istinad edərək iddianı təmin etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5, 191.3, 220.4, 223.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınsa da, iş üzrə yekun qərar 6 ay sonra, yəni 13 mart 2023-cü il tarixində verilmişdir. Eyni zamanda qeyd edilən 6 aylıq müddət ərzində məhkəmə iclasları 11 dəfə (5-i hazırlıq iclası olmaqla) təxirə alınmışdır. İlkin hazırlıq iclası 05 oktyabr 2022-ci il tarixdə keçirilmiş və cavabdeh 08 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Bununla belə hazırlıq iclasları yenə təxirə alınmış və nəhayət xx.xx.2023-cü il tarixinə ilk baxış iclası təyin edilmişdir. Cavabdehin hüquqi varisi X4 08 fevral 2023-cü il tarixinə iddiaçı kimi cəlb olunmuşdur. Məhkəmə işə baxdığı müddət ərzində iş üzrə icraatı dayandırmamış və bu barədə qərardad çıxarmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının hüquqi varisi C.Məmmədov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. 12.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
13.Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 14.Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 15.Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 16.Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 17.Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
Apellyasiya baxışının hədləri
18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Məhkəmə yalnız qətnamənin nəticə hissəsində tutulmalı pulun kimə verilməli olmasını müəyyən edərkən yanlışlığa yol vermişdir. 21.Belə ki, MPM-ə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (maddə 58.1). 22.İş materiallarından görünür ki, İddiaçı işə birinci instasiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun oğlu X4 ərizə verərək iddiaçının hüquqi varisi qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək iddiaçını onun hüquqi varisi olan Cavanşir Məmmədov ilə əvəz etmiş, lakin iddianı təmin edərkən pulun hüquqi varisə deyil, mərhum İddiaçı ödənilməsini qət etmiş, bununla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. 23.Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulan 6300 manat məbləğində müavinət pulu mərhuma deyil, onun hüquqi varisi olan X3 ödənilməlidir. 24.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, şikayətin dəlilləri yalnız prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmış, iddianın mahiyyəti ilə bağlı sübutlarla əsaslandırılmamışdır. Cavabdeh iddianı etiraf etmiş, etiraf qanuna zidd olmamış, məhkəmə haqlı olaraq cavabdehdən 6300 manat pulun tutulması barədə nəticəyə gəlmişdir. 25.Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddiaçının tələbi onun ölümü ilə xitam verilən hüquq və vəzifələrə aiddir və mirasın tərkibinə daxil deyildir. 26.Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeryd edir ki, mərhum İddiaçı ölümünə qədər ona çatası müavinət məbləği və ona olan hüquq əmlak xarakterli olmaqla mirasın kütləsinə daxildir və iddiaçının hüquqi varisi həmin məbləği tələb etməkdə haqlıdır. Bu baxımdan hazırkı iş üzrə münasibətlərə Mülki Məcəllənin 1153-cü maddəsi tətbiq oluna bilməz. 27.Apellyasiya şikayətinin başqa bir dəlili MPM-nin 254.1.1-ci maddəsinin tələbinin pozulması və iddiaçının ölümü ilə əlaqədar iş üzrə icraatın dayandırılmaması barədədir. 28.Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bundan dərhal sonra onun öğlu Cavanşir Məmmədov müvafiq ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərarı ilə iddiaçı hüquqi varis olan X4 ilə əvəz olunmuşdur. Yəni, müraciət mirasın açılmasından dərhal sonra, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş 3 ay ərzində edildiyindən iş üzrə icraatın dayandırılmasına ehtiyac olmamışdır. 29.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" ASC-dən 6300 manat məbləğində müavinət pulu tutularaq İddiaçı hüquqi varisi X3 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.