Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4461/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 qəbul etdiyi 17 may 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25235,31 manat və ödənilmiş 200 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razı olmayan iddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə (apellyasiya şikayəti ilə birlikdə) ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-110/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün MPM-nin 360-cı maddəsi ilə müəyyən edilmiş 1 ay müddətin iddiaçı "xxxx" MMC-nin tərəfindən buraxılmasının səbəbləri üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilərək, apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə qərardaddan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 30 may 2023-cü il tarixli qərardadı ilə şikayətin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə yenidən qərardaddan şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-110/2023 saylı qərardadının ləğv edilməsi və buraxılmış müddətin bərpası ilə bağlı ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Cəmiyyətdə aparılan struktur və ştat dəyişikliyindən sonra korporativ qaydada alınmış asan imzaların müvafiq struktura təqdim edilməsinin xeyli vaxt tələb etməsi məhkəmə tərəfindən tam və obyektiv araşdırılmamışdır. Qeyd edilən maddədə də göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Qeyd edir ki, müddətin buraxılması səbəbi İddiaçı MMC-də baş vermiş struktur və ştat dəyişikliyi prosesinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Belə ki, “de jure” olaraq xx.xx.2023-cü il tarixində Cəmiyyətin təşkilati strukturunda dəyişiklik edilməsinə baxmayaraq, “de facto” olaraq isə həmin proseslə əlaqədar asan imzanın alınması, həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin verilməsi elektron qaydada həyata keçirildiyi üçün mümkün olmamışdır. Alınmış koorperativ asan imzanın Cəmiyyətdə aparılan struktur və ştat dəyişikliyi ilə əlaqədar aidiyyatı şöbələrə təqdim edilməsi və müvafiq şəxslər tərəfindən istifadə edilməsi xeyli vaxt itkisinə səbəb olmuşdur. Xüsusi ilə struktur və ştat dəyişikliyi ilə əlaqədar “hüquqşünas” ştatına kadr xx.xx.2023-cü il tarixində təyin edilmiş və həmin şəxs apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpası ilə əlaqədar ərizəni elektron məhkəmə sistemində şəxsi kabinetə yerləşdirmiş və məhkəmədə Cəmiyyəti təmsil etmişdir. Qeyd olunan üzürlü səbəblərdən iddiaçı "xxxx" MMC tərəfindən müvafiq məhkəmə qətnaməsindən apellyasiya şikayətinin vaxtında verilməsi mümkün olmamışdır. Odur ki, prosessual müddətin buraxılmasının səbəbləri üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. İddiaçı MMC həmçinin buraxılmış müddətin bərpası haqqında ərizə əlavə edərək bildirmişdir ki, 2(010)-110/2023 saylı xx.xx.2023 tarixli qərardad üzrə şikayət prosessual müddət ötürülmədən xx.xx.2023-cü il tarixində elektron məhkəmə sisteminə pfd formatında sistemdə formatda daxil edilmişdir. Lakin, ərizə sistemdə qeyd edilmiş şəkildə doldurulduğu zaman texniki səbəblər üzündən şikayətin "tələbi" hissəsi sistemə daxil edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 nömrəli iş üzrə qəbul etdiyi 08 iyun 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 qəbul etdiyi 17 may 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmamış hesab edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 qəbul etdiyi 17 may 2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 110/2023 nömrəli iş üzrə qəbul etdiyi 07 mart 2023-cü il tarixli qətnaməsi həmin tarixdə sifarişli poçt vasitəsilə iddiaçı "xxxx" MMC-yə göndərilmiş və xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Belə olan halda apellyasiya şikayəti verilməsinin son tarixi (iddiaçı "xxxx" MMC-yə münasibətdə) xx.xx.2023-cü il tarixidir. İddiaçı "xxxx" MMC isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti 18 gün ötürərək məhkəməyə təqdim etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı ötürülmüş müddətin bərpa edilməsi üçün ərizəsində, eləcə də şikayətində xx.xx.2023-cü il tarixdə Cəmiyyətdə ştat və struktur dəyişikliyi baş verdiyini, asan imzanın gec alındığını və məhz bu səbəbdən apellyasiya şikayətini vaxtında verə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Ərizəyə əlavə edilmiş çıxarışdan görünür ki, Cəmiyyətin hazırki qanuni təmsilçisi Elnur Bədəlovdur və çıxarış xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə qətnaməsi isə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və qətnamə qəbul edildiyi gün iddiaçı "xxxx" MMCnin rəhbəri Elnur Bədəlov Cəmiyyətin adından elektron ərizə göndərərək (elektron qaydada imzalanmaqla) üzrlü səbəbdən birinci instansiya məhkəməsinin təyin edilmiş məhkəmə baxışı iclasında nümayəndələrinin iştirak etməsinin mümkün olmadığını və iddianı müdafiə etdiklərini, məhkəmə baxışı iclasının iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının nümayəndəsinin “Cəmiyyətdə baş vermiş struktur və ştat dəyişikliyi ilə əlaqədar asan imzanın gec alınması” ilə əlaqədar bildirdikləri həqiqəti əks etdirmir, çünki Cəmiyyətin adından göndərilən hazırki apellyasiya şikayəti də iddiaçı "xxxx" MMC-nin rəhbəri Elnur Bədəlov tərəfindən elektron qaydada imzalanmışdır. Yəni Cəmiyyətdə baş vermiş struktur dəyişikliyinin asan imza ilə heç bir əlaqəsi olmamış, xx.xx.2023-cü il tarixdə elektron qaydada göndərilmiş “məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi barədə ərizə” və hazırki “apellyasiya şikayəti” eyni qaydada Cəmiyyətin rəhbəri Elnur Bədəlov tərəfindən eyni imza vasitəsindən istifadə etməklə imzalanmışdır. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin imzalanması üçün asan imza vasitəsi Cəmiyyətdə dəyişikliyin baş verdiyi xx.xx.2023-cü il tarixdən 6 gün sonra, ən geci ərizənin göndərildiyi xx.xx.2023-cü il tarixdən mövcud olmuşdur. Eyni halları məhkəmə şikayətin struktur və ştat dəyişikliyi ilə əlaqədar “hüquqşünas” ştatına kadr xx.xx.2023-cü il tarixində təyin edilmiş və həmin şəxs apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpası ilə əlaqədar ərizəni elektron məhkəmə sistemində şəxsi kabinetə yerləşdirməsinə dair dəlillərinə də aid edir və hesab edir ki, “hüquqşünas” ştatına kadrın təyin olunması halında belə apellyasiya şikayəti xx.xx.2023cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir ki, bu da həmin həmin dəlilin də əsassız olmasını təsdiq edir. Göründüyü kimi iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayət vermək imkanı olmadığını, bu müddəti özündən asılı olmayan obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-110/2023 qəbul etdiyi 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4461/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4461/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver