Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4466/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X7 və X13 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma, özbaşına tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, özbaşına tikilinin sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1332/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, X5 və X13 adına hər birinin payı 1/3 hissəsi olmaqla xx.xx.2017ci ildə rəsmiləşdirilmişdir.
2. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş "Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə"dən görünür ki, X3 Yetər Şamməd qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 768 nömrə ilə qeyd edilmişdir.
3. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 251331 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X17 xx.xx.1995-ci ildə doğulmuş, atası X16, anası İddiaçı Rücail qızıdır.
4. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 251330 nömrəli "Doğum haqqında şəhadətnamə"dən görünür ki, X24 xx.xx.1992-ci ildə doğulmuş, atası X16, anası İddiaçı Rücail qızıdır.
5. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 613027 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X16 xx.xx.2012-ci ildə vəfat etmişdir.
6. 26.01.2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X25 ünvan 1 ünvanında yerləşən 18 kv.m olan mənzili tam mülkiyyət üzrə qardaşı X23 bağışlamışdır.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X18 adına xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir.
8. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1433/2020 saylı qətnaməsinə əsasən iddiaçı X9 cavabdeh X19 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbi barədə iddiası təmin edilməmişdir.
9. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 5968/2020 saylı qətnaməsinin surətindən görünür ki, X9 apelyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 1433/2020 saylı qətnaməsi ləğv edilərək yenidən iddiaçı X9 cavabdeh X19 qarşı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanındakı bağ sahəsindən və həmin bağ sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X20 2012-ci ildə vəfat etdikdən sonra ünvan 3 vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və həmin bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı №1157088 saylı Çıxarışına əsasən İddiaçınun adına dövlət qeydiyyatına alınmışdır. Mülki iş üzrə cavabdeh şəxslər bir neçə ildir ki, iddiaçının mülkiyyətində olan bağ sahəsini və orada yerləşən fərdi yaşayış evini zəbt edərək qanunsuz olaraq həmin fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən biri qardaşının oğludur, digər cavabdeh isə mərhum həyat yoldaşının nikahdan kənar bir müddət yaşadığı qadındır. Neçə dəfə həmin şəxslərdən bağ sahəsini və orada yerləşən fərdi yaşayış evini tərk etməyi tələb etsə də, cavabdehlər evi tərk etmirlər. Hal-hazırda da cavabdehlər xüsusi mülkiyyətində olan ünvan 3 ünvanındakı bağ sahəsində tikilmiş fərdi yaşayış evində qeydiyyatsız və qanunsuz yaşayırlar.
12. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə digər iddiaçılar X7 və X13 da adından ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı, X7 və X14 mülkiyyətində olan ünvan 3 ünvanındakı bağ sahəsindən və həmin bağ sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsində tikilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmiş və X15 və X21 da iş üzrə iddiaçılar kimi işə cəlb etmişdir.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1332/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "mənzildən çıxarılma, özbaşına tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.3-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin mövcud olmayan “qanuni gözlənti” hüquqlarına istinad etmişdir və cavabdehlərin orada yaşamaq hüquqlarının olduğunu bildirmişdir. Halbuki, qanuni gözlənti hüququ adından da göründüyü kimi şəxsin gələcəkdə həmin tikiliyə və ya torpaq sahəsinə mülki qanunvericiliklə nəzərdə tutulmuş ilkin hüquq müəyyənedici sənədlərinin olduğu hallarda yaranır. Bu iş üzrə cavabdehlərin hər hansı qanuni gözlənti hüququndan söhbət gedə bilməz. Məhkəmə iş materiallarında olan sənədlərin tədqiqi hissəsində də iş üzrə cavabdehi yanlış olaraq iddiaçının mərhum həyat yoldaşının qızı olmasını göstərmişdir. Əslində isə cavabdeh iddiaçının mərhum ərinin qızı yox, qeyri-rəsmi (faktiki nikahda) yaşadığı şəxsdir. İddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçının iddiasının rədd olunması zamanı məhkəmə iddiaçının qanuni mənafeyinə zidd şəkildə iddiaçıların dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarını pozmuşdur. Hər üç iddiaçının mülkiyyət hüququ olduğu halda cavabdehlərin mübahisə predmeti olan əmlaka hansı qanuni əsaslarla yaşamaq hüququ tanıdığını əsaslandırmamışdır. Məhkəmə onların orada yaşamaq hüququ var və tikiliyə olan hüquqlarına onlara iddiaçılar tərəfindən müvafiq kompensasiya verilmək yolu ilə xitam verilə bilər qeyd etsə də cavabdehlərin belə bir hüququnun olmasına dair hər hansı maddi hüquq norması və ya cavabdehlər özü belə bir sübut təqdim edə bilməmişdir. İşin halları ilə iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı təsdiq olunur, lakin məhkəmə heç bir sübut və qanuni əsas olmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
21. 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
25. 8-ci maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır:
26. 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;
27. 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları;
28. 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları;
29. 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə;
30. 8.0.5. mənzil-tikinti kooperativində üzvlük;
31. 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1332/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Kollegiya işin halları ilə bağlı qeyd edir ki, İddiaçı mərhum X6 rəsmi arvadı olmuşdur. Sonuncusu xx.xx.2012-ci ildə vəfat etmişdir. ünvan 3nin mülkiyyətçisi əvvəl X20, daha sonra isə payı 1/3 hissə olmaqla vərəsəlik qaydasında iddiaçı Mətanət Əkbarovaya, digər hissələri X10 və X2. Cavabdeh1 isə X20 ilə faktiki nikah münasibətlərində olmuşdur. Cavabdeh2 İddiaçı qardaşı oğludur. Cavabdehlər ünvan 3ndə X1 tikili inşa etmişlər. Hazırkı iş üzrə mübahisələndirilən hal həmin tikiliyə Cavabdeh1 və X6 hər hansı hüququn yaranıb-yaranmamasından ibarətdir. Cavabdehlərin çıxarılması tələb olunan tikilinin mərhum Əkbərov Şəmmədin sağlığına tikilməsi işin mübahisələndirilməyən halıdır.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999- İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il).
44. Baxmayaraq ki, ünvan 3nə iddiaçının mülkiyyət hüququ mövcuddur, nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi mərhum yoldaşından vərəsəlik qaydasından keçmişdir. İşin mübahisəsiz halından göründüyü kimi, torpaq sahəsinin üzərində yerləşən və mübahisəli ev olan özbaşına tikilinin inşası o zamankı mülkiyyətçisi X1 tikilmiş və belə nəticəyə gəlinir ki, bu mərhumun razılığı ilə olmuşdur. Məhkəmədə bu hal mübahisələndirilməmiş və əksi sübuta yetirilməmişdir.
45. Beləliklə, cavabdehlərin mübahisəli evə dair hüquqları qeydiyyatdan keçməsə də, onların qeyd olunan evə dair "qanuni gözlənti" hüququ var və bu səbəbdən də onların həmin evdən çıxarılması gələcəkdə yarana biləcək mülkiyyət hüquqlarından məhrum olunması ilə nəticələnə bilər. Cavabdeh1 və X20 mübahisəli evdə əvvəlki mülkiyyətçinin iradəsinə əsasən, Mənzil Məcəlləsinin 8-ci maddəsində göstərilən ümumi əsaslara yaşamışlar və tikili inşa etmişlər. Kollegiya hesab edir ki, onların orada yaşamaq hüququ var və tikiliyə olan hüquqlarına onlara iddiaçılar tərəfindən müvafiq kompensasiya verilmək yolu ilə xitam verilə bilər. Ona görə də qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin rədd edilməsi ilə bağlı birinc instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “cavabdehin yanlış olaraq iddiaçının mərhum həyat yoldaşının faktiki nikah münasibətində olduğu şəxs kimi yox, qızı kimi göstərilməsi” dəlilinə münasibətdə qeyd edir ki, qətnamənin məzmunundan görünür ki, qeyd olunan hal texniki səhv olaraq iş materiallarına əlavə edilmiş sənədlərin sadalanması zamanı yol verilmişdir. Qətnamənin əsaslandırılmasında mübahisəli əmlakın mülkiyyətçisi ilə cavabdeh arasında olan faktiki nikah münasibətinin qeyd olunması bu halı təsdiq edir. Odur ki, apellyator tərəfindən qeyd olunan hal qanuni əsaslarla qəbul edilmiş məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Əks halda mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmayaraq qanuni və əsaslı qətnamə formal mülahizələrə görə ləğv edilmiş olardı.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı halda isə iddiaçı tərəf torpaq sahəsi iddiaçıların mülkiyyətinə keçdikdən sonra özbaşına tikilinin tikilməsini, cavabdehlərin həmin tikilini zəbt etməsini, bu haldan irəli gələrək hüquqlarının məhdudlaşması ilə bağlı dəlilləri təqdim etmir. Ümumiyyətlə, torpaq üzərində tikilinin Əkbərov Şəmmədin sağlığında tikilməsi işin mübahisələndirilməyən halıdır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və onun nümayəndəsi Vəkil Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1332/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.