Məhkəmə qərarları › İş №2(103)-4467/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4467/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4467/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs X6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh MMC, X9 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-dən, X4 və X1 onun xeyrinə ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3716/2019 saylı qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müqavilənin qanunauyğun surətdə, yəni iddiaçının könüllü, sərbəst və azad iradə ifadəsi əsasında deyil, ona qarşı zorakılıq və hədə təsiri altında məcburetmə yolu ilə bağlanması qənaətinə gəlməsini əsaslandırmamış, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. Bundan başqa həm cavabdeh Samir İsmayılov, həm də Sənubər İsmayılova öz izahatlarında müqavilənin bağlanmasından xəbərdar olduqlarını bildirmiş, hətta Sənubər İsmayılova cavabdeh MMC-nin oğlu tərəfindən onun adına təsis edildiyini, bütün sənədləşmələrin də oğlu tərəfindən həyata keçirildiyini etiraf etmişdir. Əlavə olaraq MMC-nin təsisçisi - cavabdeh S.İsmayılova məhkəmədəki izahatında da etiraf etmişdir ki, MMC-nin möhürü onda olmuş və o, möhürü oğluna vermişdir. Belə olduğu halda MMC-nin qanuni təmsilçisinin direktorunun formal olduğu, Samir İsmayılovun izahatından da göründüyü kimi MMC-nin bütün işlərinin onun tərəfindən görüldüyü və MMC-nin faktiki olaraq özü tərəfindən icarə edildiyi işdə olan yazılı sübutlarla da öz təsdiqini tapmışdır. Bütün bunlar əslində MMC-nin qanuni təmsilçi Lalə Kərimovanın ümumiyyətlə MMC-yə aidiyyətinin olmadığını, formal olaraq direktor funksiyasını yerinə yetirdiyini, o cümlədən də direktor olaraq onda qalmalı olan MMC-nin möhürünü aidiyyəti olmayan şəxslərə verməklə cinayət törətdiyini təsdiq edir. Lakin işə baxan məhkəmə tərəfindən bu hallara da hüquqi qiymət verilməmiş və araşdırılmamışdır. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 və apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X12 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə imzalanmış və müqavilədə qeyd olunmuşdur ki, İddiaçı sərmayəçi olaraq Cavabdeh MMC-yə 120000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2017-ci il tarixdə tam olaraq ödəmiş, Cavabdeh MMC isə hər növbəti ayın 20-si tarixinədək yatırılmış sərmayə qarşılığında 3000 ABŞ dolları məbləğində ödənişi İddiaçı ödəməyi öhdəsinə öz götürmüşdür. Həmçinin müqaviləyə sərmayəçi tərəfindən 1 il müddəti bitdikdən sonra xitam verildiyi təqdirdə sərmayəni qəbul edən sərmayəçi tərəfindən yatırılan pul vəsaitini ona 1-2 ay müddətində qaytarılmasını təmin edir. İddiaçı bildirir ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər bu günədək icra edilməmişdir. Müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə başa çatmış və daha sonra avtomatik olaraq xx xxxx 2019-cu il tarixədək uzadılmışdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından İddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş və bununla bağlı Cəmiyyətə bildiriş göndərilmişdir. Həmin bildirişlə Cəmiyyətdən sərmayə kimi qoyulmuş 120000 ABŞ dolları və sərmayə məbləğinə görə aylıq ödənilməli olub ödənilməmiş 66000 ABŞ dolları, cəmi 186000 ABŞ dolları məbləğində pul vəsaitinin 5 iş günü müddətində geri qaytarılması tələb edilmişdir. Həmçinin, Bakı şəhəri Yasamal RPİ-də aparılan araşdırma zamanı X9 izahatında göstərmişdir ki, Cavabdeh MMC qeyri-rəsmi olsa da, reallıqda özünə məxsusdur, lakin həmin Cəmiyyəti 2005-ci ildə qeydiyyatdan keçirərkən onu tanışı və həmin vaxtlar mühasib kimi ona köməklik edən X13 adına rəsmiləşdirmişdir. Bundan sonra isə 2008-ci ildə o, həmin Cəmiyyəti R.Xəlilovun adından rəsmi qaydada öz anası X2 adına keçirmiş və bununla bağlı Cəmiyyəti vergi orqanlarında yenidən qeydiyyatdan keçirərək Cəmiyyəti 100 % anasının adına rəsmiləşdirmişdir. Həmin məbləği götürərək Cəmiyyətə 14 ədəd server kompüter bazaları və digər texniki avadanlıqları almış, eləcə də proqram təminatlarının hazırlanmasına ödənişlər etmişdir. Ona görə də, cavabdeh kimi təkcə Cavabdeh MMC deyil, həm də X5 və X9 göstərilmiş və iddia tələbində göstərilən 186000 ABŞ dolları cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdeh MMC iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, Cavabdeh MMC İddiaçı ilə həmin müqaviləni bağlamamışdır. Belə ki, həmin müqavilədə bir tərəfdən İddiaçı digər tərəfdən isə qurucusu X5 tərəf kimi çıxış etmişdir. Halbuki müqavilə həqiqətən Cavabdeh MMC ilə bağlanmalıdırsa onda tərəf kimi cəmiyyətin qanuni təmsilçisi ilə və ya digər səlahiyyətli şəxslə bağlanmalıdır. Lakin, müqavilədə “qurucusu” statusunda göstərilmiş şəxs cəmiyyətin təsisçisidir. Həmçinin müqavilənin predmetində mobil telefon istifadəçilərin istifadəsi üçün müxtəlif xidmətlərin göstərilməsi qeyd olunsa da, həmin müqavilə üzrə Cavabdeh MMC heç bir xidmətlər göstərməyib. Bundan başqa, həmin müqavilədə göstərilən məbləğ İddiaçı tərəfindən Cavabdeh MMCyə nə nağd, nə də köçürmə yolu ilə ödənilməmişdir. Eyni zamanda, həmin müqavilə cəmiyyətə aidiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan, həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Cavabdeh X9 iddiaya etiraz edir və bildirir ki, o, digər cavabdeh Sənubər İsmayılovanın oğludur. Anası xəstə olduğu üçün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. Dostu Zaur ona təklif etmişdir ki, biznesini davam etdirmək üçün ona pul lazımdır. Əgər pul olsa Zaur icarəyə götürdüyü restoranı təmir etdirə bilər. O, da Zaur adlı dostunun vasitəsilə Natiq adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün isə 20.000 ABŞ dolları əlavə olaraq o götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135.000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranını təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də, bütün pul Zaura çatmışdır. İddiaçı Natiqin qayınanasıdır. Cavabdeh X5 da iddiaya etiraz edir və bildirir ki, o, Cavabdeh MMC-nin təsisçisidir. Lakin sözügedən müqavilədən xəbərsiz olmuş və müqaviləni imzalamamışdır. Müqavilə bağlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu X7 versə də, belə müqavilənin bağlanmasını Zaur Yasamal rayon Polis İdarəsinə şikayət verən zaman onlara məlum olmuşdur. İddiaçı həmçinin qarşılıqlı iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, həmin iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs X12 bildirir ki, İddiaçı onun qayınanasıdır. Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Samir ondan sərmayə kimi Cavabdeh MMCyə yatırmaq üçün 120.000 ABŞ dolları məbləğində pul istəmiş, əvəzində isə o, 120.000 ABŞ dollarından başqa hər ay 3000 ABŞ dolları pulu geri qaytaracağını təklif etmiş, o da bu təkliflə razılaşmış və hazırda mübahisələndirilən müqaviləni bağlamağa qərar vermişlər. Lakin onda 120.000 ABŞ dolları tam olmadığından əvəzində ona məxsus mənzili müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilə üzrə qalan 20.000 ABŞ dolları pulu isə nağd şəkildə vermişdir. O, çox vaxt xaricdə olduğundan müqavilə onun öz adına deyil, qayınanası İddiaçı adına bağlanmışdır. Həm də müqaviləni məhz qayınanasının adına bağlanmışdır ki, müqavilə üzrə gələcək gəlir evə xərclənsin. Verdiyi bütün pul ona məxsus olmuş, qayınanası İddiaçı yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. Samir ona cəmi 2 ay pul vermiş, daha sonra heçnə ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə isə mahiyyət etibarı ilə borc (kredit) müqaviləsidir. Çünki həmin müqavilə üzrə tərəflər “Sərmayəçi” və “Sərmayəni qəbul edən” kimi, həmçinin pul vəsaitinin sərmayə kimi verilməsi, bunun müqabilində hər ay ödəniş edilməsi və sonda sərmayənin geri qaytarılması göstərilsə də, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, borcverən (sərmayəçi) 1 il müddətində hər ay faiz kimi 3000 ABŞ dollarının ödənilməsi şərti ilə 120.000 ABŞ dolları məbləğində pul vəsaitini borcalana (sərmayəni qəbul edənə) borc kimi vermiş, müqavilə müddəti bitdikdən sonra müqaviləyə xitam verildiyi təqdirdə isə həmin borc məbləği 1-2 ay müddətində geri qaytarılmalı idi. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə isə bu maddələrin tətbiq edilməsi və ilk iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 340.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hazırkı işdə də həmin müqavilənin yalan əqd olması tam təsdiq olunur. Belə ki, tərəflərin və apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X6 izahatlarından mübahisəsiz müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi X18 İsmayılov arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti Natiq Sadıqova məxsus olmuşdur. Eyni zamanda cavabdeh Samir İsmayılov həmin pul vəsaitini Zaur Quliyev tərəfindən istifadə edildiyini, Natiq Sadıqov isə cavabdehin özünə verdiyini bildirir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 öz ifadəsində bildirmişdir ki, o, cavabdeh İsmayılov Samirlə dostluq münasibətlərində olmuşdur. S.A.İsmayılov ona bildirmişdir ki, işlərini qaydaya qoymaq üçün şərik axtarır. Ona görə də tanışı olan Sadıxov Natiqlə S.A.İsmayılovu görüşdürmüş və onlar bu barədə danışaraq razılığa gəlmişlər. Görüş zamanı S.A.İsmayılov Cəmiyyətin təsisçisinin anası X5 olduğunu, anasının xəstə olması səbəbindən işləri özü apardığını, biznesi genişləndirmək üçün əlavə sərmayəyə ehtiyacı olduğunu bildirmişdir. Razılığa əsasən Sadıxov Natiq qayınanası olan İddiaçı məxsus mənzili 100000 ABŞ dolları məbləğində dəyərləndirərək İsmayılov Samirə təklif etmiş, o, isə bununla razılaşaraq mənzili götürmüşdür. Müqavilə hazırlanmış, İsmayılova Sənubər imzalaması üçün İsmayılov Samirə verilmişdir. Samir müqaviləni imzaladaraq gətirib ona Cavabdeh MMC-nin ofisində olmasa da, Bakı şəhərində razılaşdıqları qaydada və yerdə təqdim edilmişdir. Mənzil İddiaçı adına olduğu üçün müqavilə də onunla bağlanmışdır. Natiq tərəfindən verilmiş 20000 ABŞ dolları məbləğində pulu özü şəxsən İsmayılov Samirə vermişdir. İddia tələbində göstərilən məbləğdən hissə-hissə 61000 ABŞ dolları qazanc kimi İsmayılov Samirdən almışdır. Həmin 61000 ABŞ dolları qazanc məbləğini Samirdən alan zaman verilən bu məbləğlərin hansı müqaviləyə görə və nə qədər qaytarılması barədə aralarında razılaşma olmadan ümumi olaraq pul məbləği Samir tərəfindən ona verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, mübahisələndirilən müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Ona görə də, kollegiya hesab edir ki, mübahisələndirilən xx xxxxxx 2017-ci il tarixli müqavilə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bununla yanaşı Mülki Məcəllənin 340.2-ci maddəsində göstərilmişdir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin kollegiya hesab edir ki, hazırki işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri X8r. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbləri Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmədiyi üçün rədd edilməli, qarşılıqlı iddia isə yuxarıda göstərilən əsaslara görə təmin edilməlidir. İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə dair ilk olaraq kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verilməsi tələb olunmur. Bununla yanaşı kollegiya hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 354cü maddəsində nəzərdə tutulan müddət ötürülməmişdir. Belə ki, mübahisələndirilən xx xxxxxx 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olduğuna görə hazırkı işdə Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməlidir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından da müəyyən olunur ki, ilk iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, hazırkı iş üzrə bildirişlər Cavabdeh MMC-yə və digər cavabdehlərə verildikdən qısa müddətdən, yəni 2 aydan sonra Cavabdeh MMC hazırkı qarşılıqlı iddianı irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən 1 illik müddət ötürülməmişdir. Çünki əhəmiyyətsiz əqdin icrası məhz cavabdehlərə qarşı pulun tutulması iddiası irəli sürüldükdə başlanmışdır. Birinci instansiya məhkəməsi də ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi nəticəsinə gəlmiş, lakin gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh MMC, X9 və X3 qarşı cavabdehlərdən ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar