Məhkəmə qərarları › İş №2(103)-4458/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4458/2023

19.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4458/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:müavinət məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müavinat məbləğinin artırılması tələbinə dair “mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(007)- 756/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X5 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olunmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabiliyyətsiz hesab olunmuşdur və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilib. Bu xüsusatlar Bakı şəhər Şaumyan rayon Xalq Məhkəməsinin 20 mart 1967-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı müavinat məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yayşayış minimumum ölkə üzrə 246 manat məbləğində müyyən edilib.O, dəfələrlə cavabdeh "xxxx" ASC-nə müavinatın məbləğini artıraraq 246 manat təyin edilməsini xahiş etsə də, onlar məhkəməyə müraciət etmyin qanuna müvafiq olduğunu bildirmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən"xxxx" ASC tərəfindən ona ödənilmiş müavinatın artırılaraq 246 manat müəyyən olunmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 aprel 2023-cü il tarixli, 2(007)-756/2023 saylı qətnaməsi ilə (hakimMirzəyev Fikrət) iddia tələbi təmin edilmiş, İddiaçı "xxxx" ASC tərəfindən aylıq ödənilən müavinət məbləği artıralaraq 246 manat müıyyən edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, artıq iddiaçının iddiası üzrə məhkəmədə bu işə məhkəmədə baxılıb, heç bir qətnamədə qeyd edilməyib ki, yaşayış minimumu artdıqda iddiaçıya ödənilən müavinatın məbləği də artmalıdır. İddiaçı heç vaxt cəmiyyətdə işləməyib , təsadüf nəzticəsində xəsarət alıb. İddiaçı (Andrey) Nadiroviç nə də onun atası heç bir zaman 4 nömrəli X5 zavodunda işləməmiş və qanunvericilik əsasında da şikəstliyə görə bir işçi kimi müavinat almamışdır. İddiaçıya ziyan dəymiş şəxs kimi dəfələrlə birdəfəlik təzminatlar və ödənişlər edilmişdir. Hüquqi şəxsin işçi olmadığından və ömürlük ona müavinət ödənilməsi barədə məhəkmə qətnaməsi olmadığından heç bir zaman ərzində iddiaçıya müavinət ödənilməyib. Bu baxımından hüquqi varis kimi özəlləşdirmə zamanı iddiaçının adı “Şikəstliyə görə müavinat alan işçilərin siyahısı”nda, şirkətin arxiv sənədlərində, Emisiya prospektində qeyd edilməyib. İddiaçının eyni iddia ilə yenidən məhkəmədə iddia qaldırması qanunvericiliyin tələblərinə və cavabdehin Konstitusiyon hüquqlarını pozulmasına gətirib çıxaran amillərdən biridir. Məsələ ondan ibarətdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsininİİ Dövlət Proqramı”nı rəhbər tutaraq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, “Tikinti kompleksinin inhisarsizlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli 2 dekabr 1997-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə ləğ edilmiş "xxxx" Dövlət Şirkətinin Tikinti X1 tabeliyində olmuş ünvan 1 ünvanda yerləşən 4 nömrəli X5 zavodu iki yerə bölünərək onun bazasında "xxxx" ASC və "xxxx" ASC yaradılmışdır. Bu baxımından hüquqi varis kimi özəlləşdirmə zamanı iddiaçının adı “Şikəstliyə görə müavinat alan işçilərin siyahısı”nda adı qeyd edilməmişdir. Cavadeh də bu iddiaçı barədə heç bir öhdəlik qəbul etməmiş və bu baxımdan da iddianı icra etmək məcburiyyətində deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”Azərbaycan Respublikasının Qanunu

10. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üçün 246 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir.Həmin qətnaməyə əsasən iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə sonuncunun sağlamlığına vurulmuş zərərə görə onun məhkəmədə hazırkı iddianı irəli sürməzdən əvvəlki üç il üçün birdəfəlik qaydada 4641 manat və 2016-cı ilin mart ayından hesablanmaqla hər ay 136 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.Qalan hissədə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

20. İşin halları ilə müəyyən edilmişdir ki, 21 iyul 1966-cı il tarixdə 13 yaşında olarkən 4 saylı X5 Zavodunun indiki "xxxx" ASC-nin təqsiri ucbatından xəsarət almış və nəticədə ayağı amputasiya olunmuşdur. Həkim Komissiyasının rəyinə əsasən 80 faiz əmək qabiliyyətsiz hesab olunmuşdur və ona müddətsiz 2-ci qrup əlillik dərəcəsi verilib. İşin bu halı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. 21.Kollegiya hesab edir ki, ölkə üzrə yaşayış minimumu 246 manat müəyyən edildiyindən əmək qabiliyyətini 80 faiz həddində itirmiş iddiaçının həmin məbəğdə müəavinətin müəyyən edilməsini tələb etməsi ədalətli və ağlabatandır.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.

23. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(007)- 756/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar