Məhkəmə qərarları › İş №2(103)-4455/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4455/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4455/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə ( Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2008/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 182 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarına Qatar rəisi vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla, müddətsiz olaraq işə qəbul edilmişdir.

2. "xxxx" QSC-nin “Sərnişin daşımaları departamentinin istismar xidmətinin ştat cədvəlinə dəyişiklik” haqqında "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Ştat cədvəlindən ştat vahidlərinin çıxarılması haqqında cədvəldən görünür ki, Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadaları Qatar rəisi vəzifəsi 27 ştat olmaqla ştat cədvəlindən çıxarılmışdır.

3. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnsan resursları idarəsinin rəis müavini X9, Əmək münasibətləri şöbəsinin aparıcı mütəxəssisi X17-zadə və mütəxəssisi X2 xx.xx.2022-ci il tarixində Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının rəisi vəzifəsində çalışan İddiaçı, X13, X14 ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsələr də, İddiaçı, E.İ.Atayev və N.B.Tairovun xəbərdarlığı imzalamaqdan imtina etmişdirlər.

4. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Dəmiryolçularının Müstəqil X5 Heyətinin üzvləri, MHİ-in sədri V.Bədəlov, sədr müavini, sosial iqtisadiyyat şöbəsinin müdiri F.Bəyimov və baş texniki əmək müfəttişi H.Cəfərov Sərnişin daşıma departamenti istismar xidməti qatar briqadalarının qatar rəisləri İddiaçı, X13, X10 Sərnişin Daşıma Departamenti istismar xidməti qatar briqadalarının qatar rəisi ştatları ləğv edilməsi və onlara başqa vəzifələrin təklif edilməsi ilə bağlı MHİ-də yuxarıda adları çəkilən işçilər ilə iclas keçirilmişdir. Həmin iclasda iddiaçıya yeni vəzifə təklif edilmiş, lakin iddiaçı özü razılaşmayaraq təklif edilən vəzifədən imtina etmişdir.

5. Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinin xx.xx.2023-cü il tarixli iclas protokolu çıxarışından görünür ki, iddiaçının tutduğu ştatın ixtisar olunması ilə bağlı və ona təklif olunan vəzifələrdən imtina etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir.

6. "xxxx" QSC tərəfindən verilmiş “Sərnişin daşımaları departamentinin istismar Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2023-cü il tarixli əmri ilə sərnişin daşımaları departamentinin İstismar xidmətinin Qatar briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi, maliyyə və iqtisadiyyat idarəsi İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi xx.xx.2022- xx.xx.2023-cü iş ili üçün 20 təqvim günü əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

7. Son haqq-hesab cədvəlindən görünür ki, İddiaçı bank hesabına köçürüləcək son haqq-hesabın məbləği 816,8 manat təşkil edir.

8. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatlandırılmış və əmək kitabçasının təhvil alınması üçün "xxxx" QSC-nin inzibati binasına yaxınlaşması xahiş edilmişdir.

9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin İddiaçı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətlərinə DƏMX-nin Bakı şəhər idarəsində və X6 baxılmışdır. İddiaçının müraciətində əsas tələbin işə bərpa olunmasına köməklik göstərilməsi olmuşdur. Həmçinin, iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır.

10. Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/2024- 00099 saylı, xx.xx.2024-cü il tarixli X3 edilməməsi barədə arayışa əsasən xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və "xxxx" QSC-nin nümayəndəsi iclasda iştirak etməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin sədri X4 xx.xx.2023-ci il tarixli 13-1/3-10-22736 /2023 saylı əmrini, yəni onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023ci il tarixli 13-1/3-10-22736 /2023 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-cu il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanması nəzərə alınmaqla, onun yenidən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi və ya ona bərabər eyni vəzifə və eyni əmək haqqı saxlanılmaqla digər vəzifəyə işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunanadək aylıq əmək haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə əsasən "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar Xidmətinin Qatar Briqadalarına qatar rəisi vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2021-cu il tarix olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsinin müddətsiz bağlanmasına dair Əmək və Əhalinin Sosial Müdeafiə Nazirliyinin internet portalında əmək müqaviləsi üzrə bildiriş qeydiyyata alınmış və həmin bildirişdə əmək müqaviləsinin müddətsiz olaraq bağlanması öz əksini tapmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan xx.xx.2021-cu il tarixdən xx.xx.2023-cü il tarixinədək fasiləsiz olaraq işləsə də, xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "B" bəndinə uyğun olaraq işçilərin saylı və ştatları ixtisar edildikdə" əsası ilə onun işdən azad edilməyi barədə əmr qəbul etmişdir. O, əmək müqaviləsinin xitamı barədə əmrin surətini istdikdə, əmrin surəti ona təqdim edilməmişdir. Dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdirlər. Onun himayəsində yetkinlik yaşına çatmayan 1-ci kurs əyani təhsil alan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya yuxarı vəzifə təklif etməmişdir. Cavabdeh əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, "xxxx" QSC-nin sədri X7 ştatların ixtisarı əsası ilə işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə onun əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə "xxxx" QSC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.

13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, ölkədə pandemiyanın təsirləri ADY-nin digər sahələri ilə yanaşı, şərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər fonunda bu sahədə əməyin intensivliyinin və iş həcminin azalması, boşdayanma hallarının mütəmadiliyi və əvəzi ödənilməyən öhdəliklər nəticəsində formalaşan risklərin minimuma endirilməsi, bununla bağlı rasionallaşdırmanın təmin edilməsi, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin xx.xx.2022ci il tarixli 175538 nömrəli əmri ilə Sərnişin daşımaları departamentinin bir sıra ştat vahidləri, həmçinin iddiaçının tutduğu həmin departamentin istismar xidmətinin Qatar Briqadalarının qatar rəisi ştatı ixtisar olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, lakin iddiaçı bildirişi qəbul etməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Xəbərdarlıq bildirişində xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Azərbaycan Dəmiryolçularının Müstəqil X5 Heyəti iclasının xx.xx.2023-cü il tarixli 77b3 nömrəli protokolu ilə razılıq verilmişdir. İddiaçı Bakı sərnişin stansiyasında məlumatların verilməsi briqadasında növbətçi vəzifəsi təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixli 13-1/3-1022735/2023 saylı nömrəli əmr ilə Sərnişin daşımaları departamentinin İstismar Xidmətinin Qatar Briqadalarının qatar rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. İddiaçı bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. İddiaçının məlumatlı olmasını ona həm rəsmi məktubun göndərilməsi, həm X16 Xidməti Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanan müraciətlər sübuta yetirir. Beləliklə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur.

14. Daha sonra cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2008/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia təmin edilməmişdir.

16. Məhkəmə ilk öncə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 artıq cavabdeh qurumda işləməməsi, həmçinin eyni tələb ilə cavabdehə qarşı məhkəməyə müraciət etməsi onun ifadələrinin mötəbərliyini istisna edən hal sayıla bilər. Belə ki, işdən çıxmış şahid istər-istəməz cavabdeh quruma qarşı qərəzli ola bilər. X1 ifadəsi də bu qənaəti təsdiq edir.

17. Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən iddiaçıya xəbərdarlıq məktubu təqdim edilmiş və bu xəbərdarlıq məktubunu təhvil almaqdan imtina etməsi barədə akt tərtib olunmuşdur. “Azərbaycan Dəmir Yolları" QSCnin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv ediləcəyi barədə iddiaçıya məlumat verilmişdir. Lakin, mülki işin materiallarından da göründüyü kimi, xəbərdarlıq məktubu təqdim edildikdən sonra 9 təqvim həftəsi tamam olmasına baxmayaraq, işəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməmişdir. “Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi tərəfindən kifayət qədər (1 ildən çox) müddət keçdikdən sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinə xx.xx.2023-cü il tarixli, 13-1/2-6475/2023 saylı məktubu ilə əmək müqaviləsinin ləğv edilməsi barədə razılığın alınması üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixdə müvafiq razılıq verilmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinə cavabdeh tərəfindən daha əvvəl də müraciət etdikləri barədə izahat versə də, məhkəməyə bunu təsdiq edən sənəd təqdim edilməmişdir.

18. Hazırki halda, cavabdehinin Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinə daha əvvəl də müraciət etməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan 9 təqvim həftəsindən uzun müddət keçməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməməsi, işəgötürənin istədiyi vaxt müqaviləni həmin xəbərdarlıq məktubuna əsaslanmaqla ləğv etməsi əsassızdır.

20. Məhkəmə həmçinin onu da vurğulamışdır ki, işəgötürən işçini xəbərdarlıqla tanış etməzdən əvvəl deyil, xəbərdarlıqla tanış etdikdən və kifayət qədər müddət keçdikdən sonra hərəkətsiz qaldıqdan sonra Azərbaycan Dəmiryolçularının Müstəqil X11 Heyətinin razılığını almışdır. Halbuki, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv edərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə xəbardar edilməsindən sonra deyil, işçi bu barədə xəbərdar edilməzdən əvvəl baş tutmalıdır. Əksi olduğu təqdirdə, yəni işçinin xəbərdar edilməsi və sonra Həmkarlar ittifaqı təşkilatından razılığın alınması üçün müraciət edilməsi təşkilatın razılıq verməmək hüququnun olmasından dolayı hüquqlardan sui-istifadəyə gətirib çıxarır. Belə ki, əgər təşkilat razılıq verməkdən imtina etsə, işçiyə heç bir ehtiyac olmadan həftədə bir dəfə iş axtarması üçün icazə verilmiş olacaq və nəticədə həm işəgötürənin işçinin əməyindən istifadəsi üzrə münasibətlərə zərər dəymiş, həm də işçinin yeni iş yeri tapmaq üçün əmək sərfi boşa getmiş olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin normalarını düzgün tətbiq etməmişdir.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir.

22. Məhkəmə bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, cavabdeh sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Bununla bağlı məhkəmə ilk olaraq onu vurğulamışdır ki, iddiaçı tərəfindən məhkəməyə və ya mediasiyaya müraciət etmək üçün əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin və ya əmək kitabçasının müəssisə tərəfindən təqdim edilməsi mütləq deyildir.

23. Məhkəmə onu da qeyd etmişdir ki, mülki işin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı müvafiq dövlət orqanına məktub göndərərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Deməli, İddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət etmək imkanı olduğu halda bu barədə tədbir görməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.3ü maddələrinə, 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə, 12-ci maddəsinin «c» bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissəsinin «a» bəndinə, 70-ci maddəsinin «b» bəndinə, 71-ci maddəsinin 1-ci, 3-cü hissələrinə, 77-ci maddəsinin 1-ci, 2-ci, 3-cü bəndlərinə, 78-ci maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 83cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, 296-cı maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddia müddəti tətbiq edilərək iddia təmin edilməməsi hissəsində məhkəmənin mövqeyi ilə razı deyil. Əmrin surəti ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, cavabdeh müəssisədən dəfələrlə istədiyinə baxmayaraq müraciətlərinə baxan olmamış və əmək kitabçasını təqdim etməklə artıq işdən azad olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi səbəbindən, mənzil növbəsindən də məhrum olunmuşdur. Bu isə onun hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə müraciət edərək əmək kitabçasının əslini və əmrin surətini tələb etməyinə baxmayaraq, sənədləri təqdim etməkdən müxtəlif bəhanələrlə imtina etmişdirlər. Onun himayəsində yetkinlik yaşına çatmayan 1-ci kurs əyani təhsil alan övladı vardır. Ailəyə yeganə qazanc gətirən şəxs odur. Cavabdeh onun əmək müqaviləsinin xitamı barədə əmr qəbul edərkən ona başqa vəzifə təklif etməmiş, eyni vəzifəyə bərabər və ya ondan aşağı və ya yuxarı vəzifə təklif etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, xx.xx.2023-cü il tarixində ona şifahi olaraq bildirilmişdir ki, onun ştatı ixtisar olunur. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq ona əmrin surəti təqdim edilməmişdir. Əmrin surəti və əmək kitabçası ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Ona cavabdeh tərəfindən başqa iş təklif edilməmişdir.

29. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məluat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296. İ hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296. İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296. İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

32. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

34. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

35. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: X16 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə cavabdeh - işəgötürən tərəfindən xx.xx.2023-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüş, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir.

42. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının əmək haqqı bank hesabından çıxarış təqdim etməsi, həmin bank hesabından çıxarışa əsasən iddiaçıya 816.80 manat məbləğində vəsait hesablandığı qeyd olunmuşdur.

43. Beləliklə, iddiaçı tərəfindən 2023-cü ilin noyabr ayında qeyd olunan Xidmətə müraciət edilərkən son haqq-hesab barədə bank sənədlərinin təqdim edilməsi onun həmin vaxt əmək hüququnun pozulmasından xəbərdar olmasını təsdiq edir.

44. Əmək Məcəlləsinin 296-cı maddəsinin İİİ hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

45. Bundan başqa, iddiaçı kollegiyanın iclasında həmçinin bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixində ştatının ixtisarı barədə şifahi olaraq məlumat verilmişdir.

46. İşdən müəyyən olunur ki, cavabdeh tərəfindən "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə X3 edilməməsi barədə arayış tərtib edilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

48. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2008/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar