Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4464/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4799/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi ray., 4MR, M.Cəlal küçəsində yerləşən 20 saylı evin, 20 nömrəli mənzilin açıq hərracdan satılaraq, dəyərinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, bina 20, mənzil 20-nin 3/4 hissəsi İddiaçı, açıq qalmış 1/4 hissəsi X1 mülkiyyətindədir; - Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-649/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir; - İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubuna əsasən Mülki Məcəllənin 220.3 və 220.4-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 20 saylı evin 20 saylı məzilin ¾ hissəsinə İddiaçı payı müəyyən edildiyindən həmin mənzilin hazırki real bazar qiymətinə uyğun olaraq ¾ hissədə məbləğin kompensasiya şəklində ödənilməsi xahiş olunur. Əks halda qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra mənzili açıq hərracdan satılması tələbi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır; - "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilinin satış (likvid) qiyməti 47000 manat, bazar qiyməti 52000 manat təşkil etmişdir(iş səh. 3, 6-11, 50-63, 71). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzili açıq hərracdan satılması,həmin mənzilin ilkin satış (bazar) qiyməti 52000 manat məbləğində müəyyən edilməsi və satışdan əldə olunmuş pulun mülkiyyətçi X4 və Cavabdeh arasında paylarına uyğun bölüşdürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatın Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 221; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 20 saylı evin 20 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından və cavabdeh iddiaçının payına münasib olaraq müvafiq əvəz (kompensasiya) ödənilməsi təklif olunsa da, həmin təklifə hər hansı cavab verilmədiyindən, həmin evin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4799/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2, 9.1, 14.2, 43.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə iş materialları tam araşdırılmadan, tərəflərin bərabərlik prinsipi nəzərə alınmadan, qərəzli, ədalət mühakiməsinin çəkişməsiz,sübutlar araşdırılmadan,faktlara əsaslanmadan qəbul edilmişdir. 1-ci intansiya məhkəməsi yalnız iddia tələbinin ifadə və dəlilləri əsasında qərar qəbul edərək obyektivlik prinsipini pozmuşdur. Belə ki, dəfələrlə tərəfindən müraciət yazılı formada, həmçinin etirazda hakimə elə həmin Nəsimi rayon Məhkəməsində bu məsələyə dair 4 mülki işlərin olması bildirilmişdir. Həmin işlərin bəziləri birləşdirilsə də, hər hansı bir nəticə olmamış,qərar çıxarılmamaışdır. Məhkəmədə pay hüququnun müəyyən edilmədiyi halda hakim iddia tələbinin qanunsuz dəlillərinə necə əsaslana bilər?! Nəsimi rayon Məhkəməsində bu məsələyə dair 2(006)-1170/2018 saylı (hakim Natavan Tağıyeva),2(006)-5731/2019 saylı hakim Pərviz Hüseynov),2(006)-65D/2019 saylı(hakim Cəmilə Musayeva) və 2(006)-649/2020 saylı (hakim Rəşid Səmədov)müxtəlif zamanlarda eyni predmet üzrə işə baxıb qərarlar qəbul etdikləri halda, nədənsə indi 1-ci instansiya məhkəməsi həmin qərarlar ləğv edilmədiyi bir vaxtda eyni predmetə dair qərar qəbul edir?! Məgər bunlar qanun pozuntusu deyilmi?! Ədalət mühakiməsi simvolu olan məhkəmə qəbul etdiyi qətnamə ilə 2-si azyaşlı olmaqla 4 nəfərdən ibarət olan ailənin mənzilsiz qalmasına laqeyid yanaşmışdır. Eyni zamanda tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətinin məhkəmə tərəfindən təmin olunmadığı halda iddiaçı tərəfindən ekspertizanın keçirilməsinə dair vəsatəti təmin etmişdir. Bacısı olan iddiaçı uzun müddətdir ki, ailəsi ilə Türkiyə Respublikasında daimi yaşayır, habelə Bakı şəhərində də başqa bir mənzili var. Lakin onun 4 nəfərdən ibarət olan ailəsinin ondan fərqli olaraq başqa yaşayış sahəsi yoxdur. Sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq 14 dekabr 2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə iştirak edə bilmədiyindən məhkəmədən telegram vasitəsi ilə baxışın təxirə salınmasını xahiş etsə də, nədənsə hakim bunu nəzərə almayaraq, iştirakı olmadan işə baxmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin vaxtı uzatmaq məqsədilə verildiyini, sağlamlıq vəziyyətinin imkan vermədiyini əsas gətirərək dəfələrlə eyni məzmunlu teleqram göndərərək məhkəmə proseslərinin təxirə salınmasını xahiş etdiyini, heç bir məhkəmə prosesində iştirak etmədiyini, iddiaçı və cavabdehin doğma bacı-qardaş olduqlarını, cavabdehin iddiaçı tərəfdən edilmiş təklifi əvvəlcə qəbul etdiyini, lakin sonradan başqa şərtlər irəli sürdüyünü, barışığın əldə olunmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2 və 217.4-cü maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına müvafiq olaraq: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəası naturada bölünməsi mümkün olmayan və paylar üzrə kompensasiya qaydasında razılıq əldə etməyən mülkiyyətçilərin in mülki hüquqların tənzimləyir: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qanunvericiliyin normalarına (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Məcəllənin 213- 223, 560; Mülki Prosessul Məcəllənin 77.1, 216-220, 372, 385- 390-cı maddələrinə) və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən (işə aidiyyəti olmayan) dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, tərəflərin mənafeləri nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan onların verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu xərci özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4799/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4464/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4464/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver