Məhkəmə qərarları › İş №2(103)-4464/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4464/2023

17.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4464/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə (Açar sözlər: «əmrin qismən ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunaraq bugünədək həmin vəzifədə işləyir.

2. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən F-466 nömrəli əmr ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3.İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli intizam tənbehi barədə əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, intizam tənbehi barədə əmrin iddiaçıya aid olan hissəsi qanunsuzdur və ləğv edilməlidir. Əmrin ona aid olan hissəsi həm də qərəzlidir. Belə ki, 2017-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən veilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmət haqqında əmrin ona aid olan hissəsi Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ləğv edilmişdir. Sonuncu əmr ondan qisas almaq məqsədilə verilmişdir. Aşağıda qeyd edilən faktlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilməlidir. Həm Nazirliyin Kollegiyasının qəbul etdiyi Qaydalarda, həm Nazirin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrində “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə” qadağan edilməmişdir. Heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmamış, heç bir hüquqi əsası olmayan məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətn əsasında Nazirin əmri ilə təyin edilmiş məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilməsi iddiaçı tərəfindən qəbul edilə bilməz. Hətta nəzərə alınsa ki, məktub internet vasitəsilə göndərildikdən cəmi 9 dəqiqə sonra ilkin təsdiq düyməsi vurulub, Təhsil İdarəsinin əməkdaşı Azər müəllim valideynə onun övladına bu məktubun təsirinin olmamasını bildirib, onda bu əmrin nə qədər qanunsuz olduğu daha aydın görünür. 2019-cu ilin avqust ayından Təhsil Nazirinin əmri ilə şagirdlərin məktəb üzrə yerdəyişməsi “şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” vasitəsilə həyata keçirilir. xx.xx.2022-ci il tarixdən bağlı olan sistem xx.xx.2022-ci il tarixdə açıldı və valideynlər övladlarını sistemdə qeydiyyatdan keçirməyə başladılar. Təxminən 40 gün bağlı olan yerdəyişmə sistemi açıldıqdan təxminən 1 saat keçdikdən sonra – saat 11:53-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbə internet vasitəsilə imzasız, məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən, mətn göndərildi. Məktubun 3-cü bəndində göstərilirdi ki, “özəl məktəblərin birinci sinif rus bölməsindən yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina edilməlidir”. Bu mətn birbaşa olaraq Nazirliyin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli qərarına, Təhsil nazirinin yuxarıda qeyd edilmiş əmrinə, idarə müdirinin özünün əmrinin tələblərinə ziddir, heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmayıb, hüquqi qüvvəsi yoxdur. Təxminən saat 13:00 radələrində katibə həmin mətni çapa verərək, iddiaçıya təqdim etmişdir. Saat 12:02-də, yəni göndərilən məlumatdan iddiaçının xəbəri olmadan – saat 11:53-dən 9 dəqiqə sonra iddiaçı tərəfindən həmin şagirdə ilkin təsdiq vurulmuşdur. Həmin məktubla tanış olduqdan sonra iddiaçı valideyni dəvət etmiş (valideyn məktəbdə dərnək müəllimi vəzifəsində çalışır), ona sənədləri gətirəcəyi təqdirdə İdarənin məlumat xarakterli, “xahiş edirik” sözü ilə bitən məktubuna əsasən, şagirdin yerdəyişməsini təsdiq edə bilməyəcəyini demişdir. Həmin şagirdin valideynləri Təhsil İdarəsinə gedərək orada Azər müəllim adlı şəxslə görüşdüklərini deyərək onun sözlərini iddiaçıya çatdırmışlar. İdarədən valideynlərə bildirilib ki, “təsdiqdən bir neçə dəqiqə sonra qərar verilibsə, sizin təsdiqiniz keçərlidir”. Yalnız bundan sonra, xx.xx.2022-ci il tarixdə iddiaçı Nazirliyin Kollegiyasının Qərarı ilə qüvvədə olan Qaydalara əsasən sənədləri qəbul edib, şagirdin yerdəyişməsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova zəng edərək bu şagird barədə soruşmuş, ona hərtərəfli, dolğun məlumat verilmişdir. O bildirmişdir ki, internetlə göndərdiyi formanı doldurub İdarəyə təqdim etsin. Həmin forma məlumat olaraq doldurulmuş və İdarəyə təqdim edilmişdir. F466 nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra tələbləri kobud surətdə, qərəzli şəkildə pozulduğuna görə iddiaçı hesab edir ki, həmin əmrin iddiaçıya aid olan hissəsi ləğv edilməlidir. Məktəb direktoru Elm və Təhsil Nazirinin əmri ilə təyin edildiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququ yoxdur. Əgər Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci bəndi ilə bağlı əmr varsa, F-466 nömrəli əmrin əsas kimi göstərilən hissəsində həmin əmrin nömrəsi və tarixi qeyd edilməli idi, lakin göstərilməyib. Deməli, əmr həm də əsassızdır. İşəgötürən tərəfindən iddiaçıdan yazılı izahat tələb edilməyib. Əmrdə göstərilmiş səbəb 17-xx.xx.2022-ci il tarixlərdə icra olunub, xx.xx.2022-ci il tarixdə İdarəyə yazılı məlumat verilib, əmr isə 1 ay keçəndən sonra – xx.xx.2022-ci il tarixdə imzalanıb. Qanuna müvafiq olaraq iddiaçı tərəfindən Mediasiya təşkilatına müraciət edilsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrlə Əmək Məcəlləsinin bir neçə bəndinin kobud surətdə pozulması, əmrin Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına zidd olması, iddiaçı tərəfindən heç bir qanun, qayda və ya əmrin pozulmaması, həm də əvvəllər Təhsil İdarəsinin qanunsuz verilmiş əmri iddiaçı tərəfindən məhkəmə qaydasında ləğv edildiyinə görə açıq-aşkar qərəzli olması, iddiaçıdan qisas almaq məqsədilə verildiyini nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “İntizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, X2 onun oğludur. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022-ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. S.Rita bundan sonra yoldaşı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, qərarın məktəbin təsdiqindən sonra verildiyini və bunun həmin şagirdə aidiyyəti olmadığını bildirmişdir. Bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar. 6.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Süleymanzadə Əliabbasın atasıdır. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022-ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. Bu xəbəri aldıqdan sonra yoldaşı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, məktəbin təsdiqinin qərardan əvvəl olduğunu, buna görə də qərarın onların uşaqlarına aidiyyəti olmadığını bildirmişdir. Onlar bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli “intizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, hazırki mübahisənin yaranmasına əsas olmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova tərəfindən hər hansı vəzifəli şəxs tərəfindən imzalanmadan və hansı normativ akta əsaslandığı qeyd edilmədən tərtib edilmiş, “xahiş edirik” sözləri ilə bitən “məlumat” adlandırılmış elektron məktubun məktəb direktoru üçün məcburi əhəmiyyətə malik olan göstəriş xarakteri daşıması mübahisəlidir. Çünki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 6/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin 15.2 və 15.6-cı bəndinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tabeliyindəki təhsil müəssisələrinin inkişafı baxımından zərurət yarandığı hallarda normativ sənədlərin, təlimati məktubların layihələrini hazırlamaq və baxılması üçün Nazirliyə təqdim etmək, səlahiyyəti daxilində idarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər vermək, hüquqi aktları təsdiq etmək (imzalamaq), onların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək səlahiyyəti vardır. Yəni, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi Günel Kərimovanın, habelə sektor müdirlərinin belə bir səlahiyyəti yoxdur, bu səlahiyyət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məxsusdur. Məktubda qeyd edilən məsələ üçün vaxt verilməməsi də (məsələn, saat 15:00-dan (sabahdan və s.) başlayaraq) diqqətəlayiq haldır. Çünki, direktorların həmin məktubla tanış ola bilmək imkanını nəzərə alaraq, ən azı bir neçə saat da olsa onlara möhlət verilməməsi istər-istəməz iddiaçı tərəfi daha da haqlı edir. Aydın məsələdir ki, məktəb direktorunun yeganə işi gələn elektron məktubları nəzarətdə saxlayıb, onları dərhal icra etmək və ya cavablandırmaq deyildir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin bir neçə imperativ norması pozulmuşdur: Belə ki, məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə izahat forması iddiaçıya göndərilərək doldurulması xahiş edilmiş, iddiaçı həmin izahatı məlumat formasına salaraq şəxsən cavabdeh İdarəyə təqdim etmişdir. İddiaçıdan pozuntu ilə əlaqədar izahatın xx.xx.2022-ci il tarixdə tələb edilməsinə baxmayaraq, onun barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra - xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. Ümumiyyətlə, izahatla bağlı məsələ məhkəmə tərəfindən mübahisəli hesab edilmişdir. Ona görə ki, iddiaçıdan təlimat məktubu olmasına baxmayaraq, sorğudan niyə imtina etməməsi barədə (xx.xx.2022-ci il tarixdə) açıqlama verməsi tələb olunmuş və o, bu barədə izahat yazmışdır. xx.xx.2022-ci il tarixdə artıq təsdiq edilmiş sorğu ilə əlaqədar sənədlərin direktor tərəfindən qəbul edilməsi ilə bağlı izahat tələb edilməmiş, həmin məsələ ümumiyyətlə araşdırılmamış, şahidlər və iddiaçının adını çəkdiyi Azər adlı şəxsdən bu barədə izahat alınmasına dair sənədlər təqdim edilməmişdir. Cavabdeh tərəf də Azər adlı şəxsin İdarənin işçisi olması faktını danmır. Eyni zamanda, əsas məsələnin sorğudan imtina edib-etməmək deyil, direktor tərəfindən artıq təlimat məktubu ilə tanış olduqdan 2 gün sonra sənədlərin qəbulundan imtina etməmək olduğunu bildirir. Lakin qeyd edildiyi kimi, məsələ bu olduğu halda, bununla bağlı iddiaçıdan heç bir izahat tələb edilməmiş, adı keçən digər işçilər araşdırma prosesinə cəlb edilməmiş və iddiaçı barəsində birtərəfli əmr verilərək, intizam tənbeh tədbiri tətbiq edilmişdir. Məsələnin xx.xx.2022-ci ildə sənədlərin qəbul edilməsi olduğu halda belə, iddiaçı tərəfin gətirdiyi dəlillər və şahidlərin ifadələri ilə müəyyən edilir ki, iddiaçı barəsində intizam tənbehi əsaslı tətbiq edilməmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının işəgötürəni Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 126 nömrəli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” əmrinin 3-cü bəndinə əsaslanaraq ümumtəhsil müəssisələrinin direktorlarına ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi edilməsinə səlahiyyətinin olduğunu qeyd etsə də, həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edərkən həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Lakin qeyd olunan əmrdə həmin səlahiyyətlərin yerli təhsili idarəetmə orqanlarına həvalə edilərkən hansı səbələrə görə bu səlahiyyətlərin onlara həvalə edilməsi müvafiq qaydada əsaslandırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 188.3cü maddəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmr puçdur (əhəmiyyətsizdir). Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmrdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin” 15.5-ci bəndini rəhbər tutulduğu qeyd edilsə də, Əsasnamənin həmin bəndində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məhz məktəb direktorlarına münasibətdə intizam tənbeh tədbirləri tətbiq edə bilməsi hüququ müəyyən edilməmişdir. Deməli, Əmək Məcəlləsinin 188-ci maddəsinin pozulması mübahisəsizdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya töhmət verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri müqayisəli şəkildə nəzərə alınmamış, bundan əlavə, eyni pozuntunu törədən digər 2 direktora da eyni tənbehin tətbiq edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, Əmək Məcəlləsinin 12-ci və 186-cı maddələrinin pozulması halı baş vermişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmrinin İddiaçı aid hissəsi ləğv edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə”nin qadağan edilməsi ilə bağlı ona göndərilmiş məlumat heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmamış, heç bir hüquqi əsası olmayan məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətndir və onun əsasında məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilməsi iddiaçı tərəfindən qəbul edilə bilməz. Lakin “Bakı Şəhəri üzrə Təhsil İdarəsi” haqqında Əsasnamənin 15.6-cı bəndinə əsasən qeyd edilmişdir ki, İdarənin müdiri səlahiyyəti daxilində İdarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir. Göründüyü kimi ümumi təhsil müəssisələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olduğundan İdarə müdiri tərəfindən göndərilmiş göstərişlər icra edilməli idi. İkinci növbədə bildirilir ki, özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə ilə bağlı həyata keçirilən tədbirlər operativliyin təmin edilməsi baxımından İdarəyə tabe təhsil müəssisələrinə dərhal elektron qaydada göndərilmişdir və direktorların özəl məktəblərin birinci sinif rus bölməsindən yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olduqları qeyd edilmişdir. Bu halda operativliyin təmin edilməməsi ümumi təhsil müəssisələrinin direktorlarının həmin məsələ ilə bağlı məlumatlı olmamasına və buna görə də daha çox şagirdin yerdəyişmə ilə bağlı qaydaların pozulması ilə dövlət ümumi təhsil müəssisələrinə qəbuluna səbəb ola bilərdi. Həmçinin, “şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” xx.xx.2022-ci il tarixində açılmış və açıldıqdan dəqiqələr sonra bu barədə göstəriş verilmiş və icra olunması üçün aidiyyəti üzrə ümumi təhsil müəssisələrinə göndərilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixində şagird yerdəyişməsi ilə bağlı ilkin təsdiqi qəbul etmiş, həmçinin yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olduğunu bildiyi halda xx.xx.2022-ci il tarixində şagirdin yekun yerdəyişməsini təsdiq etmişdir. Göründüyü kimi, əmr verilməsinə əsas olmuş məsələ iddiaçı tərəfindən qeyd edildiyi kimi, sorğunun xx.xx.2022-ci il tarixində təsdiqi deyil, onun xx.xx.2022-ci ildə artıq icra olunmalı məsələ ilə məlumatlı olduğu halda, şagirdin sənədlərini qəbul etməsi və bunun nəticəsində şagird üçün sy.edu.az elektron sistemində “şagird qəbul olundu” statusu yaranması, həmçininin uşağın məlumatlarının ÜTİS-ə inteqrasiya olunması faktıdır. Eyni zamanda, həmin uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş müsahibədə uğur qazanmamış, bu səbəbdən sistemdə onun üçün yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirmək mümkün olmuşdur. Beləliklə, iddiaçı tərəfindən “şagird yerdəyişməsi alt sistemi”ndə işin təşkili ilə bağlı nəzərdə tutulmuş tələblər kobud surətdə pozulmuşdur İddiaçı məhkəmədə çıxışı zamanı onun izahatının alınmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müvafiq qaydada izahatı alınmış və bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçı barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun intizam tənbehi verilmişdir. Həmçinin iddiaçıdan alınmış izahatda yaranmış vəziyyətlə bağlı həmin dövrdə “outlook” mail ünvanının işləmədiyi üçün təlimatla gec tanış olduğu bildirilmişdir. Odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi tələbi tamamilə əsassızdır. Qətnamədə qeyd edilmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsihaqqında Əsasnamənin” 15.5-ci bəndinin rəhbər tutulduğu qeyd edilsə də, Əsasnamənin həmin bəndində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin məhz məktəb direktorlarına münasibətdə intizam tənbeh tədbirləri tətbiq edə bilməsi hüququ müəyyən edilməmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2008-ci il tarixli, 1019 nömrəli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” əmrinə edilmiş xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi məsələsi yerli təhsili idarəetmə orqanlarına həvalə edilmişdir. Odur ki, məhkəmənin iddiaçının mülahizələrinə əsasən “intizam tənbehi barədə” əmri Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 188-ci maddəsinin və əmək qanunvericiliyinin imperativ normalarının pozulması kimi qiymətləndirməsi ciddi hüquq pozuntusu olmaqla qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmadan və həmin hallar ciddi araşdırılmadan qəbul edildiyini göstərir. Həmin maddənin tələbinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halların zəruriliyini nəzərə almadan Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-cimaddəsini tətbiq etmişdir. Halbuki bu halların müəyyən olunması Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi, məhkəmə müddəti tətbiq edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 11.İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehiin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə187.4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikay əti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır.

21. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi açıq-aşkar təsdiq olunmur.

22. İddiaçıya bu əsasa görə töhmət verilməsi üçün ilk növbədə o, əmək funksiyasını tam və ya qismən yerinə yetirməməli, yaxud keyfiyyətsiz yerinə yetirməli, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

23. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Düzdü, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi” haqqında Əsasnamənin 15.6-cı bəndində İdarənin müdirinin səlahiyyəti daxilində İdarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verməsi, hüquqi aktları təsdiq etməsi(imzalaması), onların icrasını təşkil etməsi və nəzarəti həyata keçirməsi nəzərdə tutulmuşdur. Ancaq cavabdeh qurumunun Günel Kərimova adlı əməkdaşı tərəfindən göndərilmiş məlumatın 3-cü bəndində göstərilən “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölməsinə yerdəyişmə üçün yerləşdirilən sorğular imtina edilməlidir” göstərişi İdarənin müdiri və ya hansısa səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hüquqi əsası olmayan, yəni hansısa normativ hüququ akta istinad edilməyən məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətndir və onun əsasında məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilə bilməzdi.

24. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014cü il 6 noyabr tarixli 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş uşaqların(şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının Şagirdlərin yerdəyişməsi adlanan 3cü bəndinin 3.3-cü bəndinə əsasən xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumitəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir. Qaydaların 3.5-ci bəndinə əsasən Qaydaların 3.4-cü bəndi istisna(məcburi köçkün məktəblərinə şagirdlərin qəbulu və yerdəyişməsi)olmaqla, tam orta təhsil səviyyəsində(X-Xİ siniflər)təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi və Qaydaların 1.4-cü bəndində qeyd olunan məlumat əsasında aşağıdakı hallarda yol verilir: 3.5.1. ailəsi ilə birlikdə yaşayış yerinin(rayonu,şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim etdikdə; lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda. Göründüyü kimi, şagirdlərin yerdəyişməsi üçün əsas sayılan hüquqi akt qeyd olunan Qaydalar hesab edilir. Bu Qaydalarda da şagird yerdəyişməsinin yerli təhsil orqanları ilə razılaşdırılmaqla həyata keçirilməsi yalnız Qaydaların 3.4-cü bəndində göstərilən hallara aid edilmişdir. Demək ki, iddiaçının məktəb direktoru kimi Qaydaların 1.4-cü bəndində göstərilən halları nəzərə almaqla şagird yerdəyişməsini həyata keçirmək hüququ olmuşdur. Üstəlik yeridəyişən şagirdin həmin məktəbdə işləyən valideyni X4 tərəfindən məktəb direkoruna ünvanlanmış məktubda(bax.i.v.40) övladı X1 “Erudit” liseynin rus bölməsinin 1-ci sinfinə yerləşdirdiyini, həmin məktəbin yaşadığı ünvandan(X8 Əhmədov) çox uzaqda yerləşdiyindən məktəbi dəyişməyi qərara aldığını və 286 nömrəli tam orta məktəbin 1-ci sinif rus bölməsinə yerləşdirdiyini göstərmişdir. İcbari təhsil almaq, o cümlədən cavbdehin razı olmadığı məktəbdə təhsil almaq şagird X1 da haqqıdır və bu hüquq ona Konstitusiya əsasında verilmişdir. Ona görə də hansısa normativ hüquqi akta əsaslanmayan, məlumat xarakterli məktubda göstərilən göstəriş hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş olsaydı belə, şagirdin dövlət ümumi təhsil müəssisələrinə qəbuluna səbəb olan məktəb yerdəyişməsini həyata keçirən iddiaçı-məktəb direktoruna intizam tənbehi verilməsi üçün əsas ola bilməzdi. Eyni zamanda, həmin uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş müsahibədə uğur qazanmamasına, bu səbəbdən sistemdə onun üçün yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirmək mümkün olduğuna dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

25. Göstərilənlərdən əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 187-ci maddənin 3-cü hissəsində isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi xətası verilə bilməz. Cavabdehin iddiaçının intizam xətasına yol verdiyini və bunu xx.xx.2022-ci ildə aşkar etməsini iddia etdiyi ən azından sonuncu tarixdən ona bəlli idi. Demək, iddiaçının əmək və ya icra intizamını pozulduğunu aşkar etdiyini iddia etdiyi gündən bir ay keçənədək, yəni 15 dekabr 2022-ci ilədək iddiaçıya intizam tənbehi verilməli idi. Ancaq cavabdeh Əmək Məcəlləsinin bu imperativ tələbini də pozmuşdur. Cavabdehin istinad etdiyi Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilən müddət isə hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki, həmin maddədə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz müddəası nəzərdə tutulmuşdur. Yəni, qeyd olunan norma əmək və ya icra intizamının pozulmasının aşkar edilmədiyi hallara aiddir ki, bu da aşkar edilməyən intizam xətalarının törədilməsindən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməməsini nəzərdə tutur. Qeyd olunduğu kimi iddiaçı tərəfindən 17-19 oktyabr 2022-ci il tarixlərdə şagird yerdəyişməsini həyata keçirməsi cavabdeh quruma məlum idi. Ən azından iddiaçı tərəfindən cavabdehin sualına xx.xx.2022-ci il tarixdə məlumat (bax.i.v.41)xarakterli izahat verilmişdir. Deməli, burada araşdırılması tələb olunan hallar və buna zərurət də olmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçıya cavabdeh tərəfindən töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək funksiyasını pozması halları öz təsdiqini tapmadığından, konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Belə ki, işdə olan Günel Kərimova adlı şəxs tərəfindən göndərilmiş məlumatın 3-cü bəndində göstərilən “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölməsinə yerdəyişmə üçün yerləşdirilən sorğular imtina edilməlidir” göstərişinin mötəbərliliyinə birinci instansiya məhkəməsi hərtərəfli və tam hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, həmin məktubda göstərilənlərin icra edilməməsi iddiaçıya qeyd olunan əsaslarla intizam tənbehi verilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Ən azından həm də ona görə ki, cavabdeh tərəfindən intizam pozuntusu hesab edilən bu hallara Bakı şəhəri üzrə digər üç məktəb direktoru da yol vermişdir. Ancaq bu “xətaya” görə yalnız iddiaçıya və 1 nömrəli məktəb direktoruna intizam tənbehi verilmiş, lakin bu intizam tənbehinin verilməsi üçün əsas olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2022-ci il tarixli (bax.i.v.111-112)xidməti məktubunda eyni “nöqsana” yol vermiş 242, 247 nömrəli məktəbin direktorlarına hansı səbəbdən intizam tənbehinin verilməsinin “məqsədəmüvafiq” olmadığı da əmrdə yaxud hansısa sənəddə qeyd olunmamış və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu faktlar özü də iddiaçının cavabdeh qurumun ona qarşı qərəzli olduğunu bildirməsi arqumentini əsaslı edir, çünki, iddiaçıya əvvəllər də verilmiş intizam tənbehləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ləğv edilmişdir.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar