Məhkəmə qərarları › İş №2(103)-4459/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4459/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4459/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(009)-2527/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş şikayətlər üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)- 2527/2021 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və sonuncuların uşaqları 19 dekabr 2013-cü il təvəllüdlü X4 və 19 sen2015-ci il təvəllüdlü X3 ünvan 1 ünvanındakı yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan memarlıq-yaradıcılıq emalatxanasından şəxsi əşyaları ilə birgə çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)- 1676/2022 saylı qərardadı ilə mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsi 04 aprel 2022-ci il tarixli məktubla müraciət edərək, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti daxil olmasını göstərmiş, ona görə də mülki işin Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-1676/2022 saylı qərardadı ilə mülki iş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən digər cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli , 2(009)- 2527/2021 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, şikayət təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İlkin olaraq qeyd edilməlidir ki, daha əvvəl cavabdehlərdən Cavabdeh1 qətnaməni mübahisələndirmiş, sonuncunun şikayəti üzrə işə baxılmaqdadır. Digər cavabdehlər isə ailə üzvü oldmaqla mübahisəli sahədə birlikdə yaşayırlar. Eyni zamanda bütün cavabdehlərin eyni mənafedən çıxış edərək, iddianın rədd olunmasını tələb etmişlər. Cavabdehlər ərizədə - hüquqi savadlarının olmamasını, eyni zamanda apellyasiya şikayətinin elektron qaydada verilməsi ilə bağlı çətinliklərlə üzləşmələrini və s. bildirərək, buraxılmış prosessual müddətin üzrlü sayılmasını tələb etmişlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə konstitusion təminatın olmasını nəzərə alaraq hesab edir ki, buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(009)-2527/2021 nömrəli qərardadından cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş şikayətlər təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2527/2021 nömrəli 06 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(009)-2527/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən buraxılmış prosessual müddət üzrlü sayılaraq bərpa edilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar