Məhkəmə qərarları › İş №2(103)-4462/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4462/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4462/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10, Cavabdeh X11 nümayəndəsi X6, Cavabdeh X12 hüquqi varisi Cavabdeh3 nümayəndəsi Vəkil, Cavabdeh X3 nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Çığalı qızının cavabdehlər "xxxx" MMC-yə, X16, X17, X28 və X5 qarşı sökülmüş mənzilin əvəzinə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(004)-3301/2019 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Əzizağa Əzizov, Teymur Xankişiyev və Elçin Həsənov tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Cavabdeh2nə qarşı pul kompensasiyasının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin ondan razılıq almadan cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Cavabdeh2 tərəfindən sökülməsi ilə əlaqədar cavabdehlərin üzərinə sökülmüş mənzilinin əvəzinə onun müvafiq tam təmirli mənzillə təmin edilməsi və binanın tikintisi müddətində ona aylıq 300 manat kirayə haqqının verilməsi barədə müqavilə bağlanılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, X11, X12, X24 və X3 da cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlərdən qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin cavabdehlər "xxxx" və Cavabdeh2 tərəfindən sökülməsinə və onlardan verilmiş pul kompensasiyasına görə onun xeyrinə 180000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu və 2015-ci ilədək yaşadığı Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsi cavabdeh "xxxx" MMC tərəfindən sökülmüş və yerində yüksək mərtəbəli yaşayış binası inşa olunmuşdur. Evin sökülməsi müqabilində ona kompensasiya verilməmişdir. Bu barədə "xxxx" MMC-yə və Cavabdeh2nə müraciətləri nəticəsiz qalmışdır. Sonradan ona məlum olmuşdur ki, digər cavabdehlər X25, X26, X33 və X7 həmin ünvanda yerləşən evlərinin sökülməsinə görə "xxxx" MMC-dən həm özlərinə görə, həm də onun əvəzindən kompensasiya almışlar. Belə ki, "xxxx" MMC ilə Elçin Həsənovun arasında bağlanmış müqaviləyə görə ona 474240 manat, Əzizağa Əzizovla bağlanmış müqaviləyə görə isə 320640 manat kompensasiya ödənilmişdir. Buna görə də hesab edir ki, sökülmüş evin hər kvadrat metrinə görə 3000 manatdan olmaqla ona 180000 manat məbləğində kompensasiya ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(004)- 3301/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X8, Əzizov Əzizağa Eldar oğlundan, X20 və X1 müştərək qaydada 180000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin digər cavabdehlərə münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı, cavabdehlər Əzizağa Əzizov, Teymur Xankişiyev və Elçin Həsənov tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbi "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı olan hissədə əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhz həmin təşkilatların təqsiri üzündən onun evi sökülmüş və əvəzinə kompensasiya verilməmişdir. Buna görə də qətnamənin qismən ləğv olunub iddia tələbinin təmin olunmayan hissəsində də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X12 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o sökülmüş evin ancaq özünə aid hissəsinə görə kompensasiya almış, iddiaçının əvəzinə kompensasiya almamışdır. İddiaçı onun dayısının arvadı olmuş, İddiaçı həmin ünvanda ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində yaşamış, sonradan isə oradan köçüb getmişdir. İddiaçının həmin ünvanda evinin olması barədə heç bir sənədi yoxdur. Buna görə də hesab edir ki, ondan iddiaçının xeyrinə pul tutulması qanunsuzdur. Əgər İddiaçı iddia tələbi əsaslı olsa belə, kompensasiya tələbi ona qarşı yönələ bilməzdi. Bundan əlavə, məhkəmə iclasında cavabdeh Əzizağa Əzizovun iştirakı təmin edilməmişdir. Buna görə də qətnamənin ləğv edilməsini, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində rədd edilməsini xahiş edir. Cavabdeh Teymur Xankişiyevin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ondan iddiaçının xeyrinə kompensasiya tutula bilməz. Çünki kompensasiyanı ödəyən təşkilat "xxxx" MMC-dir. Bundan əlavə, iddiaçı həmin ünvanda 60 kv.metr yaşayış sahəsinə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Elçin Həsənovun apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun aldığı kompensasiyanın iddiaçıya aidiyyatı yoxdur. Belə ki, o özünə görə kompensasiya almışdır. Bundan əlavə, həmin ev sökülənə qədər iddiaçının orada yaşamasını görməmişdir. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında apellyatorların nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Azadə Baxşəliyeva izahatında əlavə olaraq bildirdi ki, ünvan 3 ünvanında bir həyətdə 4 ev olmuş, nənəsi İddiaçı həmin ünvanda 60 kv.metrlik sahəsi olan evdə qızı Gülnarə ilə birlikdə 2015-ci ilədək yaşamışdır. Hal-hazırda dayısının verdiyi evdə müvəqqəti məskunlaşmışlar. 2019-cu ildə evin sökülməsi barədə məlumat almışlar. İddiaçı iddia tələbini X16, X17, X28 və X5 qarşı da yönəltsə də, hesab edir ki, həmin cavabdehlər özlərinə məxsus yaşayış sahəsinə görə kompensasiya almışlar. Buna görə də o, kompensasiyanın "xxxx" MMC tərəfindən onlara ödənilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X27 İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin əsassız olduğunu, İddiaçı "xxxx" MMC tərəfindən tikinti aparılan ərazidə yaşayış sahəsinin olması barədə heç bir sübutun olmadığını, müvafiq sənəd təqdim olunduğu təqdirdə ona kompensasiya ödənilə biləcəyini göstərdi və apellyasiya şikayətlərinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(004)- 3301/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İş materiallarında olan Bakı şəhəri 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25.09.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri---X13, X4, X18 və X14 iş üzrə cavabdehlərlə birlikdə ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 23.09.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq Cavabdeh2 başçısının 30.06.2017-ci il tarixli 219 saylı sərəncamına müvafiq olaraq abadlıq-quruculuq işlərinin davamı olaraq, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "xxxx" MMC tərəfindən İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni bina tikiləcəkdir. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin və mənzillərin alınması ilə bağlı alqı-satqı müqavilələri həmin evlərin mülkiyyətçiləri ilə "xxxx" MMC arasında bağlanılır. Mənzilin alqı-satqısına dair müqavilənin surətinin əldə edilməsi üçün ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə müraciət olunması tövsiyə olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 19.10.2018-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırmalar nəticəsində ünvan 8 ünvanında İddiaçı və mərhum həyat yoldaşı Nəriman Həsənovun mülkiyyətində və ya istifadəsində mənzil olması müəyyən edilməmişdir. Həmçinin İddiaçı və mərhum həyat yoldaşı Nəriman Həsənovun mülkiyyətində və ya istifadəsində hər hansı bir yaşayış sahəsinin olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, ona hər hansı kompensasiya ödənilməsinin qeyri-mümkün olduğu izah edilmişdir. İş materiallarında olan X25 ilə "xxxx" MMC arasında bağlanmış 16 fevral 2018-ci il tarixli Kompensasiya müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən evdən Bakı şəhəri Cavabdeh2 başçısının sərəncamı əsasında köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə birinci tərəf---X25 ikinci tərəfdən 474240 manat məbləğində kompensasiya almaqla, ikinci tərəfin---"xxxx" MMC-nin xeyrinə imtina etmişdir. İş materiallarında olan X26 ilə "xxxx" MMC arasında bağlanmış 23 fevral 2018-ci il tarixli Kompensasiya müqaviləsinə əsasən ünvan 8 ünvanında yerləşən evdən Bakı şəhəri Cavabdeh2 Başçısının sərəncamı əsasında köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə birinci tərəf---X26 ikinci tərəfdən 320640 manat məbləğində kompensasiya almaqla, ikinci tərəfin---"xxxx" MMC-nin xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri 64 saylı MKİS-in sabiq rəisi X19 ifadəsindən görünür ki, İddiaçı ünvan 8 ünvanında qeydiyyatda olmuş, 2015-ci ilədək faktiki olaraq orada yaşamış, həmin vaxtadək “ev kitabçası”nda qeydiyyatda olmuşdur. İş materiallarında olan 64 saylı MKİS tərəfindən təsdiq olunmuş Yasamal rayonu 64 saylı MKİS-in ərazisində “ünvan 11 ünvanına aid evlər sırasında İldırım Əziz oğluna məxsus 24,51 kv.m. ölçüdə, X16 məxsus 144,72 kv.m. ölçüdə, X21 məxsus 111,04 kv.m. ölçüdə, X28 məxsus 42,87 kv.m. ölçüdə və X5 məxsus 114 kv.m. ölçüdə sənədsiz evlərin olması qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC Yasamal Rayon Sukanal İdarəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 12 ünvanında İddiaçı məxsus 01.09.2001-ci il tarixində ailə tərkibi 1 nəfər olmaqla sayğacsız abonent kodu açılmış, kod açıldığı gündən İddiaçı "xxxx" ASC-yə heç bir ödəniş etməmiş, 19.02.2015-ci il tarixdə İddiaçı məxsus abonent kodu ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 12 ünvanında özünə məxsus 60 kv.metr ölçüdə yaşayış sahəsi və köməkçi tikilinin olması barədə məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport təqdim edə bilməsə də, onun həmin evdə qeydiyyatda olmaqla adına "xxxx" ASC-də abonent kodunun açılması belə nəticəyə gəlməyə əsas verir ki, həmin ünvanda İddiaçı məxsus ev olmuşdur. İddiaçı bir neçə il əvvəl həmin ünvandan köçüb başqa yerə getdiyinə və ərazidə olan tikililər söküldüyünə görə evin mövcudluğu barədə məhkəməyə konkret sübutlar təqdim edə bilmir. İş materiallarından görünür ki, cavabdehlər Elçin Həsənov və Əzizağa Əzizovla şirkət arasında evin sökülüb əvəzində kompensasiya ödənilməsi barədə müqavilələr bağlanılarkən də cavabdehlər həmin evlərin onlara məxsus olması barədə tikinti şirkətinə heç bir sənəd təqdim etməmiş, həmin evlərin adları çəkilən cavabdehlərə məxsusluğu 64 saylı MKİS-in verdiyi 2 saylı forma üzrə arayışlarla müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının mübahisəli evə dair istifadə hüququ olsa da, ona mübahisəli evin sökülməsi və satılması ilə əlaqədar kompensasiya ödənilməmişdir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus evin sökülməsi müqabilində Bakı şəhərində pilot layihələr çərçivəsində sökülən digər evlərdə olduğu kimi 1 kv.metrinə görə 1500 manatdan olmaqla 60 kv.m. ölçüdə evə görə 90000 manat kompensasiya ödənilməlidir. İş materiallarında olan kompensasiya müqavilələrində tərəf kimi ---"xxxx" MMC göstərilsə də, işin faktiki hallarından görünür ki, ərazidə söküntü və tikinti işlərini "xxxx" MMC aparmış, Bakı şəhəri Cavabdeh2 tərəfindən və "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış məktublarda söküntü işlərinə məsul şəxs kimi "xxxx" MMC göstərilərək müqavilənin həmin MMC ilə bağlanmalı olduğu tövsiyə edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus evin sökülməsi müqabilində ödəniləcək kompensasiyanı cavabdehlər X25, X26, X33 və X1 iddiaçının xeyrinə tutmaqla işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan və iş materiallarında olan sənədlərdən görünür ki, həmin cavabdehlər iddiaçıya məxsus evin sökülməsinə görə onun əvəzinə kompensasiya almamışlar. Kollegiya həmçinin hesab edir ki, İddiaçı Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində göstərsə də, Bakı şəhəri Cavabdeh2 nəyə görə cavabdeh qismində cəlb etdiyini əsaslandırmamışdır. Buna görə də iddia tələbi Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yenə həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 390, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(004)- 3301/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 90.000 (doxsan min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar